"Vətən təəssübkeşliyi elə ən böyük namusdur"

 

Aktyor Vahid Əliyev: "İstər-istəməz Vətən adamı çəkir"

 

O, özü demişkən, sadəcə, aktyor Vahid Əliyevdir. Ad-sanla bağlı heç vaxt nəyisə özünə dərd eləməyib. Deyir, həmişə xalqa mənəvi borcunu ödəməyi hər şeydən üstün bilib, heç nə gözləməyib. Artıq 35 ildir ki, sənətdədir. Vaxtilə Rusiyada qalmamasının səbəbini fitrətən Azərbaycandan, doğmalarından ayrı yaşaya bilməməsində görür: "Hələ 1978-ci ildə məni Moskva Bədaye Teatrında saxlayırdılar. Sadəcə, anamın bircə kəlmə "Qayıt gəl"inə görə Moskvada qalmadım. Halbuki orada Azərbaycan üçün çox iş görə və şübhəsiz, şöhrətli ola bilərdim. İçimdə elə bir od-alov var idi ki, inanırdım, Azərbaycana gələn kimi hər şey daha yaxşı olacaq. Heç vaxt elədiyimin qarşısında nəsə ummamışam, həmişə bacardığım səviyyədə xalqıma xidmət etməyə çalışmışam. 1996-cı ildə Türkiyəyə dəvət aldım. Vəd verirdilər ki, orada dərs deməyin və teatrda işləməyimin qarşılığında bütün qayğılarım həll olunacaq. Hətta maşın problemim də həll olunurdu. Sadəcə olaraq Vətən mənim içimdən çıxmadı, gedə bilmədim. Bəxtiyar Vahabzadə deyir ki, it itdir ki, yala zingildəyir, namusa zingildəmir. Mənim aləmimdə Vətən təəssübkeşliyi elə ən böyük namusdur".

Adətən bizim bəzi tanınmışlar deyirlər ki, əsərlərimi ona görə başqa dildə yazdım ki, Vətənimi tanıdım. Amma onun bu "fədakarlığı" ana dilinin varlığına mahiyyətcə xeyir vermir. Aktyor deyir: "Qıraqda Vətənimin darda olduğu vaxtda şöhrət, varidat əldə edə bilərdimsə də, bunu nuş edə bilməyəcəkdim. Bir yaradıcı insan kimi içim daim boş olacaqdı. Cəmiyyətə, dünyaya hər kəsin öz baxışı var. Mən o rakursdan hər şeyə baxıram. Dədələrin ruhu qarşısında özümü borclu bildiyimə görə yuxarıda danışdığım şeyləri bacarmıram. Hələ 1974-cü ildə Odessada əsgərlik çəkərkən o bir il mənə bəlkə də yüz ildən çox görsəndi. Belədə şairlərin qürbət şeirlərini çox gözəl anlamaq olur. İstər-istəməz Vətən adamı çəkir.

Vətən başqa şeydir. Ona olan sevgini sözlə ifadə etmək, çözələmək olmur. Ağlım kəsəndən Vətənimin başına gələcək fəlakətləri sanki qabaqcadan duymuşam. 1988-ci il meydan hadisələri zamanı ora gələn yüz minlərlə adamı müşahidə edərək müəyyən qənaətlərə gəlməyə çalışırdım. O ağrının halını, soydaşlarımın narahatlığını bütünlüklə anlayırdım. İçimdə belə bir etiraz baş qaldırırdı: İlahi, axı mənim xalqımın heç bir günahı yoxdur, o, niyə bu bəlalara tuş gəlməli idi?"

Bu gün dünyada qloballaşma adlı həşir meydan sulayır. Deyirlər ki, gec-tez bütün millətlər bir olacaq, dünyada bir dil olacaq. Bu isə bəşəriyyətin eyniləşməsi deməkdir. Eyniləşmə ölümdür. V.Əliyev bu gedişlə qloballaşmanın qələbəsinə inanmadığını deyir: "Necə ki, bizi sovet dövründə yalançı birliyə aparırdılar, amma alınmadı. Elə olsaydı, dünyada hər şey yaranan gündən biri-birinə oxşayardı. O zaman adamların hamısı eyni cür düşünər, eyni cür danışardılar. Mən heç vaxt yaradana fanat kimi baxmamışam. Mən fanatizmin düşməniyəm. Zəka olan yerdə mənasız fanatizm ola bilməz. Hər şeyə məntiqin gözüylə baxıram. Yaradana inanıram, amma eyni zamanda özümü yaddan çıxarmıram. Əgər mən haradasa itirəmsə, onda nəyə lazım olaram ki? Mən varam, bunu anlayıram. Gərək insan halalı harama çevirməsin. Bu gün çox təəssüf ki, milli mentalitetimizə yad olan ünsürlərin televiziyada yayımlanması daha da artır. Telekanalların rəhbərləri bu təhlükənin artmaması üçün əllərindən gələni etməlidirlər. Mən yaradıcı adamam, ən zəif filmlərə belə baxmalıyam, izləməliyəm görüm ki, nə var. Bütün hallarda isə o göstərilənlərin hamısı psixikamıza təsir edir. Bu cür filmlər daha çox azyaşlı uşaqların psixikasına təsir edir. Belə filmlər uşaqların yaddaşında təəssüf ki, kök sala bilir".

