Azərbaycanda erməni terrorunun xronologiyası

 

30 noyabr 1988-ci il: Daşnak terrorçuları malakanlar yaşayan Lermontov kəndində qaçıb gizlənən, Calaloğlu (Stepanavan) rayonunun Qarqar kənd sakini Bəsti Mustafayevanın yerini müəyyən edib, 20 min manat pulunu, qızıl əşyalarını qarət ediblər. Özünü isə üstünə neft töküb od vuraraq yandırıblar;

30 noyabr 1988-ci il: Daşnak terror qruplaşması Quqark (Ermənistan SSR) rayonunun Gözəldərə kəndinə basqın edib. 21 nəfər, o cümlədən 6 qadın, 3 körpə qətlə yetirilib. Kənd ətraf aləmdən təcrid edilib;

30 noyabr 1988-ci il: Daşnak terror qrupu Allahverdi (Tumanyan) rayonunun Ayrım kəndinə basqın edir. Evlərini tərk etmədiklərinə görə kənd sakinlərindən Haqverdiyev Haqverdi və Əliyev Abbası döyərək qətlə yetiriblər. Kənd əhli məcburi şəkildə doğma yurdlarından didərgin salınıb;

 

IX yazı

 

30 noyabr 1988-ci il: Daşnak terrorçuları Hamamlı rayonunun Saral kəndindən Həmzəçimən kəndinə yollanan qaçqın dəstəsinə basqın ediblər. 18 nəfər qətlə yetirilib, Balacayev Mövsümün 8 nəfərlik ailəsi tamamilə məhv edilib. 7 nəfər isə ağır bədən xəsarəti alıb;

30 noyabr 1988-ci il: Sevan şəhərində yerləşən Respublika Ruhi xəstəxanasındakı azərbaycanlı xəstələrə rəhmi gəlməyən daşnak terrorçuları 22 nəfər Azərbaycan türkünü su ilə doldurulmuş quyuya ataraq boğub qətlə yetiriblər;

01 dekabr 1988-ci il: Daşnak Asatyan Benikin başçılıq etdiyi terror qruplaşması Quqark rayonunun Vartana kəndindən didərgin salınmış 240 nəfər uşaq, qadın və yaşlı adamlardan ibarət dəstəni qarlı dağlarda pusquya salıblar. 100 nəfərdən çox Azərbaycan türkünü gülləbaran ediblər. Ələ keçirdikləri 13 nəfər dinc sakini işgəncələrlə qətlə yetirib cəsədlərini yandırıblar;

01 dekabr 1988-ci il: Daşnak terrorçusu ermənilərin fitnəkarlıqlarını, alçaq hərəkətlərini aşkarlamağa səy göstərdiyinə görə DQMV-nin baş prokuroru Vasilenkonun həyatına sui-qəsd edib. Vasilenko təsadüf nəticəsində ölümdən qurtarıb;

02 dekabr 1988-ci il: Daşnak terror qrupları Amasiya rayonunun ayrı-ayrı kəndlərinə basqın ediblər. Evlərini tərk etmək istəmədiklərinə görə Güllücə kənd sakini Əli Əliyevi vəhşicəsinə döyüblər. Əzizbəyov kəndində Həsənov Mühidi işgəncə ilə qətlə yetirir, Haqverdiyev Babəki asıb, Heydər Seyidovu və Fərman Həsənovu isə vəhşicəsinə döyüblər. Çaxmaq kənd sakinləri Elbəyi və Roza Süleymanovları, Amasiya qəsəbə sakini Musayev Məmmədi işgəncə verməklə öldürüblər. Güllücə kənd sakinlərindən Rüstəmov Nəbini maşının təkərləri altına atıb, Məmmədov Bayraməlini isə vəhşicəsinə döyməklə qətlə yetiriblər. Daşkörpü kəndindən Bəhlul Abbasovu, Mağaracıq kəndindən Dursun Məmmədovla Niftalı Əliyevi, Çaybasar kəndindən Güləhməd Vəliyevi vəhşicəsinə döyərək onlara ağır bədən xəsarəti yetiriblər. Qaçqın düşənlərdən altı nəfər isə qarlı-çovğunlu havada borana düşüb donvurmadan tələf olub;

02 dekabr 1988-ci il: Daşnak terrorçuları Gorus şəhərinin yeganə azərbaycanlı sakini Cavanşir Rüstəm oğlunu döyməklə qətlə yetiriblər;

03 dekabr 1988-ci il: Daşnak terrorçuları Dilcanda Sarıyev Vahidi Azərbaycan türkü olduğuna görə ağır işgəncələr verərək öldürüblər;

05 dekabr 1988-ci il: Daşnak terror qrupu heç bir insani əxlaqa, bəşəri davranışa sığmayan terror aktı törədib. Hamamlı (Spitak) şəhərində türk millətinə mənsub olduqlarına görə 17 azyaşlı uşağı iri diametrli boruya (uzunluğu 20 m, diametri 1,5 m) dolduraraq başlarına dəmir lövhələr qaynaq edib uçurumdan yuvarlayıblar. Məsum körpələri vəhşicəsinə qətlə yetiriblər. Ümumiyyətlə, bu cür vəhşi üsulla 87 nəfərədək uşaq öldürülüb;

