Suriyada rejim dəyişikliyi:
İraq türkmənlərinin təhlükəsizlik riskləri
artıb
Suriyada YPG-PKK terror təşkilatının
varlığına son qoyulur. Suriyanın şimal-şərqində
YPG terror təşkilatı möhkəmlənərək
növbəti mərhələdə muxtariyyət statusu əldə
etməyi planlaşdırırdı. On ildən
artıqdır ki, bu ərazilərə nəzarət edən
YPG–PKK strukturu ABŞ-dən geniş lojistik və hərbi dəstək
alıb. Suriya silahlı qüvvələrinə inteqrasiya
olunmaqdan imtina edən YPG rəhbərliyi, Məzlum Abdi və
Saleh Müslüm artıq nəzarət etdikləri ərazilərdən
sıxışdırılıb çıxarılır və
bu silahlı qurumun sonu yaxınlaşır.
SANA xəbər agentliyi məlumat yayıb ki, Suriya
keçid hökumətinə tabe olan Müdafiə Nazirliyi
kürdlərin rəhbərlik etdiyi “Suriya Demokratik Qüvvələri”
(SDF) koalisiyası ilə atəşkəsin 15 gün müddətinə
uzadıldığını elan edib. Nazirliyinin məlumatına
görə, müvafiq qərar yanvarın 25-də Bakı
vaxtı ilə saat 00:00-dan qüvvəyə minib.
Müdafiə Nazirliyi aydınlıq gətirib ki, atəşkəsin
uzadılması ABŞ-ın İŞİD üzvlərinin
İraqdakı həbsxanalardan köçürülməsi
ilə bağlı əməliyyatlarına dəstək məqsədi
daşıyır.
Xatırladaq ki, yanvarın 18-də Suriyanın
keçid dövrü Prezidenti Əhməd əl-Şaraa
kürd qüvvələri ilə yeni atəşkəs
sazişini təsdiqləyib. Sənəddə ölkənin
şimal-şərqində yerləşən Deyr-əz-Zor və
Rakka əyalətlərinin respublikanın müvəqqəti
hökumətinin tam nəzarəti altına keçəcəyi
qeyd olunur. Həmçinin kürdlər tərəfindən
Haseke əyalətində yaradılmış bütün
mülki qurumların Suriya dövlətinin tərkibinə
daxil ediləcəyi bildirilir. Suriya ordusu bölgədəki
bütün sərhəd-keçid məntəqələrinin,
eləcə də neft və qaz yataqlarının təhlükəsizliyinin
təmin edilməsinə cavabdeh olacaq.
Yanvarın 20-də isə Müdafiə Nazirliyi
ölkənin şimal-şərqində SDF ilə dörd
günlük yeni razılaşma çərçivəsində
atəşkəs elan edib.
Politoloq Məhəmməd Əsədullazadə deyib
ki, Türkiyənin dəfələrlə irəli
sürdüyü tələblərə baxmayaraq, YPG
inteqrasiyanı rədd etdi, silahı yerə qoymadı və
separatçı planlarını reallaşdırmağa
çalışdı:
“Bu təşkilat Suriyanın şimal-şərqində
Türkiyənin suverenliyi və milli təhlükəsizliyi
üçün birbaşa təhdidə çevrilmişdi. Məhz
Türkiyənin strateji planı çərçivəsində
Suriya ordusu YPG-yə qarşı hərbi əməliyyatlara
başlayıb və region kürd separatçı silahlı
qruplarından təmizlənir”.
“Qeyd etmək lazımdır ki, ABŞ-nin
etirazlarına baxmayaraq, Türkiyə bu prosesi ardıcıl və
uğurla həyata keçirir. PKK terror təşkilatını
ölkə daxilində sıradan çıxaran, ardınca
Suriyada YPG-ni məğlubiyyətə uğradan Türkiyə
regionda geosiyasi mövqelərini əhəmiyyətli dərəcədə
gücləndirir. Ankara Suriyanın parçalanmasına,
federativ model adı altında faktiki bölünməsinə
imkan vermədi və bu istiqamətdə qətiyyətli
mövqe nümayiş etdirdi”, – ekspert yekunlaşdırıb.
