Qax: tərəqqi adlı bir əsər yaranır

 

Bu “əsərin” ərsəyə gəlməsində bütün qaxlıların xidməti vardır

 

Təxminən 15-20 ilin söhbətidir. Bir dəfə rəssam dostum Telman Qafarovun emalatxanasında füsünkar bir kənd mənzərəsini özündə əks etdirən rəngkarlıq əsərinə baxdım. Hər adamı emalatxanaya buraxmayan Telman qonaq yanında işləməyi də sevməzdi. Amma mənim nəzərimi cəlb edən əsərinə elə mən orada olanda da qeyri-adi bir diqqətlə baxır, sanki tabloya nə isə əlavə etmək istəyirdi. Yaradıcı düşüncə onun canına elə hopmuşdu ki, danışmaq yadına düşmürdü. Ona görə də söhbəti mən başladım:

— Məndən olsa bu əsərə “İlisu lövhələri” adı verərdim.

Rəssam gülümsündü:

— Əvvəlcə əsərin adı yaranır, sonra özü.

— Demək istəyirsiniz ki, adı çoxdan hazırdır?

— Bəli. “İlisu dağları” adı vermişəm. O yerləri görmüsənmi?

— Əlbəttə görmüşəm.

— Hansı fəsildə?

— Yayda və payızda.

— Onda Qax haqqında təəssüratların hələ yarımçıqdır. Qaxı bütün fəsillərdə görə bilsən yaxşı olar...

...Qaxı bütün fəsillərdə gördüm. Bütün fəsilləri haqqında, deməli, həm də bu yerlərin qışı barədə də qəzet yazısı qələmə almışam. Amma bu yaxınlarda — kiçik çillənin ortalarında gördüyüm Qax tamamilə başqa aləm idi. Bəri başdan deyim ki, söhbət rayondakı genişmiqyaslı tikinti-quruculuq işlərindən, tərəqqi və inkişafdan, abadlıq və səliqə-sahmandan getmir. Sadəcə, bu yerlərin təbiətini, iqlimini, relyefini, dağını-dərəsini sanki birinci dəfə görürdüm. Qəribə bir məqam idi. Bu qəribəliyin səbəbini özüm-özümdən soruşdum və tapdığım cavab düşdüyüm haldan da qəribə oldu: Görünür, insan yaşa dolduqca gözəlliyi daha mükəmməl şəkildə qiymətləndirə bilir. Elə deyilsə nə üçün yaşlı nəsil muğamları gənclərə nisbətən daha çox sevir? Daha bir paradoks. Dağın-dərənin, təbiətin gözəlliyi ilə muğamın nə əlaqəsi?

...Rayon icra hakimiyyətinin başçısı Mübariz Əhmədzadə ilə söhbətimizdə üçüncü bir paradoksun şahidi oldum. Qaxı bu dəfə görəndə keçirdiyim hissləri ona da danışdım. İcra başçısı çox maraqlı bir fikir söylədi: — Siz məsələni o şəkildə qoysanız, oxucularınız elə düşünər ki, Qaxı bizim — yəni qaxlıların əməlləri gözəlləşdirib. Amma elə deyil. Əksinə, bizim əməllərimizi, fəaliyyətimizi bu diyarın təbii imkanları, suyu, havası gözəlləşdirib. Buranın suyunu içən, havası ilə yaşayan insanın quruculuq vurğunu, abadlıq, səliqə-sahman aşiqi olması tamamilə təbiidir. “İnsanın formalaşmasında təbiətin rolu danılmazdır” — deyənlər tamamilə haqlıdırlar. İndi bizim əməkdaşlarımız sizə 2008-ci ildə əldə edilmiş nailiyyətlər barədə müfəssəl məlumat verəcəklər. Bir ildə bu qədər göstəriciyə imza atan insanların vətənsevərliyi, yurdsevərliyi bir yana, dövlətin qarşıya qoyduğu proqramların icrasına göstərdikləri sədaqət və prinsipiallıq böyük bir yazının mövzusudur. İnanıram ki, bütün bu keyfiyyətlərin hamısı rayonumuzun təbii saflığının insanlara köçməsinin nəticəsidir. Onu da deyim ki, 2008-ci ildə əldə etdiyimiz uğurların hamısını qələmə ala bilməyəcəksiniz. Çünki siyahı böyükdür. Ona görə də özünüz seçin, yazınızın xarakterinə uyğun faktları və rəqəmləri qeyd edin. Bizim üçün fərqi yoxdur. Biz sadəcə öz vəzifə borcunu Azərbaycan xalqına xidmətdə görən cənab İlham Əliyevin tövsiyə və tapşırıqlarını yerinə yetiririk. Azərbaycanı bu gün dünyanın ən nüfuzlu ölkələrindən birinə çevirən də məhz həmin tövsiyə və tapşırıqlardır..."

