Azərbaycan-İsrail
əlaqələri dərinləşir
İsrail Azərbaycana dəstək verən ölkələrdəndir
və gün keçdikcə iki ölkə arasındakı əlaqələr
inkişaf edir. Elə keçdiyimiz günlərdə
İsrailin xarici işlər naziri Gideon Saarın Azərbaycana
səfəri də bu əlaqələrin irəliyə
aparılmasına növbəti töhfə oldu. İsrailli
nazirin səfəri zamanı Prezident İlham Əliyevlə
görüşündə Azərbaycan və İsrail
arasında münasibətlərin müxtəlif istiqamətlərdə
inkişafından danışılıb. Eyni zamanda, Gideon
Saarla Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov
arasında görüşdə də siyasi dialoq, enerji, ticarət,
investisiyalar, təhsil, mədəniyyət, müdafiə və
təhlükəsizlik daxil olmaqla bir çox sahələr
üzrə əməkdaşlığın genişləndirilməsi
barədə fikir mübadiləsi aparılıb.
Gideon Saarın Azərbaycana səfəri iki ölkə
arasındakı münasibətlərin inkişafına necə
təsir göstərəcək?
“Xalq Cəbhəsi” millət vəkilləri və
politoloqlarla bu istiqamətdə müzakirə aparıb.
Milli Məclisin deputatı Bəhruz Məhərrəmov
qeyd edib ki, Azərbaycan və İsrail arasındakı
münasibətlər sadəcə diplomatik tərəfdaşlıq
deyil, həm də strateji və ekzistensial əhəmiyyət
kəsb edən bir ittifaqdır: “Prezident İlham Əliyev
İsrail Dövlətinin xarici işlər naziri Gideon
Saarı qəbul edən zaman hökm sürən ritorika, o
cümlədən Ceyhun Bayramov və Gideon Saar
arasındakı son görüş bu bağların daha da
şaxələndiyini göstərir. Məlumdur ki, bir
neçə gün öncə Davosda Azərbaycan və
İsrail prezidentləri arasında baş tutan
görüşdə liderlər ikitərəfli münasibətləri
və qlobal təhlükəsizlik məsələlərini əhatələyən
önəmli müzakirələr aparmışdı və
israilli nazirin Bakıya səfəri əslində həmin
danışıqların davamı sayıla bilər”.
“Münasibətlər yeni praktik mərhələyə
qədəm qoyur”
Deputat əlavə edib ki, Azərbaycanı regionda
mühüm və etibarlı tərəfdaş adlandıran cənab
Saarın strateji tərəfdaşlıq və siyasi
münasibətlərin yeni mərhələyə qədəm
qoyması barədə bəyanatı da bu mənada təsadüfi
hesab edilə bilməz: “Səfər çərçivəsində
Bakıda Azərbaycan-İsrail Biznes Forumunun keçirilməsi,
40-dan çox böyük İsrail şirkətinin rəhbərinin
Bakıya gəlməsi, kənd təsərrüfatı, su
resurslarının idarə olunması, süni intellekt,
yaşıl enerji və kibertəhlükəsizlik sahələrində
yeni layihələrin anonsunun verilməsi, turizmin
inkişafı, regional təhlükəsizlik və sülh
istiqamətində çoxşaxəli müzakirələr, əslində,
münasibətlərin, həqiqətən, tam yeni praktik mərhələyə
qədəm qoyduğunu göstərməkdədir. Xüsusən,
bu dəfəki təmaslar tərəflərin hərbi-siyasi,
iqtisadi və texnoloji sahələrdə daha dərin
inteqrasiyaya hazır olduğunun nümayişi baxımdan vacib
oldu”.
Cənubi Qafqazın həlledici aktoru
Siyasi elmlər üzrə fəlsəfə doktoru,
politoloq Şəbnəm Həsənova qeyd edib ki, Azərbaycanın
Cənubi Qafqazın həlledici aktoru olduğunu göstərən
inkarolunmaz amillərdən biri də xarici siyasət sədalarımızın
son dərəcə mürəkkəb kombinasiyalarla dolu
Yaxın Şərq bölgəsindən gəlməsidir: “Belə
bir regionda Azərbaycan boy göstərirsə bu, ondan xəbər
verir ki, son dərəcə ziddiyyətli və barışmaz
mövqedə dayanan aktorlarla kompromis və həll yolları
tapmağın öhdəsindən gəlinir. Elə bu məqamda
qeyd olunmalıdır ki, Davos İqtisadi Forumunda Azərbaycan və
İsrail prezidentləri arasında görüş baş
tutdu. Görüş əsnasında dövlət
başçıları əməkdaşlığın
genişləndirilməsi üçün yaxşı
imkanların olduğunu və perspektivlərlə bağlı
məsələləri müzakirə etdilər. Bunun
ardınca Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən
İsrail dövlətinin xarici işlər naziri Gideon
Saarın qəbul edilməsi ondan xəbər verir ki, dövlət
başçıları arasında müzakirə edilən məsələlər
dərhal, vaxt itirmədən öz həllini
tapmalıdır”.
