Ermənistan Qərb–Rusiya
savaşının poliqonuna çevrilir?
Ermənistanda son dövrlər baş verən siyasi
proseslər ölkənin daxili siyasi gündəmindən daha
çox, xarici güclər arasında gedən geosiyasi
qarşıdurmanın açıq təzahürünə
çevrilib. Müşahidələr göstərir ki,
mövcud hakimiyyətin Qərb dairələrinin dəstəyi
ilə formalaşması, paralel olaraq Rusiyaya yaxın çevrələrin
yeni siyasi layihələrlə aktivləşməsi ölkəni
böyük güclərin maraq toqquşmasının mərkəzinə
çevirib.
Politoloqların fikrincə, Nikol Paşinyanın rəhbərlik
etdiyi hakimiyyət Qərbin regional maraqlarına uyğun siyasət
həyata keçirir, “Güclü Ermənistan” Partiyası ətrafında
cəmləşən qüvvələr isə Moskvanın təsir
imkanlarını qorumaq məqsədi daşıyır. Bu vəziyyət
Ermənistan cəmiyyətində siyasi qütbləşməni
daha da dərinləşdirir və ölkənin gələcək
taleyinin daxili ictimai iradədən çox, hansı geosiyasi mərkəzin
üstünlük qazanacağından asılı olduğunu
göstərir. Xüsusilə 2026-cı ildə keçiriləcək
seçkilər fonunda bu qarşıdurmanın daha kəskin mərhələyə
keçəcəyi istisna edilmir.
Ermənistan üzərindən Cənubi Qafqaz
planları
Politoloq Azad Məsiyev “Xalq Cəbhəsi” nə
açıqlamasında deyib ki, Ermənistan tarixən müstəqil
və suveren dövlət kimi deyil, üçüncü
dövlətlərin təsir aləti kimi fəaliyyət
göstərib.
Onun sözlərinə görə, Ermənistanın
siyasi sistemi və hakimiyyət mexanizmləri heç vaxt milli
maraqlara əsaslanmayıb, əksinə, müxtəlif xarici
güclərin təsiri altında formalaşıb: “Bu gün
Ermənistanda fəaliyyət göstərən siyasi
partiyaların böyük əksəriyyəti müstəqil
ideoloji xəttə malik deyil. Onlar ya Qərb, ya da Rusiya kimi
böyük geosiyasi mərkəzlərin təsir dairəsində
fəaliyyət göstərirlər. Nikol Paşinyanın
hakimiyyətə gəlişi də bu prosesin açıq
nümunəsidir. Paşinyan Soros fonduna yaxın dairələrin
maliyyə dəstəyi və ABŞ-nin diplomatik korpusunun ciddi
yardımı ilə hakimiyyətə gətirilib. Hazırda
isə açıq şəkildə Amerikanın
maraqlarına uyğun siyasət həyata keçirir. Bu fakt
Ermənistanın daxili siyasətinin xarici mərkəzlərdən
idarə olunduğunu bir daha sübut edir. Ermənistan üzərindən
Cənubi Qafqazda maraqlarını reallaşdırmaq istəyən
dövlətlərin sayı kifayət qədər
çoxdur. Avropa İttifaqı, Rusiya, ABŞ və digər
güclər Ermənistanı geosiyasi alət kimi istifadə
etməyə çalışırlar. Bu da ölkə
daxilində siyasi qütblərin formalaşmasına birbaşa
təsir göstərir”.
Azad Məsiyev vurğulayıb ki, hazırda erməni
lobbisinin Qərb qanadı ilə Rusiya yönümlü
qanadı arasında ciddi qarşıdurma mövcuddur: “Bu
mübarizə Ermənistanın gələcək taleyini
müəyyənləşdirəcək. Ölkənin
hansı geosiyasi qütbün orbitində qalacağı məhz
bu savaşın nəticəsindən asılı olacaq. Ermənistanda
real siyasi mübarizə daxili milli maraqlar üzərindən
deyil, xarici güclərin maraqlarının toqquşması
fonunda aparılır.
Ermənistan suveren dövlət kimi fəaliyyət
göstərə bilmədiyi üçün xarici təsirlər
həmişə həlledici olub. Bu geosiyasi qarşıdurma
2026-cı ildə keçiriləcək seçkilərdə
daha açıq və kəskin şəkildə
özünü göstərəcək”.
“Rusiya Ermənistan siyasətində fəallaşır”
Politoloq Elman Telmanoğlu qeyd edib ki, Ermənistanda
Güclü Ermənistan Partiyasının qeydiyyata
alınması ölkənin daxili siyasətində yeni mərhələnin
başlanğıcından çox, köhnə güc mərkəzlərinin
yenidən siyasi səhnəyə qaytarılması təsiri
bağışlayır.
Onun sözlərinə görə, bu partiyanın
Karapetyanı dəstəkləyən çevrələr tərəfindən
formalaşdırılması onun spontan və sırf ictimai
sifariş əsasında yaranmadığını
açıq şəkildə göstərir: “Ermənistanın
siyasi praktikasında yeni ad altında meydana çıxan bu
cür partiyalar əksər hallarda üçüncü
qüvvələrin maraqlarına xidmət edən layihələr
olub. Güclü Ermənistan Partiyası da bu baxımdan
istisna deyil. Karapetyan faktorunun önə çəkilməsi
Paşinyan hakimiyyətinə real ideoloji alternativ yaratmaqdan daha
çox, Ermənistanı yenidən köhnə, revanşist
və asılı siyasi orbitə qaytarmaq cəhdi kimi qiymətləndirilməlidir.
Bu proses daxili siyasi təşəbbüsdən çox, kənardan
yönləndirilən siyasi layihə təsiri
bağışlayır. Partiyanın arxasında Rusiyaya
yaxın oliqarx və siyasi dairələrin, eləcə də
regionda sabitlikdən deyil, gərginlikdə maraqlı olan
qrupların dayanması ehtimalı yüksəkdir. Ermənistanın
suveren qərarvermə imkanlarının zəiflədiyi bir
dövrdə belə siyasi layihələr ölkə daxilində
təzyiq aləti kimi işə salınır və hakimiyyətin
geosiyasi kursuna təsir göstərmək üçün
istifadə olunur”.
Elman Telmanoğlu qeyd edib ki, “Güclü Ermənistan”ın
mövcud hakimiyyətə real alternativ olması ilə
bağlı iddialar hazırda daha çox siyasi manipulyasiya
xarakteri daşıyır: “Partiyanın nə geniş sosial
bazası var, nə də cəmiyyət üçün cəlbedici
və real çıxış yolu təklif edən
proqramı mövcuddur. Paşinyana qarşı
narazılıq olsa da, bu narazılığın avtomatik
olaraq Karapetyan xəttinə yönələcəyi
inandırıcı deyil. Bu partiya indiki mərhələdə
hökuməti əvəzləyəcək siyasi güc yox,
daha çox daxili siyasi sabitliyi pozmaq və prosesləri kənardan
idarə etmək məqsədi daşıyan alət kimi
çıxış edir.
"Güclü Ermənistan"ın perspektivi real
siyasi rəqabətdən deyil, hansı geosiyasi mərkəz tərəfindən
və nə dərəcədə dəstəklənəcəyindən
asılı olacaq. Bir sözlə, Rusiya Ermənistanda baş
verən siyasi və iqtisadi proseslərdən kənarda qalmaq
istəmir”.
Günel Elxan
Xalq Cəbhəsi .- 2026.- 22 yanvar (¹3).- S.6.