İlaxır çərşənbəsi
Kəndimizdə sanki
"kimin tonqalı gur yanırdı" yarışı
keçirilirdi
Bu gün İlaxır Çərşənbəsidir. Cəmi iki gündən
sonra isə Novruz bayramıdır. Bizim üçün əziz olan hər iki bayram
müqəddəsdir. Ancaq
gəlin görək həsrətini çəkdiyimiz
milli bayramlarımızı
keçirmək üçün
lazımınca imkanımız
və şəraitimiz
varmı? Və yaxud ürəyimiz dolu sevinib, yeni
günün gəlişini
qarşılaya bilirikmi?
Bu sualları cavablandırmamışdan
öncə neçə
illər əvvələ,
uşaqlıq dövrümə
qayıtmaq istəyirəm.
70-80-ci illərdə bu
bayramların rəsmi
qaydada keçirilməsi
qadağan olunsa da, ancaq hər
bir ailə bunun fərqinə varmadan milli bayramına hazırlaşırdı.
Bir ay əvvəldən
ev-eşiyi, həyət-bacanı səliqəyə
salırdı. Bütün
çərşənbələrdə evlərin həyətlərində
tonqallar qalanırdı.
Sanki "kimin tonqalı gur yanırdı" yarışı
keçirilirdi. Elə
buna görə də mal-qara üçün tədarük
olunan qış azuqəsindən, quru küləşdən istifadə
edilirdi. Həyətimizdə
iki dənə akasiya ağacları vardı.
Bu ağacların boyu
hündürlüyündə tonqal qalayırdıq. Özü də bütün məhəllələrdə
tonqallar eyni vaxtda çatılırdı.
Elə bir atəşfəşanlıq olurdu
ki... Uşaq vaxtı eşitmişdim ki, tonqal başında
niyyət etsən, həmin niyyətin hasil olar. Eyni
zamanda tonqal üstündən tullansan,
bütün ağrın-acın ocağa tökülər. Elə ona görə də gözləyirdik ki, alovu göyə
qalxan tonqal bir qədər azalsın və üstündən tullanaq.
Ən böyük tonqal isə İlaxır Çərşənbəsində
qalanırdı.
Onu da qeyd edim ki, İlaxır
Çərşənbəsi taha təmtəqarla qeyd olunurdu. Həmin gün günortadan başlayaraq buğda qovrulurdu. Qonşumuz Məlahət xala buğda sacını ocağın
üstünə qoyanda
məhəllənin qız-gəlinləri növbəyə
düzülərdilər. Bu
artıq bir ənənə halını
almışdı ki, Məlahət xala kimi buğda qovuran yoxdur. Doğrudan da onun qovurduğu buğda daha dadlı olurdu. Çünki buğda qovrulmamışdan əvvəl
bir qədər qaynadılırdı və
duz səpilirdi. Buğda qovrulub qurtarandan sonra isə çox az olmaqla yağ
atılıb qarışdırılırdı.
Və nəhayət küncüd qatılırdı.
Təbii ki, buğdanın içinə
qoz, fındıq və kişmiş də əlavə edilirdi. Günortadan sonra evin xanımları
plov tədarükünə
başlayırdılar. Həmin
gün plov mütləq ocaqda bişirilməliydi. Özü
də mis qazanda. Çünkü bu plovun dadı
başqa aləm olurdu. Birillik çolpalar kəsilərək
təmizlənirdi. Duz,
istiot vurularaq mis qazana döşənirdi.
Yay vaxtı qurudulmuş zoğal axçası soğanla qarışdırılaraq şabalıdla
birgə çolpaların
üzərinə əlavə
olunurdu və süzülmüş düyü
tökülərək dəmə
qoyulurdu. (Hər
kəs çalışırdı
ki, İlaxır Çərşənbəsi üçün
süzüləcək plovun
düyüsünü Dəmirçilər
kəndindən alsın.
Çünki bu kənddə əkilən
çəltikdən alınan
düyünün keyfiyyəti
və plov bişirilən zaman onun ləzzəti heç bir düyüdə yox idi-
A.Ş.) Təxminən 15-20 dəqiqə keçəndən
sonra yağ dağ edilərək plovun üstünə tökülürdü. Plovun
bişməsini həsrətlə
gözləyərdik. Bir
dəfə anam süfrəni hazırlayıb
qurtarandan sonra, evdən bir qədər aralıda yerləşən ocaq yerindən plov qazanını gətirmək
üçün getdi.
