1918-ci il Şamaxıda mart qırğınları

 

91 il əvvəl Şamaxıya 3 minlik erməni qoşunu yeridilmişdi

 

Bu ay 1918-ci ildə ermənilərin Azərbaycan Türklərinə qarşı həyata keçirdikləri soyqırımdan 91 il ötür. 1918-ci ilin yazında ermənilərin törətdikləri qaniçənlikdən ən çox zərər çəkən şəhərlərdən biri Şamaxı və onun kəndləri olub. Bu barədə arxiv materiallar əsasında ciddi, ardıcıl tədqiqatlar aparan Azrbaycan Milli Arxiv İdarəsinin rəisi, tanınmış tədqiqatçı Ataxan Paşayev bildirir ki, uzun müddət 1918-1920-ci illərdə ermənilərin azərbaycanlılara qarşı vəhşiliklərindən bəhs edərkən, nədənsə onların Şamaxıda törətdikləri soyqrımla bağlı demək olar, danışılmayıb: "Ermənilərin toplu halda yaşadıqları yerlərdən tamamilə uzaqda, yüzlərlə azərbaycanlı kəndinin əhatəsindəki cəmi 6 erməni kəndi və Şamaxı şəhərindəki azlıqda qalan bir ovuc erməni əhalisinin bu ərazidə soydaşlarımızın başına açdığı müsibətlərlə tanış olduqda adam dəhşətə gəlir. Ancaq təkzibolunmaz faktdır ki, bu bir ovuc erməni onlarla Azərbaycan kəndlərini tar-mar etmiş, on minlərlə günahsız türk əhalisini qətlə yetirmişlər. Bu fakt bir də onu sübut edir ki, ermənilər olduqca təhlükəli düşməndirlər. Onlar həmişə zərbəni gözlənilməz yerdən vurmağı çox gözəl bacarırlar".

Ermənilərin 1918-ci ilin mart və aprel aylarında Şamaxı şəhəri və Şamaxı qəzasının azərbaycanlı kəndlərində törətdikləri cinayətləri ifşa edən çoxlu arxiv sənədləri qorunub saxlanılır. A.Paşayev qeyd edir ki, bu sənədlər arasında 1918-ci il noyabrın 22-də Fövqəladə Təhqiqat Komissiyasının sədri Ə.Xasməmmədovun Azərbaycan Cümhuriyyəti Ədliyyə Nazirliyinə Şamaxı şəhəri və Şamaxı qəzasının azərbaycanlı kəndlərinin talan edilməsi və müsəlman əhalisi üzərində ermənilərin zorakılıqları haqqında məruzəsi diqqəti cəlb edir: "Şamaxı şəhəri və Şamaxı qəzası üzrə ermənilərin törətdikləri vəhşiliklər arasında 7 cild, 925 vərəqdən ibarət təhqiqat işlərində toplanmış materiallar ermənilərin burada törətdikləri cinayətlər, erməni rəzaləti haqqında ətraflı məlumat verir. Burada toplanan yüzlərlə zərərçəkmiş və şahid ifadələri, dindirmə protokolları ermənilər tərəfindən yandırılmış, dağıdılmış tikili, mədəniyyət abidələrinə baxış protokolları, aktlar, siyahılar və digər sənədlər ermənilərin Şamaxı şəhəri və Şamaxı qəzasının azərbaycanlılar yaşayan kəndlərində törətdikləri vəhşilikləri əyani şəkildə ifşa edir".

