Donbas şərti beynəlxalq
nizamı sarsıda bilər?
ABŞ-nin Ukraynaya təhlükəsizlik zəmanətlərini
Donbasdan çıxmaq şərti ilə irəli sürməsi
beynəlxalq hüquq və qlobal təhlükəsizlik
baxımından geniş müzakirələrə səbəb
olub. Bu yanaşma BMT Nizamnaməsində təsbit olunmuş ərazi
bütövlüyü və suverenlik prinsiplərinə zidd
hesab edilir və beynəlxalq münasibətlərdə təhlükəli
presedent yarada bilər.
Hüquqi baxımdan, bir dövlətin öz suveren əraziləri
üzərindəki nəzarətdən vaz keçməsi və
bunu təhlükəsizlik zəmanətləri ilə əlaqələndirməsi
“hərbi güclə sərhədlərin dəyişdirilməməsi”
prinsipinə ciddi zərbə vura bilər. Belə bir şərtin
gündəmə gətirilməsi beynəlxalq hüququn
de-yure tələbləri ilə de-fakto reallıqların
toqquşmasını göstərir. Yəni, ərazi güzəşti
vasitəsilə təhlükəsizlik təminatları əldə
etmək cəhdi hüquqi normaların üstələnməsi
riskini yaradır.
Siyasi və strateji baxımdan isə bu yanaşma
real-politik prinsiplərinə uyğun qiymətləndirilir.
Dövlətlərin strateji maraqları və münaqişələrin
dondurulması ehtiyacı bəzən hüquqi normalardan
üstün çıxır. Təhlükəsizlik zəmanətlərinin
ərazi güzəşti ilə şərtləndirilməsi
gələcəkdə digər münaqişələrdə
güc yolu ilə formalaşmış reallıqların
legitimləşdirilməsi riskini artırır.
Bu vəziyyət həm də qlobal təhlükəsizlik
arxitekturasında güc amilinin hüquq amilindən
üstün tutulduğu dövrlərə xasdır.
ABŞ-ın məsələ ilə bağlı rəsmi təkzibi
isə həm hüquqi, həm də etik baxımdan
mövzunun nə qədər həssas olduğunu göstərir.
Beynəlxalq hüquq baxımından ərazi
bütövlüyü toxunulmazdır və heç bir xarici
aktor bu prinsipi şərtə bağlamaq səlahiyyətinə
malik deyil. Lakin qlobal siyasətdə “mümkün olanın sənəti”
prinsipi çox vaxt hüquqi idealizmlə toqquşaraq yeni və
mübahisəli reallıqların formalaşmasına gətirib
çıxarır.
“Donbas şərti mübahisəli yanaşmadır”
Mövzu ilə bağlı “Xalq Cəbhəsi”nə
açıqlamasında politoloq Elman Telmanoğlu söyləyib
ki, ABŞ-nin Ukraynaya təhlükəsizlik zəmanətlərini
Donbasdan çıxmaq şərti ilə irəli sürməsi
beynəlxalq hüquq baxımından mübahisəli və zəif
əsaslandırılan yanaşmadır.
Onun sözlərinə görə, BMT Nizamnaməsinin
2-ci maddəsinə əsasən, dövlətlərin ərazi
bütövlüyü və siyasi müstəqilliyi
toxunulmazdır və bu prinsip beynəlxalq münasibətlərin
təməl sütunu hesab olunur: “Hər hansı
üçüncü dövlətin təhlükəsizlik zəmanətini
ərazi güzəşti ilə şərtləndirməsi
beynəlxalq hüquqa zidd siyasi presedent yaradır. Hüquqi
baxımdan yalnız Ukraynanın öz suveren qərarı –
daxili siyasi konsensus və xalqın iradəsinə əsaslanan
razılaşma legitim sayıla bilər. Təhlükəsizlik
təminatlarının təzyiq aləti kimi istifadə
olunması isə beynəlxalq hüququn deyil, realpolitikanın
yanaşmasıdır və bu, güc balansının
hüquqi normalardan üstün tutulduğunu göstərir.Siyasi
müstəvidə belə bir şərt təhlükəli
presedent yaradır. Əgər ərazi güzəşti
sülh və təhlükəsizlik zəmanətinin şərtinə
çevrilərsə, bu, gələcəkdə digər
münaqişələrdə güc yolu ilə əldə
edilmiş reallıqların legitimləşdirilməsi riskini
artırır. Məhz bu səbəbdən Ağ Evin məsələni
rəsmi şəkildə təkzib etməsi prosesin beynəlxalq
hüquq çərçivəsindən kənara
çıxmaması baxımından strateji əhəmiyyət
daşıyır”.