“Konkret addımlar həyata keçirilməlidir”
Politoloq qeyd edib ki, məsələyə başqa,
dünya reallığı prizmasından baxdıqda bu gün
dünyada dövlət-özəl tərəfdaşlığının
yeni mərhələyə qədəm qoyduğunu
görürük: “Liderlər də öz növbəsində
bu tərəqqi sürətini saxlamaq üçün konkret
addımlar həyata keçirməlidirlər. Çünki məhz
dövlət-özəl tərəfdaşlığı gələcəyin
işlərinə hazır olan müasir və daha möhkəm
cəmiyyətin qurulmasına kömək edə bilər. Bu,
insanlar, əmək bazarları və qlobal iqtisadiyyat
üçün son dərəcə mühüm amildir. Bu
baxımdan, Davosda liderlər arasında keçirilən
danışıqlardan sonra enerji, ticarət, turizm və
investisiya əlaqələrinin genişləndirilməsi
münasibətlərə sürətli bir təkan verəcək.
İsrail və Azərbaycanın biznes nümayəndələri
arasında özəl sektor üzrə əməkdaşlığın
dərinləşdirilməsi münasibətlərin
dayanıqlı hal almasına gətirib çıxaracaq.
Potensial kommersiya mübadilələrinin, investisiya əməkdaşlığından
başlayaraq B2B əlaqələrinin müzakirə edilməsi
bundan xəbər verir”.
“İki dövlətin xarici siyasətdə
atdığı addımlar uzlaşmaya dayanır”
Ş.Həsənovanın sözlərinə görə,
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov iki
dövlət arasında münasibətlərin davamlı
şəkildə yaxşılaşdığını
bildirməklə münasibətləri strateji
baxımından əhəmiyyətli adlandırdı: “Bu, son
dərəcə düzgün yanaşma və
adlandırmadır. Habelə, iki ölkənin xarici işlər
nazirlikləri arasında müntəzəm siyasi məsləhətləşmələr
var. Bu isə öz növbəsində ondan xəbər verir
ki, iki dövlətin xarici siyasətdə atdığı
addımlar sonda mütləq qaydada uzlaşmaya dayanır.
ABŞ-Azərbaycan münasibətlərinin bu qədər
müsbət trayektoriya üzrə davam etdiyi bir zamanda
İsrail-Azərbaycan əməkdaşlığının
daha da dərinləşdirilməsi və möhkəmləndirilməsi
dünya reallıqları kontekstində hər iki tərəf
üçün son dərəcə mühümdür.
İsrail-Azərbaycan prizmasından məsələyə
baxdıqda dövlətlərin öz və qarşı tərəfin
regionunda möhkəmlənməsi xarici siyasətdə
dividentli çıxmaq deməkdir”.
“Münasibətlərin inkişaf etməsi tarixi
xarakter daşımaqdadır”
Politoloq Samir Hümbətov bildirib ki, Azərbaycanla
İsrail arasında münasibətlərin inkişaf etməsi
tarixi xarakter daşımaqdadır: “Həm də təkcə
siyasi və ya iqtisadi anlamda deyil, mədəni sahədə əlaqələrin
də ciddi inkişaf etdirilməsi mövcuddur. Nəzərə
alsaq ki, Azərbaycanın beynəlxalq sahədə mövqelərinin
müdafiə edilməsində İsrail dövlətinin və
yəhudi lobbisinin böyük dəstəyi oldu. Bu, heç
kim üçün sirr deyil. Eyni zamanda,
qarşılıqlı ticari-iqtisadi əlaqələrin inkişaf
etdirilməsi, investisiyaların qoyulması, həmçinin mədəni
və müdafiə sahəsində əməkdaşlığın
dərinləşməsi bütün bunların hamısı
görülən işlərə nümunə ola bilər.
Bu gün biz bilirik ki, Azərbaycan neftinin əsas
alıcılarından biri məhz İsrail dövlətidir”.
“İsrail-Azərbaycan əlaqələri sürətlə
inkişaf edir”
O əlavə edib ki, eyni zamanda, İsrailin müdafiə
təyinatlı məhsullarının alışında Azərbaycanın
xüsusi payı var: “Yəni qarşılıqlı əlaqələrin
inkişaf etdirilməsi həyata keçirilir. Təbii ki, Azərbaycan
İsraildə, İsrail də Azərbaycanda bir sıra layihələrin
maliyyələşdirilməsi, yəni investisiya qoyulması
sahəsində də ciddi iş görməkdədirlər. O
baxımdan düşünürəm ki, İsrail və Azərbaycan
arasında əlaqələr sürətlə inkişaf edir.
II Qarabağ savaşı və ondan sonrakı mərhələdə
də münasibətlər sistemində çox ciddi bir irəliləyişlər
həyata keçirilib və İsrail xalqı ilə Azərbaycan
arasında münasibətlərin daha da dərinləşməsindən
söhbət gedə bilər. Bunlarla bərabər, həm də
iki dövlət hər zaman bir-birinə səmimi münasibət
göstərib. Düşünürəm ki, bütün
bunların hər biri əlaqələrin inkişafına
müsbət təsir göstərən amillərdəndir.
Böyük ehtimal bu, gələcəyə də stimul yarada
bilər”.
Röya İsrafilova
Xalq Cəbhəsi .- 2026.- 29 yanvar (¹4).- S.3.