Avropadan Rusiya qazına qadağa: Qərb
istədiyinə nail olur?
Avropa Rusiya qazına qadağa qoyub. Bildirilir ki, Rusiyadan
Avropa Birliyinə mayeləşdirilmiş təbii qazın tədarükünə
2027-ci ilin əvvəlindən tam qadağa qoyulacaq.
Bu addımın Rusiya-Avropa İttifaqı münasibətlərinə,
həmçinin Rusiya iqtisadiyyatına təsirləri necə
olacaq?
“Xalq Cəbhəsi” mövzunu ekspertlərlə
araşdırıb.
Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib ki,
Avropa İttifaqı Rusiya ilə rəqabətdə, ya da
Ukrayna müharibəsi kontekstində birbaşa
qarşıdurmada gecikmiş qərarlar alır: “Bu isə
Avropa Birliyinə üzv olan ölkələrin strateji
mövqeyini zəiflədir. Ukrayna məsələsində
Avropa İttifaqı ilə Rusiya münasibətləri
diplomatik qarşıdurmadan sahədə birbaşa
qarşıdurmaya keçəndə Avropa İttifaqı ilkin
mərhələdə strateji şansı əldən
buraxmaqla Rusiyanın güclənməsinə şərait
yaratmış oldu: “Eyni zamanda, əlində olan iqtisadi təzyiq
vasitələrini tədricən istifadə etməklə
Rusiya iqtisadiyyatının yeni şəraitə adaptasiya
olunmasına şans yaratmış oldu. Nəticədə,
hazırkı vəziyyət yarandı”.
“Avropa bu məsələdə gecikir”
Deputat bildirib ki, indi isə yenə gecikmiş bir qərar
alınır: “2027-ci ilə qədər Rusiyadan idxal edəcək
sıxışdırılmış qazın Avropada tamamilə
qadağan ediləcəyi bildirilir. Amma, əlbəttə ki,
bu müddət ərzində Rusiya adekvat, ya da preventiv tədbirlər
həyata keçirəcək. Bu da Rusiya iqtisadiyyatına
avropalıların düşündüyü qədər
ziyan vurmayacaq. Ona görə də mənə elə gəlir
ki, qarşıdurma və ya münaqişə həm də
fürsətlərin vaxtında və zamanında dəyərləndirilməsi
hadisəsidir. Avropa isə bu məsələdə gecikir”.
“Münasibətlər qopma ərəfəsindədir”
Siyasi şərhçi Şəhla Cəlilzadə
bildirib ki, Avropanı dəfələrlə enerji kəsintisi,
“soyuq qış” ilə təhdid edən Rusiya ilə Avropa
İttifaqı arasında münasibətlər qopma ərəfəsindədir:
“Rusiyanın Ukraynada müharibəsi başlayandan dərhal
sonra, 2022-ci ilin mayında Aİ özünün yeni enerji
strategiyasını – REPowerEU planını bəyan etdi. Bu plan
Avropanın Rusiya qazından və neftindən
asılılığının mərhələli şəkildə
azaldılmasını və 2027-ci il etibarilə tamamilə
sıfırlanmasını özündə ehtiva edir. Belə
ki, artıq 2022-ci ilin iyununda Nord Stream 2 layihəsi
dayandırılmış, Nord Stream 1 vasitəsilə qaz
ötürücülüyü azaldılmış, 2025-ci
ilin 1 yanvarından Ukrayna üzərindən Avropaya qaz
ixracı tamamilə dayandırılmışdır.
Hazırda Rusiya qazı Avropaya Türkiyə üzərindən,
TurkStream ilə ötürülməkdədir ki, bunun da
2027-ci ilin sonunda başa çatacağı nəzərdə
tutulur. Rusiyadan maye qaz (LNG) idxalına isə 2027-c ildən tam
qadağa qoyulacaq. Planın komponentləri arasında Rusiya
qazının əvəzinə bərpa olunan enerji mənbələrindən
istifadənin artırılması, həmçinin digər
ölkələrlə ənənəvi enerji əməkdaşlıqlarının
genişləndirilməsi, enerji səmərəliliyinin
artırılması və s. qeyd oluna bilər”.
“2026 həlledici ildir”
O deyib ki, 2026-cı il Avropada müharibənin başa
çatması və yeni nizamın formalaşması
baxımından həlledici ildir: “2027-ci ildən artıq biz
yeni reallıqlarla qarşı-qarşıya olacağıq.
Birincisi, Rusiya-Ukrayna müharibəsinin başa çatması
və 2027-ci ildən Ukraynanın Avropa İttifaqına üzv
olaraq qəbul edilməsi gözlənilir. İkincisi, Avropa ilə
Rusiya arasında yaranacaq yeni sərhədlərlə, hətta
bufer - hərbsizləşdirilmiş, beynəlxalq sülhməramlıların
yerləşdirildiyi zona ilə yanaşı Avropanın Rusiya
ilə qopan münasibətləri həm də enerji sektorunu əhatə
edəcək. Beləliklə, bu münasibətlər əvvəlki
ilə müqayisədə sadəcə coğrafi olaraq deyil,
siyasi-iqtisadi, mədəni-sosioloji anlamlarda da çox daha məsafəli
olacaq və Rusiya daha çox qlobal Cənubla əməkdaşlığa
yönələcək”.
