Dünya
üçün təhdid: risklər nədən ibarətdir?
Hər il İsveçrənin Davos şəhərində
keçirilən Dünya İqtisadi Forumunda müxtəlif
problemlər, məsələlər müzakirə edilir, eləcə
də dövlət rəhbərlərinin ayrı-ayrı
görüşləri baş tutur. Azərbaycan da bu Forumda
uzun illərdir təmsil olunur.
2026-cı il yanvarın 19 Forumun 56-cı
toplantısı başlayıb, ayın 23-dək davam edəcək.
Hələ Forum başlamadan öncə onun “2026-cı
il-Qlobal Risklər Hesabatı” dərc edilib. Hesabatda geoiqtisadi
münaqişə riskləri haqqında məlumat yer alıb.
Qeyd edilib ki, yeni rəqabət dövründə geosiyasi və
iqtisadi risklər artır.
“Xalq Cəbhəsi” bu risklərin idarə olunması və
təsirlərinin azaldılması yollarını millət vəkilləri,
iqtisadçılar, politoloqlarla müzakirə edib.
Milli Məclisin İqtisadi siyasət, sənaye və
sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib
ki, 2026-cı il üçün risklər geosiyasi risklərdir:
“Xüsusən də aparıcı ölkələr
arasında yalnız iqtisadi sahədə deyil, həm də digər
istiqamətlərdə rəqabətin güclənməsi
praktik olaraq bu risklərin dərinləşməsindən xəbər
verir. O baxımdan məhz dünya liderlərinin geosiyasi riskləri
minalaşdırması ilə bağlı daha real fəaliyyət
həyata keçirməsi daha da aktuallaşıb”.
“Ticarət müharibələri bu il daha da dərinləşə
bilər”
Deputat diqqətə çatdırıb ki, xüsusən
qlobal, iqtisadi güclərin həm ticarət müharibələri,
həm digər çağırışlarla bağlı
atdıqları addımlar birmənalı şəkildə
dünya iqtisadiyyatına təsir göstərir: “O baxımdan
2025-ci il ilə müqayisədə 2026-ci il üçün
də dünya iqtisadiyyatında artım tempinin
azalacağı proqnozlaşdırılır. Bu da birbaşa
geosiyasi risklərin daha da aktivləşməsi ilə
bağlıdır. Gözlənti ondan ibarətdir ki, 2025-ci
ildə müşahidə edilən ticarət müharibələri
bu il daha da dərinləşə bilər, geosiyasi gərginlik
qlobal olaraq daha da arta bilər. Bütün bunlar isə qlobal
iqtisadiyyat üçün arzuolunan deyil”.
“Risk ildən-ilə artır”
İqtisadçı Eldəniz Əmirov söyləyib
ki, risk faktoru ildən-ilə artır: “Hazırkı məqamda
isə elə bil vəziyyətə gəlib
çıxıb ki, artıq bu risklərin idarə
olunması özü həm fundamental istiqamət, həm də
praktik zərurət tələb edən bir istiqamətdir.
Çünki artıq riskin olmadığı nə sahə,
nə zaman, nə peşə, nə fəaliyyət, nə
davamlılıq var. Risk hər yerdə hər zaman var və
daim də artır. Düşünürəm ki, bu kontesktdə
risklərin idarə olunması üçün ilk növbədə
burada bilavasitə həm iqtisadi baxımdan, həm digər
baxımdan diversifikasiyanın həyata keçirilməsi, yəni
risklərin şaxələndirilməsi mütləqdir”.
Təhlükəsizlik faktoru
İqtisadçı deyib ki, digər bir önəmli
məsələ: istənilən proseslərin idarəçiliyində
iqtisadi səmərənin əldə olunması deyil, eyni
zamanda, burada təhlükəsizlik faktorları iqtisadi
faktorlarla vəhdət şəklində təhlil edilməli
və qərarlar qəbul olunmalıdır: “Əgər biz
ayrı-ayrı istiqamətlər - iqtisadi, siyasi, texnoloji risklər
və s. üzrə baxsaq, görürük ki, həm
texnoloji, həm siyasi, həm də digər riskləri məhz
iqtisadi alətlər vasitəsilə idarə etmək daha
effektiv olur. Çünki iqtisadi maraqlar bütün
maraqların üstündə dayandığı
üçün sonda iqtisadi faktor risklərin
sığortalanması və idarə olunması
üçün ən yaxşı faktora çevrilir”.