Suriya hökuməti ölkənin unitar idarəetmə
modelindən geri çəkilmək niyyətində deyil və
YPG/SDQ-nin muxtariyyət, ayrıca idarəetmə və vahid
silahlı strukturla qalmaq tələblərini qəti şəkildə
rədd edir. Dəməşqin mövqeyi ondan ibarətdir ki,
bütün hakimiyyət mərkəzi hökumətə tabe
olmalı, silahlı qüvvələr isə yalnız vahid
dövlət ordusu çərçivəsində fəaliyyət
göstərməlidir.
Bəs Suriyada baş verən məlum hadisələr
İraqda yaşayan türkmənlərə hansı təhlükələr
yarada bilər sualı ilə İraq Türkmən Cəbhəsinin
(İTC) sözçüsü Turqut Hürmüzlüyə
müraciət etdik. O, mövzunu aşağıdakı kimi
şərh edib.
Suriyadakı vəziyyətin İraq türkmənlərinə
təsiri:
Suriyada rejim dəyişikliyi və PKK/YPG-nin bölgədən
çəkilməsi İraq türkmənlərinə
birbaşa təsir edərək, onların təhlükəsizlik
risklərini artırıb. İraq Türkmən Cəbhəsi
(İT) təşkilatın ünsürlərinin İraqa
sızma ehtimalına qarşı xəbərdarlıq etməsinə
baxmayaraq, Ərbildə türkmən binalarına qarşı
təxribat xarakterli aksiyalar təşkil edilib, amma təhlükəsizlik
tədbirləri artırılıb.
PKK/YPG təhdidi və sızma riski: Suriya ordusunun geri
çəkilməsindən sonra Şimali Suriyada mövqelərini
itirən PKK/YPG-nin (SDF) İraq türkmənlərinin Kərkük,
Mosul və Tuz Xurmatu bölgələrinə sızma
ehtimalı türkmən cəbhəsində ciddi narahatlıq
yaradır. Təhlükəsizlik təxribatları: Suriyada
baş verən hadisələrin ardınca PKK/YPG tərəfdarları
İraq Türkmən Cəbhəsi (İTC) binasına və
İraq Kürdüstan Regional Rəhbərliyindəki
(İKRG) TEBA Media Qrupuna daşlarla hücum edib, basqın etməyə
cəhd ediblər.
İTC-nin xəbərdarlıqları və ehtiyat tədbirləri:
İTC Parlamentinin üzvü Erşed Salihi terror
ünsürlərinin İraqa sızması ilə
bağlı kəşfiyyat məlumatlarını
paylaşaraq, İraq hökumətini təhlükəsizlik və
sabitliyin qorunması üçün təcili tədbirlər
görməyə çağırıb.
Demoqrafik və siyasi narahatlıqlar: Suriya türkmənlərinin
məskunlaşdığı ərazilərdəki dəyişikliklər
(Hələb, İdlib və s.) İraq türkmənləri
arasında Türkməneli bölgəsinin geosiyasi təhlükəsizliyi
ilə bağlı narahatlıqları dərinləşdirir.
İraq türkmənləri Suriyadakı hakimiyyət
boşluğunun İraqda terror təşkilatları
üçün yer yaratdığından narahatdırlar.
İraq Türkmən Cəbhəsinin (İTC) rəhbəri
Mehmed Seman Ağa İTC Ərbil Vilayət Baş Qərargahına
və TEBA Media Qrupuna edilən hücumlarla bağlı
açıqlama verib. Ağa açıqlamasını sosial
şəbəkədə paylaşaraq federal hökumətə
və Kürdüstan Regional Rəhbərliyinə (KRH)
çağırış edib. O, "Çətin vəziyyətlərdə
bizə müdriklik və soyuqqanlılıqdan başqa bir
şey lazım deyil. Sakitlik zəiflik deyil, əksinə,
güc və şüurun ən yüksək
formasıdır" dedi. İTC rəhbəri davam etdi:
"Sözlər bir əmanətdir, amma bir dəfə
alovlanan nifaq hamını yandıran oddur. Ona görə də
sadəcə tamaşaçı olmaqdansa, gəlin nifaq
toxumlarını söndürmək üçün birləşək.
İraqımız gəmi kimidir, bir-birimizin təhlükəsizliyini
təmin etməklə sağ qalırıq. Qoy ağıl
bizi emosional partlamaları yaxşılıq və pislik
açarı ilə əvəz etsin."