Və əliboş qayıdaraq bildirdi ki, plov qazanı
yoxdur. Atamla anam heç nə olmayıbmış
kimi özlərini aparsalar da, mən
ağlamağa başladım.
(Həmin vaxt keçirdiyim hislərimi indinin özündə də sözlə ifadə edə bilmirəm-A.Ş.) Heç
5-10 dəqiqə keçməmiş
məhəllənin uşaqları
papaq atdılar. Papağın içində
bir kağız vardı. Həmin kağızda yazılmışdı:
"Plovu tək yeməyəcəksinizsə qaytaraq".
Bəli plovu qaytardılar. Anam özümüz üçün
plov çəkəndən
sonra, qazanı uşaqlara verdi ki, aparıb povdan onlar da
yesinlər. Həmin gün deməyəsən
təkcə bizim plov qazanı "oğurlanmayıbmış". Sonradan məhəllənin
uşaqları hansı
evin xanımının
daha yaxşı plov bişirməsini bir müddət müzakirə etməyə
başladılar.
İlaxır
çərşənbəsinin ən gözəl
adət-ənələrindən biri də qızların
qədir saxlamasıydı. Hər bir kəs evdən bayram xonçası və plov üçün
nə lazımdırsa
gətirirdi. Plovu dəmə qoyduqdan sonra səhərə kimi qızlar çalıb-oynayar, halay gedər, qulaq falına çıxar, bir sözlə bütün adət-ənənələri
həyata keçirərdilər.
Səhər açılanda
isə səhəngi götürüb çaydan
su gətirməyə
yollanardılar. Gətirilən
su evlərə çilənərdi. Bu, xeyir-bərəkət və aydınlıq demək idi. Mənim yadıma gəlmir ki, kimsə "bayram süfrəsini necə açacağıq"
gileyini eləsin. Çünki bolluq idi. Ürəyin istədiyin naz-neməti həmin gün alıb süfrənə düzə
bilirdin. Ən əsası isə içimizdə torpaqların
itirilməsi ağrı-acısı yoxuydu.
Bu gün isə insanların
çöhrəsindən bayram abu-havası duyulumur. Səbəblərdən biri
torpaq itkisi olsa da, digəri
insanların bahaçılıq
içində çabalamalarıdır.
Bazara gedən hər bir kəs
fikirləşir ki, bayram günü açdığı süfrə
başqalarından geri
qalmasın. Uşaqlarının
gözü onun-bunun əlinə dikilməsin. Ancaq buna gücü
çatmayanda bədbinləşir,
sabaha ümidi azalır. Deyilənə görə ən əziz bayramın olan Novruzu ürəyin
istədiyin kimi qarşılaya bilmirsənsə,
o zaman bütün
il boyu çətinlik
içərisində yaşayacaqsan.
Bəlkə də elə buna görədir
ki, ailə başçısı əvvəldən
ehtiyatını görür.
Lakin nə qədər ehtiyat görülsə də, indiki qiymətlərlə
heç nəyə nail olmaq mümkün
deyil. İki gün bundan əvvəl bazara gedib, bayram süfrəsi
üçün bəzi
məhsullar almaq istədim. Apardığım
pul həmin məhsulların heç üçdə birinə
çatmadı. Məsələn,
bir kq-lıq
kütüm balığın
qiyməti 25-30 manat, sitrus meyvələrinin kilosu 2-3 manat, almanın kilosu 3-4 manat, bananın kilosu 4-5 manat və s.-dir. Göyərtinin bir dəstəsi isə 30-50 qəpikdir. Ümumi götürəndə isə
bayram süfrəsi açmaq üçün
ən azı 300 manata qədər pul xərcləməlisən.
Bu da əksəriyyətinin
gücü daxilində
deyil.
Ancaq bütün bu çətinliklərə baxmayaraq bayramımızı qeyd edəcəyik.
Arzu Şirinova
Xalq
Cəbhəsi .- 2009.- 17 mart.- S.9.