Şirvanşahlar sarayında güllə izləri


91 il əvvəl yüzlərlə soydaşımız sarayın divarları önündə qanına qəltan edilib

 

Xalqımızın qədim dövlətçilik ənənəsi tarixində Şirvanşahlar dövləti xüsusi yer tutur. Minillik bir tarixi olan Şirvanşahlar dövlətindən xalqımıza miras kimi canlı abidə olaraq qalmış Şirvanşahlar saray kompleksi qədim dövlətçiliyimizdən soraqdır. Təəssüf ki, bu gün İçərişəhərin qədimliyindən soraq verən nişanələrin sayı getdikcə azalmaqdadır: nə qədər acı səslənsə də, bu, gerçəkdir. İçərişəhəri mümkün qədər olduğu kimi qoruyub saxlamaq, sabahkı nəsillərə çatdırmaq borcumuzdur. Lakin bu qədim qala şəhərdə tikilən müasir binalar istər-istəməz İçərişəhərin qədimlik təəssüratını azaldır. Hər halda bu soraqlar xalqımızın qədimliyini, böyüklüyünü, dövlətçilik ənənəsini sabaha çatdırmağımızda, bizi qədim, köklü, soylu bir millət olaraq qəbul etmək belə istəməyənlərə faktiki canlı sübutdur.
Saray kompleksi gəzdikcə 500 il qabaqkı dövrlə sanki canlı bir təmas yaranır. Qədim daşlar o dövrün qanlı-qadalı illərinə şahidlik edir, bizi olanlardan, keçənlərdən ibrət dərsi götürməyə çağırır. Təbii ki, tarix tarixdir, ancaq yaşanmış tarixi geri döndərmək mümkün deyil. Şirvanşahlar saray kompleksinin əməkdaşı Tünzalə Əhmədova sarayın quruluşu, yaşam tərzi, o dövrdə baş verən hadisələrin saray həyatında yaşantıları ilə bağlı məlumat verir: "Şirvanşahlar dövlətinin paytaxtı 15-ci yüzilə kimi qədim Şamaxı şəhəri olub. Şamaxı Bakıdan 130 km aralıda yerləşir. Şamaxıda tez-tez dağıdıcı zəlzələlər olduğuna görə 15-ci yüzildə Şirvanşah Xəlilüllah paytaxtı indiki İçərişəhərə köçürür, buranın ən hündür, görümlü-baxımlı yerində şah sarayını tikdirir. Şahın sarayını İçərişəhərdə tikməsinin səbəbləri vardı. Əvvəla, İçərişəhər 15-ci yüzildə ikiqat qalın qala divarları arasında yerləşirdi. Digər tərəfdən də bura dənizə çox yaxın idi. Buradan daha asan ticarət əlaqələri yaratmaq mümkün idi. Sarayın İçərişəhərin ən hündür yerində olması rəmzi məna daşımaqla yanaşı həm də hündür ərazidən digər yerləri, ətrafı müşahidə etmək imkanı verirdi".

