"Molla Nəsrəddin"çi rəssamlar

 

Jurnal Azərbaycanda, İranda, habelə Şərqdə karikaturanın inkişafına təkan verib

 

"Molla Nəsrəddin" jurnalının az vaxt ərzində məşhurlaşmasında "Mollanəsrəddinçi" rəssamların xüsusi rolu olub. Məlumdur ki, Azərbaycanda karikatura sənətinin tarixi XX yüzilin əvvəllərinə təsadüf edir. "Molla Nəsrəddin" jurnalı 1906-cı ildə nəşrə başlayandan sonra Azərbaycanda karikatura sənəti yaranmağa və inkişaf etməyə başladı. Təsadüfi deyil ki, "Molla Nəsrəddin" jurnalı məhz Təbrizdə çıxan dövrdə karikatura sənəti İranda intişar tapmağa başladı. Həyatın eybəcərliklərinin komik şəkildə təsviri, insanın daxili eybəcərliklərdən islah edilməsi istəyi karikatura sənətinin başlıca tələblərindəndir. Bu baxımdan Azərbaycanda karikatura sənətinin özünəməxsus cəhətləri çoxdur. Əzim Əzimzadədən başlanan bu məktəb sonrakı dövrdə özünün xeyli istedadlı ardıcılını yetirib. Azərbaycanda Əzim Əzimzadədən üzü bəri karikatura sənəti tarixində bu vaxta qədər imzası tanınmış onlarla karikaturaçı rəssam var. Ötən onillərdə Azərbaycan karikaturasından soraq verən kitablar çap olunub. Hazırda dünyada karikatura sənəti çox güclü şəkildə inkişaf edir. Kompüter əsrində internetdə karikatura sənətinə dair onlarla saytlar var. Azərbaycan karikaturaçılarının beynəlxalq sərgilərdə iştirakı, əsərlərinin karikatura saytlarında yerləşdirilməsi Azərbaycan karikatura sənəti haqqında bitkin bir təəssürat yaradır.

