Əbu-Dabi danışıqları: növbəti
raund nə vəd edir?
Rusiya-Ukrayna müharibəsinin həlli
üçün bu dəfəki addım Əbu-Dabidə
atılıb. Birləşmiş Ərəb Əmirliklərinin
paytaxtında Ukrayna, ABŞ və Rusiya arasında üçtərəfli
danışıqlar keçirilib. ABŞ bu danışıqları
tarixi hadisə adlandırıb. Kreml isə öz növbəsində
danışıqları müsbət qiymətləndirib.
Həmçinin bildirilir ki, bu, müharibə
başlayandan bu yana Ukrayna, ABŞ və Rusiya arasında ilk
birbaşa üçtərəfli sülh
danışıqlarıdır. Danışıqların
növbəti mərhələsi isə fevralın 1-də
olacaq.
“Xalq Cəbhəsi” sözügedən
danışıqların nəticəsinin necə
olacağını politoloqlarla müzakirə edib.
Politoloq Yeganə Hacıyeva söyləyib ki,
Əbu-Dabi görüşü və danışıqlar
fonunda proseslərə realist yanaşmaq daha
düzgündür: “Əbu-Dabi danışıqları dialoq
cəhdindən daha çox siyasi jest kimi qəbul
olunmalıdır. Tərəflər, xüsusilə ABŞ və
Rusiya qlobal ictimaiyyətə “həll yolları
axtarılır” kimi görüntü vermək istəyirlər.
Diplomatik təmasların qorunması həm də region
üçün strateji əhəmiyyət daşıyır.
Çünki Yaxın Şərq ölkələri bu format
vasitəsilə öz nüfuzunu qlobal səviyyədə
artırmağa çalışır. Burda bir haşiyə
açım ki, Davosda aparılan müzakirələrdə
diqqət çəkən əsas məqamlardan biri qlobal
elitaların düşüncəsində yeni xəttin
müşahidə olunması idi. Müzakirələrdə
konflikt və müharibələr üçün sülh
çağırışlarından daha çox əsas
vurğu münaqişələrin idarə olunması ilə
risklərin azaldılmasına və eskalasiyanın
qarşısının alınmasına yönəlmişdi.
Fikirimcə bu, qlobal elitaların düşüncəsində
baş verən psixoloji dönüş nöqtəsidir:
sülh artıq “təbii vəziyyət” kimi qəbul edilmir”.
“Genişmiqyaslı sülh sazişi gözləmək
real deyil”
Y.Hacıyevanın bildirdiyinə görə,
müzakirələrdə əsas vurğu təxminən
“dialoq qələbədən üstündür” tezisi kimi səslənirdi
və bu fikirlər humanist çağırışlardan daha
çox praqmatik hesabdır: “Rusiya-Ukrayna müharibəsində
qələbənin həddindən artıq baha gəlməsi,
məğlubiyyətin isə qəbuledilməz olması
göz önündədir. Məhz dialoq bu kontekstdə
kompromis deyil, vaxt qazanmaq və ən pis ssenarini təxirə
salmaq üçün vasitə kimi görünür. Ona
görə də Əbu-Dabidə Ukrayna, ABŞ və Rusiya
arasında üçtərəfli danışıqların
keçirilməsi dialoq üçün yeni imkandır. Amma
qeyd edim ki, hazırkı mərhələdə
danışıqlardan müharibənin
dayandırılması və ya genişmiqyaslı sülh
sazişi gözləmək real deyil. Əsas ziddiyyətlər,
xüsusilə ərazi məsələləri, təhlükəsizlik
zəmanətləri və sanksiyalar üzrə mövqelər
hələlik heç uzlaşmır və
yaxınlaşmır. Daha çox humanitar məsələlər,
gərginliyin idarə olunması və kommunikasiya
kanallarının açıq saxlanması kimi mövzular
müzakirə mövzusudur”.
