Azərbaycanda erməni terrorunun xronologiyası

 

17 dekabr 1990-cı il: Şərur rayonunda pusqu quran daşnak terrorçuları 23 yaşlı milis işçisi F.Əliyevi və mülki şəxs İ.Hacıyevi vəhşicəsinə qətlə yetiriblər. Dinc sakin F.Abdullayev güllə yarası alıb;

18 dekabr 1990-cı il: daşnak terrorçuları Daşkəsən rayonunun Lenin adına sovxozun otlaq sahəsinə basqın ediblər. 27 yaşlı R.İsmayılovu girov götürərək 500 baş qoyun sürüsünü aparıblar;

* 09 yanvar 1991-ci il: Qaradağlı kəndinə gedən "UAZ-469" markalı 53-55 AQT dövlət nişanlı minik maşını daşnak terrorçuları tərəfindən gülləbaran edilib. Qaradağlı kənd sakini S.Bayramov yerindəcə həlak olub, sürücü N.Səmədov isə ağır güllə yarası alıb;

 

13-cü yazı

 

09 yanvar 1991-ci il: daşnak Arno Mixayıloviç Mkrtıçyanın rəhbərlik etdiyi terror qrupu tərəfindən Laçın-Şuşa yolunun 5-ci km-də "Molodyoj Azerbaydjana" qəzetinin müxbiri Salatın Əsgərova və Sovet ordusunun 3 zabitinin oturduğu avtomobil gülləbaran edilib. 4 nəfər həlak olub. Terrorçular ələ keçib, mühakimə ediliblər. Terrorçulardan Mkrtıçyan A.M., Arustamyan Q.M., Zakaryan A.A., Sərkisyan M.S., Osipyan Y.R. 15 il, Qriqoryan Q.S. isə 5 il müddətinə azadlıqdan məhrum edilib. Ancaq terrorçular 1996-cı il mayın 8-də birtərəfli qaydada Ermənistana veriliblər;

19 yanvar 1991-ci il: Baqmanyan Akop Qavruşoviç, Baqmanyan Samvel Qavruşoviç və Antonyan Artuş Qriqoryeviçdən ibarət daşnak terror qrupu tərəfindən DQMV Dİİ-nin rəisi işləyən general-mayor V.Kovolyovun həyatına sui-qəsd edilib. Ancaq o, xoş təsadüf nəticəsində sağ qalıb

21 fevral 1991-ci il: daşnak terrorçusu tərəfindən Ağdam şəhərinin avtovağzalında partlayış törədilib. Cinayətin izini itirmək üçün partlayışın qazdan törəndiyini elan edənlər unudurlar ki, həmin gün şəhərdə qaz olmayıb, daha doğrusu, 3 gün əvvəl kəsilib;

20 fevral 1991-ci il: daşnak terrorçuları Laçın-Yevlax yolunda "Kamaz-5511" markalı 25-31 AQT dövlət nişanlı avtomobili partladıblar. Sürücü və maşındakı sərnişin həlak olub;

24 fevral 1991-ci il: Laçın-Yevlax yolunda 64-90 AQF dövlət nişanlı sərnişin avtobusu daşnak terrorçuları tərəfindən partladılıb. Sərnişinlərdən 7 nəfər ağır bədən xəsarəti ilə xəstəxanaya düşüb;

24 fevral 1991-ci il: Şuşa-Ağdam marşrutu ilə işləyən sərnişin avtobusu Xankəndi ərazisində daşnak terrorçularının basdırdıqları minaya düşüb. Avtobus tamamilə sıradan çıxıb. 30 sərnişindən 8-i müxtəlif dərəcəli bədən xəsarəti alıb;

25 fevral 1991-ci il: Daşnak terror qrupu Şuşa rayonunun Cəmilli kəndinə basqın edib, 14 yaşlı Elşən Sadıqovu qətlə yetiriblər;

10 mart 1991-ci il: daşnak terror qrupu Xocavənd rayonunun Qaradağlı kəndinin fermasına basqın edib. İki ferma işçisi qətlə yetirilib;

14 mart 1991-ci il: daşnak terror qrupu Ağdam-Şuşa marşrutu ilə işləyən sərnişin avtobusunu Əsgəran rayonu ərazisində gülləbaran edib. Nəticədə üç sərnişin həlak olub, iki nəfər isə ağır güllə yarası alıb;

28 mart 1991-ci il: Cəbrayıl rayonunun İsaxdı kəndindən Xocavənd rayonunun Dolanlar kəndi istiqamətində hərəkət edən "KAMAZ" markalı yük maşını daşnak terrorçularının yola basdırdıqları minaya düşüb. İki mülki şəxs həlak olub, bir nəfər isə qəlpə yarası alıb;

