Dövlət İdarəçilik Akademiyasında Xocalı faciəsinin ildönümü qeyd olunmuşdur

 

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş anım mərasimi keçirilmişdir.

Akademiyanın rektoru, əməkdar elm xadimi, professor Seyfəddin Qəndilovun təklifi ilə soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Sonra S.Qəndilov tariximizin salnaməsinə qara səhifə kimi düşmüş bu qanlı faciəni təfərrüatı ilə açıqladı, erməni separatçılarının terrorçu dəstələrinin əsrlər boyuBöyük Ermənistanyaratmaq xülyası ilə xalqımıza qarşı daim apardıqları təxribatları diqqətə çatdırdı. Qeyd etdi ki, Xocalıda vəhşicəsinə həyata keçirilən dəhşətli hadisə tarixdə analoqu olmayan qətliamdır. O, yalnız ümummilli liderimiz Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra başımıza gətirilən fəlakətlərin beynəlxalq təşkilatlara, dünya ictimaiyyətinə çatdırılması yönümündə mühüm əhəmiyyətli işlər görüldüyünü xatırlatdı. Rektor Dünya azərbaycanlılarının əsl həqiqətin bütün dünyaya çatdırılmasının zəruriliyini vurğulamış, xaricdə yaşayan həmvətənlərimizin bu yönümdə səfərbər olaraq gördüyü işlərin əhəmiyyətini diqqətə çatdırmış, həmçinin torpaqlarımızın azad olunması istiqamətində xalqımızın möhtərəm Prezidentimiz cənab İlham Əliyevin ətrafında sıx birləşməsinin vacibliyini qeyd etmişdir.

Mərasimdə Dünya Azərbaycanlıları Konqesinin fəxri sədri, Edinburq Universitetinin professoru Qulamrza Səbri Təbrizi, “Vətən uğrunda şəhid ailələri milli qəhrəmanlarİctimai Birliyinin sədri, Milli Qəhrəman anası Zərifə Əsgərova, qurumun sədr müavinləri Yavər Yusifov, Tərlan Mahmudov, Əntiqə Aslanova çıxışlarında soyqırımı ilə bağlı xalqımızın başına gətirilmiş müsibətlərdən danışmış, bu qanlı faciəni törədənlər barədə dünya ictimaiyyətini hər zaman məlumatlandırmağın vacibliyini qeyd etmişlər.

Sonda akademiya tələbələrinin iştirakı ilə faciə qurbanlarının xatirəsinə həsr olunmuş ədəbi-bədii kompozisiya Xocalı soqırımından bəhs edən sənədli film göstərilmişdir.

 

 

Əliqismət BƏDƏLOV

 

Xalq qəzeti.-2009.-26 fevral.-S.9.