İnformasiya texnologiyalarının inkişafı üzrə yeni proqram hazırlanıb

 

Yaxın vaxtlarda Azərbaycanda rabitə və informasiya texnologiyalarının inkişafı üzrə dövlət proqramının (2009-2012-ci illər) ölkə prezidenti tərəfindən təsdiqlənəcəyi gözlənilir. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi Aparatının rəhbərinin müavini İlham Mərdanovun APA-ya verdiyi məlumata əsasən, artıq digər dövlət qurumları ilə razılaşdırılmış proqram layihəsi Nazirlər Kabinetinə təqdim olunub. Qeyd edək ki, proqram çərçivəsində informasiyanı mühafizə vasitələrinin hər növü üzrə əsas tələblərin müəyyənləşdirilməsi, bu sahədə milli istehsalçıların inkişafına və texnopark üzrə layihələrə dəstək verilməsi, e-hökumət çərçivəsində proqram-texniki vasitələrin uyğunluq və informasiya təhlükəsizliyi tələbləri üzrə sertifikatlaşdırılması işlərinin təşkili, informasiya təhlükəsizliyi sisteminin texniki tapşırıq və texniki-işçi layihəsinin hazırlanması və həyata keçirilməsi, bu sistemlə əlaqədar müvafiq qaydaların hazırlanması, informasiya sistemlərinə mümkün təhdidlərin və informasiyanın texniki sızma kanallarının, adekvat texniki, kriptoqrafik, proqramlı və digər mühafizə vasitələrinin təsnifatlarının hazırlanması nəzərdə tutulub.

Bununla yanaşı, e-hökumətin elmi-texniki problemləri üzrə aparıcı elmi-tədqiqat institutlarının təyin edilməsi, o cümlədən layihə-ekspertiza mərkəzi və IEEE-nin (Institute of Electrical and Electronics Engineers) milli kontakt qrupunun (bürosunun), İKT üzrə "Mühafizə və xəbərdaredici" şəbəkələrinin yaradılması, Dövlət Torpaq Kadastrı Sisteminin inkişaf etdirilməsi, üzərində ölkənin müxtəlif sosial-iqtisadi sahələri üzrə məlumat bankının əks etdirilməsi imkanı olan elektron rəqəmli xəritənin hazırlanması və aktuallığının daim təmin edilməsi, Daşınmaz Əmlakın Dövlət Reyestrinin informasiya sisteminin inkişaf etdirilməsi, Daşınan Əmlakın Dövlət Reyestrinin informasiya sisteminin yaradılması, inkişaf etdirilməsi və aparılmasının təşkil edilməsi proqrama əsasən öndə duran məsələlərdəndir.

Proqram çərçivəsində həmçinin "Giriş-çıxış" Aavtomatlaşdırılmış Məlumat Axtarış Sisteminin davamlı inkişaf etdirilməsi, o cümlədən, e-imza üzrə sertifikat mərkəzinin əhalinin şəxsiyyət vəsiqələrindən biometrik məlumatlar və digər müvafiq rekvizitlər üzrə informasiya təminatının təşkili, zəruri proqram-texniki vasitələrin yaradılması, pasport və şəxsiyyət vəsiqələrinin verilməsində, yaşayış və olduğu yer üzrə qeydiyyatların aparılmasında, miqrasiya üzrə tənzimləmə və nəzarət işlərində, şəxsin identifikasiyası aparılan siyahıya alınması, səsvermə və digər sosial-iqtisadi sahələrdə (səhiyyə, təhsil, sosial təminat, əmlak, vergi, nəqliyyat, rabitə və s.) e-xidmətlərin genişləndirilməsi və digər məsələlərin həlli planlaşdırılır.

"Elektron Azərbaycan" Dövlət Proqramı çərçivəsində 2008-ci ilin sonunadək Azərbaycanda daha 225 kənd müasir vasitələrlə ölkənin telekommunikasiya şəbəkəsinə qoşulub. Bu il Azərbaycanda telefonlaşdırılmamış kənd qalmayacaq. Sabit telekommunikasiya şəbəkəsinin inkişafı "100 ailəyə 100 telefon" layihəsi çərçivəsində həyata keçirilir. Bu layihə kommersiya tipli olub, yeni nəsil texnologiyalarının tətbiqi ilə müasir genişzolaqlı xidmətlərin, yəni bir xətlə abunəçilərə eyni zamanda həm telefon, həm yüksəksürətli internet, həm də radio-televiziya xidmətlərinin göstərilməsini paralel həyata keçirir. Layihə texniki kreditlər, "Aztelekom" və Bakı Telefon Rabitəsi İstehsalat birliklərinin gəlirləri hesabına mərhələli şəkildə reallaşdırılır. Hazırda regionlarda bu müasir xidmətin on minlərlə istifadəçisi var. Hazırda internet istifadəçiləri əhalinin 18 faizini təşkil edir ki, bu da orta dünya göstəricisinə bərabərdir.

