Turizm xidmətləri sahəsində əsas problemlər


Beynəlxalq reytinqdə Azərbaycanın turizm indeksi azacıq artıb

 

Dünya İqtisadi Forumu (DİF) tərəfindən turizm, aviadaşımalar və səyahətlər biznesinin inkişafı üzrə hesablanan rəqabətlilik reytinqində Azərbaycan bu il 133 dövlət arasında Ukrayna ilə birlikdə 76-77-ci yerləri tutub (APA).

DİF-in açıqladığı son hesabata əsasən, son bir ildə Azərbaycan sözügedən reytinqdə mövqeyini 3 pillə yaxşılaşdırıb. Bu zaman turizm biznesinin inkişafı üzrə Azərbaycana verilən xüsusi indeks (Travel & Tourism Competitiveness Index - TTCİ) göstəricisi 3,84 təşkil edib. Ən yüksək turizm indeksi (5,68) alaraq siyahıda liderlik edən İsveçrə olub. Asiya qitəsi ölkələri arasında Azərbaycan daha yüksək yerləri Bruney və Şri-Lanka (13-14-cü yerlər) tutub. MDB ölkələri arasında isə Azərbaycan Rusiya və Gürcüstandan sonra 3-cü nəticə göstərib. Bu zaman turizm sahəsində qanunvericiliyin keyfiyyəti subindeksinə görə ölkəmiz 47-ci yerə, müvafiq sahədə müşahidə olunan infrastruktura və ətraf mühitin vəziyyətinə görə 84-cü yerə, insan, mədəni və təbiət resurslarına görə isə 111-ci yerə layiq görülüb. Maraqlıdır ki, Ermənistan Dünya İqtisadi Forumunun turizm indeksinə görə reytinqdə 91-ci yeri tutub.

Qeyd edək ki, turizm sahəsində rəqabətlilik renkinqi və TTCİ indeksinin hesablanması zamanı ölkədə turizm infrastrukturu və qanunvericiliklə bərabər səyahətlərlə bağlı şirkətlərdə olan işçilərin sayı, təbiətin mühafizəsi, bankomat və POS-terminallar şəbəkəsinin genişliyi, mehmanxana və nəqliyyatda olan tariflər, sanitar-epidemioloji mühit, turistlərin təhlükəsizliyi, vizaların verilməsi qaydaları, eləcə də yanacaq qiymətləri, yol-nəqliyyat hadisələrinin sayı, suvenir istehsalı, tibbi sığorta sisteminin tətbiqi, stadion və idman mərkəzlərinin vəziyyəti, İnternet və mobil rabitə şəbəkələrindən istifadə edənlərin sayı və 70 yaxın digər amil nəzərə alınır. Dünya İqtisadi Forumunun hesablamaları və ehtimallarına görə, Azərbaycanda turizm, aviadaşıma və səyahətlər biznesinin həcmi 2008-ci ildə ən azı 509 mln. ABŞ dolları təşkil edib. Ümumi hesabda isə milli iqtisadiyyatın turizmlə bağlı sahələrində çalışanların sayı 39 minə çatıb. Proqnozlara görə, 2009-2018-ci illərdə turizm biznesinin ortaillik artım tempi 8,8% ola bilər.

 

Qeyri-neft sektorunda prioritet sahələrdən biri

 

Azərbaycanda turizm xidməti sahəsini inkişaf etdirmək üçün böyük potensial var. Azərbaycan hökuməti qeyri-neft sektorunda prioritet sahələrdən biri kimi turizmi seçib. Azərbaycan regionlarda turizm xidmətini və bu sahədə sahibkarlığı inkişaf etdirməklə böyük gəlir əldə edə bilər. Turizmin dünya miqyasında inkişaf tempi 4,3 faizdir. Ölkəmizə gələn turistlər dünyadakı turistlərin cəmi 0,003 faizini təşkil edir ki, bu da olduqca kiçik rəqəmdir. Ümumdünya Turizm Təşkilatının turizmlə bağlı göstəricilərinə əsasən dünyada turizmin gətirdiyi gəlir getdikcə artır. 1950-ci ildə dünya ölkələri bu sahədən 23, 2000-ci ildə 687 milyard dollar gəlir götürdükləri halda, 2002-ci ildə bu rəqəm 703 milyard dollara çatıb. Hazırda ən çox turist Avropaya gəlir. Bura ildə 398,2 milyon nəfər turist səfər edir. Ondan sonrakı yerləri isə Şərqi Asiya və Sakit Okean hövzəsi ölkələri tutur. Turistlərin daha çox Fransa və İspaniyaya gəlməsinə baxmayaraq, ABŞ ondan daha çox gəlir götürür. Bu ölkə turistlərə təklif olunan məhsulları genişləndirdiyindən onların hər birindən 1015 dollar gəlir götürə bilir. Ümumdunya Turizm Təşkilatının proqnozlarına görə isə, 2005-ci ildə 565,5 milyon, 2010-cu ildə 1 milyard, 2020-ci ildə 1,5 milyard turist olacaq. Eksterman turizmə olan meylin getdikcə daha çox güclənəcəyindən həmin müddətdə turizmlə məşğul olan ölkələrə gedən turistlərin sayı azalacaq. Amma Şərqi Asiya və Yaxın Şərq ölkələrinə turist axını artacaq. Bir çox ölkələrlə müqayisədə turistlərin sayına görə Azərbaycan dünyada ən sonuncu yerlərdən birini tutur. Ölkəyə gələn turistlərlə gedənlər arasında 2005-ci ilə qədər mənfi saldo olub. 2006-cı ildən isə vəziyyət dəyişməyə başlayıb.