O dövrdə Ə.Xasməmmədovun ədliyyə nazirinə təqdim etdiyi məruzəyə diqqət çəkən A.Paşayev bildirir: "Komissiyanın ilkin istintaq nəticəsində əldə etdiyi məlumatlar həmin məruzədə şərh olunurdu. Məruzədə deyilirdi ki, Şamaxı şəhəri 2 hissədən ibarətdir: yuxarı və ya erməni hissəsi, aşağı və ya müsəlman hissəsi. Birincidə əsasən ermənilər və malakanlar, müəyyən qədər də müsəlmanlar, ikincidə isə yalnız müsəlmanlar yaşayırdılar. Şamaxı qəzasında əhalinin əksəriyyəti müsəlmanlardır. Erməni və malakanlar hərəsi 6 kənddə yaşayır. Həm şəhərdə və həm də kəndlərdə olan müsəlmanlar ermənilər və malakanlarla keçmiş zamanlardan sülh şəraitində yaşamış, onlara heç bir ziyan vurmamış, incitməmiş, daim mehriban qonşuluq əlaqələri saxlamağa çalışmışdılar. 1918-ci il martın 18-də qaliblər kimi şəhərin müsəlman hissəsinə soxulan ermənilər qışqırırmışlar: "Biz bu günü 12 ildir ki, gözləmişik. Bu, Nikolayın sizə kömək etdiyi 1905-ci il deyil. İndi sizə heç kim kömək edə bilməyəcək. Köməyə siz özünüzün müqəddəs Həzrət Abbasınızı çağırın". Həkim Sazanov 1918-ci il martın 19-u gecəsi Şamaxıda erməniləri müsəlmanlar üzərində rəhmsiz zorakılıqlar işlətməkdə günahlandırdıqda o, ermənilərdən belə bir cavab alır: "Müsəlmanlara heç bir rəhm etmək yoxdur. Onların hamısı məhv edilməlidir".

A.Paşayev daha sonra bildirir ki, Şamaxıda azərbaycanlılara qarşı ermənilərin düşmənçilik hərəkəti hələ I Dünya Müharibəsi başlandığı vaxtlardan özünü büruzə verib. Ermənilər azərbaycanlılara qarşı özlərini çox təkəbbürlü aparır, onların milli və dini heysiyyətlərini açıqca təhqir edirdilər. 1917-ci il fevral çevrilişindən sonra ermənilər daha cəsarətlə hərəkət etməyə başlayırlar. Ermənilər çar hakimiyyəti orqanlarının yerli komandası oradan getdikdə gizli surətdə silah anbarını ələ keçirib bu haqda nə qəza komissarına, nə də yerli müsəlman Milli Şurasına heç bir məlumat verməmişdilər. Onlar ermənilərdən və malakanlardan ibarət hərbi qarnizon təşkil edib, ora müsəlmanları buraxmamışdılar: "Azərbaycanlılar qarnizona girməyə nail olduqda isə erməni əsgərləri onlara qarşı düşmənçilik edir, təhqir edir və incidirdilər. Elə bu vaxtlar ermənilər öz kəndlərinə müxtəlif yollarla silah-sursat gətirib sürətlə silahlanmağa başlayırlar. Silahı əsasən cəbhədən qayıdan əsgərlər gətirirdilər. Onların hərəsi özü ilə bəzən 3 tüfəng gətirmişdilər. Ermənilərin bu hərəkətləri azərbaycanlıları bərk vahiməyə salır. Həm Şamaxı şəhərində, həm də qəzanın kəndlərində azərbaycanlılar görürdülər ki, ermənilər onlara qarşı sürətlə silahlanırlar. Müsəlmanlar bütün qüvvələrini sərf edirdilər ki, ermənilərlə dil tapsınlar və yaxınlaşmaqda olan qırğının qarşısını alsınlar. Altdan-altdan sürətlə silahlanan ermənilər üzdə özlərini belə göstərirdilər ki, guya müsəlmanlara qarşı heç bir düşmənçilik hissləri bəsləmirlər. Şamaxı şəhərindən 6 verst aralı Mədrəsə erməni kəndində gizli surətdə Zaqafqaziyanın digər qəzalarından erməni əsgərləri sürətlə toplanmağa başlayırlar. Martın birinci yarısında məlumat alınır ki, Bakıdan Şamaxıya böyük miqdarda hərbi sursat, top və pulemyotlarla silahlanmış 3 minədək Bakıdakı Bolşevik hakimiyyəti adından erməni qoşun dəstəsi gəlir. Şamaxıdan dəstənin qabağına müsəlman və ermənilərdən ibarət nümayəndə heyəti göndərilir. Nümayəndə heyətinin dəstə ilə görüşü Malakan kəndi Qozlu-Çayda (Xilmili) olur. Dəstəyə silahı Şamaxı qarnizonuna təhvil vermək təklif olunur. Onlar bundan qəti imtina edir və bildirirlər ki, başlıca məqsəd Şamaxı qəzasını quldur dəstələrindən təmizləmək, qəzada anarxiyaya son qoyub normal həyatı bərpa etməkdir. Dəstənin rəhbərləri Şamaxı şəhərindən yan keçərək Mədrəsə kəndinə gedəcəklərinə söz verirlər. Martın 15-də dəstə Şamaxının yanından keçərkən şəhərin kənarında öz evlərini qoruyan müsəlmanlar dəstənin şəhərə hücum etdiyini güman edib atəş açırlar. Dəstə də cavab atəşi açır. Tezliklə bütün şəhəri atışma bürüyür. Bu atışma nəticəsində hər iki tərəfdən tələfat olur. Lakin axşama yaxın şəhərdə tam sakitlik yaradılır. Elə həmin gün erməni yepiskopunun təşəbbüsü ilə Şamaxıdakı bütün millətlərin və onların ruhanilərinin nümayəndələri bir yerə yığışaraq and içirlər ki, sülh şəraitində yaşayacaq və qayda-qanunu pozmayacaqlar".