Risklərin idarə edilməsi
E.Əmirov diqqətə çatdırıb ki, Davos
İqtisadi Forumunda müzakirə edilən mövzular,
qoyulmuş 5 sual risklərin artacağı yöndədir:
“Amma onları idarə etmək üçün mövcud
mexanizmləri təkmilləşdirmək, yəni yeni alətlərin
yaradılması mümkündür. Bu alətlər bilavasitə
strateji və fundamental qərarların qəbul edilməsindən,
eyni zamanda, istənilən proseslərdə mərkəzləşdirilmiş
deyil, paylayıcı yanaşmanın tətbiqindən
asılıdır. Yəni risklər
bölüşdürülür, qərarlar geniş ortamda
müzakirə olunur, həmçinin tərəflərin, yəni
subyektlərin birinin tam üstünlüyü, digərinin tam
sıfırlanması hazırkı dönəmdə
mümkün deyil. Mütləq şəkildə diversifikasiya
və nisbi yanaşma sonda risklərin idarə edilməsi
baxımından çox önəmlidir”.
“Forumun əsl çəkisi siyasi müstəvidə
formalaşır”
Siyasi elmlər üzrə fəlsəfə doktoru,
politoloq Züriyə Qarayeva söyləyib ki, Davosda səslənən
suallar zahirən iqtisadi məzmun daşısa da, Forumun əsl
çəkisi siyasi müstəvidə formalaşır:
“Burada müzakirə olunan mövzular əməkdaşlıq,
dayanıqlı inkişaf və qlobal rifah kimi təqdim edilsə
də, pərdəarxasında dövlətlər arasında dərin
etimadsızlıq açıq şəkildə hiss olunur.
Qlobal iqtisadiyyat artıq klassik bazar mexanizmləri ilə deyil,
geosiyasi qərarlarla yönləndirilir. Müharibələr,
sanksiyalar, ticarət qarşıdurmaları və təhlükəsizlik
riskləri iqtisadi gündəliyi tam şəkildə siyasi alətə
çevirib. Davos bu baxımdan kompromislərin
tapıldığı platformadan daha çox, mövcud
qarşıdurmaların diplomatik dillə ifadə olunduğu məkana
bənzəyir. Burada verilən mesajlar rəsmi qərar olmasa
da, gələcək geosiyasi toqquşmaların
konturlarını aydın şəkildə göstərir.
Mənzərənin əsas risk tərəfi ondan ibarətdir
ki…
Politoloq qeyd edib ki, bu mənzərənin əsas risk tərəfi
ondan ibarətdir ki, Davosda səslənən əməkdaşlıq
çağırışları ilə real güc siyasəti
arasındakı uçurum getdikcə dərinləşir:
“Qlobal iqtisadiyyatın siyasi təzyiq alətinə çevrilməsi
ticarət müharibələrinin genişlənməsi, maliyyə
bazarlarında qeyri-sabitlik və investisiya axınlarının
zəifləməsi riskini artırır. Xüsusilə
böyük güclər arasında kompromis mexanizmlərinin zəifləməsi
lokal böhranların sürətlə qlobal miqyas almasına
şərait yaradır. İqtisadi qərarların təhlükəsizlik
prioritetlərinə tabe edilməsi qlobal istehsal və təchizat
zəncirlərini daha həssas hala gətirir. Bu proses nəticəsində
orta və kiçik dövlətlər üçün manevr
imkanları daralır. Davosda müşahidə olunan bu
tendensiya qlobal sistemin daha fraqmentləşmiş və
proqnozlaşdırılması çətin mərhələyə
daxil olduğunu göstərir.
“Bu, Avropa üçün ciddi siqnaldır”
Z.Qarayevanın bildirdiyinə görə, Forumun mərkəzində
isə ABŞ və onun sərtləşən xarici siyasət
üslubu dayanır: “Vaşinqton iqtisadi rıçaqları
açıq şəkildə siyasi təzyiq mexanizmi kimi
istifadə edir və bu, xüsusilə Avropa üçün
ciddi siqnaldır. Tarif siyasəti, təhlükəsizlik
öhdəlikləri və müttəfiqlərə yönəlmiş
açıq xəbərdarlıqlar göstərir ki, qlobal
sistem artıq qaydalar üzərində deyil, güc balansı
üzərində qurulur. Avropa bu yeni reallıq
qarşısında hələ də vahid və qəti
mövqe formalaşdırmaqda çətinlik çəkir və
Davos bunu bir daha üzə çıxarır. Nəticədə
Forum Avropa üçün güclənmə meydanı
olmaqdan çox, strateji zəifliklərin daha aydın
göründüyü siyasi vitrinə çevrilir”.
Röya İsrafilova
Xalq Cəbhəsi .- 2026.- 22 yanvar (¹3).- S.4.