"Molla Nəsrəddin"in qurucusu və ideyavericisi olan böyük yazıçı Cəlil Məmmədquluzadə jurnalın cəlbedici, özünəməxsus çıxması üçün çox axtarışlar aparırdı. Onun felyetonlarının mövzusuna, ümumən jurnalın qayəsinə uyğun karikaturaçı-rəssamlar axtarıb tapması bu baxımdan çox uğurlu alınmışdı. İlk "Molla Nəsrəddin"çi rəssamlardan biri olan alman rəssamı Oskar Şmerlinqin bu mənada jurnalın populyarlaşmasında mühüm xidmətləri var. Cəlil Məmmədquluzadənin həyat və yaradıcılığının tanınmış araşdırıcısı, "Molla Nəsrəddin" ədəbi məktəbinə həsr olunmuş kitabların, çoxsaylı elmi əsərlərin müəllifi, akademik İsa Həbibbəylinin Oskar Şmerlinqin həyat və yaradıcılığı ilə bağlı araşdırmaları diqqətəlayiqdir. Yüzillik karikatura sənəti sahəsində zəngin ənənələri olan Azərbaycan rəssamlığının bu sahəsinin daim öyrənilməsi günümüz üçün olduqca aktualdır. Məlumdur ki, "Molla Nəsrəddin"in yaradıcısı Cəlil Məmmədquluzadə tükənməz bir ideyaverici olaraq özü mövzuları "Molla Nəsrəddin"çilərə verirdi. Oskar Şmerlinqin "Molla Nəsrəddin" məcmuəsini bəzəyən məşhur karikaturaları jurnalın xəttini, məqsədini, məramını gözəl ifadə edirdi. Oskar Şmerlinq 1863-cü ildə Tiflisdə hərbi qulluqçu ailəsində anadan olub. 1884-cü ildə peşəkar rəssam olmaq məqsədilə Peterburq Rəssamlıq Akademiyasına daxil olur, rus rəssamlıq sənətini dərindən öyrənmək imkanı qazanır. 1889-cu ildə akademiyanı gümüş medalla bitirir. Lakin bununla da kifayətlənmir. İki ildən sonra Almaniyadakı Münhen Rəssamlıq Akademiyasında təhsilini davam etdirir. 1893-cü ildə Tiflisə qayıdır. Bu müddətdə o, rəssamlıqla məşğul olmağa başlayır. Şmerlinq Tiflis Rəssamlıq məktəbinə 1902-ci ildən 1916-cı ilə qədər rəhərlik edib. Oskar Şmerlinq görkəmli karikatura ustası kimi Qafqazda tanınmış, şöhrət qazanmışdı. İ.Həbibbəyli belə bir fikirdədir ki, ilk karikaturalarından etibarən Şmerlinq cəmiyyət həyatının müxtəlif sahələrinə özünün obyektiv tənqidi münasibətini ifadə etməyə çalışıb: "Çox maraqlıdır ki, Cəlil Məmmdquluzadə "Molla Nəsrəddin" jurnalının nəşrinə başlayarkən Azərbaycanda peşəkar satirik rəssam olmadığı üçün jurnal üçün rəsm çəkmək işinə ilk növbədə Tiflisdə yaşayıb yaradan alman rəssamı Şmerlinqi dəvət edib. Şmerlinq Cəlil Məmmədquluzadənin təklifini təmənnasız surətdə qəbul edib. Oskar Şmerlinq 1906-1917-ci illərdə "Molla Nəsrəddin" jurnalının əsas rəssamlıq funksiyasını bacarıqla yerinə yetirib. "Molla Nəsrəddin" jurnalının aparıcı ideyalarını əks etdirdiyindən onun rəsm əsərləri əksər hallarda jurnalın birinci səhifəsində, yəni üz qabığında özünə layiqli yer tapıb. Milliyyətcə alman olmasına baxmayaraq Oskar Şmerlinq Azərbaycan mühiti və mənşəyini, azərbaycanlıların həyatını və psixologiyasını dərindən öyrənib. Şmerlinqin nadir fırçasının məhsulu olan "Sizi deyib gəlmişəm", Qafqazda mədrəseyi-ruhaniyyə", "Niyə məni döyürsünüz?", "Molla Nəsrəddin", "İran sərhəddindən", "Xabi-qəflət", "Müsəlman məclisində rus zabiti", "Məhəmmədəli şahın Təbrizdən çıxması" və s. kimi yüzlərlə satirik rəsmləri sözün geniş mənasında karikatura sənətinin şah əsərləri səviyyəsinə yüksəlib".

"Molla Nəsrəddin" jurnalının ilk sayının üz qabığındakı məşhur karikaturanın müəllifi kimi Oskar Şmerlinq həm də "Molla Nəsrəddin"in bədii obrazını yaratmaqla bu obrazın təkcə Azərbaycanda deyil, bütün Şərq aləmində qəbul edilməsinə nail olur. Bu cəhəti xüsusilə nəzərə çarpdıran İ.Həbibbəyli yazır ki, "Molla Nəsrəddin"in bədii obrazını ilk dəfə və çox mükəmməl şəkildə Oskar Şmerlinq yaradıb: "Şmerlinqin çəkdiyi Molla Nəsrəddin portreti uzun illər müxtəlif süjetlərlə birlikdə ayrı-ayrı vəziyyətlərdə "Molla Nəsrəddin" jurnalında çap olunub. Şmerlinqin yozumunda Molla Nəsrəddinin müdrikliyi və uzaqgörənliyi, yüksək vətəndaşlıq keyfiyyətləri böyük məharətlə canlandırılıb. Onun rəsmlərində Molla Nəsrəddinin daxili aləmi ilə yanaşı zahiri əlamətləri də milli kaloritə, Şərq adətlərinə uyğun şəkildə təsvir edilib. Bir sözlə, Azərbaycan xalq satirasının baş qəhrəmanı Molla Nəsrəddinin portreti alman rəssamı Oskar Şmerlinqin kəşfidir".

