"İrs" beynəlxalq tədbirlərdə iştirak edə bilmir

 

Sidqi Mustafayev: "Bizim özümüzə məxsus mahnı seçimimiz, üslubumuz var"

 

 

Yaradıcılıq çətin işdir. Milliliyi təsdiq edən əməllər həm də bəşəridir. Sidqi Mustafayevin yaratdığı "İrs" folklor ansamblı 32 ildir soydaşlarımızın ruhunu ardıcıl olaraq Azərbaycanın qədim, yaşarı musiqisinə, həm də bu musiqilərin səsləndirildiyi çeşidli alətlərə sevgi üstə kökləyir. Sovet vaxtında efirə çıxan "İrs" ansamblı daim qədimlik soraqlarını çox böyük sayğı, sevgi ilə tamaşaçılara, dinləyicilərə çatdırırdı. Hələ 40 il qabaq belə bir ansamblın gərəkliyi ideyası meydana çıxıb. Sonradan illər ərzində ansamblın yaradılmasına hazırlıq prosesi gedib. 10 ildən sonra "İrs" fəaliyyətə başlayıb. Budur, neçə onillərdir yaşayan, ruhumuzu daim millilik üstə kökləyən "İrs"in indi də əvvəlki inadla və xəlqi sevgi ilə yaşaması sevindiricidir.

Ansambl son illər Azərbaycandan qıraqda keçirilən beynəlxalq tədbirlərdə iştirak edə bilmir. Səbəbi maliyyə problemidir.

Ansambl vaxtilə Fransa, İtaliya, Çexoslovakiya, İran və başqa ölkələrdə olub: "2 il qabaq İranda yaxşı qarşılandıq". Ansamblın yaranması ideyasından danışan S.Mustafayev deyir: ""İrs" ansamblı yaranandan bəri həyatımda sözün əsil mənasında yeni bir mərhələ başlandı. O dərəcədə bu ansamblı yaratmaq eşqi ruhuma hakim kəsildi ki, inanın, ömrümü "İrs"siz bundan sonra qətiyyən təsəvvür edə bilmərəm. Ansabl 1976-cı ildən fəaliyyət göstərir. O zaman mərhum bəstəkar dostum Rəşid Nəsiboğlu ilə birlikdə belə bir ansambl yaratmaq qərarına gəldik. İdeya çox yaxşı səslənsə də, bunu reallaşdırmaq olduqca çətin idi. İlk növbədə ansambl yaratmaq üçün qədim musiqi alətlərimizin demək olar, çoxu olmalı idi. Digər tərəfdən də ansamblın repertuarının hazırlanması prosesi getməli idi. Fikirləşdik, qərara gəldik ki, məşq etmək üçün xüsusi yerimiz olmadığından məşqlərimiz Balaxanıda keçirilsin".

Bir müddət məşqlər Rəşid Nəsiboğlunun İçərişəhərdəki evində davam etdirilir. Ansamblın yaradılmasında əsas məqsəd yaddan çıxmış qədim musiqi alətlərimizi və xalq mahnılarımızı bərpa etmək, həmçinin qədim muğamlarımızı, meydan oyunlarımızı xalqa təqdim etmək idi. Bu, son dərəcə çətin bir iş olsa da, S.Mustafayev və R.Nəsiboğlu inadla məqsədi reallaşdırmağa girişirlər: "Rəşid Nəsiboğlu Konservatoriyada bəstəkarlıq şöbəsində, mən isə Xalq Çalğı Alətləri şöbəsində təhsil alırdım. Elə o vaxtdan aramızda dostluq münasibətləri yarandı. Hər gün dərsdən sonra ansambl yaratmaq mövzusunda söhbətləşirdik. Nəhayət, 1976-cı ildə ansamblın yaradılması ideyası böyük cəhdlərdən sonra reallaşdı. Ansamblımıza dəvət edilən Mələkxanım Əyyubovanın həmin dövrdə oxuduğu "Cığey" mahnısı indi də dillər əzbəridir. Ağakərim Hafiz də bizim ansamblda oxuyurdu. Həmçinin Əvəzxan Xankişiyev də bu ansamblda xeyli oxuyub. Bir sözlə, bizim ansamblda çox müğənni oxuyub, az vaxtdan sonra məşhurlaşıb".

Neçə illərdir ki, ansambl AMEA Folklor İnstitutunun nəzdində fəaliyyət göstərir: "İçərişəhərdə yerləşən institutda fəaliyyət göstərməyimiz üçün hər cür şərait yaradılıb. Bu,institutun direktoru Hüseyn İsmayılovun hünəri sayəsində gerçəkləşib. Ansamblımızın üzvləri buradan maaş da alır. Məşqlərimizdə tanınmış musiqiçilər iştirak edir, hər bir çıxışımıza maraqla qulaq asırlar. Uzun illər ərzində oxunmayan qədim muğamlarımızın yenidən ifası yönündə gərgin çalışmalarımız olub. Bu baxımdan "Həva" muğamının ifasını xüsusi qeyd edə bilərəm. Vaxtilə tanınmış tarzən Əhməd Bakıxanov bu muğamı ifa etmişdi. Onun oğlu, tanınmış bəstəkar Tofiq Bakıxanov "Həva" adlı simfonik muğam yazdı. Bəhram Mansurov, Vamiq Məmmədəliyev də "Həva" muğamını soloda ifa ediblər. Amma biz bu muğamı vokallaşdırmışıq. O vaxta qədər "Həva"nın oxu tərzi Azərbaycanda yadırğanmışdı. Bununla da biz "Həva"nın oxunması qaydasını bərpa etmiş olduq".

