Azərbaycan-Ermənistan
münasibətləri: yekun sülh sazişi imzalana bilər?
İrəvanın Kollektiv Təhlükəsizlik
Müqaviləsi Təşkilatı (KTMT) ilə münasibətlərinin
son zamanlar gərgin olduğu deyilir. Elə Ermənistanın
Xarici Kəşfiyyat Xidmətinin hesabatında da İrəvanın
KTMT ilə münasibətlərinin 2026-cı ildə dəyişməyəcəyi
qeyd edilib.
Xarici Kəşfiyyat Xidməti həmçinin Azərbaycanla
münasibətləri də qiymətləndirərək Ermənistan
və Azərbaycan arasında 2026-cı ildə hərbi
eskalasiya ehtimalının aşağı olduğunu bildirib.
Ermənistanın KTMT ilə münasibətlərinin
dəyişməyəcəyinin Azərbaycan-Ermənistan
münasibətlərinə təsiri və Azərbaycan ilə
Ermənistan arasında 2026-cı ildə yekun sülhün əldə
olunması ehtimalı nə qədərdir?
“Xalq Cəbhəsi” məsələni politoloqlarla
müzakirə edib.
“Ciddi hərbi qarşıdurma gözlənilmir”
Politoloq Elçin Xalidbəyli Ermənistan Xarici Kəşfiyyat
Xidmətinin açıqladığı hesabatda iki önəmli
faktın olduğunu bildirib: “Biri ondan ibarətdir ki, 2026-cı
ildə Azərbaycan və Ermənistan arasında hər
hansı bir ciddi hərbi qarşıdurma gözlənilmir və
bu da əslində reallığa yaxın bir yanaşma tərzidir.
Çünki Azərbaycan və Ermənistan arasında 8
avqustda Vaşinqtonda yekun sülh sazişinin mətninin
paraflanması baş verib. Bunun da ardınca hazırda Azərbaycan
və Ermənistan arasında iqtisadi-ticari münasibətlərin
qurulma prosesi start götürüb. Azərbaycan Ermənistana
enerji resursları ixrac edir. Bu da Ermənistan üçün
olduqca strateji əhəmiyyət daşıyan ticari bir
yenilikdir. Yəni bu məsələdə o qədər də
ciddi ziddiyyət yoxdur. Azərbaycan və Ermənistan
arasında 2026-cı ildə savaş ehtimal həqiqətən
də gözlənilmir. Əksinə, əgər 2026-cı
ildə Paşinyan hakimiyyəti parlament seçkilərində
qalib gələrsə, Azərbaycan və Ermənistan
arasında yekun sülh sazişinin imzalanması
reallığa çevrilə bilər”.
“Paşinyan hakimiyyəti dövründə bu ehtimal
inandırıcı görünmür”
Politoloq əlavə edib ki, digər tərəfdən
Ermənsitanın KTMT-dəki mövqeyinin də dəyişməyəcəyi
ilə bağlı irəli sürülən iddia da
reallığa yaxın görünür: “Çünki
hazırda Zəngəzur dəhlizinin açılması ilə
bağlı ABŞ və Ermənistan arasında hüquqi sənədlərin
imzalanması və pay bölgüsünün müəyyən
edilməsi prosesi davam edir. Artıq ABŞ tərəfindən
maliyyə vəsaiti ayrılıb və yaxın vaxtlarda
böyük ehtimalla Ermənistanda Zəngəzur dəhlizinin
inşası ilə proses başlaya bilər. Təbii ki, belə
bir situasiyada, üstəlik, buna əlavə olaraq Ermənistanın
Avropa Birliyi ilə üzvlük danışıqlarına
başlamasını da nəzərə aldıqda belə qənaətə
gəlmək olar ki, həm Avropa Birliyi, həm də ABŞ ilə
yaxın münasibətlər qurmağa çalışan
Ermənistanın Rusiyanın patronajlığı altında
fəaliyyət göstərən KTMT-nin tərkibində yenidən
aktiv fəaliyyətə başlaması ziddiyyətli xarakter
daşıya bilərdi. Təbii ki, Paşinyan hakimiyyəti
dövründə bu ehtimal qətiyyən inandırıcı
görünmür”.
“Son illərdə baş verənlər aydın şəkildə
göstərir ki...”
Politoloq Aytən Qurbanova söyləyib ki, Ermənistanın
Xarici Kəşfiyyat Xidmətinin 2026-cı il üzrə
hesabatında KTMT ilə münasibətlərin dəyişməyəcəyinin
xüsusi vurğulanması bu ölkənin təhlükəsizlik
strategiyasının sabit və aydın xətt üzərində
deyil, daha çox qeyri-müəyyənlik və tərəddüdlər
fonunda formalaşdığını göstərir:
“Xüsusilə son illərdə baş verən proseslər
aydın şəkildə göstərir ki, Ermənistanın
xarici siyasətində əsas problem taktiki manevrlərin
strateji hədəflərlə uzlaşdırıla bilməməsidir.
Belə ki, bir tərəfdən Rusiya ilə münasibətlərdə
qarşılıqlı etimad böhranı getdikcə dərinləşir,
digər tərəfdən isə Qərbə inteqrasiya istiqamətində
atılan addımlar real təhlükəsizlik təminatı
və ya hər hansı ciddi nəticə ilə müşayiət
olunmur. Bu ikili yanaşma Ermənistanı regional siyasətdə
qərarverici aktordan daha çox baş verən proseslərin
axarına uyğunlaşmağa çalışan passiv
müşahidəçiyə çevirir”.
“Ermənistan qarşısında yalnız bir rasional
seçim qalır”
A.Qurbanovanın qeyd etdiyinə görə, məhz bu
baxımdan yanaşdıqda Ermənistanın KTMT ilə
münasibətlərinin yaxın perspektivdə dəyişməyəcəyinə
dair səsləndirilən fikirlər rəsmi İrəvanın
hələ də aydın və məqsədyönlü
seçim edə bilmədiyini, strateji tərəddüdlərin
isə davam etdiyini göstərir: “Belə bir şəraitdə
Ermənistanın regional təhlükəsizlik
arxitekturasında mövqeləri daha da zəifləyir və
beləliklə də, öz gələcəyini müəyyənləşdirən
proseslərdən kənarda qalır. Azərbaycan isə
formalaşmış regional reallıqlara uyğun olaraq beynəlxalq
hüququn norma və prinsiplərinə əsaslanan yeni təhlükəsizlik
mühitinin qurulmasında aparıcı rolunu ardıcıl
şəkildə möhkəmləndirir. Suverenlik, ərazi
bütövlüyü və qarşılıqlı hörmət
prinsiplərinə əsaslanan bu yanaşma Cənubi Qafqazda
uzunmüddətli sabitlik üçün real əsas
yaradır. Ona görə də, Ermənistan
qarşısında yalnız bir rasional seçim qalır ki,
o da mövcud geosiyasi reallıqları qəbul edərək
regionda davamlı sülhün təmin olunmasına töhfə
verməkdir”.
Röya İsrafilova
Xalq Cəbhəsi .- 2026.- 22 yanvar (¹3).- S.6.