Prezidentin Davos
gündəliyi: Azərbaycana divident gətirən addımlar
Yanvarın 19-23 tarixlərində İsveçrənin
Davos şəhərində 56-cı Davos İqtisadi Forumu
keçirilir. Azərbaycan Prezidenti İlham Əliyev də tədbirdə
iştirak edib. Forum çərçivəsində Azərbaycan
Prezidenti müxtəlif ölkə rəhbərləri, rəsmi
şəxslərlə bir sıra görüşlər
keçirib.
“Xalq Cəbhəsi” dövlət
başçısının keçirdiyi görüşlərin
Azərbaycan üçün əhəmiyyətini millət vəkilləri
ilə müzakirə edib.
Milli Məclisin deputatı Pərvanə Vəliyeva
qeyd edib ki, Prezident İlham Əliyevin Davos gündəliyi -
dövlət başçıları, beynəlxalq təşkilatlar
və özəl sektor nümayəndələri ilə
görüşlər, panel müzakirələri, xarici TV
kanallara müsahibələr daxil olmaqla, olduqca sıx qrafikdə
davam etdi: “Bu da onu göstərir ki, Dövlət
Başçısı dəyişən dünya nizamında
ölkəmizin milli maraqlarımıza əsaslanan mövqeyimiz
barədə beynəlxalq ictimaiyyəti layiqincə məlumatlandırmaqla
yanaşı, iqtisadi əlaqələr və investisiyalar
baxımından da yeni əməkdaşlıqlar
üçün xarici şirkətlər, banklar Azərbaycana
maraq göstərir. Avropa Yenidənqurma və İnkişaf
Bankı ölkəmizdə bir neçə layihəni, o
cümlədən su infrastrukturunun modernləşdirilməsi
üzrə layihəni maliyyələşdirəcək. Bu
xüsusda bank tərəfindən ölkəmizin bir sıra
bölgələrində, o cümlədən Gəncədə
və Şəkidə su sektorunda müxtəlif layihələrin
həyata keçirilməsi qeyd edildi, Bakı şəhəri
və Abşeron yarımadasında su təchizatı,
tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsinə
dair 2026-2035-ci illər üzrə Dövlət Proqramı
çərçivəsində qəbul olunmuş layihələrin
maliyyələşdirilməsi ilə bağlı Prezident
İlham Əliyev yanvarın 20-də Davosda Avropa Yenidənqurma
və İnkişaf Bankının (AYİB) prezidenti Odile
Reno-Basso ilə görüşüb”.
“Sülh sazişi reallaşmağa başlayır”
Deputat Azərbaycanın beynəlxalq maliyyə
bazarlarında etibarlı tərəfdaş kimi
özünü təsdiq etdiyini vurğulayıb: “Bu ifadə
görüşlərdə ən çox səslənən
gerçəklik idi. Bizim valyuta ehtiyatlarımız xarici borcu
17 dəfə üstələyir. İki aparıcı reytinq
şirkəti “Moody’s” və “Fitch” şirkətləri bizim
kredit reytinqimizi yenilədi. Bu da Azərbaycana investisiya etməyin
risksiz olduğunu göstərir, etibarlı tərəfdaş
nüfuzu isə ən əsas reytinqdir. Prezident İlham
Əliyev Davosda “Avrasiyanın iqtisadi özünəməxsusluğunun
müəyyənləşdirilməsi” mövzusunda panel
iclasında çıxış edib. Müzakirədə
Serbiyanın Prezidenti Aleksandar Vuçiç, Türkiyədən
“Limak Holdinq”in İdarə Heyətinin sədri Ebru Özdəmir
və Ermənistan Respublikasının Prezidenti Vaaqn
Xaçaturyan da iştirak edib. Dövlət
Başçısı Azərbaycanın mövqeyi, sülhdə
hazırkı irəliləyişlər və ölkənin gələcək
vizyonu, paraflanmış sülhün praktiki nəticələri
barədə məlumat verdi. Konkret iqtisadi addımlar sülh
sazişinin artıq praktikada reallaşmağa
başladığını göstərir. Azərbaycan Ermənistanın
kommersiya yükləri üçün tranziti açaraq
Qazaxıstan və Rusiya buğdası kimi yüklərin
Gürcüstan vasitəsilə Ermənistana çatdırılmasına
imkan yaradıb. Ermənistan isə öz növbəsində
Türkiyə malları üçün tranziti açıb.