Azərbaycanın təşəbbüsü ilə həyata keçirilməsi planlaşdırılan, Qərblə Şərqi birləşdirəcək yeni informasiya magistralının tikintisi planlaşdırılır. Qərbi Avropa ilə Şərqi Asiyanı birləşdirəcək yeni layihə magistral üzərində yerləşən, qonşu olan və həmin regionlarla müqayisədə zəif inkişaf etmiş təxminən 20 ölkəni əhatə edəcək. Mütəxəssislərin fikrincə, bu layihənin reallaşması dünya miqyasında informasiya texnologiyalarının genişmiqyaslı tətbiqinə və ümumiyyətlə, regional iqtisadi inkişafa yeni təkan verəcək. Təşəbbüskarı Azərbaycan olan layihə əksər ölkələr və müvafiq beynəlxalq təşkilatlar tərəfindən dəstəklənir. Layihə Azərbaycanın coğrafi mövqeyindən, inkişaf səviyyəsindən və başlıcası onun regionda aparıcı iqtisadi potensiala malik olmasından asılı olaraq, ölkəmizdə beynəlxalq kommutasiya mərkəzinin və qlobal informasiya bankının yaradılmasını nəzərdə tutur.

Azərbaycanda ən dinamik inkişaf edən xidmət sahəsi telekommunikasiya, rabitə sektorudur. Son üç ildə Azərbaycanda informasiya telekommunikasiya texnologiyaları sahəsində orta illik artım 35-40 faizə yaxınlaşıb ki, bu da dünyadakı ümumi tendensiyaları 2-3 dəfə qabaqlayır. Əgər bütün növ rabitə xidmətlərinin həcmi 1995-ci ildə 24,4 milyon manat olmuşdusa, 2005-ci ildə 461 milyon manat, 2006-cı ildə 567 milyon manat, 2007-ci ildə isə 722 milyon manat təşkil edib. Azərbaycanın telekommunikasiya və poçt sektoru üzrə investisiya qoyuluşlarının ümumi həcmi 2008-ci ildə 140 milyon manat təşkil edib ki, bu da 2007-ci ilin analoji göstəricisi ilə müqayisədə 27,4 mln. manat və ya 16,4% azdır. Buna baxmayaraq, son 6 ildə investisiya qoyuluşları 2,5 dəfə artıb.

lekommunikasiya və poçt sektorunda fəaliyyət göstərən dövlət müəssisələri üzrə investisiya qoyuluşlarının həcmi 2008-ci ildə 42,86 mln. manat, o cümlədən Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi üzrə 40,82 mln. manat təşkil edib. Bunun 32,85 mln. manatı telekommunikasiya sektoru, 7,97 mln. manatı isə poçt sahəsinin payına düşüb. Qeyri-dövlət müəssisələri üzrə investisiya qoyuluşlarının həcmi hesabat ilində 97,14 mln. manat təşkil edib. Qeyd edək ki, 2008-ci ilin nəticələrinə görə, telekommunikasiya və poçt sektorunda əldə olunan gəlirin ümumi həcminin strukturunda dövlət müəssisələrinin payı 19,7%, qeyri-dövlət müəssisələrinin payı isə 80,3% təşkil edib. Bu da 2007-ci ilin nəticələri ilə müqayisədə 2,2 faiz bəndi azdır, qeyri-dövlət bölməsi üzrə isə əksinə, 2,2 faiz bəndi səviyyəsində artım müşahidə olunub. Nəticədə, telekommunikasiya və poçt sektorunda əldə olunan gəlirlərin strukturunda dövlət müəssisələrinin payı son 6 ildə 14,5 faiz bəndi azalıb və bu, özəl sektorun iştirakının xeyli artdığını göstərir.

 

 

Tərlan

 

Xalq Cəbhəsi.- 2009.- 14 aprel.- S.12.