Hər halda folklor ansamblında uzun müddət ardıcıl olaraq ifa edilməyən, oxunmayan bir muğamın səhnələşdirilməsi çox çətindir. S.Mustafayev deyir ki, bu cür əsərləri teatrlaşdırma prosesində "Kitabi-Dədə Qorqud"dan xüsusi şəkildə istifadə edilir: ""Dədə-Qorqud dastanları"nda milli ruhumuzun ifadəsi hədsiz güclüdür. Folklor İnstitunda hər il aprelin 9-nun "Dədə Qorqud günü" kimi qeyd edilməsi ənənə halını alıb. Bu əlamətdar hadisəyə ciddi şəkildə hazırlaşır, adətən dastanın müəyyən boyları üstə musiqili kompozisiyalar hazırlayırıq. Belə tədbirlər daim milli ruh üstə köklənməyimiz yönündə ciddi təsir göstərir.

Dədə-Qorqudun sözləri çox ibrətamizdir, sanki gözəl bir musiqidir. İnsan bu fikirləri eşitdikcə qanadlanır, ruhlanır. Məsələn, "Təkəbbürlük edəni tanrı sevməz", "Könlün uca tutan ərdə dövlət olmaz", "Qız anadan görməyincə öyüd almaz", "Oğul atandan görməyincə süfrə çəkməz"... Bu fikirləri oxuduqca açıq-aydın görmək olur ki, məsəllərin özündə də bir musiqilik var".

Alətlərin hazırlanması qaydasından danışan S.Mustafayev deyir: "Elə ki, ansamblı yaratmaq ideyası ürəyimizdə kök saldı, bundan sonra qədim alətlərin əldə edilməsi məsələsilə məşğul olmağa başladıq. Bu məqsədlə klassiklərimizin əsərlərində rast gəlinən qədim musiqi alətləri haqqında bilgilər toplamağa başladım. Bakının kəndlərinə, eləcə də respublikanın digər kəndlərinə səfər etdik. Hətta Özbəkistana, Türkmənistana və Qırğızıstana gedəndə qədim Şərq musiqi alətlərini əldə etmək üçün çox soraqlaşdıq. Hazırda Qırğızıstanda rübab aləti çox populyardır. Axtarışlarmız bu gün də davam edir. Eləcə də dilruba adlı musiqi alətini də əldə etmək üçün çox çalışdım. Təsadüfən bir qadın günlərin bir günü İçərişəhərə gəldi, dilruba adlı musiqi alətini bizə hədiyyə etdi. Məlum oldu ki, bu musiqi aləti həmin qadına babasından qalıb. Hələ o zaman məşhur musiqiçimiz Əbdülqadir Marağayinin kitabından oxumuşdum ki, məişətdə istifadə edilən adi kasalar vasitəsilə çox gözəl ritmik səslər almaq mümkündür. Bu ideya məni bərk tutdu. 7-8 kasa götürdüm, həmin deyilən qaydada səslərin ahəngini almağa çalışdım. Amma nə illah elədimsə, istədiyim formada səslərin ahəngi alınmadı. Əvvəlcə çaşqınlıq yarandı, fikirləşdim ki, bu hesabla minlərlə kasanı səs ahənginə görə sınaqdan keçirmək lazımdır. Sonradan həmin kitabı diqqətlə bir daha oxudum, gördüm ki, tarı, kamançanı, sazı kökləyən kimi, kasaları da kökləmək olurmuş. Bundan ötəri hər bir kasaya müəyyən miqdarda su tökərək onları kökləmək mümkündür. İndikilər daha çox nəlbəkidən istifadə edirlər. Onu da deyim, dünyanın müxtəlif ölkələrinə qastrollara gedəndə kasalarla çox maraqlanırdılar. Vaqif Eyvazov kasaları kökləmək üçün həmişə yanında butulkalarda su gəzdirirdi. Yaxşı yadımdadır, 1982-ci ildə İtaliyada olanda çıxışımız çox böyük alqışlarla qarşılandı. O zaman biz italyanların məşhur folklor mahnısı olan "Dənizçi"ni ifa etdik. Təsəvvür edin, iki min nəfərlik zal ayağa qalxaraq gurultulu alqışlarla bizə minnətdarlığını bildirdi. Bu, həm də o deməkdir ki, folklor son dərəcə güclü təsirə malikdir".

Məcnun Kərimovun Qədim Musiqi Alətləri Ansamblı da populyardır. Ansambllar arasındakı oxşar və fərqli cəhətə münasibət bildirən S.Mustafayev deyir: "Bunların hər ikisi qədim milli musiqi mədəniyyətimizin soraqlarını böyük bir cidd-cəhdlə özündə yaşadır. Məcnun müəllimlə həmişə səmimi münasibətlərim olub. Hələ 70-ci illərdə "İrs"in mütəmadi olaraq keçirilən məşqlərində Məcnun Kərimov da iştirak edirdi. "İrs" ansamblı özündən sonrakı folklor ansambllarının hamısına təsir edib. Bizim ansamblın təsirilə Sumqayıtda "Dügah" folklor ansamblı yaradıldı. Baba Mahmudoğlunun "Dastan" ansamblı da sonradan yaradıldı. Arzu edirəm ki, belə ansamblların sayı çox olsun. Başladığımız ənənənin təsirinin geniş şəkildə artması məni çox sevindirir. Amma bizim ansamblın fərqi odur ki, "İrs" ansamblında meydan oyunlarının tamaşalaşdırılması ənənəvi şəkil alıb. Ansamblın çıxışlarında teatrlaşdırma amili diqqəti xüsusilə cəlb edir. Həmçinin bizim özümüzə məxsus mahnı seçimimiz, üslubumuz var".

 

 

Elçin Qaliboğlu

 

Xalq Cəbhəsi.- 2009.- 4 fevral.- S. 14.