Əli Nazimin tənqidçilik sənəti

 

Kamran Əliyev: "Onun tənqidçilik sənəti mənalı priyomlarla zəngindir"

 

Əsl ədəbiyyat zamanı ötür. Zamanın səviyyəsində qalan ədəbiyyat sabaha çatmır. Nizamilərin, Füzulilərin, Nəsimilərin, Cavidlərin yaratdığı ədəbiyyat həmişəlikdir, çünki bunlarda zamanı ötmək var. Ədəbiyyat nümunələrinin təhlilində ədəbi tənqidin müstəsna yeri var. Məhz əsl ədəbi tənqid ciddi təhlil səviyyəsində əsərin özünəməxsus keyfiyyətlərini aşkara çıxarır. Bu cür tənqid, əslində isə təhlil ədəbi əsərin hansısa ifadə olunmayan məziyyətini aşkara çıxarmaqla onun dəyərini qətiyyən azaltmır, əksinə, tənqidçi (təhlilçi) ilə ədəbiyyat yaradıcısının ciddi mənəvi vəhdəti təsdiq olunur.
20-ci yüzilin əvvəllərində Azərbaycan ədəbi tənqidinin istedalı nümayəndələrindən biri olmuş Əli Nazimin tənqidçilik sənətini araşdıran professor Kamran Əliyev maraqlı qənaətlərə gəlib: "Klassik irsə, ənənəyə keçilmiş mərhələ, köhnəlmiş dövr kimi baxıldıqda bizdən əvvəlki nəsillərin bir çox kəşfləri unudulmuş qalır və bu kəşflər gələcək nəsillər üçün dərki, izahı xeyli dərəcədə çətinləşən problemlərə çevrilir. Bu mənada 20-30-cu illərin yetirdiyi Əli Nazim və Əli Nazim nəsli öyrənilməyə, araşdırılmağa layiq bir nəzəri irsin müəllifləridir. Habelə qeyd etmək gərəkdir ki, bu dövrün tənqidi çağdaş elmi-nəzəri səviyyəli münasibəti daha çox tələb edən bir tənqiddir. Əli Nazim tənqidinin səciyyəvi keyfiyyətləri bu tənqidi yalnız sistem şəklində götürdükdə daha aydın meydana çıxır. Belə ki, tənqidçi öz yaradıcılığında hər hansı məsələdən bircə dəfə yazmaqla kifayətlənmir. Bir mətləb, yaxud bir sənətkar şəxsiyyəti bir neçə məqalənin araşdırma obyekti olur, bir neçə ilin düşüncə və narahatlıq mənbəyinə çevrilir. Bu, bir tərəfdən həmin dövr üçün mübahisələrin mərkəzi olan klassikaya yanaşmadan, hər gün yaranan yeni ədəbi məhsulların mahiyyətini aydınlaşdırmaqdan doğurdusa, digər tərəfdən sabit bir həqiqəti söyləmək təşəbbüsündən irəli gəlirdi. Əli Nazim bütün yaradıcılığı boyu 30 yaşının astanasına gəlib çıxa bilən tənqidçidir. Bəlkə elə yaradıcılıqda yaşın, ömür tarixinin mühüm rolu olduğunu bildiyinə görə yazırdı ki, "Molla Nəsrəddin" sosializm quruculuğunun həqiqi və əsas mahiyyəti, vəzifələrini kafi dərəcədə anlayıb əsərlərində ifadə edə bilmirdi ki, buna onun qocalığı da mane olurdu.

K.Əliyevin fikrincə, Ə.Nazimin tənqidçilik sənəti bəzi xüsusiyyətləri özündə cəmləşdirən sənətdir: "Bir anlıq təsəvvür edək: 20-30-cu illərin ictimai həyatı necə idi? Bu dövr hələ bəşəriyyət tarixində heç bir praktikası olmayan cəmiyyət quruluşunun tam və qəti qələbəyə doğru istiqamətlənən başlanğıcı deməkdir. Ona görə də bütün ictimai həyatın, mədəniyyətin müxtəlif sahələrində hələ bişməmiş, bitkinləşməmiş mətləblər çox idi. Dövr haqqındakı bu həqiqəti bir an belə diqqətdən qaçırmasaq, onda Ə.Nazimin Hüseyn Cavidi bir yerdə mənfi mənada burjua sənətkarı, digər yerdə böyük "İblis" əsərinin müəllifi adlandırması, bir yerdə mənfi mənada islam dininə rəğbət göstərən bir yazıçı, digər yerdə "Burada bizim aramızda böyük dramatik əsərlər yaratmış olan H.Cavid kimi böyük Azərbaycan şairləri vardır" deməsinə təbii baxırıq. Həm də unutmaq olmaz ki, bu zaman romantizmin tədqiqat tarixi yenicə yaranırdı və bu halda realizm axtarışlarına daha çox maraq göstərən Ə.Nazim romantizmi açıqca qəbul etmirdi. Ancaq Tolstoyun böyük Şekspiri inkar etməsini, Axundovun böyük Füzulini qəlbinə yaxın buraxmamasını necə mənalandırır və necə qiymətləndiririksə, bu barışmazlığı da o cür dəyərləndirməyi bacarmalıyıq. Əgər dövr haqqında deyilən həqiqəti bir an belə yaddan çıxarmasaq, Ə.Nazimin aşağıdakı fikirlərinə obyektiv yanaşa bilərik. O, yazır: "Mədəniyyət və texnikanın dəmir pəncəsi kənd həyatının ibtidai və təbii varlığını dəyişdirdikcə, kənd makinələşdikcə, kənd və köçəri həyatı, xalq yaradıcılığı artıq əski təbii və saf cığırından çıxır, makinə gurultu və islaqlarına, buxar və elektrik sarsıntılarına uymağa başlayır. Beləliklə, xalq yaradıcılığı, o əski və ibtidai olduğu qədər səmimi və təbii olan "folklor" məhsulları mədəniyyət timsahının dişləri arasında son nəfəsini çəkir". Bu, ilk növbədə Ə.Nazimin elmi-texniki tərəqqi haqqında təsəvvürlərinin formalaşma prosesi keçirməsi ilə əlaqədar idi və həmin fikir heç də o demək deyil ki, tənqidçi texniki inqilabı qəbul etmir. Əgər belə olsaydı, Ə.Nazim sonrakı məqalələrində "yeni texniki baza əsasında sənayeləşmə"ni, yaxud "enerji zənginliyi"ni alqışlamazdı. Tənqidçinin qənaətincə, mədəniyyət timsahının dişləri mənzərəsinə heç bir şey əlavə etməyən yazıçı xalqın inkişaf taleyində heç bir rol oynaya bilməz. Həqiqi əsərlər isə yalnız həyatın içərisindən doğan ədəbiyyat ola bilərdi. Bunu düşündüyünə görədir ki, Ə.Nazim 1924-cü ildə yazırdı: "Yeni ədəbiyyatın mövzusu: həyatdır, üsulu həyatı bütün həqiqəti, bütün ağırlığı ilə göstərmək, qayəsi isə həyatı göstərməklə insanların psixologiyalarını tərbiyə etmək və gələcək cəmiyyətə hazırlamaqdır".