Şirvanşahlar saray kompleksi üç hissədən ibarətdir. Birinci həyətdə şahın yaşadığı bina-divanxana və saray binası yerləşir. Şahın yaşamış olduğu bina ikimərtəbəlidir, 52 otağı var. Birinci mərtəbədə 27, ikinci mərtəbədə isə 25 otaq var. Şah yuxarı mərtəbədə ailəsi, qohum-əqrəbası ilə birgə yaşayarmış. Aşağı mərtəbədə isə şahın qulluqçuları, kənizləri yaşayırdı. Həmçinin bu mərtəbədəki otaqlardan anbar kimi istifadə edirdilər. 1828-ci ildə Çar Rusiyası Azərbaycanı işğal edərkən Şirvanşahlar saray kompleksindən bütövlükdə hərbi sursat saxlamaq üçün istifadə edilib. Ruslar yuxarı mərtəbədəki otaqların arakəsmələrini açıb, bununla da binanın qədim harmoniyasını vəhşicəsinə pozublar. Hər halda memarlarımız sarayın bərpası prosesində onun qədim formasının qalması üçün əllərindən gələni ediblər. Birinci həyətdə divarlarda çoxlu güllə izləri aydınca sezilir. Son təmirdən sonra da divarlardakı güllə izləri saxlanılıb. Bu divarlar düz 91 il qabaqkı qanlı hadisələrə şahidlik edir. Onillər ərzində vaxtilə güllənin daşlarda açmış olduğu xırda oyuqlar qarın, yağışın, küləyin təsirindən genişlənib. Hazırda dəfələrlə böyük oyuqlar formasında diqqəti xüsusi şəkildə cəlb edir. Hər halda bərpaçıların çoxlu sayda güllə izlərini olduğu kimi saxlaması düzgün addımdır. 1918-ci ildə ermənilər Azərbaycanın çox yerlərində, xüsusən də Bakıda misli görünməmiş soyqırım törətdilər. Təkcə Bakıda 12 min soydaşımızı qanına qəltan etdilər. Şirvanşahlar sarayının bu həyətində onlar çoxlu sayda qocanı, uşağı, qadını, kişini divara söykəyərək güllələyiblər. Bunların hamısı murdar ermənilərin törətdikləri qanlı əməllərin izləridir...

Şah sarayının yaşayış binasının ikinci mərtəbəsindən dəhlizə daxil oluruq. Giriş səkkizguşəli formadadır, üstü gümbəz formasında örtülüb. Bura tikildiyi dövrdə necə idisə, o cür də qorunaraq saxlanılıb, heç bir dəyişiklik edilməyib. Gümbəzin yarıqlarından içəriyə təbii işıq düşür. Böyük zalda şahın taxtı yerləşirmiş. Şah burada şikayətçiləri qəbul edirmiş. 18-ci yüzilin əvvəllərində Pyotrun qoşunları Bakını top atəşinə tutanda topun mərmilərindən biri saraya düşür və buranı qismən dağıdır. Taxt-tac salonundakı gözəl ornamentli naxışlar insanı heyran edir. Bunu Azərbaycan memarlarının əsil sənətkarlıq əməllərindən biri hesab etmək olar. Şirvanşahlar saray kompleksinin qədimliyini qoruyub saxlaması yönündə çoxlu əziyyətlər çəkmiş mərhum memar, professor Niyazi Rzayevi buradaca yad etmək yerinə düşər. Qocaman memar ömrünün son çağlarında belə İçərişəhərin qədimliyinin qorunması yönündə çalışır, heç bir qədim detalın itməsinə imkan vermirdi.
Şah sarayının ətrafındakı qüllələrdən göz işlədikcə uzanan kənar əraziləri demək olar ki, dəqiq müşahidə altında saxlamaq mümkün idi. Bu ərazi doğrudan da gözəl seçilmişdi.

Şahın divanxanasının quruluşu çox maraqlıdır. Bura özünün spesifik quruluşu ilə diqqəti xüsusilə cəlb edir. Şahın divanxanası birinci həyətdə yerləşir. Divanxana bir neçə tağlarla əhatə olunub, həyətində isə üstü qəfəslərlə örtülmüş bir neçə quyu diqqəti cəlb edir. Quyulardan birinin dərinliyi hətta 15 metrdir. O dövrdə ərzaq saxlamaq üçün təbiidir ki, soyuducular olmadığından quyulardan istifadə edirdilər. Məhz arxeoloji qazıntılar nəticəsində bu quyuların su quyuları olmadığı məlum olub. Divanxananın giriş qapısı son dərəcə gözəl naxışlarla bəzədilib. Xalça naxışlarının xatırladan ornamentlər bizə qədim soydaşlarımızın həyata, dünyaya baxışından soraq verir. Abşeronun bitki aləmindən rəmzi soraqlar da burada ifadəsini tapıb. Kənar tərəflərdə iki altı guşəli medalyon həkk edilib. Divanxanın məhkəmə salonu və digər dövlət işlərinə baxılan yer olduğunu sübut edən çoxlu görüntülər var. Divanxanada mirzələr oturarmış, savadsız adamların şikayətlərini yazarmışlar. Ümumiyyətlə, Şirvanşahlar saray kompleksi o dövr Azərbaycan dövlətçiliyi haqqında müəyyən bitkin təəsürat yaradır. Saraydan hər tərəfi ətraflı seyr etmək, müşahidələr aparmaq imkanının olması bu yerin müdafiə, istehkam, qala funksiyasını çox gözəl daşıdığını göstərir.