“Ölkəmiz Avropa üçün daha da
böyük əhəmiyyət kəsb edəcək”
Ş.Cəlilzadənin bildirdiyinə görə, bu
fonda ölkəmiz Avropa üçün daha da böyük əhəmiyyət
kəsb edəcək: “Azərbaycan Avropa İttifaqının
enerji təhlükəsizliyində mühüm rol oynayır və
Cənub Qaz Dəhlizi ilə Avropanı hazırda illik 13
milyard kub metr qaz ilə təmin edir. 2022-ci ilin iyulunda
imzalanmış enerji strateji tərəfdaşlıq sənədinə
əsasən bu rəqəm 2027-ci ildə 20 milyard kub metr
olacaq. Yeni yataqların kəşfi, mövcud yataqların
istehsal gücünün artırılması ilə
yanaşı Azərbaycanı Avropa üçün cəzbedici
edən həm də onun trans-Xəzər enerji layihələri
və tranzit qabiliyyətidir. Belə ki, Şərqlə Qərb
arasında tranzit əlaqəsi sadəcə nəqliyyat sahəsində
deyil, həmçinin enerji sahəsində təsis
olunmaqdadır və bu, ölkəmizin strateji əhəmiyyətini
artırır”.
“Sanksiyalar hissə-hissə tətbiq edilir”
“2022-ci ildə ABŞ və Avropa tərəfindən
Rusiyaya sanksiyalar tətbiq edildikdən sonra mən birmənalı
şəkildə bu sanksiyaların Rusiyanı
çökdürəcəyini ifadə etmişdim. Sadəcə
bu, zaman məsələsidir” söyləyən
iqtisadçı Eldəniz Əmirov əlavə edib ki,
sanksiyalar Rusiyaya elə bir formada tətbiq edilir ki, bu, bir
orqanizmin venasını kəsmək yox, kapilyarlarını kəsməkdir:
“Yəni kapilyarlarını kəsərək bir orqanizmin
sonuna çatmaq cəhdidir. Çünki sanksiyalar hissə-hissə
olunur, az-az olunur, hətta müəyyən hallarda sanksiyalardan
yayınmağa imkan da yaradılır. Məhz buna görə
də prinsip olaraq Rusiya uzun müddətdir ki, öz maliyyə
daxilolmalarını, yəni ölkənin iqtisadi
dayanıqlığını qoruya bilir. Amma tam qorumur və
getdikcə zəifləyir”.
“Rusiyaya kapilyar strategiyası tətbiq edilir”
İqtisadçı bildirib ki, son dönəmlərdə
isə Rusiyanın kölgə iqtisadiyyatına qarşı
aparılan mübarizə, sanksiyaların sərtləşdirilməsi
bir daha onu göstərir ki, strategiya həqiqətən də
kapilyar strategiyasıdır: “Yəni bir orqanizmi venadan daxil
olaraq qansızlaşdırmaq deyil, kapilyarlar vasitəsilə
buna nail olmaqdır. Bunu obrazlı ifadə edirəm, amma
inanın bu, belədir. Artıq proses sonuncu mərhələyə
gəlib çatıb. Yəni bu gün Venesuelada, İranda,
Qrenlandiyada baş verənlər bunların hər biri Rusiya məsələsidir.
Bu, İran, Qrenlandiya, Venesuela məsələsi deyil, həm də
Rusiya məsələsidir. Çünki Rusiyanın Arktikada
dayaqlarını laxlatmaq üçün Qrenlandiyada ABŞ
mövcud olmalıdır. Yəqin ki, olacaq”.
“Qərb istədiyinə nail olacaq”
E.Əmirov əlavə edib ki, ABŞ rəqiblərinin,
o cümlədən də Amerika qitəsinin ABŞ-nin tam nəzarətində
olması üçün Venesuela məsələsi həll
olunmalıdır: “İran isə Rusiyaya bu və ya digər
formada dəstək verən ölkədir. Yəni
bütün hallarda biz Yer kürəsinin xəritəsini
açıb baxmış olsaq görərik ki, həm cənubdan,
həm şimaldan istiqamətlər gəlir Rusiya tərəfə
toplanır. Yəni bu, Rusiyanı əhatələmək məsələsidir.
Bütün bunların da iqtisadi nəticəsi bu, olacaq ki,
Rusiya müharibəni davam etdirmək üçün maliyyə
qaynaqlarından məhrum olunacaq, ya da yetəri qədər
olmayacaq. Nəticədə, Qərb birmənalı şəkildə
istədiyinə nail olacaq”.
Röya İsrafilova
Xalq Cəbhəsi .- 2026.- 29 yanvar (¹4).- S.13.