“Gələcək nəsillər hədəfdə:
Demoqrafik tarazlıq sarsılır”
Müasir dövrdə cəmiyyətin dayanıqlı
inkişafı üçün əsas amillərdən biri
ailə institutunun möhkəmlənməsi, gender bərabərliyinin
təmin olunması və demoqrafik balansın
qorunmasıdır.
Bu sahələr bir-biri ilə sıx bağlı
olmaqla, sosial sabitliyin, mənəvi dəyərlərin və
insan potensialının qorunmasında mühüm rol
oynayır. Azərbaycanda son illər bu istiqamətlərdə
dövlət siyasətinin məqsədyönlü şəkildə
həyata keçirilməsi, ailə dəyərlərinin təbliği
və gender bərabərliyi prinsiplərinin təşviqi diqqət
mərkəzindədir.
Ölkədə demoqrafik vəziyyət, ailə siyasəti
və gender bərabərliyi məsələləri cəmiyyətin
gələcək inkişafı baxımından ciddi
çağırışlar doğurur. Son illərdə
doğum səviyyəsinin azalması, ailə qurma
yaşının yüksəlməsi və gənclərin
evliliyə marağının azalması demoqrafik balansın
pozulmasına səbəb olur. Eyni zamanda, regionlar üzrə əhali
artımında qeyri-bərabərlik, miqrasiya proseslərinin
sürətlənməsi və şəhərləşmənin
davam etməsi bu tarazlığı daha da çətinləşdirir.
Ailə institutunun zəifləməsi və sosial
müdafiənin məhdudluğu boşanma hallarının
artmasına, erkən və qeyri-rəsmi nikahların
yayılmasına gətirib çıxarır. Gender bərabərliyi
sahəsində isə hələ də ciddi problemlər
qalır: qadınların əmək bazarında və rəhbər
vəzifələrdə təmsilçiliyi məhduddur, məişət
zorakılığı və gender stereotipləri davam edir.
Xüsusilə regionlarda qadınların təhsil və məşğulluq
imkanları şəhərlərlə müqayisədə
daha zəifdir ki, bu da sosial və iqtisadi bərabərsizliyi dərinləşdirir.
Bütün bu məsələlər ölkənin
sosial rifahının yüksəldilməsi və
dayanıqlı inkişafı üçün prioritet sahələr
kimi diqqət mərkəzindədir. Dövlət tərəfindən
həyata keçirilən sosial siyasət – sosial müavinətlərin
artırılması, ünvanlı yardımların genişləndirilməsi,
çoxuşaqlı və şəhid ailələrinə dəstək,
doğuma görə müavinətlər və analıq məzuniyyətləri
– ailələrin sosial müdafiəsini gücləndirməyə
xidmət edir. Eyni zamanda, gender bərabərliyinin təmin
olunması üçün qanunvericilik bazası mövcuddur və
qadınların məşğulluğunun
artırılması məqsədilə müxtəlif
dövlət proqramları icra olunur.
Bütün bu tədbirlər və strategiyalar cəmiyyətin
demoqrafik, sosial və iqtisadi problemlərinin həllinə
istiqamətlənmiş uzunmüddətli siyasətin tərkib
hissəsidir və gələcəkdə ailələrin
dayanıqlılığının güclənməsi,
gender bərabərliyinin təmin olunması və ümumi
sosial rifahın yüksəlməsi üçün əsas zəmin
yaradır.
Onu da qeyd edək ki, Azərbaycan gender bərabərliyinin
təmini üçün bəzi beynəlxalq konvensiyalara
qoşulub. Belə ki, Azərbaycan 1995-ci ildə BMT-nin
“Qadınlara Qarşı Ayrı-Seçkiliyin bütün
növ formalarının ləğv edilməsi haqqında”
Konvensiyanı ratifikasiya edib. 1979-cu ildə qəbul edilən,
iki il sonra qüvvəyə minən konvensiyanın digərlərindən
fərqi burda sadəcə cinsi əlamətə görə,
qadınlara qarşı ayrı-seçkiliyin bütün
formalarının ləğvi nəzərdə tutulur.
Başqa sözlə, gender neytrallığı tələbinin
əvəzinə, konvensiya qadınların bərabərsizliyinin
saxlanılmasına xidmət edən hər hansı fəaliyyəti
qadağan edir.
2001-ci ildə isə Azərbaycan ona aid Fakültətiv
Protokolu ratifikasiya edib. 1998-ci ildə mərhum Prezident Heydər
Əliyev Qadın Problemləri üzrə Dövlət Komitəsinin(indiki
Ailə, Qadın və Uşaq Problemləri üzrə
Dövlət Komitəsi) yaradılması, “Azərbaycanda
qadınların rolunun artırılmasına dair tədbirlər
haqqında” sərəncamlar verib. Bu isə gender siyasətinin
dövlətin vacib strategiyalarından biri olduğunu göstərirdi.
