Qiymətlər dayanmaq bilmir – kirayə
bazarında kritik vəziyyət
Bakı şəhərində kirayə bazarında vəziyyət
getdikcə kritik hal alır və qiymətlər ilbəil
yüksəlir. Ekspertlər bildirir ki, bu tendensiyanın əsas
səbəblərindən biri tələbələrin hər
il avqustdan başlayaraq şəhərə kütləvi
axınıdır. Payız aylarından etibarən tələbələrin
tələbi bazarda daha da artır və regionlardan gələn
insanlar – həm tələbələr, həm də kənd təsərrüfatı
ilə məşğul olan şəxslər – qış
aylarında iş imkanlarının məhdud olması səbəbindən
böyük şəhərlərə üz tutur, müvəqqəti
qazanc məqsədilə kirayə mənzillərə tələbi
yüksəldirlər.
İqtisadçılar həmçinin bildirirlər
ki, bazara çıxarılan mənzil həcminin məhdudluğu
və ucuz kateqoriyalı evlərin sökülməsi kirayə
bazarında tarazlığın pozulmasına səbəb olur.
2001-ci ildən sonra Bakıda yeni tikinti üçün icazələrin
xeyli məhdudlaşdırılması, şəhərdə əhalinin
kəskin artması və sosial infrastrukturun bölgələrə
nisbətən daha yaxşı inkişaf etməsi qiymətlərin
dayanmadan qalxmasına gətirib çıxarır. Ekspertlər
xəbərdarlıq edir ki, bu tendensiya yaxın perspektivdə
də davam edə bilər və ailələrin büdcəsinə
ciddi təzyiq yaratmağa davam edəcək.
“Kirayə haqqı artır – ekspert xəbərdarlıq
edir”
Mövzuyla bağlı “Xalq Cəbhəsi”nə
açıqlaması zamanı iqtisadçı-ekspert Rəşad
Həsənov söyləyib ki, kirayə mənzil bazarında
qiymətlərin sürətli artımını şərtləndirən
bir sıra tələb və təklif faktorları
mövcuddur: “Tələb istiqamətində əsas amillərdən
biri odur ki, hər il ölkədə təxminən 60-70 min gənc
ailə qurulur və onların böyük əksəriyyətinin
mənzilə ehtiyacı var. Təxminən 80-90%-i yeni mənzilə
ehtiyac duyur, lakin gənclərin maddi imkanları bugünkü
qiymətlər çərçivəsində qısa
müddətli dövrdə mənzil əldə etməyə
kifayət etmir. Məsələn, əvvəllər 10 ildə
əldə edilə biləcək mənzil, indi 15-20, bəzən
25 ilə alınır ki, bu da bazarda tələbin artmasına
səbəb olur. Mövcud əhalinin mənzil şəraitinin
yaxşılaşdırılması mexanizmləri tələbə
adekvat deyil. Dövlət vəsaiti ilə verilən ipoteka
kreditləri vasitəsilə satışa
çıxarılan mənzillərin sayı artım göstərsə
də, hələ də tələb tam ödənilmir.
İllik satış 30-35 min mənzil civarında ikən, real
tələbat 60-70 min, keyfiyyət faktorları nəzərə
alınarsa 80-100 min mənzil olur. Bazarda xidmət xərclərinin
artması da qiymətlərin yüksəlməsində rol
oynayır. Məsələn, 2020-2025-ci illərdə mənzilin
saxlanma xərcləri orta hesabla illik 5,3-5,5% artıb, mənzil
qiymətləri isə 53,9% bahalaşıb. Kirayə
haqları isə rəsmi statistikaya görə 41,6% yüksəlib,
təkcə 2025-ci ildə 7,8% artım qeydə alınıb.
Bu fərq gələcəkdə kirayə qiymətlərində
yeni artım dalğasına səbəb ola bilər”.
Ekspert əlavə edib ki, təklifin tələbdən
aşağı olması da qiymətlərin sürətli
artımına təsir göstərir: “2024-cü ildə
istifadəyə verilən mənzillərin sayı 20 min olub
ki, bu da 30-35 min satış və 60-80 min tələbatla
müqayisədə yetərli deyil. Bundan başqa, mənzillərin
böyük hissəsinin Bakı və Abşeron
yarımadasında cəmləşməsi, şəhərdə
əhalinin kəskin artması və sosial infrastrukturun bölgələrə
nisbətən daha yaxşı inkişaf etməsi kirayə
haqlarını artırır. Kirayə xərclərinin
artması ailə büdcəsinə ciddi təzyiq göstərir.
İnsanlar gəlirlərinin böyük hissəsini kirayəyə
yönəldir, nəticədə daha keyfiyyətsiz qidalanma, təhsil
və səhiyyə xidmətlərindən istifadə edir və
borclanma səviyyəsi yüksəlir. Bu, həm mənzil əldə
etmə imkanlarını azaldır, həm də sosial-iqtisadi
bərabərsizliyi dərinləşdirir”.
“Bakı kirayə bazarında tələbat
partlayışı”
İqtisadçı ekspert Elnur Azadov “Xalq Cəbhəsi”nə
açıqlamasında bildirib ki, son aylarda Bakı şəhərində
kirayə bazarında vəziyyət daha da çətinləşib
və qiymətlər ilbəil yüksəlməkdədir.
Ekspertin sözlərinə görə, hər il tələbələrin
kütləvi axını avqust ayında başlayır və
payızdan etibarən bazarda tələbat daha da artır. Eyni
zamanda, regionlardan gələn insanlar – həm tələbələr,
həm də kənd təsərrüfatı ilə məşğul
olan şəxslər qış aylarında iş
imkanlarının məhdud olması səbəbindən
böyük şəhərlərə üz tutur və
müvəqqəti qazanc məqsədilə kirayə mənzillərə
tələbi artırırlar: “Qış aylarında kirayə
məsələsi xüsusilə kritik vəziyyə
yaradır. Təkliflərin bazarda az olması problemi ilbəil
dərinləşir, daşınmaz əmlak qiymətləri
isə davamlı bahalaşır. Şəhərdə ucuz
kateqoriyalı evlərin kifayət qədər həcmi olsa da,
onların sökülməsi kirayə bazarını daha da
daraldır. 2001-ci ildən sonra Bakı şəhərində
yeni tikinti üçün icazələrin sayı xeyli məhdudlaşdırılıb.
Bu səbəbdən bazara çıxarılan mənzil həcmi
artmaq əvəzinə azalır, tələbat isə yüksəlir.
Nəticədə rəqabət zəifləyir və qiymətlər
dayanmadan qalxır”.
Elnur Azadov əlavə edib ki, əhalinin və tələbə
axınının çoxalması ilə birlikdə bazara
çıxarılan daşınmaz əmlakın həcminin az
olması kirayə bazarında tarazlığın
pozulmasına səbəb olur və yaxın perspektivdə vəziyyətin
kritik olaraq qalacağı ehtimal olunur.
Günel Elxan
Xalq Cəbhəsi .- 2026.- 29 yanvar (¹4).- S.14.