Mübariz müəllim dedi ki, müstəqil Azərbaycan dövlətinin memarı, ümummilli liderimiz Heydər Əliyevin də, 2003-cü ilin oktyabrından etibarən onun siyasi kursunu uğurla davam etdirən cənab Prezident İlham Əliyevin də icra orqanları rəhbərləri qarşısında qoyduğu vəzifələrin cəmi iki istiqaməti vardır: dövlətin möhkəmləndirilməsinə və xalqın güzəranının yaxşılaşdırılmasına xidmət etmək. Təbii ki, bu vəzifələrin birini yüksək səviyyədə yerinə yetirib, o birinin icrasını yarımçıq saxlamaq əslində heç bir iş görməməyə bərabərdir. Ona görə də Qaxda bu vəzifələr bir-birini tamamlayan səviyyədə icra edilir. Yaxşısı budur, fikrimizi konkret faktlarla əsaslandıraq.

Dövlət başçımız tapşırır ki, biz müstəqil respublikamızı daha da qüdrətləndirmək üçün yerli istehsalın və xidmətlərin miqyasını genişləndirməliyik. Qaxda bu tövsiyələr necə icra edilib? 2008-ci ildə rayonda mal və xidmətlərin həcmi 65 milyon 790 min manatdan çox olubdur. Bu isə 2007-ci illə müqayisədə 24 milyon manatdan çoxdur (Nəzərə alaq ki, 2008-ci il bütün dünyada iqtisadi böhran ili kimi yaşanıb). Sənaye məhsulu istehsalı 4 milyon manatdan çox, kənd təsərrüfatı məhsulları isə 29 milyon 453 min manatlıq olubdur. 27 miyon 737 min manatlıq tikinti-quraşdırma işləri aparılıb, 12 milyon 559 min manatlıq ticarət və ictimai-iaşə xidməti göstərilibdir. “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının sonuncu ili olan 2008-ci ildə rayonun iqtisadiyyatının inkişaf etdirilməsi, yeni iş yerlərinin açılması, əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər nəticəsində 950 yeni iş yeri yaradılıb. Dünyanın ən qüdrətli dövlətləri iqtisadi böhranın fəsadlarından olan işsizlik problemi ilə üz-üzə qaldığı bir vaxtda Azərbaycanın əvvəllər o qədər də inkişaf etməyən rayonlarından birində bu qədər yeni iş yerinin yaradılması düzgün idarəetmənin və mükəmməl planlaşdırmanın nəticəsidir.

İndi isə cənab Prezidentin yerli icra orqanları rəhbərlərindən tələb etdiyi digər məsələnin icrasını özündə əks etdirən faktları yada salaq. Bir daha xatırladaq ki, ikinci vəzifə insanların güzəranının yaxşılaşdırılması idi. Bəs, Qaxda bu istiqamətdə hansı işlər görülüb?

Aztəminatlı əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin həyata keçirdiyi tədbirlər nəticəsində il ərzində 2007 nəfər sosial müavinət alıbdır. Ünvanlı sosial yardım almaq üçün müraciət edən 1103 ailədən cəmi 9-nun ərizəsinə qanunauyğun şəkildə mənfi cavab verilibdir. Qalan ailələrin hamısı belə yardım alıbdır. Hər ailəyə düşən yardımın məbləği 105 manat, hər şəxsə düşən yardımın məbləği isə 25 manat təşkil edibdir. Ötən il rayon sosial xidmət sektoru tərəfindən 381 nəfər tənha, ahıl və əlil şəxsə sosial-məişət xidməti göstərilibdir. Sayı 9 mindən çox olan əmək pensiyaçılarına hər ay 820.700 manat (hər pensiyaçıya 90,8 manat olmaqla) pensiya məbləği paylanılıbdır. İşsizlik müavinəti verilənlərin sayı çoxalsa da, işsizlərin sırası xeyli azalıbdır.

