ABŞ-nin sülh planı: Qəzza problemi həll
olunur?
ABŞ Prezidenti Donald Tramp Qəzza ilə bağlı
20 maddəlik sülh planının ikinci mərhələsini
rəsmi olaraq təsdiqləyib. Bu addım regionda uzunmüddətli
sabitliyin bərpası üçün mühüm əhəmiyyət
daşıyır. Planın birinci mərhələsi artıq
başa çatıb: atəşkəs qüvvədə
qalır, HƏMAS və İsrail tərəfdən girov və
məhbus dəyişmələri həyata keçirilib,
ordular bəzi ərazilərdən geri çəkilib və tərəflər
arasında ilk etimad addımları atılıb.
Buna baxmayaraq, Qəzza məsələsi hələ
tam həll olunmayıb. Hələ də silah səsləri səngiməyib,
atəşkəs pozulur və HƏMAS tam tərksilah
olunmayıb. Sülh planının davamı üçün
yaradılan Sülh Şurası bu prosesin
koordinasiyasını təmin edəcək, HƏMAS-la
silahların təhvil verilməsi, tunellərin sökülməsi,
beynəlxalq təhlükəsizlik qüvvələrinin yerləşdirilməsi
və Qəzzanın yenidən qurulması kimi məsələlərə
nəzarət edəcək.
Planın uğuru, həmçinin bölgədə
uzunmüddətli stabilliyin təmin olunması
üçün iki dövlətli həll yolunun tətbiqindən
asılıdır. ABŞ-ın təşəbbüsü və
beynəlxalq dəstək Qəzza məsələsində
perspektivli addımların atılmasına ümid verir, lakin
prosesin sürətli və avtomatik olmayacağı da
açıq şəkildə nəzərə
alınmalıdır.
Digər maraqlı məqam Trampın təçəbbüsü
ilə yaradılan “Sülh Şurası”dır. Bu qurumun daha
da genişlənməsi və dağılan dünya nizamı
fonunda BMT-nin alternativinə çevirlməsi ehtimalı
varmı və Qəzzada sülhə nail olmaq
mümkündürmü?
“Tramp Qəzzanı sabitləşdirir”
Deputat Samir Vəliyev “Xalq Cəbhəsi”nə bildirib
ki, ABŞ Prezidenti Donald Trampın Qəzza ilə bağlı
sülh planının ikinci mərhələsinin rəsmi təsdiqlənməsi
regionda sabitliyin bərpası üçün mühüm
addım kimi qiymətləndirilir.
Deputatın sözlərinə görə, sülh
planının birinci mərhələsi artıq uğurla
başa çatıb: “HƏMAS israilli girovları (1 nəfər
istisna olmaqla) qarşı tərəfə təhvil verib,
İsrail isə çoxlu sayda fələstinli məhbusu azad
edib və ordusunu bəzi ərazilərdən geri çəkib.
Bu mərhələ atəşkəsin qüvvədə
qalmasına və tərəflər arasında ilk etimad
addımlarının atılmasına imkan yaradıb. ABŞ
Prezidenti planın ikinci mərhələsinə rəsmi
keçidi təsdiqləyib və HƏMAS-ın tam tərksilah
edilməsi ilə bağlı razılaşmaya nail
olunacağına əminliyini ifadə edib. ABŞ lideri yeni texnokratik
Fələstin hökumətini dəstəkləyir və Qəzza
zolağını idarə edəcək Qəzza Milli İdarəetmə
Komitəsinə nəzarət edəcək Sülh
Şurasının yaradıldığını
açıqlayıb. Şura HƏMAS-la bütün
silahların təslim edilməsi, tunellərin sökülməsi,
beynəlxalq təhlükəsizlik qüvvələrinin yerləşdirilməsi,
əlavə İsrail qoşunlarının
çıxarılması və Qəzzanın yenidən
qurulmasını təmin edəcək. Beynəlxalq ictimaiyyət
“Sülh Şurası”nın uzunmüddətli münaqişənin
həllinə nail olacağını gözləyir.
Onilliklər boyu davam edən bu münaqişənin dəhşətli
nəticələri var. Təəssüf ki, BMT öz
funksiyalarını yerinə yetirmək iqtidarında deyil. Bu
baxımdan dünyanın super gücü olan ABŞ-ın təşəbbüsü
reallığa çevrilə bilər və ümidlər
böyükdür”.
Qəzza böhranının yeganə həll yolu
Politoloq Şakir Ağayev vurğulayıb ki, ABŞ tərəfindən
Qəzza zolağı üçün yaradılmış
“Sülh Şurası”nın tərkibi artıq müəyyən
edilib və müxtəlif dövlətlərdən nümayəndələr
dəvət olunub. Lakin o vurğulayıb ki, Qəzza məsələsinin
tezliklə həll olunacağını demək hələ
mümkün deyil.
Şakir Ağayev qeyd edib ki, İsrail hələ də
Qəzza zolağında atəşkəsi pozur, silah səsləri
davam edir və HƏMAS da tam tərksilah olunmayıb: “Qəzza
məsələsinin yalnız BMT-nin qətnamələrinə
əsaslanaraq iki dövlətli həll yolu ilə tam həll
olunması mümkündür.
Fələstin dövləti yaradılarsa və sərhədlər
müəyyənləşsə, Qəzza məsələsi
tam həllini tapar. Hazırda Sülh Şurasında təmsil
olunanların çoxunun mövqeləri ABŞ ilə
üst-üstə düşmür. Onların yaxın Şərqdə
öz maraqları var və bu maraqlar yalnız iki dövlətli
həll tətbiq olunarsa təmin edilə bilər.
Bu gün BMT-yə alternativ ola biləcək rəsmi
ikinci qurum yoxdur. Gələcəkdə “Sülh
Şurası”nın addımları və orada təmsil olunan
böyük dövlətlərin istəkləri nəticəsində
bəzi beynəlxalq məsələlərdə
razılıq əldə oluna bilər. Amma bu qurum BMT-nin rəsmi
alternativi deyil. Qeyri-rəsmi surətdə müəyyən məsələlərdə
koordinasiya rolunu oynaya bilər”.
Şakir Ağayev qeyd edib ki, gələcəkdə
dünya nizamı yeni güc mərkəzlərinin
razılığı ilə formalaşacaq və beynəlxalq
məsələlərdə yeni addımlar atılacaq, lakin bu
prosesin sürətli və avtomatik olmayacağı gözlənilir.
Günel Elxan
Xalq Cəbhəsi .- 2026.- 22 yanvar (¹3).- S.7.