“Əbu-Dabi görüşləri strateji
dönüş nöqtəsi deyil”
O əlavə edib ki, bu baxımdan Əbu-Dabi
görüşləri strateji dönüş nöqtəsi
deyil, daha çox diplomatik təmasların qorunmasına xidmət
edir: “Məhdud miqyasda müəyyən müsbət irəliləyişlərin
– texniki razılaşmalar, gələcək
danışıqlar üçün zəminin
formalaşmasının mümkün olduğunu göstərən
siyasi jestdir. Belə ki, tərəflərin əsas ziddiyyətlər
üzrə, xüsusilə ərazi məsələləri və
təhlükəsizlik zəmanətləri üzrə
mövqelərin uzlaşması kimi bir hal izlənmir. Odur ki,
Əbu-Dabi danışıqlarını sülhün
başlanğıcı deyil, lakin münaqişənin tam
dialoqsuzluq mərhələsinə keçməsinin
qarşısını alan mühüm diplomatik addım kimi dəyərləndirirəm”.
“Yekun sülhə ümid etmək tezdir”
Politoloq Turab Rzayev qeyd edib ki, bu, görüşlərin
başqa bir raundudur: “Hələ ki, yekun sülhə ümid
etmək tezdir. Bir tərəfdən Tramp Ukrayna və
Rusiyanı sülhə məcbur etmək üçün
çox ciddi şəkildə təzyiqlər edir, Rusiyaya
iqtisadi sanksiyalar artırılır. Rusiyanın ticarət
dövriyyəsi, digər ölkələrlə ticarət
münasibətləri zəiflədilir. Tramp faktiki olaraq
ölkələrin Rusiyadan neft və qaz alışını
dayandırmağa çalışır. Digər tərəfdən
Ukraynanı hərbi yardımın, maliyyə
yardımının dayandırılması ilə təhdid
edir. Demək olar ki, hər gün Zelenskini, onun
komandasını məcbur etməyə
çalışırlar ki, sülh müqaviləsi ilə
razılaşsın”.
“ABŞ aqressiya nümayiş etdirir”
T.Rzayevin bildirdiyinə görə, hətta Tramp
administrasiyası Qərbi Avropanı hansısa şəkildə
bu sülh planını dəstəkləməyə
çağırır: “Ancaq son vaxtlar xüsusilə
Qrenlandiya ətrafında baş verənlər Trampla Avropa
İttifaqı arasında münasibətlərin pozulmasına
gətirib çıxarıb. Zelenski öz
çıxışında açıq şəkildə
Trampın Qrenlandiya ilə bağlı iddialarını
çox pis şəkildə tənqid etmişdi. Bundan
başqa, Avropa İttifaqı ölkələri də
artıq ABŞ ilə münasibətlərin necə davam edəcəyini
bilmirlər. ABŞ Rusiya kimi aqressiya göstərir, Danimarkadan
ərazi tələb edir. Belə bir məqamda sülh necə
mümkün ola bilər? Bu sual açıq qalmaqdadır”.
“Ukrayna fərqli bəhanələrlə atəşkəsdən
qaçmağa çalışacaq”
O əlavə edib ki, faktiki olaraq Rusiyanın qərb cəbhəsində
birlik yoxdur: “Ukrayna burada təkcə ABŞ-nin iradəsi ilə
deyil, eyni zamanda, Avropa ölkələrinin təlqinləri ilə
hərəkət edir. Ona görə də burada sülhlə
bağlı çətin proses var. Əlbəttə ki, yenə
müəyyən addımlar atılacaq, yenə ABŞ məcbur
etməyə çalışacaq ki, tərəflər
arasında hansısa bir atəşkəs və ya sülh
olsun. Amma görünən odur ki, hələ ki, Ukrayna tərəfi
fərqli bəhanələrlə atəşkəsdən
qaçmağa çalışacaq. Çünki indiki halda ərazi
itkiləri və bu şəkildə sülh Zelenskiyə və
onun Avropadakı müttəfiqlərinə sərf etmir. Digər
tərəfdən Rusiya yenə Ukraynada öz
qazanımlarını, öz ərazi
bütövlüyünü genişləndərməyə
çalışacaq”.
Röya İsrafilova
Xalq Cəbhəsi .- 2026.- 29 yanvar (¹4).- S.5.