10 dekabr 1988-ci il: Daşnak terror qrupu Türkiyəyə məxsus olduğunu güman edərək Belqrad-Ankara-İrəvan marşrutu ilə Ermənistana - zəlzələ rayonuna uçan Yuqoslaviya təyyarəsini "qəzaya" uğradıb. 6 nəfər ekipaj üzvü həlak olub;

11 dekabr 1988-ci il: Bakıdan Leninakana zəlzələ rayonuna köməyə uçan İl-76 təyyarəsini daşnak terrorçuları qəzaya uğradıb. 69 sərnişindən yalnız bir nəfər Babayev Fəxrəddin təsadüf nəticəsində sağ qalıb. 68 nəfər azərbaycanlı sərnişin və 9 nəfər ekipaj üzvü bu terror aktının qurbanı olub. Qəzanın səbəbləri öyrənilmədən, heç bir ekspertiza aparılmadan təyyarənin qara qutusu məhv edilib. Bu terror aktı qəza hadisəsi kimi cəmiyyətə sırınıb. Təsadüfən sağ qalmış Fəxrəddin Babayev İrəvan xəstəxanasına aparılsa da, "ermənilər arasında yaralı türkə yer yoxdur" deyən daşnak xislətli erməni həkimləri onu müalicə etməkdən boyun qaçırıblar;

12 yanvar 1989-cu il: Daşnak terrorçuları Xanlar rayonunun Todan kəndinə basqın ediblər. 4 nəfər əliyalın, dinc kənd sakinini qətlə yetiriblər;

15 yanvar 1989-cu il: Daşnak terrorçuları Xanlar rayonunun Todan kəndinə ikinci dəfə basqın ediblər. Bu dəfə iki nəfər əliyalın, dinc kənd sakinini qətlə yetiriblər;

16 yanvar 1989-cu il: Daşnak terrorçuları Xanlar rayonunun Şəfəq kəndinə basqın ediblər. Bir nəfər kənd sakini qətlə yetirilib;

* 20 yanvar 1989-cu il: Daşnak terror qrupu Naxçıvan MSSR-in Sədərək qəsəbəsinə basqın edib, 10 nəfər qəsəbə sakini (o cümlədən üç uşaq) vəhşicəsinə qətlə yetirilib;

10 may 1989-cu il: Daşnak terrorçuları Qazax rayonunun Bağanıs- Ayrım, Bərxudarlı və Naxçıvanın bütün sərhəd kəndlərini top və minomyotlardan atəşə tutublar. Xeyli yaşayış evi dağıdılıb, yaralanan və ölənlər olub;

11 may 1989-cu il: Daşnak terrorçuları Qubadlı rayonunun sərhəd kəndlərini atəşə tutublar, bir nəfər ağır güllə yarası alıb;

19 may 1989-cu il: Daşnak terror qrupunun Naxçıvan MSSR-in Yaycı kəndinə basqınında bir nəfər kənd sakini qətlə yetirilib;

* 9 iyun 1989-cu il: Hamamlıya sığorta pulu almağa getmiş dinc sakin Rəhim Daşdəmirov daşnak terrorçuları Sergey Poqosyanla Sergey Mədətyanın hücumuna məruz qalıb, armatur çubuqla döyülərək qəddarcasına qətlə yetirilib;

25 iyun 1989-cu il: Bakı şəhər sakini Nəbiyev Əli Məhəmməd oğlu Kərkicahan kəndində yaşayan qardaşıgilə gedərkən yolda onu daşnak terrorçular qətlə yetirib;

7 iyul 1989-cu il: Daşnak terror qrupu Kərkicahan qəsəbəsinə həmlə edir. Daxili qoşunların qəsəbədə yerləşən hərbi hissəsi bu basqının qabağını alıb. Amma kəndin bir çox evləri yandırılıb;

11 iyul 1989-cu il: V.X.Xaçaturovun başçılıq etdiyi beş daşnak terrorçusu Şuşadan evlərinə qayıdan Kərkicahan qəsəbəsinin dinc sakinləri Əli Nəbiyev, Orduxan Səfərov və Natiq Salahovun qabağını kəsərək onları tutmaq istəyiblər. Natiq Salahov güllə yarası alsa da, qaçıb aradan çıxa bilir. Terrorçular girov götürdükləri Əli Nəbiyevlə Orduxan Səfərovu soyunduraraq hər ikisini ağaca sarıyır, sinələrini ülgücləyərək yara yerlərinə odlu siqaretlər basıblar. Müxtəlif işgəncələr verdikdən sonra onları nişangaha qoyublar. Əli Nəbiyevin ürəyindən, Orduxan Səfərovun isə başından ataraq qətlə yetiriblər. Bütün bunlarla ürəkləri soyumayan qansızlar mərhumların gözlərini çıxararaq cəsədlərini yaxınlıqdakı çamurlu gölməçəyə atıblar;