07 aprel 1991-ci il: Daşnak terrorçuları Qubadlı rayonunun Yuxarı Çibikli kəndinə basqın ediblər. Kənd sakinlərindən Hüseynov Şahin İlyas oğlu, Nəzərov Qərib Qulam oğlu və Oleq adlı rus zabiti qətlə yetirilib, iki nəfər güllə atəşi ilə ağır yaralanır;

08 aprel 1991-ci il: daşnak terrorçularından S.Baqmanyan, A.Baqmanyan, A.Antonyan, K.Akopyan və K.Yegiyandan ibarət terror qrupu SSRİ DQ-in Zaqafqaziya və Şimali Qafqaz üzrə idarəsinin rəis müavini polkovnik V.Blaxotini qətlə yetiriblər. Terrorçular özlərini Qarabağda və xarici erməni icmalarında fəaliyyət göstərən "Amaras" elmi-xeyriyyə təşkilatının üzvləri kimi qələmə veriblər;

11 aprel 1991-ci il: daşnak terrorçuları tərəfindən Ağdamdan Şuşaya sərnişin aparan mülki vertolyot Şuşa səmasında vurulub və yerə enməklə partlayıb. Yaralananlar olsa da, xoşbəxtlikdən insan tələfatı olmayıb;

14 aprel 1991-ci il: daşnak terrorçuları tərəfindən Rostov şəhərinin girəcəyində Simferopol-Bakı qatarında partlayış törədilib. Xoşbəxtlikdən bu dəfə xəsarət alan olmayıb;

16 aprel 1991-ci il: Səhər saat 10 radələrində Pirəbədi bulağı yaxınlığında Füzuli rayon avtonəqliyyat müəssisəsinə məxsus 93-69 AQV dövlət nişanlı taksi maşını daşnak terrorçuları tərəfindən gülləbaran edilib. Füzuli rayon sakinləri İbrahimov Adil İntiqam oğlu və İsmayılov Mübariz İnqilab oğlu qətlə yetirilib, digər iki sərnişin ağır güllə yarası alıb;

16 aprel 1991-ci il: daşnak terror qrupları tərəfindən Xocavənd (Martuni) rayonunun azərbaycanlılar yaşayan Xocavənd, Qaradağlı, Əmiralılar, Muğanlı kəndləri atəşə tutulub. Ayrı-ayrı kəndlərdə üç ev partladılıb. Qarakənd döngəsində bir nəfər Azərbaycan türkü qətlə yetirilib. Xocavənd rayonunun Kenxurd kəndində anadan olmuş qatı türk düşməni Z.Balayan 16 aprel 1991-ci ildə törədilən bu terror aktlarında bilavasitə iştirak edib;

18 aprel 1991-ci il: daşnak terrorçusu Sərkisyan Qrarik Qriqoryeviçin başçılıq etdiyi qrup tərəfindən 3 polis əməkdaşı Ağoğlan kilsəsi yaxınlığında qətlə yetirilib. Terrorçular cəzasız qalıb;

23 aprel 1991-ci il: daşnak terrorçuları tərəfindən səhər saat 4 radələrindən Şuşa şəhəri top və raket atəşinə tutulub. Yuxarı Gövhərağa məscidinin damı və 22 ev dağıdılır. Dörd nəfər dinc sakin ağır qəlpə yarası alıb;

26 aprel 1991-ci il: Goranboy rayonunun erməni kəndlərində vəzifə borclarını yerinə yetirən polis əməkdaşları Xametov Azər, Rəhimxanov Səlimxan daşnak terrorçuları tərəfindən qətlə yetirilib;

* 27 aprel 1991-ci il: daşnak terror qrupu Qubadlı rayonunun Məzrə kəndinə basqın edib. Əhalisi yurd-yuvasından didərgin salınmış kənd tamamilə yandırılıb;

30 aprel 1991-ci il: Xanlar rayonunun Çaykəndinə sığınmış daşnak terror qrupu tərəfindən SSRİ DİN DQ-nın 13 hərbi qulluqçusu və bir mülki şəxs girov götürülüb;

03 may 1991-ci il: topla silahlanmış daşnak terrorçuları Qazax şəhərini mərmi atəşinə tutub. Nəticədə İsmayılovlar ailəsinin evi dağıdılıb, ailə başçısı həlak olub;

