Qədim tarixə malik müasir Misir

 

 Bu ölkədə Azərbaycanı o qədər də tanımırlar

 

(Əvvəli ötən sayımızda)

 

Azərbaycan jurnalistləri Misirdə olarkən münasibətlərdən, söhbətlərdən aydın oldu ki, burada ölkəmizi tanımırlar. Heç sadə misirlilərin Azərbaycan haqqında təsəvvürləri belə yoxdur. Biz də bu məqamda öz-özümüzə - Axı niyə? - sualını verirdik. Bu yerdə ağlımıza gələn Azərbaycanın Misirdəki səfirliyinin fəaliyyəti ilə yaxından tanış olmaq istəyi idi. Görəsən, onlar nə işlə məşğuldular? İstəyimiz reallaşdı. Azərbaycanın Qahirədəki səfirliyi özü bizi görüşə dəvət etdi.

 

Azərbaycanın Qahirədəki səfirliyi

 

Misirdəki səfirimiz Faiq Bağırov media mənsublarını çox yaxşı qarşıladı və 1994-cü ildə açılan səfirliyin bu ölkədəki fəaliyyəti ilə yaxından tanış etdi. Doğrusu, səfirlə və səfirlikdə tanışlıqdan sonra təsəvvürlərimiz bir qədər dəyişdi. Müsbət haldır ki, Qahirə şəhərində ölkəmizin səfirliyi üçün müasir üslubda səfirlik binası tikilib və onun ərazisi Azərbaycanın mülkiyyəti sayılır. Bu ölkədə olduğumuz dövrdə qəribçiliyin daşını bir neçə saatlıq olsa da, elə səfirliyimizin binasında olarkən atdıq. Özümüzü çox sərbəst və sanki vətənin bir parçasında hiss edirdik. Bu hissləri yaşamaq üçün sadəcə Misirdə və oradakı səfirliyimizdə olmaq lazımdır. Səfirlik əvvəl çox şəraitsiz bir yerdə məskunlaşıb. Lakin sonradan ərazi ayrılıb və yeni bina tikilib. İndi səfirliyin işçiləri üçün hər cür şərait yaradılıb, sadəcə daha çox işləmək lazımdır. Səfir Faiq Bağırov bizə bir neçə kitab təqdim etdi. Həmin kitablar səfirlik tərəfindən ərəb dilinə tərcümə olunub. Kitablardan biri Azərbaycanın mədəniyyətinə və ölkənin ümumi təqdimatına həsr olunub. Bu kitab hər bir misirli üçün ölkəmiz haqqında məlumat mənbəyi sayıla bilər. Daha bir neçə ərəb dilində olan kitab isə Ermənistanın Azərbaycana qarşı apardığı işğalçılıq siyasətinə, erməni terroruna həsr olunub. Bu nəşrlərə görə səfirliyin əməyini qeyd etmək yerinə düşərdi. Lakin həmin kitabların öz oxucusunu necə tapdığını və erməni qəsbkarlığı ilə bağlı təbliğatın bu ölkədə hansı səviyyədə aparıldığını demək çətindir.

 

Erməni terroru haqqında ərəb dilində kitablar

 

Yeri gəlmişkən, bu yöndə özümüzün qarşılaşdığımız bir məqama toxunaq. Azərbaycan jurnalistləri Qahirə universitetində treninqlərdə iştirak edərkən mühazirəçilərdən - "Jurnalistika və informasiya" fakültəsinin bir neçə professorundan onların Dağlıq Qarabağ münaqişəsi, erməni torrorizmi və Azərbaycan torpaqlarının işğalı faktına münasibət bildirmələrini istədi. Lakin ərəb əsilli professorlar nə qədər qəribə olsa da, bu barədə məlumatsız olduqlarını bildirdilər. Bu isə həmkarlarımın narahatlığına səbəb oldu. Hətta Treninq Mərkəzinin rəhbəri, professor Samiyə Əhməd bizdən erməni terroru haqqında kitablar istədi. Biz sonradan Misirdəki səfirliymizin ərəb dilinə tərcümə etdiyi erməni terroru ilə bağlı kitabları həm Samiyə xanıma, həm də keçirdiyimiz bütün görüşlərdə ziyalılara, rəsmi şəxslərə təqdim etdik. Jurnalist qrupumuz iki həftə ərzində bu yöndə bacardığı qədər təbliğat apardı. Bunlarla belə, bunlar görüləcək işlər arasında dəryada bir zərrəcik qədərdir. Əgər Misirdə Azərbaycanın tanınmasını istəyiriksə, bu yöndə çox böyük işlərin görülməsinə və təbliğata ehtiyac var.

Misir ictimaiyyəti Qarabağ münaqişəsi barədə çox az məlumatlıdır. Rəsmi şəxslərin də mövqeyi diqqət çəkməyə bilməz. Hətta bir qədər əvvəl BMT-də Azərbaycanın işğal olunmuş ərazilərinə dair qətnamə qəbul olunarkən səsvermə zamanı Misir tərəfi bitərəf qalıb. Misir İslam Konfransı Təşkilatının (İKT) üzvü olmaqla yanaşı Azərbaycanın ərazi bütövlüyünü tanısa da, BMT-də birmənalı şəkildə Azərbaycanı dəstəkləməyib. Bununla bağlı Azərbaycan jurnalistlərinin suallarını cavablandıran Misir xarici işlər nazirinin müavini Səməh Sutuhi bildirdi ki, Misir həm Ermənistanla, həm də Azərbaycanla sıx əməkdaşlıq edir. Ona görə də heç bir tərəfi narazı salmamaq üçün bitərəf mövqedən çıxış edir. Azərbaycanın Misirdə yaxından tanınması probleminə gəldikdə isə cənab Səməh Sutuhi dedi ki, Azərbaycan tərəfi Qahirədəki səfirliyinin öz seçimi əsasında bir qrup Misir jurnalistinin Bakıya səfərini təşkil edə bilər. Bu yolla misirli media mənsubları Azərbaycan həqiqətləri barədə Misir mətbuatında daha dolğun təəssürat yarada bilərlər.

