Xocalı faciəsi yaradıcılıq əsərlərində


Bu mövzuda daha çox publisistika öz sözünü deyib

 

Xocalı faciəsi bizim üçün sözün həqiqi mənasında dərsdir. Bu faciə bizim bir millət olaraq XX yüzilin sonlarında ikinci dəfə müstəqilliyimizi qazandığımız dövrə təsadüf etdi. Xocalı əhalisi əliyalın qaldı. 20 yanvar faciəsi ilə bağlı incəsənətin demək olar, bütün sahələrində soraqlar olduğu halda Xocalı mövzusunda hələ ki, daha çox publisistika sözünü deyib. Bu mövzuda radio-telekanallarda, qəzet-jurnallarda xeyli yazılar çap olunub. Lakin faciənin "mövsümilikdən çıxması", sözün əsl mənasında faciəvilikdən birdəfəlik qurtulmağımız yönündə düşünməyimiz, bu inamın incəsənətin bütün sahələrində ifadəsini tapması son dərəcə gərəkli bir məsələdir.

Xocalı Faciəsinin canlı şahidləri bildirirlər ki, Xocalıdan diri tutulanlaran biri olan Vidadinin erməninin qəbri üzərində başı kəsilib. 6 yaşında Xocalı faciəsini görən oğlu Taleh həmin gecəni belə xatırlayır: "Həmin gecə atam postdan yenicə qayıtmışdı. Dedi ki, vəziyyət pisdir. Anam süfrə açdı, elə süfrə başına toplaşmaq istəyirdik ki, hər tərəfdən atəş açıldı. Atəşin arası kəsilmirdi. Atam silahını götürüb getdi. O andan başlayaraq Xocalı ardıcıl atəşə tutuldu. Hər yanda qırğın, qiyamət, qan vardı. Atam çıxanda dedi ki, həyətdəki hamamda gizlənin. Mən, balaca bacım, anam, bibim və başqa qohumlarımız hamamda gizləndik. Qızları hamamdakı odun qalağının arxasında gizlətdilər. Ermənilər gəldilər. Birdən bacımı öskürək tutdu, ermənilər səsdən bildilər ki, burda adam var, hamımızı tutdular". Uşaqlar və qadınlar 4 gün hamamda qalıblarmış. Əsirləri Ağdama dəyişmək üçün gətirirlər. O zaman bunları qoymurlarmış ki, ətrafa baxmaq olmaz. Balaca Taleh isə maşındakı balaca deşikdən baxır, hər yanın meyitlərlə dolu olduğunu, hətta çəpərlərin üstündən körpə uşaqların meyitlərinin asıldığını görür...

Azərbaycan rəssamlığında Xocalı faciəsi ilə bağlı rəssamlarımız əsərlər yaradıblar. Bu mövzuda Rəssamlar İttifaqı tərəfindən sərgi də təşkil edilib. Xocalı mövzusunda ən diqqətçəkən plakat tez-tez qəzet-jurnallarda rastlaşdığımız Vaqif Ucatayın əsəridir. Əsərdə türk uşağının qarnına qılınc saplanıb, qan hər yana tökülüb...

Tanınmış rejissor, xalq artisti Mərahim Fərzəlibəyov bu mövzuda "Qırmızı qar" adlı film çəkib. Filmin ssenari müəllifi Ağarəhim Rəhimov, bəstəkarı Cavanşir Quliyevdir. Hər il müxtəlif telekanallar bu filmi nümayiş etdirirlər. Rollarda Məleykə Əsədova, İftixar Piriyev, Ələsgər Məmmədoğlu, Səmayə Sadıqova və başqaları çəkiliblər. Bu mövzuda "Azərbaycanfilm" tərəfindən Oruc Qurbanovun rejissorluğu ilə "Ağrı" filmi də çəkilib. Ümumən Qarabağ, Xocalı mövzusunda soydaşlarımızın yadında ən yaxşı qalan "Fəryad" filmidir. Bu filmdə Xocalı ilə bağlı ştrixlər xüsusi nəzərə çarpır. "Qırmızı qar" filminin rejissoru M.Fərzəlibəyov Xocalı mövzusunda rejissorların daim düşünməsinin vacibliyini deyir: "Ermənilər qaniçən olduqları dərəcədə özlərinin yazıq obrazlarını daim dünyaya təqdim ediblər. Biz isə belə bir faciə ilə üz-üzə qaldığımız dərəcədə hələ də bu barədə kifayət qədər dünyanı xəbərdar etməmişik".