Karikaturaçı-rəssam Bayram Hacızadənin fikrincə, görkəmli yazıçı Cəlil Məmmədquluzadənin "Molla Nəsrəddin" jurnalı istedadlı şair və yazıçılarla yanaşı karikaturaçı rəssamlara da öz sözlərini demək üçün geniş imkanlar açdı: "1906-1917-ci illərdə jurnalın ilk baş rəssamı olmuş O.Şmerlinq Mirzə Cəlillə dost və həmfikir idi. Bu istedadlı insanlar ölkədə baş verən ictimai-siyasi hadisələrə öz tənqidi münasibətləri ilə seçilən digər rəssam-ştrix şəklin ustası kimi tanınan İ.Rotteri də əməkdaşlığa cəlb etdilər. O zamanlar çap olunan "Kəlniyyat", "Məzəli", "Zənbur", "Baraban" və başqa satirik jurnallarda karikaturaçı-rəssam kimi fəaliyyət göstərən gənc rəssam Əzim Əzimzadə jurnalın ilk nömrəsindən "Molla Nəsrəddin"lə əməkdaşlıq etməyə başlayır. Bununla da Azərbaycanda karikatura məktəbinin təməl daşı qoyulur. "Molla Nəsrəddin" bu istedadlı rəssamların sayəsində çoxluq təşkil edən savadsız əhalinin şəkillərinə baxa biləcəyi bir rəngli toplu idi. Tiflis Rəssamlıq Məktəbinin şagirdi Xəlil Musayev, Rəfael Telenqater, A.İbrahimzadə, Yusif Vəzir Çəmənzəminli, jurnalı Təbrizdə çap olunduğu müddətdə rəssam Səid Əli Behzat və başqaları jurnalın sovet dövrünə qədərki zamanında saysız-hesabsız əsərləri ilə çıxış etmişdilər. 1917-ci ildə "Molla Nəsrəddin" jurnalının baş rəssamı kimi çalışan Ə.Əzimzadə ətrafına Qəzənfər Xalıqov, İsmayıl Axundov, Əmir Hacıyev, Hüseyn Əliyev kimi istedadlı rəssamları cəlb etmişdi". 1930-cu illərdən heç bir satirik jurnalın çap olunmadığını qeyd edən B.Hacızadə bildirir ki, 1952-ci ildən "Kirpi" jurnalının nəşrə başlaması dövrün, zamanın tələbi idi. "Kirpi" jurnalının nəşrə başlaması karikatura janrının inkişafında müstəsna rol oynayıb. Bu sahədə yeni ənənələrin yaranmasına təkan verib. Yarandığı zaman jurnalın baş rəssamı istedadlı karikaturaçı Nəcəfqulu İsmayılov olub. Azərbaycan incəsənətinin bir qolu olan Əzimzadə ənənələrinə söykənən karikatura janrının çağdaş dünya karikatura ailəsinə inteqrasiyası artıb. Bütün bəşəri dəyərlərdən qidalanan rəssamlarımız qiymətli və orijinal əsərləri ilə dünya karikatura aləmini zənginləşdiriblər.

Əslən Güney Azərbaycandan olan tanınmış folklorşünas-alim Məhəmmədəli Fərzanənin zəngin folklor yaradıcılığında topladığı "Molla Nəsrəddin lətifələri", habelə Cəlil Məmmədquluzadənin farscaya tərcümə etdiyi əsərləri tarixi "Molla Nəsrəddin" toplusunun, oradakı karikaturaların İranda yayılmasına, ardıcıl olaraq təsir yaratmasına təkan verib.

Rəssamlıqda, xüsusən də karikatura sənətində eybəcərliyə gülüş ifrat həddə ifadəsini tapıb, indi də belə nümunələr yaranır. Əsil gülüş insanın istənilən vəziyyətlərdə nikbin qalmasına yardımçı olur, onu naşı, hərcayi gülüşlərdən qoruyur. Bu mənada Azərbaycanda ciddi yaradıcı, incəsənətin müəyyən sahələrinə təsir edən gülüşün yaranması və inkişafında "Molla Nəsrəddin"in müstəsna xidmətləri var.  

 

 

Elçin Qaliboğlu

 

Xalq Cəbhəsi.- 2009.- 7 aprel.- S.14.