11 iyul 1989-cu il: Daşnak terror qrupu Tərtərdən Kəlbəcərə gedən maşın karvanının yolunu Ağdərə ərazisində partladaraq qabağını kəsiblər. Karvan gülləbaran edilib, 8 nəfər qətlə yetirilib, xeyli sərnişin ağır güllə yarası alıb;

14 iyul 1989-cu il: Kəlbəcər rayon DİŞ-nin əməkdaşlarının həbs etdiyi 11 daşnak terrorçusu Moskvanın təzyiqilə geri qaytarılıb. Ermənilərə satılmış rus hərbçiləri vertolyotla terrorçuları gətirmək üçün Kəlbəcərə uçublar. Xəyanətkarlar vertolyotu əvvəlcədən nəzərdə tutulmuş yerə deyil, qəsdən uşaqların futbol oynadıqları stadiona endiriblər. Bu zaman stadionda futbol oynayan uşaqlardan 8-ni vertolyotun pəri biçir. Qətlə yetirilən uşaqların ən kiçiyi olan Valehov Anar Qardaşxan oğlu 6 yaşda, ən böyüyü Xəlilov Bəxtiyar Rəhim oğlu isə 15 yaşda olub. Bu terror aktı ilə bağlı heç bir istintaq işi aparılmayıb. Əksinə, rus hərbçiləri daşnak quldurlarını Xankəndinə gətirərək burada onları azadlığa buraxıblar;

15 iyul 1989-cu il: Daşnak terrorçuları Xankəndi şəhər sakini Eyvaz Allahverdiyevin evinə bomba atıblar. Partlayış nəticəsində itki olmasa da, dörd avtomobil ciddi zədələnib;

24 iyul 1989-cu il: Daşnak terrorçuları Kərçivan-Mığrı dəmiryolunun 347-ci kilometrliyində xəttə mina qoyublar. 1000 nəfər sərnişini olan qatar vaxtından 15 dəqiqə gecikdiyinə görə partlayış terrorçuların gözlədiyi nəticəni verməyib;

30 iyul 1989-cu il: Meşəli kəndinin qeyrətli oğlu Miryusif Orucovu daşnak terrorçusu, əyninə milis forması geymiş Əsgəran rayon DİŞ-nin rəis müavini Qərib Harutyunyan qətlə yetirib. Şahid və sübutların olmasına baxmayaraq qatil cəzasız buraxılıb;

01 avqust 1989-cu il: Ermənistan SSR Ararat rayonunda yuva qurmuş daşnak terrorçuları Şərur rayonunun Kərki kəndinə basqın ediblər. Kənd evlərinin bir çoxu yandırılıb dağıdılıb;

06 avqust 1989-cu il: Daşnak terrorçuları Əsgəran rayonunun Meşəli kəndində 5 dinc sakini qətlə yetiriblər;

08 avqust 1989-cu il: Bakıdan gələn yük karvanı Kərçivanda daşnak terrorçularının basqınına məruz qalıb. Şərur şəhər sakini Sədi Nəsirov, Qaraxanbəyli kəndindən Mirkamal Seyidov ağır güllə yarası alıblar;

11 avqust 1989-cu il: Daşnak terrorçuları Əsgəran rayonunun Daşbulaq kəndində azərbaycanlının evinə raket atıblar, bir azərbaycanlı ailəsi evsiz-eşiksiz qalıb;

12 avqust 1989-cu il: Bərdə rayonunun Kətərparaq kənd sakini Mehrəliyev Məhi Əşrəf oğlunu Laçından, qohumları evindən qayıdarkən Laçın-Bakı yolunun 7-ci km-də Qaladərəsi kəndində yuva salmış daşnak terrorçuları qətlə yetirilib;

13 avqust 1989-cu il: Daşnak terrorçuları Ağdam-Əsgəran dəmiryol platformasını və Şuşa şəhərinin su kəmərini partladıb;

17 avqust 1989-cu il: Şuşa-Ağdam marşrut avtobusu daşnak terrorçularının basqınına məruz qalıb, 6 nəfər sərnişin ağır dərəcəli xəsarət alıb;

18 avqust 1989-cu il: Laçın rayonunun Cicimli kənd sakini Məmmədov Mehdi Rüstəm oğlu təsərrüfat işindən qayıdarkən kəndin 1 km-liyində pusquda durmuş daşnak terrorçusu tərəfindən qətlə yetirilib;

23 avqust 1989-cu il: Ağdərədə yuva salmış daşnak terrorçuları Soltan Ağayevi vəhşicəsinə qətlə yetirmiş, "Niva" markalı minik maşınını isə xurd-xəşil etmişlər;

28 avqust 1989-cu il: Şuşadan Ağdam istiqamətində hərəkət edən 9 avtobus və bir yük maşını daşnak terrorçularının hücumuna məruz qalıb, 12 nəfər müxtəlif dərəcəli xəsarət alıb.

Yazıçı-publisist Əlisahib Əroğulun araşdırmaları əsasında təqdim etdi:

 

 

Elçin Qaliboğlu

 

Xalq Cəbhəsi.- 2009.- 16 oktyabr.- S.11.