06 may 1991-ci il: daşnak terrorçuları Ağdərə rayonunun Umudlu kənd sakini Nigar Mustafayevanın evini talan edərək dağıdıblar;

09 may 1991-ci il: daşnak terrorçuları tərəfindən Azərbaycan SSR-nin Qarabağ üzrə təşkilat komitəsinin sədri V.Polyaniçkonun həyatına sui-qəsd edilməsinə cəhd göstərilib. Ancaq qəsd baş tutmayıb;

30 may 1991-ci il: daşnak terrorçuları Dağıstanın Xasavyurt dəmiryol dayanacağının yaxınlığında Moskva-Bakı istiqamətində hərəkət edən sərnişin qatarını partladıblar. Nəticədə 12 nəfər (7-si qadın) həlak olub, 22 nəfər yaralanıb;

30 may 1991-ci il: daşnak terror qrupu Ağdamın Əliqalın kəndinə basqın edib, 12 dinc sakin güllə yarası alıb, üç nəfəri isə girov götürüblər;

06 iyun 1991-ci il: Gorus istiqamətindən Qubadlı rayonunun Yuxarı Cibikli kəndinə doğru uçan vertolyotdakı daşnak terrorçuları avtomat silahdan kəndi atəşə tutub. Bir nəfər dinc kənd sakini qətlə yetirilib;

09 iyun 1991-ci il: daşnak terror qrupu Tərtərin Qaradağlı kəndinə basqın edib. İki dinc kənd sakini qətlə yetirilib. İki nəfər isə güllə yarası alıb;

09 iyun 1991-ci il: daşnak terror qrupu Xocavənd rayonunun Zamzur kəndinə basqın edib. Bir milis əməkdaşı güllə yarası alıb;

10 iyun 1991-ci il: daşnak terrorçuları Tovuz rayonunun Ağdam kəndində yerləşən zastavaya həmlə ediblər. Bir hərbi qulluqçu güllə yarası ilə hospitala düşüb;

19 iyun 1991-ci il: daşnak terrorçuları tərəfindən "Yevlax-Laçın" yolunda avtomaşın partladılıb. Üç nəfər həlak olub, üç nəfər isə ağır qəlpə yarası alıb;

19 iyun 1991-ci il: daşnak terrorçuları Şuşa-Xankəndi yolunda hərbi minik maşınına həmlə ediblər. Bir hərbi qulluqçu - SSRİ DİN DQ mayoru Xomiç həlak olub, digəri isə ağır güllə yarası alıb;

22 iyun 1991-ci il: daşnak terrorçuları Ağdərə rayonunun Sırxavənd kəndinə basqın ediblər. Bir dinc sakin qətlə yetirilib;

25 iyun 1991-ci il: daşnak terrorçuları Ağdərənin "Mahal yurdu" yaylağında M.F.Axundov adına sovxozun çobanını qətlə yetiriblər;

26 iyun 1991-ci il: daşnak terrorçuları Murovdağa gedən yolda Ağdərə rayonunun İmarət Qərvənd kənd sakinlərindən birini qətlə yetirib, digəri isə ağır güllə yarası alıb;

28 iyun 1991-ci il: daşnak terror qrupu Xocavənd rayonunun Qaradağlı kəndinin qaramal fermasına basqın ediblər. Altı nəfər mala baxanı qətlə yetiriblər. İki nəfər isə yaralanıb. 130 baş iribuynuzlu mal-qaranı aparıblar;

30 iyun 1991-ci il: daşnak terrorçuları Temirtau (Dağıstan MSSR) dayanacağı yaxınlığında Bakı istiqamətində hərəkət edən sərnişin qatarında partlayış törədiblər. Nəticədə 16 nəfər həlak olub, 20 nəfər yaralanıb;

04 iyul 1991-ci il: Ağdərə rayonunun Umudlu kəndinin 70 yaşlı sakini daşnak terrorçuları tərəfindən qətlə yetirilib;

04 iyul 1991-ci il: daşnak terrorçuları Füzuli rayonunun Qacar kəndinə basqın ediblər. Bir nəfər dinc sakin güllə yarası alıb;

06 iyul 1991-ci il: Goranboy rayonunun ermənilər yaşayan kəndlərinə sığınmış daşnak terrorçuları vəzifə borclarını yerinə yetirən polis əməkdaşları Vahid İbrahimov, İlqar Əliyev və Məhərrəm Süleymanovu qətlə yetiriblər;

 

 

(Davamı var)

 

Elçin Qaliboğlu

 

Xalq Cəbhəsi.- 2009.- 28 oktyabr.- S.13.