Təbii ki, bütün bunlarla yanaşı ən başlıca vəzifələr rayon əhalisinə göstərilən kommunal xidmətinin səviyyəsinin yüksəldilməsidir. 2008-ci ildə Qax Paylayıcı Elektrik Şəbəkəsinin maddi-texniki bazasının möhkəmləndirilməsi təmin edilib, elektrik hava xətləri, transformator yarımstansiyaları təmir edilib ki, bunun da nəticəsində əhaliyə və iqtisadiyyata elektrik enerjisi verilməsindəki məhdudiyyətlər aradan qaldırılıbdır. Ötən il rayon Qaz İstismarı İdarəsi istehlakçıların fasiləsiz təbii qazla təmin edilməsi, qaz itkisinin qarşısının alınması, istehlakçıların sayının artırılması istiqamətində mühüm işlər görübdür. Rayonun Böyük Alatəmir kəndinə təbii qazın çəkilişi başa çatdırılıb, 267 mənzilə qaz xəttinin çəkilməsi, 278 mənzilə sayğac quraşdırılması təmin edilibdir. Əhali tərəfindən istehlak edilən qazın dəyərinin 93,15 faizinin ödənilməsi də yaxşı göstəricidir. Çünki ötən il bu göstərici 86,3 faiz olmuşdu.

2008-ci ildə rayon əhalisinin içməli su ilə təmin edilməsi üçün həyata keçirilən tədbirlər nəticəsində Qum kəndindən rayon mərkəzinə 9 kilometr uzunluğunda xəttin çəkilməsi başa çatdırılıb, su mənbələri təmizlənib, Qax şəhərində, Qum,Ləkit, İlisu, Qaşqaçay və Zərnə kəndlərində su xətləri təmir edilibdir. Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin xətti ilə 8 ədəd, “Azərsu” Səhmdar Cəmiyyətinin xətti ilə 4 ədəd artezian quyusu qazılaraq əhalinin istifadəsinə verilibdir.

Ötən il dünya iqtisadiyyatında iqtisadi böhranla yanaşı ərzaq təhlükəsizliyi probleminin ortaya çıxması ilə də yadda qaldı. Azərbaycan dövlətinin həyata keçirdiyi məqsədyönlü tədbirlər nəticəsində həmin problem də respublikamızda elə bir fəsad yarada bilmədi. Dövlətin həyata keçirdiyi əsas tədbirlərdən biri də taxıl istehsalının stimullaşdırılmasından ibarət idi. Məhz həmin tədbirlərin icrasına özünəməxsus töhfələr verən qaxlılar taxıl istehsalını 2007-ci ilə nisbətən 100 faizdən də çox artırıblar. Qarğıdalı, kartof, tərəvəz və meyvə istehsalı da kifayət qədər yüksəlibdır. Gələcəkdə bu tendensiyanı davam etdirmək üçün rayonda taxıl toxumçuluğu və meyvə tingçiliyi müəssisələri yaradılıbdır. Gələn ilin məhsulu üçün 30 ton elit buğda toxumu, 100 tondan artıq isə birinci nəsl arpa və buğda toxumları alınaraq səpilibdir.