İraqın Kürdüstan Bölgəsində Təşkilatlar
üzrə Regional Naziri və İraq Türkmən Cəbhəsinin
(İTC) Siyasi Bürosunun üzvü Aydın Maruf təxribat
xarakterli hərəkətə münasibət bildirərək,
hücum edən qrupun bəzi üzvlərinin xarici ölkə
vətəndaşları olduğunu bildirib. Maruf, "Təhlükəsizlik
işçilərimiz binaya girişin qarşısını
aldı. Ərbil valisinin müdaxiləsindən sonra bölgəyə
əlavə təhlükəsizlik qüvvələri göndərildi.
Valimizə və təhlükəsizlik qüvvələrinə
təşəkkür edirik" dedi.
Hücum nəticəsində binanın şüşələrinin
qırıldığını bildirən Maruf, İraq
Türkmən Cəbhəsinin bu hadisələrdə
iştirakının olmadığını vurğulayıb.
O, əlavə edib ki, "Etirazlar zamanı binamızı hədəfə
almaq tamamilə yanlışdır. Biz bu gərginliyin tərəfi
deyilik. Hazırda binamız təhlükəsizlik və polis
bölmələri tərəfindən qorunur və mən
inanmıram ki, bu cür hücumlar təkrarlansın".
İraq Türkmən Cəbhəsi (İTC) Siyasi
Bürosunun üzvü Mardin Gökkaya, Suriyadakı hadisələrin
İraq ərazisinə köçürülməsi cəhdləri
və bu prosesdə türkmən qurumlarının hədəf
alınması ilə bağlı yazılı
açıqlama verib. Gökkaya türkmən qurum və təşkilatlarına
edilən hücumların İraqdakı türkmənlərin
təhlükəsizliyi və milli kimliyi baxımından son dərəcə
narahatedici mənzərə yaratdığını bildirib.
Bəyanatda xatırladılıb ki, əvvəllər
Kərkük, Süleymaniyyə və Ərbil başda olmaqla
türkmən əhalisinin çox olduğu şəhərlərdə
müxtəlif bəhanələrlə təşkil edilən
aksiyalar zamanı İraq Türkmən Cəbhəsi və digər
milli qurumlara qarşı məqsədli hücumlar həyata
keçirilib. Gökkaya, seçki prosesləri öncəsi
Türkmən ofislərini hədəf alan oxşar təxribatların
şüurlu şəkildə iğtişaş və
qeyri-sabitlik yaratmaq məqsədi
daşıdığını, bu gün Ərbildə
İTC və TEBA-ya qarşı baş verənlərin bu təhlükəli
yanaşmanın davamlılığını açıq
şəkildə nümayiş etdirdiyini vurğulayıb.
Gökkaya açıqlamasında günahkarların
müəyyən edilərək qanuni məsuliyyətə cəlb
edilməli olduğunu vurğulayaraq, oxşar cəhdlərin təkrarlanmaması
üçün təcili olaraq ciddi, qalıcı və
çəkindirici tədbirlərin görülməsinə
çağırıb.
Suriya Ordusunda türkmən əsgərləri var.
Lakin türkmən briqadaları indiyədək yalnız
Süleyman Şah türbəsini və ətraf əraziləri
kürdlərdən geri alıblar. 22 yanvar 2026-cı il tarixində
Suriya ordusunun tərkibində türkmən komandiri Seyf Ebubekir
Polatın komandanlığındakı 76-cı diviziya YPG/PKK
terror təşkilatına qarşı həyata keçirdiyi əməliyyatla
Hələbin Karakozak bölgəsində Süleyman Şah
türbəsinin yerləşdiyi ərazini nəzarətə
götürdü. Türbənin ətrafı minalardan təmizlənərək
türkmənlərin himayəsinə verilib.
Təhlükəsiz nəzarət: Türbə və ətrafı
YPG/PKK terror ünsürlərindən tamamilə təmizləndi.
Türkmən komandiri Polat, "Bu torpaqlar Türk Vətənidir
və Türk olaraq qalacaq. Bu müqəddəs əmanəti
qorumaq bizim üçün şərəf və vətənpərvərlik
borcumuzdur" dedi.
Təhlükəsizlik Vəziyyəti: Terror təşkilatının
ərazini minalarla əhatə etdiyi bildirildi, lakin təmizləmə
əməliyyatları davam edir.
2015-ci ildə “Şah Fırat” əməliyyatı ilə
Türkiyəyə köçürülən ziyarətgah ərazisi
uzun illər sonra yenidən türkmən qüvvələrinin
nəzarətinə keçib.
Cavid
Xalq Cəbhəsi .- 2026.- 29 yanvar (¹4).- S.10.