Azərbaycana gələn xarici turistlərin sayı ildə orta hesabla 10-11% artır. Əgər 2002-ci ildə Azərbaycana 428 min xarici turist səfər edibsə, artıq 2007-ci və 2008-ci illərdə bu göstərici 1 milyonu üstələyib. Eyni zamanda, 2007-ci ildə turizm sahəsində formalaşan gəlirlərin məcmu həcmi təxminən 177 milyon ABŞ dolları, 2008-ci ilin ilk yarısında isə 96,5 milyon dollar təşkil edib. Əgər 2002-ci ildə Azərbaycanda 94 otel və mehmanxana tipli obyekt fəaliyyət göstərirdisə, 2007-ci ildə həmin göstərici 337-yə çatıb. Azərbaycan turizm sektorunun əsas inkişaf dövrü son 6-7 ilə təsadüf edir. Azərbaycanın turizmdən götürdüyü gəlir hələlik qənaətbəxş deyil. Kiçik bir Kipr Türk Cumhuriyyəti bu sahədən ildə 2 milyard dollar qazandığı halda, ölkəmizdə bu rəqəm 100 milyon dollardır. Azərbaycana gələn turistlərin 93 faizinin hava nəqliyyatından istifadə edir. Azərbaycan bir turistdən cəmi 600-700 dollar qazana bilir. Azərbaycanda 6000-dən çox tarixi abidənin olmasına baxmayaraq, onların əksəriyyəti yaxşı vəziyyətdə deyil. Bu isə yaxın gələcəkdə turizmin inkişafına ciddi maneədir. Azərbaycanda xristianlığa, islama aid müxtəlif ziyarətgahlar var. Onları bərpa edib, xeyli gəlir götürmək olar.

 

Bahalı xidmətlər, qeyri-peşəkar xidmət

 

Xarici turistlərinin ölkəyə cəlb edilməsi üçün Azərbaycanda bir sıra kompleks tədbirlər həyata keçirilməlidir. Belə ki, ilk növbədə mövcud qiymət və tariflər turistlər üçün optimal həddə endirilməlidir, yeni çarter aviareysləri açılmalıdır, əlavə investisiyalar yatırılmalıdır və s. Ölkənin mövcud turizm potensialından və bu sektorda sahibkarların imkanlarından hələ yetərincə istifadə edilməyib. Problemlər Azərbaycanda istirahətin xarici ölkələrlə müqayisədə baha başa gəlməsi, xidmətin səviyyəsinin yüksək olmaması və ən əsası turist cəlb etmək üçün lazımi işlərin görülməməsi ilə xarakterizə edilir. Məsələn, Azərbaycanda otellərdə lüks şəraitli "VİP" nömrələrdə sutkalıq qiymət 1000 manatdan 2 min manata qədər dəyişir. Halbuki Amerikada 1 həftəlik səyahət bizim vətəndaşa gediş-gəliş xərcləri də daxil olmaqla 5-6 min dollardan artıq etmir. Birləşmiş Ərəb Əmirliklərində istirahətin qiyməti 1500 dollardır. Şimali Kiprdə isə belə istirahət təxminən 1000 dollara başa gəlir. Türkiyədə Antalya kimi tanınmış turizm bölgəsində istirahət xərci 600-700 dollardır. Əcnəbilər Azərbaycana istirahətdən çox, səyahət etməyə gəlirlər. Azərbaycanda turistlərin ümumi sayında hər il artım müşahidə edilir. Hesablamalara görə, 2008-ci ilin altı ayı ərzində ölkəmizə 783 min nəfər xarici vətəndaş gəlib ki, onların da 70-90 faizi turist olub. Bu da 2007-ci ilin analoji dövrü ilə müqayisədə 200 min nəfər çoxdur. Əgər həmin il Azərbaycana 900 min turist istirahətə gəlibsə, 2008-ci ildə həmin göstərici bir milyonu ötüb. Ümumiyyətlə, 2002-ci illə müqayisədə iki dəfə artım müşahidə edilib. Turistlər daha çox cənub bölgəsinə üz tuturlar. Qeyd edək ki, Azərbaycanda ən çox sovet dövründən qalan turizm zonalarına - Nabran və Qubaya maraq daha çoxdur. Cənub bölgəsi turistlərin bugünki zövqünə uyğun qurulub. Məsələn, Lerik rayonundakı istirahət bazası 2008-ci ilin yay mövsümündə bütün günləri dolu olub, turistlər burada böyük həvəslə istirahət ediblər. Eyni zamanda Masallı bölgəsində, Şamaxı, Şəki, Qaxda da bir çox irəliləyişlər var.

