100 yaşlı Səttar Bəhlulzadə

 

Onun özünəməxsus yaradıcılıq yolu vardı...

 

Səttar Bəhlulzadənin bənzərsiz rəssam olmasını indi kimsəyə sübut etməyə ehtiyac yoxdur. Ancaq müşahidələr göstərir ki, rəssamın yaradıcılığına fəlsəfi-psixoloji yanaşma ənənəsi hələ də yaranmayıb. Çağdaş, ümumiyyətlə, qəbul olunmuş sənətşünaslıq ölçüləri ilə bu cür yaradıcıların irsinə yanaşma çox zaman onları zaman səviyyəsində təqdim olunmasına gətirib çıxarır. Ancaq Səttarı Səttar eləyən onun məhz sənətdə zaman ölçüləri ilə yaşamaması oldu. O, fitrətən ürəyinin hökmünü qəbul etdi, özünün yaradıcılıq yolunu yaratdı.

Beləliklə, məşhur Azərbaycan rəssamı Səttar Bəhlulzadənin (1909-1974) anadan olmasından 100 il ötdü. Azərbaycan rəssamlığı tarixində Səttar Bəhlulzadənin özünəməxsus mövqeyi var. Rəssamın yaradıcılığını mahiyyət etibarilə sırf impressionizmə daxil etmək mümkün deyil, ona görə ki, Səttar yaradıcılıq ruhu etibarilə tamamilə millidir. Səttar Bəhlulzadənin xoşbəxtliyi onda idi ki, fitri olaraq rəssamlıqda mahiyyəti duya, nağıllaşdırma yolu ilə ifadə edə bilirdi. Səttar Bəhlulzadə bir təmiz, sufiyana həyat tərzi keçirən sənət adamıydı. Dünya malında demək olar, iynənin ucu boyda da gözünün olmaması, daim səxavətcillik göstərməsi barədə onu yaxından tanıyan sənət adamları, hətta sıravi adamlar da bu gün heyranlıqla danışırlar. Səttar çağdaş zamanımızda da niyə bu qədər sayğıyla xatırlanır? Onun bu dərəcədə rəssam kimi qəbul edilməsinin səbəbi təkcə yaradıcılıq sarıdan zənginliyindədirmi? Məncə, əsas bu deyil. Əsas olan Səttar Bəhlulzadənin fitrətən insanilik tələbi üstə yaşaması idi. İndi insaniliyi ömründə nə dərəcədə təsdiq edib; bu, başqa məsələdir. Məhz rəssamlıqda o, fitrətini, ömrünü ləyaqətlə ifadə edə bildi.

Səttarın yuxarıda dediyimiz kimi, dünya malında gözü yox idi. Deyirlər, bir dəfə Səttar Bəhlulzadə rayonlardan birinə gedir. Məclisdə rayonun birinci katibi çox xahiş edir ki, "Səttar müəllim, mənim də portretimi çəkin". Səttar bir neçə dəfə səslənən xahişə reaksiya verməməyə çalışır. Axırda görür ki, bunun xahişləri bitmir, əsəbiləşib deyir: "Mən balqabaq şəkli çəkmirəm". Bir dəfə də Səttar Bəhlulzadə Azərbaycanın rayonlarından birində günorta vaxtı nəfəsi yanır, pivə satılan yerə gəlir. Üstü-başı zövqsüz, saçları uzun rəssamı pivə satan dilənçiyə bənzədir, buna pivəni bankada verir. Səttar dözə bilmir, pivə dolu bankanı satıcının üstünə atır. Satıcı deyir, buna bax, mən dilənçinin birinə hörmət edib pivə verirəm, bu da gör neyləyir? Səttar deyir ki, sənə qarşokda pivə versələr, xoşuna gələrmi? O, heç yanda özünü təqdim etmirmiş. Həmişə Əmircandan Bakıya qatarla gəlirmiş. Bir gün qatarda dilənçinin birisi Səttara yaxınlaşır, deyir ki, bu vaqonda mən dilənirəm, sən keç o biri vaqona. Demə, üst-başından dilənçi də onu özünə oxşadıbmış...

Səttar çox ürəyiaçıq rəssam olub. Danışırlar ki, o vaxtı Avropa ölkələrindən Bakıya hansısa məşhur siyasətçi gəlibmiş. Həmin siyasətçini Səttarın emalatxanasına gətiriblər. Qonaq əsərlərə heyranlığını gizlədə bilməyib. Səttar da onun bəyəndiyi əsərləri gedəndə ona bağışlayıb. Siyasətçi təəccüblənib ki, bu əsərləri apara bilmərəm, çünki çox qiymətlidir. Səttar israr edib ki, bunları təmənnasız olaraq bağışlayır. Səttarın indi də xeyli evlərdə əsərləri saxlanılır ki, vaxtilə rəsam bu əsərləri o yerlərə gedərkən qonaq qaldığı evlərə bağışlayıb. Hətta deyirlər bəzi rəssamlar Səttarın əsərlərinin üzünü köçürüblər ki, guya nə vaxtsa rəssam onlara bağışlayıb. Təsadüfi deyil, bu gün də Azərbaycanın ən bahalı rəssamı Səttar Bəhlulzadədir.