İkinci həyətə aparan pillələr çox hündürdür. Alimlərin qənaətincə, bu pillələrin belə hündürlüyü Şirvanşah Xəlilüllahın boyunun hündürlüyünə dəlalət edir. Belə ki, onun boyunun hündürlüyü 2 metrdən çox olub. Ümumiyyətlə, tədiqiqatçıların fikrincə, əcdadlarımızın boyu o dövrlər indikindən çox hündür imiş. Hər halda müəyyən səbəblərdən nəsillərin cırlaşması fəlakəti baş verib. O vaxt Bakının havası indikindən təsəvvürəgəlməz dərəcədə təmiz, həmçinin Xəzərin suyu dupduru göz yaşı kimi idi. Ümumiyyətlə, o dövrdə "süni qida" deyilən anlam belə yox idi. O dövrdə Şərqdə tikilən əksər binalarda pilləkənlər hündür olurdu.

İkinci həyətdə şahın astronomu, o dövrün tanınmış alimi Seyid Yəhya Bakuvinin türbəsi yerləşir. Bakuvi Şamaxıda anadan olub. O, bir sufi idi. Məlumdur ki, tarixən sufi dünyasında təcriddə qalmağa, özünü daxilən təmizləməyə xüsusi bir əməl kimi yanaşılıb. Haradasa o dövrdə sufilər Allahla adamlar arasında mənəvi körpü yaradan şəxslər rolunu oynayırdılar. Seyid Yəhya Bakuvi də belə xüsusiyyətlərə malik dövrünün tanınmış şəxsiyyətlərindən olub. Bakuvinin türbəsi olan həyətdə çoxlu daş kitabələrə rast gəlinir. Kitabələrin üzərində ərəb əlifbası ilə yazılmış çoxlu yarımçıq, adda-budda qırılmış fikirlər ifadə edən mətn formaları diqqəti cəlb edir. Bu daşlar Xəzər dənizinin sahilindən çıxarılaraq gətirilib. İndiki Bibiheybət məscidinin yerində təxminən 100 il qabaq əsil Bibiheybət məscidi yerləşirdi. Bayıldakı həmin məsciddən 300 metr dənizə doğru bir ada vardı. Orada tikilmiş qəsrə "Bayıl qəsri" deyilirdi. Qəsrin divarlarını hazırda türbənin həyətində düzülmüş daşlar bəzəyirdi. 1306-cı ildə Xəzər dənizində güclü zəlzələ olur, nəticədə dəhşətli su qabarması baş verir. Hər şey dağılıb suyun altında qalır.

1960-cı illərdə alimlər görürlər ki, dənizdə qabarma müəyyən dövrlərdə çəkildikcə qədim adanın qalıqları üzə çıxır. Orada arxeoloji qazıntılar aparılır. Nəticədə yuxarıda haqqında danışılan yazılı daş parçaları aşkar edilir. Ehtimal edilir ki, üzə çıxarılan daşlar vaxtilə həmin qəsrin ətrafına düzülmüş tarixi daşların hamısı deyil. Daşların müəyyən qismi dənizin dibindədir. Onları çıxarmaq indi də mümkün deyil. Çıxarılan daşların üzərində müəyyən dini ifadələr, adlar və başqa soraqlar diqqəti cəlb edir. Ümumən məlum olur ki, bu qəsr 13-cü yüzilin əvvəllərində tikilib.  

 

Elçin Qaliboğlu

 

Xalq Cəbhəsi.- 2009.- 8 aprel.- S.14.