Daim milli duyğularla yaşayan V.Əliyev tarix boyunca soyumuzun övladlarının biri-birini sevməməsini problem səviyyəsində qəbul edir: "Azərbaycan tarix boyu nəyə nail olubsa, yalnız fərdlərinə görə bu, baş verib. Amma belə şəxslər həmişə başqalarından daha çox zərbə alıblar. Azərbaycanlıların biri-birlərini sevməmələri həmişə məni çox düşündürüb. Allah insanları yaradarkən ən gözəl hissləri onlara verdi. Amma onu yoxlamaq üçün həm də nəfsi ona verdi. Bilmirəm, nədəndir, bizdə olan nəfs çox güclüdür".

Aktyorun qələmi də var, özü demişkən, sənətindən ala bilmədiyini, özünü ifadə edə bilmədiyi cəhətləri burada ifadə etmək istəyib. Deyir ki, duyğuları özü gəlir. Deyimlərindən bir neçəsini sinədən deyir: "Darıya möhtac olmayan buğdanın qədrini bilməz", "İtin sülənəni, adamın dilənəni"... Bir yanıltmac da deyir: "Gələn gəldi, gördü getdi. Gedən gələnin görəcəklərini gəldi, gördü getdi. Görən gələn gedənin görəcəklərini gəlib görəcəkmi?"

O, inanır ki, insanın potensialı hədsizdir. Əslində insan imkanlarının çoxunu özüylə məzara aparır: ""Mahmud və Məryəm" tamaşasında bir rolum vardı, orada cəmi ikicə kəlmə söz deyirdim: "Çörəyimi ver". Tamaşadan sonra hamısı deyirdi ki, bilirsən, necə oynadın? Çox gözəl alınmışdı. Mən o tamaşaçıların ürəyindən xəbər verdiyimə görə hamısı mənim ifamı bəyənmişdi. Elə aktyor sənəti odur ki, insanların duyğularının ifadəçisi olsun. Sənət yaradıcı adamın həyatdakı müşahidələrini öz sandığına yığıb, lazım gələndə ondan istədiyi şəkildə istifadə etməkdir. Ruhumun köklənməsində bu gün minnətdarlıq hissləri ilə xatırladığım insanlar var. Mən həmin insanların həyat tərzini öyrənib özümü daim bir insan kimi tanımaq istəmişəm".

Sənətin insani missiyası var: sənət insanı müəyyən həddə kimi təmizləyə bilir, amma özünü sözün əsl mənasında yaratmaq insandan asılıdır: "İncəsənət özü təbabətin bir qoludur. Təbabətdə daxili təmizlənmə deyilən bir anlam var. Hərdən deyirlər ki, təzədən doğulsaydın, bir də aktyor olardın? Çoxlarının əksinə olaraq deyirəm ki, bir də olardım, bir də. Mənim insan kimi formalaşmağımda incəsənətin çox böyük rolu olub. Hərbin görə bilmədiyini mədəniyyət görür. Ona görə də bu sahəyə daim qayğı gərəkdir".

Müxtəlif psixologiyalı rolları oynamaq görəsən, aktyorun ömründə nə dərəcədə təzad yarada bilir? Aktyor təbii hisslərinin sənətinə təsirindən danışır: "Mən gülmək istəyəndə gülürəm. Həmçinin də qıyya çəkib ağlamaq istəyəndə ağlayıram. Bəzən hisslərimi boğa bilirəm. Amma hərdən olmur. Aktyor həmişə özünü nəzarətdə saxlamağı bacarmalıdır. Aktyorun hər bir obrazı bir doktorluq dissertasiyasına bərabər olmalıdır. Mənim üçün sənətdə ampula yoxdur: facəiəni də, komediyanı da, dramatik rolu da oynaya bilirəm. Bir vaxtlar rejissorlar mənə cavanlığımda dramatik baş rollar verirdilər. Rejissorlara dedim ki, mənə başqa ampulada rollar verin. "İnsan kimdir?" mövzusunda daim düşünürəm. Məşhurların həyatını oxumağı həmişə sevmişəm.

6 yaşımdan qət etdim ki, aktyor olacağam, oldum da. Bu gün aktyor olmağıma görə böyük müəllimim Rza Təhmasibə daim borcluyam. Yusif Vəliyev, həmçinin də fransız aktyorları kumirlərim olub. Çalışdım ki, sənətdə öz dəst-xəttim olsun. Rza müəllim ilk dəfə bizə dərs deyəndə birinci kəlməsi bu oldu ki, mən aktyor oldum, amma bu sənətin nə olduğunu hələ də bilmirəm. Bu fikir məni həmişə düşündürüb, indi də düşündürür".

Çağdaş Azərbaycan teatrının durumu ilə bağlı qənaətlərini bölüşən aktyor deyir: "Fikrimcə, çağdaş teatr sənətimizin səviyyəsini çox da yüksək saymaq olmaz. Düzdür, yeni teatr binaları tikilir, təmir olunur, incəsənət işçilərinə qiymət verilir, amma incəsənətimizin böyük uğurlar qazanması üçün illər gərəkdir. Teatrımız artıq iki ildir təmirdədir, bu yaxınlarda təmirdən çıxacaq. Bu müddətdə bir filmdə baş rola çəkilmişəm".  

 

 

Elçin Qaliboğlu

 

Xalq Cəbhəsi.- 2009.- 3 aprel.- S.14.