Tərəflər, o cümlədən Azərbaycan neft məhsullarının
Ermənistana ixracı da daxil olmaqla, ticarətə
başlayıblar. Əhəmiyyətli məqam ondan ibarətdir
ki, Azərbaycan və Ermənistan əvvəl mövcud
olmuş iqtisadi əlaqələri bərpa etmir. İki
ölkə müstəqillik əldə etdikdən sonra
heç vaxt birbaşa ikitərəfli ticarət aparmayıb;
bu gün baş verən proses isə sıfırdan tamamilə
yeni bir iqtisadi münasibətlər sisteminin
formalaşdırılmasıdır”.
İqtisadi inteqrasiyaya töhfə verən addımlar
P.Vəliyevanın bildirdiyinə görə,
normallaşma irəliləyişləri təkcə dövlətlərarası
diplomatiya ilə məhdudlaşmır: “İctimai dəstək,
açıq ünsiyyət və etimadın qurulması
davamlı sülhün əsas komponentləri kimi getdikcə
daha çox qəbul olunur. İki ölkə arasında vətəndaş
cəmiyyəti mübadilələri həyata keçirilib.
Bu mübadilələr dialoqu təşviq edir və siyasi
razılaşmaların cəmiyyət daxilində möhkəmlənməsinə
kömək edir. Bu addımlar da regionda iqtisadi inteqrasiyaya
töhfə verir. Zəngəzur dəhlizi regional
transformasiyanın strateji elementi olaraq qalır. İstismara
verildikdən sonra bu dəhliz Şərq–Qərb
marşrutları boyunca yeni logistika imkanları yaradacaq, Avropa
ilə Asiyanı birləşdirən Orta Dəhliz daxilində
strateji alternativ rolunu oynayacaq və Avrasiya məkanında
yüklərin daha sürətli və səmərəli
daşınmasını təmin edəcək. Tranzit ölkələr
kimi həm Azərbaycan, həm də Ermənistan bundan əhəmiyyətli
dərəcədə fayda əldə edə biləcək.
Daha geniş normallaşmanın nəticəsi olaraq infrastruktur
sərmayələri, tranzit enerji dəhlizləri, rəqəmsal
bağlantılar, dəmir yolu və avtomobil yollarının
inteqrasiyası və digər sahələrdə də layihələr
icra oluna bilər”.
Azərbaycan beynəlxalq arenada “ən yaxşı
nümunə”yə çevrilib
Deputat həmçinin deyib ki, Prezident İlham
Əliyev Zayed İnsan Qardaşlığı
Mükafatına layiq görülüb və bu, Azərbaycanın
Cənubi Qafqazda davamlı sülhün təmin
olunmasındakı rolunun beynəlxalq səviyyədə
tanındığını göstərir: “Bundan başqa, Azərbaycan
Prezident Donald Tramp tərəfindən yaradılmış
Sülh Şurasına üzv kimi daxil edilib. Cənubi Qafqaz
kimi həssas regionda onillliklərdə davam edən
münaqişədən sonra sülhə nail olan Azərbaycan
artıq beynəlxalq arenada “ən yaxşı nümunə”yə
çevrilib və digər münaqişələr
üçün örnəkdir. Bu, Dövlət Başçımızın
qətiyyəti və sülhdə
prinsipiallığının nəticəsidir. Bu, həmçinin
ölkəmizdə olan güclü xalq-iqtidar birliyinin, rəhbərliyə
inamın məntiqi nəticəsidir”.