Səttar ailə qurmayıb. Danışırlar ki, Səttara ev veriblərmiş, o da bağışlayıb Tahir Salahova. Deyib mənim evim var, bu isə gənc rəssamdır, ehtiyacı var. Əməkdar rəssam Qəyyur Yunusun məşhur rəssam Səttar Bəhlulzadə ilə qohumluğu, onun sənətinə dərin bələdliyi var. Danışır ki, Səttar Bəhlulzadə həmişə imzasını əsərin arxasına yazardı: "Adamlar üçün yaradıcı şəxslərin həyat tərzi çox maraqlı olur. Evrologiya elmi öyrənir ki, yaradıcı adamlarda bu proses necədir. Pikassoda bu mənada təbiilik vardı, Dali isə özünü uydururdu. O, gözənilməz hərəkətlər edirdi, halbuki təbiətində elə şeylər yox idi. Səttar Bəhlulzadədə təbiilik vardı. Məsələn, rayonun birinci katibi ilə gedirdi, qəfil deyirdi ki, maşını elə bu kasıb yeməkxanada saxla, başqa yerdə yeməyəcəyəm. Halbuki bunu Mikayıl Abdullayev, Tahir Salahov eləməzdi. Səttar olduqca sadə idi. O, yaxşı bilirdi ki, sadə xalq səmimidir, həm də böyük qüvvədir. Katib sabah katib olmayacaq. Gözü tox idi, heç vaxt dəbdəbəyə can atmırdı. Bu səbəbdən də sadə adamlarla ünsiyyətdə olmağı hər şeydən üstün tuturdu. Bir dəfə dövlət tədbirində o zamankı mədəniyyət naziri Rauf Hacıyevdən soruşub ki, ay Rauf, sən bilmirsən, Van Qoqun vaxtında Fransanın mədəniyyət naziri kim olub? Rauf müəllim də deyib Səttar, bilmirəm kim olub. Səttar deyib mən də bilmirəm. Yəni Rauf Hacıyev indi bəstəkar kimi tanınır, ancaq çoxu bilmir ki, o, mədəniyyət naziri də olub. Səttarın əsərlərinin çoxu həm də muzeylərdədir. Amma onun kimi səxavətli rəssam da olmayıb. İki saat ərzində tanış olduğu bir adama yenicə çəkdiyi əsərini bağışlayırdı. Halbuki bu əsərlərini sata da bilərdi. O demək deyil ki, çəkdiklərinin qiymətini bilmirdi, bilirdi, bildiyi dərəcədə bağışlayırdı. Sadə insanların kolleksiyalarındakı çoxsaylı əsərlər bu gün təbii ki, satılır. Yəqin naşı əlinə belə əsərlərdən az düşməyib. Birinə rast gəlmişəm, ad çəkməyəcəyəm. Səttar tanınmış yazıçıya əsər bağışlayıb, amma uşaqları əsərin dəyərini bilməyiblər, atıblar şkafın dalına, orada zədələnib. Mənə müraciət etdilər, bərpaçıya verdim, bərpa etdi. Ancaq indi inanmıram ki, Səttarın əsəri atılıb qala. Çünki bilirlər, Səttarın əsərləri çox bahalıdır. Düzdür, indi Səttarı, eləcə də başqa rəssamları kopiya etmək olar, amma onu orijinal kimi qələmə vermək günahdır. Rəssamlıq tarixində belə hadisələr az olmayıb, indi daha çoxdur".

Səttar Bəhlulzadə nədən çəkir-çəksin, onun içərisindən mütləq bir nağıl çıxırdı. Rəssam deyir: "Səttarın çəkdiyi Qudyalçay mənzərələrini təbiətdə görəndə məəttəl qaldım ki, necə incəliklə alınıb. Onun rəng duyumu çox həssas idi. Əgər mən indi rənglərin yüz çalarını görə bilirəmsə, Səttar bunların minini görürdü. Adi adamlar isə o rəng çalarını görə bilmir. Bütün rənglərin hər birinin onlarla çaları var. Səttar Bəhlulzadənin Azərbaycan rəssamlarına çox təsiri olub".

Toğrul Nərimanbəyovda da nağıllaşdırma var: "Hər ikisində meyar gözəllikdir. Hər birinin isə öz dəst-xətti, texnikası var. Rəssam o şəxsə deyilir ki, yaradıcılıqla məşğuldur, yaradıcılığının bəhrəsi həqiqətən cəmiyyətə gözəllik bəxş edir. Təbii ki, hamı istedadlı ola bilməz. Əgər qabaq uzağı 50 istedadlı rəssam vardısa, onların da ətrafında zəifləri olurdu, baxmayaraq ki, bunlar da pis çəkmirdilər. Ancaq indi istedadsız görürsən, nəsə çəkir, hesab edir ki, artıq böyük rəssamdır. Belələrinin sayı artır. Həqiqi sənətkarın yanında gəlib oturur ki, mən də rəssamam. Axı bu, belə olmamalıdır, hər şeyin yeri var. Rəssamlar İttifaqı yaradıcılıq təşkilatıdır, bu sənət hamıya nəsib olmur. Əksəriyyət ümumən rəssamları tanımır. Fikirləşirəm ki, bu, təbiidir. Baxırsan, Amerikada da Van Qoqu, Pikassonu hamı tanımır. Hələ Səfəvilərin vaxtında da miniatür əsərlərini hamı görə bilməzdi. Yenə də rəssamlığa meyl geniş kütləni əhatə etməyib. Səttar Bəhlulzadənin ailəsi yox idi. Bu səbəbdən də onun üçün güzəran qayğılarını ödəmək çətin deyildi".

"Babək üsyanı", "Fətəli xan", "Xəzər üzərində axşam", "Əbədi məşəllər", "Kəpəzin göz yaşları", "Vətənimin baharı", "Azərbaycan nağılı", "Suraxanı atəşgahı", "Əfsanəvi torpaq", "Şahnabat", "Qudyalçay vadisi", "Qızbənövşəyə gedən yol"... Bunlar Səttar Bəhlulzadənin çoxsaylı əsərlərinin bir qismidir. Onun ənənəsi isə daim yaşayacaq.  

 

 

Elçin Qaliboğlu

 

Xalq Cəbhəsi.- 2009.- 17 dekabr.- S.14.