M.Fərzəlibəyov 20 yanvar faciəsi ilə müqayisədə Xocalı mövzusu ilə bağlı dramaturji materialın azlığını qeyd edir: "Hər halda Xocalı mövzusunda publisistika çox iş görüb. Mən şəxsən rejissorlarımızdan bu mövzuda əsərlər gözləyirəm".

Dövlət Gənclər Teatrında Qarabağ mövzusunda əsərlər teatr tərəfindən səhnələşdirilib. Hüseynbala Mirələmovun "Vicdanın hökmü" əsəri Qarabağ hadisələri ilə bağlıdır. 20 Yanvar mövzusuna Rafiq Səməndərin həsr etdiyi "Şəhidlər" tamaşası mərhum rejissor Hüseynağa Atakişiyevin quruluşunda 1991-ci ilin 20 yanvarında səhnələşdirilib.

Mərhum bəstəkar Ramiz Mustafayev konkret Xocalı mövzusunda əsər yazmasa da, Qarabağ, milli azadlıq mövzusunda xeyli əsərlərin müəllifi idi. Bu sıradan onun mərhum Nəbi Xəzrinin sözlərinə yazdığı "Salatın" oratoriyasını, Məmməd İsmayılın sözlərinə yazdığı "Bu qan yerdə qalan deyil" vokal simfonik poemasını, Hikmət Ziyanın sözlərinə yazdığı "Haqq sənlədir, Azərbaycan" kontatasını qeyd etmək olar. Ümumiyyətlə, 90-cı illərdən üzü bəri tanınmış Azərbaycan bəstəkarları Hacı Xanməmmədov, Vasif Adıgözəlov, Sərdar Fərəcov, Xəyyam Mirzəzadə və başqaları xeyli vətənpərvərlik mahnıları yazıblar.

Tanınmış rəssam Rza Avşar bu mövzuda bütün incəsənət adamlarının daim düşünməli olduğunun vacibliyini önə çəkir: "Bu dəhşətli hadisəni eşidəndə uzun müddət şokda qaldım. Ümumiyyətlə, Xocalı mövzusu rəssamlıqda ifadəsini tapsa da, hər halda ortada olan nümunələr məni tam qane etmir. Hesab edirəm ki, rəssamlarımız bundan sonra bu mövzuda daha ciddi düşünməlidirlər". Hər halda rəssamın gördüyünü çəkməsi daha təsirli alınır. Amma rəssam bütün faciələrin, hadisələrin birbaşa şahidi olmur. Əsas məsələ rəssamın bu və ya digər mövzunu nə dərəcədə özünəməxsus ümumiləşdirməsidir. Xocalı dəhşətini heç zaman unutmaq olmaz: "Ümumiyyətlə, belə bir faciə barədə adi danışmaq olmur. Gərək daim bu faciə barədə uşaqlara, gənclərə söhbət edək, faciəyə tuş gəldiyimizi beyinlərə və ürəklərə yeridək. Elə ki, bu mövzuda danışmaq kampaniya xarakteri alır, o zaman edilən cəhdlərin səmərəsi azalır".

Rəssam Xocalı faciəsi mövzusunda iki əsər çəkib. Faciədən az sonra yaradılmış əsərlər "Xəzər" jurnalında çap olunub. "Xocalı" adlanan əsər (90x125) yağlı boya ilə çəkilib. Əsərdə qara, bozumtul fon aparıcıdır. Xocalı şəhərinin üstünü qara buludlar alıb. Hiss olunur ki, rəssam ağrını duya, göstərə bilib. Həmin gecənin dəhşəti ayın surətini qırmızı qana boyayıb. Səma ərşə bülənd olan insan fəryadları ilə dolub. Uzaqlardan səmanın aydınlığı görünsə də, qara fon aparıcıdır. Şəhərin halında qan və alov hakimdir. Erməni ruhsuzluğu, zəbtçiliyi, qaniçənliyi, insansızlığı viran qoyduğu Xocalı səhnəsinin o gecəki real görüntüsünü bizə çatdırır. Artıq səhərdir. Bu qanlı vəhşəti təbiət dondurub, olduğu kimi dünyaya göstərir. Rəssamın həmin ildə çəkdiyi başqa bir əsəri "Ekstremist" adlanır. Təxminən "Xocalı" böyüklükdə olan əsərdə mifik obrazvari sifət insan sifətinə oxşamayan, acgöz dişləri qabaran, qara sifətli vəhşi, caynaqlı bədheybət bir obraz olaraq təsvir olunub. Hər halda bu obraz erməni xislətinin rəssamlıqda ifadəsi kimi anlaşıla, qəbul edilə bilər.  

 

Elçin Qaliboğlu

 

Xalq Cəbhəsi.- 2009.- 26 fevral.-S.14.