Lakin ermənilər vədələrinə çox az sonra xilaf çıxırlar: "1918-ci il martın 18-də Şamaxının azərbaycanlı sakinləri top atəşlərinin sədaları altında oyanırlar. Görürlər ki, şəhər Cənub tərəfdən ermənilər, şimal-şərqdən isə malakanlar tərəfindən mühasirə olunub. Şəhərin tamamilə azərbaycanlılardan ibarət aşağı hissəsi top və pulemyot atəşlərinə tutulur, şəhərin yuxarı hissəsində yaşayan ermənilər isə azərbaycanlılar yaşayan məhəllələri tüfənglərdən atəşə tuturlar. Bu hücum soydaşlarımız üçün tam gözlənilməz idi".

Ermənilər azərbaycanlıların evlərini talan edir, yandırır, mülki əhalini qəddarlıqla öldürür: "Ermənilər evlərə soxulur, onların sakinlərini qətl və qarət edir, sonra isə yandırırdılar. Gecə müsəlmanlar təslim olmaq barədə ermənilərin yanına nümayəndələr göndərir və sülh xahiş edirlər. Lakin atəş dayandırılmır, yanğınlar bütün bölgəyə yayılır və o biri günün səhərinə qədər şəhərin ən zəngin məhəlləsindəki evlərdən yalnız xarabalıqlar qalır.

Ermənilər insanları evlərdə, həyətlərdə, küçələrdə qətlə yetirirlər. Şəhərin küçələrində meyidlərdən qalaqlar yaranır. Qaniçən ermənilər azərbaycanlı əhalinin qətlini eşidilməmiş və ağlasığmaz qəddarlıq, işgəncə ilə həyata keçirirlər. Küçələrdə əzab verilərək öldürülmüş qadınların meyidləri atılmışdı. Onların döşləri kəsilmiş və ən çirkin üsullarla təhqir olunmuşlar. Küçələrdə pazlarla diri-diri yerə mıxlanmış uşaq meyidləri də atılıb qalmışdı. Azərbaycanlıların evlərindən qarətlə talan olunmuş əmlak araba və furqonlarla erməni və malakan kəndlərinə daşınırdı. Ermənilərin Şamaxı şəhərindəki vəhşilikləri bir neçə gün davam edir. Ermənilərin Şamaxı şəhərinə birinci və ikinci hücumları zamanı bir neçə min soydaşımız qətl edilib".              

 

Elçin Qaliboğlu

 

Xalq Cəbhəsi.- 2009.- 13 mart.- S.14.