“Bütün bunlar ölkəmizin inkişafı
üçün böyük imkanlardır”
Milli Məclisin deputatı Fariz İsmayılzadə
diqqətə çatdırıb ki, cənab Prezidentin Davos
İqtisadi Forumunda iştirakı bir daha Azəraycanın
müxtəlif beynəlxalq təşkilatlarla, xarici ölkələrlə
diplomatik əlaqələrinin çox sürətlə
inkişaf etdiyini göstərir: “Eyni zamanda,
iqtisadiyyatımızın, xüsusən, qeyri-neft sektorunun
inkişafı üçün yeni sərmayələrin cəlb
olunmasına, yeni layihələrin həyata keçirilməsinə
ciddi cəhdlər var. Cənab Prezident bir daha Azərbaycanın
davamlı iqtisadi inkişafına görə Forumda vacib
görüşlər keçirir, yeni layihələr, həmçinin
yeni iş yerləri ilə təmin olunan meqa layihələr
müzakirə olunur. Bu, bir daha ölkəmizin inkişafı
üçün böyük imkanlardır”.
“Davos forumu dərinləşən geosiyasi
parçalanmalar fonunda keçirilir”
Milli Məclisin deputatı Müşfiq Cəfərov
isə vurğulayıb ki, Davos İqtisadi Forumu dünyanın
müxtəlif ölkələrindən siyasi liderlərini,
aparıcı biznes nümayəndələrini, ekspertləri
bir araya gətirən nüfuzlu beynəlxalq platformadır.
Onun sözlərinə görə, Prezident Əliyevin
Davosdakı iştirakının əsas məqsədi Azərbaycanın
qlobal iqtisadi arenada mövqeyini gücləndirmək istiqamətindəki
ambisiyaları gücləndirməkdir: “Cənab Prezidentin bir
sıra ölkələrin dövlət
başçıları ilə aparmağı müzakirələr
və dünyanın ən böyük korporasiyalarının
rəhbərləri ilə baş tutan ikitərəfli
görüşləri dövlətimizin iqtisadi
gücünü atırmağa xidmət edir. Bu qurulan əlaqələrin
Azərbaycanın enerji, logistika və rəqəmsal
transformasiya sahələrində strateji rolunu daha da ön plana
çıxaracağı gözləniləndir.
Forum çərçivəsində Azərbaycan
lideri bir çox ikitərəfli, eləcə də müxtəlif
ölkələri təmsil edən biznes nümayəndələri
ilə görüşlər keçirib, panel iclaslarda
iştirak edib. Bütün görüş və
çıxışlarda Azərbaycanın beynəlxalq məkan
üçün mühüm əhəmiyyətinin
vurğulanması bir daha sübut edir ki, Prezident İlham
Əliyevin Davos Dünya İqtisadi Forumunda iştirakı bu dəfə
də Azərbaycanın beynəlxalq mövqeyinin möhkəmləndirilməsi
baxımından geosiyasi və geoiqtisadi cəhətdən
çox böyük əhəmiyyət daşıyır.
Bu dəfə də Davos forumu dərinləşən
geosiyasi parçalanmalar fonunda keçirilir. Davos forumu həm
də dünya siyasətini və iqtisadiyyatını müəyyən
edən ən nüfuzlu qərarverici mərkəzlərin təmsil
olunduğu məkandır. Dövlətimizin
başçısının burada apardığı
danışıqlar Azərbaycanın strateji maraqlarını
qorumaq və yeni tərəfdaşlıqlar qurmaq
üçün mühüm imkanlar yaradır. Prezident
İlham Əliyevin bu platformada fəal iştirakı Azərbaycanın
qlobal gündəmdə söz sahibi olduğunu göstərir”.
Röya İsrafilova
Xalq Cəbhəsi .- 2026.- 22 yanvar (¹3).- S.5.