2000-ci ildə prezident “Dövlət qadın siyasətinin həyata
keçirilməsi haqqında” fərman imzalayıb. Fərman
bütün dövlət strukturlarında qadınların təmsil
olunma faizinin kişilərlə eyni səviyyədə
olmasını nəzərdə tutur. Sonra isə Qadın
Problemləri üzrə Dövlət Komitəsinin
bazasında Ailə, Qadın, Uşaq Problemləri üzrə
Dövlət Komitəsi yaradılıb. Nazirlik və idarələrdə
gender siyasətinə məsul koordinatorlar-fokal mərkəzlər
fəaliyyət göstərir.
Respublikamızda məqsədyönlü gender siyasəti
aparılır və bu mühüm sahə dövlətin daim
diqqət mərkəzindədir. Bununla əlaqədar
xüsusi Dövlət Proqramı qəbul olunub, bu gün Azərbaycanda
qadın hüquqlarının təmin olunmasına, onların
cəmiyyətdə və dövlət idarəçiliyində
rolunun artmasına yönəlmiş siyasət Prezident
İlham Əliyev tərəfindən uğurla həyata
keçirilir.
“Demoqrafik azalma narahatlıq doğurur”
Mövzuyla bağlı “Xalq Cəbhəsi” nə açıqlama
verən Milli Məclisin deputatı Elnarə Akimova deyib ki,
demoqrafik azalma, ailə institutunun zəifləməsi və
gender bərabərliyi sahəsindəki problemlər cəmiyyət
üçün aktual çağırış olaraq
qalır.
Onun sözlərinə görə, doğum səviyyəsinin
azalması, ailə qurma yaşının yüksəlməsi
və gənclər arasında evliliyə marağın zəifləməsi
əsas çağırışlardandır: “Regionlar üzrə
əhali artımında qeyri-bərabərlik, miqrasiya prosesləri
və şəhərləşmənin sürətlənməsi
demoqrafik tarazlığa təsir göstərir. Ailə siyasəti
sahəsində maddi rifahın ailələrin
dayanıqlılığına təsiri, boşanmaların
artması, erkən və qeyri-rəsmi nikah halları da ciddi
problemlər sırasında yer alır. Gender bərabərliyi
sahəsində də hələ həllini tapmayan məsələlər
mövcuddur. Qadınların əmək bazarında və rəhbər
vəzifələrdə təmsilçiliyi məhduddur, məişət
zorakılığı və gender stereotipləri isə hələ
də qalmaqdadır. Xüsusilə regionlarda qadınların təhsil
və məşğulluq imkanları şəhərlərlə
müqayisədə daha zəifdir”.
Deputat vurğulayıb ki, dövlət bu problemlərin
aradan qaldırılması istiqamətində ardıcıl
sosial siyasət həyata keçirir: “Sosial müavinətlərin
artırılması, ünvanlı sosial yardımların
genişləndirilməsi, çoxuşaqlı və şəhid
ailələrinə dəstək, doğuma görə
müavinətlər və analıq məzuniyyətləri
ailələrin sosial müdafiəsinin gücləndirilməsinə
xidmət edir. Gender bərabərliyinin təmin olunması
üçün qanunvericilik bazası mövcuddur və
qadınların məşğulluğunun
artırılması məqsədilə müxtəlif
dövlət proqramları icra olunur. Bu sahələrdə
davamlı inkişaf üçün sosial rifahın yüksəldilməsi,
maarifləndirmə tədbirlərinin genişləndirilməsi
və ictimai şüurun formalaşdırılması
xüsusi əhəmiyyət daşıyır.
“Demoqrafik vəziyyətin psixoloji yükü”
Psixoloq Nizami Oruc vurğulayıb ki, hazırkı
demoqrafik vəziyyət və ailə siyasəti insanların gündəlik
həyatına birbaşa təsir göstərir: “Ailələrin
iqtisadi yükünün artması, uşaq baxımı, mənzil
və iş təhlükəsizliyi ilə bağlı çətinliklər
gəncləri evliliyi təxirə salmağa və
uşaqların sayını azaltmağa sövq edir. Bu isə
ailə daxilində stressin artmasına, uzunmüddətli
qeyri-müəyyənlik isə psixoloji gərginlik, emosional
tükənmə və münasibətlərdə məsafələşməyə
gətirib çıxarır. Gender bərabərliyi sahəsindəki
problemlər də sosial rifaha təsirsiz qalmır.
Qadınlar həm peşəkar, həm də ailə
rollarını eyni anda daşımaq məcburiyyətində
qalır, kişilər isə ailəni təmin etməli
olduqları təzyiq altında yaşayır. Bu
balanssızlıq ailə münasibətlərində gərginlik
və rol konfliktlərinə səbəb olur.İnsanların
həyat keyfiyyətini artırmaq üçün ailəyönümlü
sosial dəstək mexanizmləri gücləndirilməli,
uşaq baxımı və valideynlik xidmətləri əlçatan
olmalı, iş–ailə balansını qoruyan siyasətlər
tətbiq edilməli və gender rollarına çevik
yanaşmalar təşviq edilməlidir.
Günel Elxan
Xalq Cəbhəsi .- 2026.- 29 yanvar (¹4).- S.9.