Əvvəlki illərlə müqayisədə Azərbaycanda son 5 il ərzində həm turist xidməti, infrastruktur sahəsində, həm də regionlardakı turizm xidmətinə uyğun olan əlavə sahələrin inkişafı ilə bağlı sahibkarların turizm fəaliyyətinə marağının artmasında çox böyük irəliləyişlər var. Eyni zamanda artıq Azərbaycanın turizm sənayesinə də xaricilərin investisiya qoymaq arzusu var. Həm dövlət, həm də Məniyyət və Turizm Nazirliyi tərəfindən aparılan siyasət nəticəsində istər yerli sahibkarlar arasında, istərsə də xaricdən investorların turizm biznesinə marağı artıb. Regionların sosial-iqtisadi inkişafı proqramı çərçivəsində Azərbaycanın müxtəlif bölgələrində turizmin inkişafı ilə bağlı layihələr həyata keçirilib.

 

Sahibkarlar üçün qısamüddətli turizm dövrü

 

Azərbaycanda turizmin və bu sahədə fəaliyyət göstərən sahibkarların ən böyük problemlərindən biri turizm günlərinin sayının az olmasıdır. Elə qiymətlərin yüksək olması da konkret olaraq bu məsələylə bağlıdır. 11 iqlim qurşağının 9-u ölkəmizdə mövcud olsa da, bu amil hələ ölkəmizdə il boyu turizmin inkişafına o qədər də imkan vermir. Çünki turizm günlərinin sayı çox olmadan turizmin geniş vüsətli, davamlı və stabil inkişafına nail olmaq qeyri-mümkündür. Gərək ölkədə ilin bütün fəsillərinə cavab verən bir turizm infrastrukturu qurulsun ki, turizm günlərinin də sayı çoxalsın. Çünki turizm şirkətləri ancaq 2-3 ay işləyirlər. İstər-istəməz şirkət də böyük bir obyekt saxlayan özəl sektor olduğu üçün onun xərcləri çoxdur. Şirkət, sahibkar ilboyu büdcə xərclərinin hamısını bir fəslin üstünə salır. Bu isə qiymətlərin baha olmasına gətirib çıxarır. Məhz bu hallar qiymətlərin artma istiqamətində qalmasına köməklik göstərir. Fikrimizcə, həm dövlətin dəstəyilə, həm də sahibarkarların köməyi ilə ilin bütün fəsillərinə uyğun turizm infrastrukturu yaradılmalıdır. Bununla belə, ilk növbədə qış turizminin yaradılması istiqamətində işlər sürətləndirilməlidir.

Regionlarda turizmin inkişafı üçün potensial həddindən artıq çoxdur. Regionlarda həm təbiət, həm də mənzərə cəhətdən əlverişli şərait mövcuddur. Azərbaycanda turizm xidmətlərinin səviyyəsi yüksək olmadığı üçün turistlər istirahətə yox, əsasən Azərbaycanla tanış olmaq üçün səyahət turlarına gəlirlər. Turistlərin 99 faizini Azərbaycanın tarixi, musiqisi, incəsənəti, təbiəti, folkloru, adət-ənənəsi daha çox maraqlandırır. Turistlərin əsasən yalnız səyahət turları üçün respublikamızı seçmələrinə əsas səbəb ölkəmizdə xidmət səviyyəsinin dünya standartlarına uyğunğunsuzluğu, eyni zamanda Xəzər dənizinin ekoloji cəhətdən təmiz olmaması ilə bağlıdır. Xidmət sahəsində çalışan insanlar hələ beynəlxalq standartlara tam cavab vermirlər. Bu da ondan irəli gəlir ki, sovet dövründən sonra ölkəmizdə sözügedən sahə üzrə mütəxəssis hazırlayan institut və ya kurs yaradılmayıb. Azərbaycanda bu işlərə indi-indi başlanılır. Ölkəmizə istirahətə gələnlərin sayının azlığını çox vaxt xidmətlərin səviyyəsinin aşağı olması ilə izah etsələr də, bu daha çox rəqabətin zəif olması ilə əlaqədardır. Ümumiyyətlə, sivil ölkələrin hamısında turist şirkətləri, otellər, sahibkarlar bir-birləri ilə xidmətin səviyyəsinin yüksəldilməsi sahəsində rəqabət aparırlar.  

 

 Mahir Həmzəoğlu

 

Xalq Cəbhəsi.- 2009.- 6 mart.- S.12.