Buradan araşdırmaçı K.Əliyev belə qənaətə gəlir ki, mövzu, üsul, qayə - hamısı həyatla və insanla bağlıdır. Bu, həqiqətdə, tənqidçinin yazıçıları əslinə uyğun, həyatdakı kimi yazmağa çağırması və səsləməsidir: "Əgər protokol dili ilə desək, Əli Nazim bədii yaradıcılıq üçün həyatı əsas hesab edir və bu mənada əsərin sonuncu səhifəsində şərti olaraq "əsli ilə düzdür" yazmağı bir prinsip kimi irəli sürürdü. Hətta teatr rejissorundan tələb olunurdu ki, tamaşa pyesə uyğun gəlməlidir. Məhz bu narahatçılığın nəticəsi idi ki, Ə.Nazim "İblis" tamaşası haqqında yazırdı: "Qaraçıların paltarlarına gəldikdə daha bərbad, daha gülünc!.. Onlar bir qaraçıya deyil, əski türk sarayı xadimlərinə bənzəyirdilər".

Əli Nazimin tənqidçilik sənəti mənalı priyomlarla da zəngindir. O, məqalələrində özünün tənqidçilik taktikaları ilə çıxış edir, dediyi fikrin istiqamətlənmiş nöqtəsini dəqiq müəyyənləşdirir.

"Almaz" əsərindəki Camaldan danışanlar onun kənddən qaçmasını müxtəlif sözlər və epitetlərlə izah eləmişlər. Ə.Nazim isə bunu "müsəlmancasına uzaqlaşma" adlandırır. Əli Nazimin tənqidçilik sənətinin əsas məzmununu təşkil edən müasirlik axtarışları, onun klassik irsə münasibətinin də əsas yönünü müəyyənləşdirib. Belə ki, o, hansı klassikdən bəhs edirsə-etsin, hansı xalqın böyük yaradıcı şəxsiyyətindən yazırsa-yazsın, bilavasitə yeni dövr ədəbiyyatının məsələlərinə gəlib çıxırdı. Tənqidçi Hötedən danışanda yazırdı: "Hötenin təzadı bu gün ona qaşrı olan ikiliyi, iki münasibəti, iki əlaqəni doğurur. O, Faustun dili ilə deyir ki, sinəmdə iki can vardır. Bunlardan biri bu dünyadan ləzzət alır; biri isə göylərdə uçan mələklər, ruhlar axtarır. Bizə hansı lazımdır? Göylərə uçan, mələklər axtaran Hötemi lazımdır; yaxud yerdə qalan, bu torpağın işlərindən ləzzət alan Hötemi?" "Ömər Xəyyam" məqaləsində isə eyni məqsəd dilemma formasında deyil, birbaşa ifadə ilə öz təsdiqini tapır: "Hər şeydən əvvəl, Xəyyam rübailəri bizim üçün, insan fikrinin öz azadlığı yolunda apardığı mübarizə mərhələlərindən birinin parlaq bir abidəsidir".

Əli Nazim Firdovsi yaradıcılığından söhbət açanda "Şahnamə"nin ideya tərəflərini özünəməxsus üsullarla təhlil edir. Əsərdəki bir çox mətləblərin, sənətkar ruhunun, göstərilən barışmaz ziddiyyətlərin mahiyyətinə enir və bunlardan qat-qat əhəmiyyətli olan müasirlik problemi üzərində dayanır. "Yunan incəsənətinin əsası yunan mifologiyasıdır" tezisindən çıxış edərək "Şahnamə"dəki mifoloji istiqaməti cəbbəxana kimi deyil, zəmin kimi təqdim edir və tənqidçi bu nöqtədə yeni yaranan ədəbiyyatın qarşısında mifologiyaya meyl göstərmənin ədəbi-nəzəri başlanğıcını qoyur, habelə onu başlanğıc - çağırış səviyyəsinə qaldırır. Əli Nazim yaradıcılığının özü də klassik irsdir və əgər klassik irsi günəş hesab etsək, onda qeyd etməliyik ki, yalnız günəşi içərək günəşlənmək olar".  

 

 

Elçin Qaliboğlu

 

Xalq Cəbhəsi.- 2009.- 7 oktyabr.- S.14.