Ulu öndər Heydər Əliyevin işləyib hazırladığı siyasi kursun mühüm tərkib hissələrindən olan təhsilə dövlət qayğısı Qaxda da öz geniş əksini tapmaqdadır. Təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, təhsilin keyfiyyətinin yüksəldilməsi, bu sahədə çalışanların əməyinin qiymətləndirilməsi sahəsində mühüm tədbirlər həyata keçirilibdir. Ötən il rayon üzrə cəmi 57 ümumtəhsil məktəbi, 5 məktəbdənkənar, 36 məktəbəqədər tərbiyə müəssisəsi fəaliyyət göstəribdir. Bu, o qədər də böyük təhsil şəbəkəsi deyildir. Ancaq əldə edilən nailiyyətlərin sırası xeyli böyük və üz ağlığı gətirəndir. Məsələn, rayonda keçirilmiş fənn olimpiadalarının 7 nəfər qalibi respublika turunda iştirak edib, 8 şagirdin əl işləri Polşada keçirilən beynəlxalq sərgidə nümayiş etdirilibdir. Ötən il orta məktəbi bitirmiş məzunlardan 148 nəfəri ali məktəbə qəbul olunub, 18 nəfər 600-dən, 45 nəfər isə 500-dən çox bal toplayıb, 3 nəfər Prezident təqaüdünə layiq görülübdür.

Azərbaycan Respublikası Prezidentinin “Ən yaxşı ümumtəhsil məktəbi” və “Ən yaxşı müəllim” mükafatlarının təsis edilməsi haqqında sərəncamına müvafiq olaraq keçirilən ümumrespublika müsabiqəsində iştirak edən 2 saylı məktəb-lisey və rayonun üç müəllimi qaliblər sırasında olubdur. Ali məktəblərə qəbul zamanı 600-dən çox bal toplayan abituriyentlərə və müsabiqə qalibi olmuş müəllimlərə rayon icra hakimiyyəti başçısının fəxri fərmanı və qiymətli hədiyyələr verilibdir. Orta məktəblərin informasiya və kommunikasiya texnologiyası vasitələri ilə təmin edilməsində ötən ilə nisbətən xeyli yeniliklər əldə edilibdir.

2008-ci il qaxlılar üçün dövlət başçısı İlham Əliyevin bu dağlar diyarına səfəri ilə də yadda qalıbdır. Dövlət başçısı Qaxda olarkən rayon mərkəzindəki Heydər Əliyev Muzeyinin açılış mərasimində iştirak edib, Qaxın bugünkü inkişafını təmin edənlərin zəhmətini yüksək qiymətləndirən fikirlər söyləyibdir. Prezidentin həmin səfərindən sonra rayonda turizmin və mədəniyyət müəssisələrinin daha da inkişaf etdirilməsi istiqamətində müvafiq tədbirlər planı işlənib həyata keçirilibdir. Rayonda hazırda 68 tarix və mədəniyyət abidəsi qeydiyyatdadır. Qeydiyyata alınmamış daha 142 abidə haqqında məlumat rayon rəhbərliyi tərəfindən Respublika Nazirlər Kabinetinə göndərilibdir.

Yazının bu yerində Mübariz müəllimin yuxarıda qeyd etdiyimiz ifadəsi yada düşür. “Uğurların hamısını qeyd edə bilməyəcəksiniz”. Doğrudan da qeyd edə bilmədik. Amma icra hakimiyyəti başçısının müavini Ziyafət Xasıyevanın bir fikirini mütləq qeyd etməyi zəruri hesab edirik: “Eybi yoxdur, bütün faktları eyni yazıda qələmə almaq mümkün deyil. Amma yaza bilərsiniz ki, Yaponiya səfirliyinin xətti ilə rayon mərkəzində təməli qoyulmuş 3 saylı məktəbin tikintisindən, Qorağan kəndində inşa ediləcək həkim ambulatoriyasından, uşaq bağçasının istifadəyə verilməsindən gələn yazılarımızda söz açacağıq”.

Qoy olsun. Ziyafət xanımın bu arzuları da elə bizim yazımızın gələcək uğurlardan söz açan finalı kimi səslənirdi. Təki bütün nikbin istəklər üst-üstə düşsün... Telman Qafarov demişdi ki, əsərin özündən əvvəl adı yaranır. Qaxdakı inkişaf əsərinin adı da təxminən il yarım bundan əvvəl yaranmışdı. Rayonun yeni rəhbərinin təyin edildiyi gün...

 

 

İlqar HƏSƏNOV

 

Xalq qəzeti.-2009.-25 fevral.-S.8.