Təhlükəsizlik zəmanəti ərazi şərti
ilə…
Politoloq Tural İsmayılov bildirib ki, beynəlxalq
münasibətlərin fundamental prinsipləri, xüsusilə
BMT Nizamnaməsində təsbit olunmuş ərazi
bütövlüyü və suverenlik anlayışları
çərçivəsində təhlükəsizlik zəmanətlərinin
ərazi güzəşti ilə şərtləndirilməsi
beynəlxalq hüququn universal normaları ilə kəskin
ziddiyyət təşkil edir.
Onun sözlərinə görə, müasir hüquq
sistemində bir dövlətin öz suveren əraziləri
üzərində nəzarətdən vaz keçməsinin təhlükəsizlik
təminatları üçün şərt kimi irəli
sürülməsi “hərbi güclə sərhədlərin
dəyişdirilməməsi” prinsipinə zərbə vuran təhlükəli
presedent yarada bilər: “Politoloji analiz baxımından bu
yanaşma real-politik, yəni realist siyasət məktəbinin
məntiqi ilə izah olunur. Bu halda dövlətlərin strateji
maraqları və münaqişənin dondurulması zərurəti
bəzən abstrakt hüquqi normaları üstələyir. Təhlükəsizlik
zəmanətlərinin ərazi kompromisləri ilə şərtləndirilməsi
beynəlxalq münasibətlərdə strateji geri çəkilmə
müqabilində kollektiv müdafiə modelini
xatırladır. Belə bir yanaşma beynəlxalq hüququn
de-yure tələblərini de-fakto reallıqlara
uyğunlaşdırmaq cəhdi kimi dəyərləndirilə
bilər. Əgər bu cür şərtlər rəsmi şəkildə
gündəmə gətirilərsə, bu, suverenlik prinsipinin
mütləqliyindən daha çox “idarə olunan
münaqişə” və “nisbi sabitlik” prioritetlərinin ön
plana çıxdığını göstərir. Eyni
zamanda, dövlətin gələcək təhlükəsizlik
zəmanətləri naminə verdiyi legitim razılıq yeni
status-kvonun formalaşmasına və hüquqi
boşluqların yaranmasına səbəb ola bilər.
Tural İsmayılov əlavə edib ki, bu tip geosiyasi
“ticarət” modelləri qlobal təhlükəsizlik
arxitekturasında güc amilinin hüquq amilindən
üstün tutulduğu keçid dövrlərinə
xasdır. “Vaşinqtonun məsələ ilə bağlı rəsmi
təkzibi də bu mövzunun hüquqi və etik baxımdan nə
qədər həssas olduğunu göstərir. Beynəlxalq
hüquqa görə ərazi bütövlüyü
toxunulmazdır və bu prinsipi şərtə bağlamaq
heç bir xarici aktorun səlahiyyətinə daxil deyil. Lakin
qlobal siyasətdə ‘mümkün olanın sənəti’
çox zaman hüquqi idealizmlə toqquşaraq mübahisəli
reallıqlar yaradır”.
Günel Elxan
Xalq Cəbhəsi .- 2026.- 29 yanvar (¹4).- S.5.