 

Qahirədə konfrans və bizim tələbələr

 

Bu sahədə Azərbaycanın Misirdəki səfirliyinin təşkil etdiyi bir tədbir lap yerinə düşdü. Oktyabrın 20-də Qahirə şəhərində Azərbaycan diplomatik xidmətinin yaradılmasının 90 illiyinə həsr olunmuş "Misirlə Azərbaycan arasında dostluq və əməkdaşlıq: bu gün və sabah" adlı böyük bir konfrans keçirildi. Tədbirdə Misir Xarici İşlər Nazirliyinin, bir neçə xarici ölkənin Misirdəki səfirliyinin nümayəndələri, diplomatlar, universitetlərin alimləri, misirli tələbələr iştirak edirdilər. Habelə Misirdə təhsil alan azərbaycanlı tələbələrlə yanaşı bu ölkədə səfərdə olan Azərbaycan jurnalistləri də konfransın iştirakçıları arasındaydı. Qədim tarixə malik müasir Misirdə təşkil olunan belə bir tədbirdə Azərbaycanın himninin təntənəli səslənməsi məndə qürur hissi doğurdu. Bu tədbir sanki Azərbaycanın Misirdə açılan ilk böyük tanıtma pəncərəsi idi. Tədbirdə Misir universitetlərinin professorları Azərbaycan-Misir əlaqələri mövzusunda çıxış etdilər. Habelə səfir Faiq Bağırovun ərəb dilində Azərbaycan-Misir diplomatik əlaqələrinə həsr olunmuş məruzəsi maraqla dinlənildi.

Misirdə 150-yə yaxın azərbaycanlı tələbə təhsil. Onların əksəriyyəti özəl ali məktəblərdə dini fakültələrdə oxuyur, ərəb dilini öyrənirlər. Tələbələrin bir çoxu dövlət xətti ilə, bəziləri isə Bakıdakı İslam Universitetinin göndərişi əsasında bu ölkədə təhsil alır. Onlar yataqxanalarda qalırlar, gündə üç dəfə yeməklə təmin olunublar. Bununla belə çox simvolik məbləğdə, təxminən 3 dollar təqaüd alırlar. Ayda onlara əlavə orta hesabla 200 dollar lazımdır ki, nəqliyyat, geyim və s. zəruri xərclərini qarşılaya bilsinlər. Bir çoxlarının valideynləri Azərbaycandan hər ay onlara pul göndərir. Görünür, uşağı oxutmaq üçün xərc çəkmək biz azərbaycanlıların alnına yazılıb. Amma bunlarla belə Misirdəki tələbələrimiz arasında maddi çətinliklər içərisində olanlarla da qarşılaşdıq. Azərbaycanın bu ölkədəki səfirliyi imkanları daxilində tələbələrlə maraqlanır. Tələbələr Misirdə "Vətən" Tələbə Cəmiyyəti yaradıblar. Onların köməyi ilə rüblük "Azərbaycan" qəzeti çap olunur. Qəzetin hər buraxılışında Qarabağ dərdimiz barəsində yazılar verilir.

 

Məhəmməd Əli məscidində Təbriz xalçaları

 

Onu da etiraf edək ki, ermənilər Misirdə də çox fəaldılar.

Qahirədəki səfirliyimizdən öyrəndik ki, burada 10 min erməni yaşayır. İki məktəbləri fəaliyyət göstərir. Onların bu ölkədə 4 kilsəsi var. Ayda bir dəfə jurnalları, həftəlik qəzetləri çıxır. Misirdə qızıl biznesinin inkişafı ermənilərlə bağlıdır. Bunlarla belə, Misirin tarixi daha çox türklərlə bağlıdır. Yüz illərlə Misir Osmanlı imperiyasının tabeçiliyində olub. Hətta 500 ildən artıq bir dövrdə Misirin rəhbərləri türk əsilli olublar. Misirlilər hələ də onların dövlətçilik tarixində böyük iz qoymuş alban əsilli türk Məhəmməd Əlini böyük ehtiramla xatırlayırlar. Yeri gəlmişkən, qeyd edim ki, Azərbaycan jurnalistləri səfər proqramı çərçivəsində 1830-cu ildə tikilmiş Məhəmməd Əli məscidinə də baş çəkdilər. 1849-cu ildə vəfat etmiş kral Məhəmməd Əli məhz bu məsciddə dəfn olunub. Məscid onun himayəsi ilə tikilib. Bura hər gün minlərlə turist gəlir. Çox böyük bir dini-tarixi abidədir. Məscidin yerinə döşənmiş xalçalar Təbrizdən gətirilib. Xalçaların 170 yaşı olmasına baxmayaraq çox yaxşı formada qalıb, sakin yaxın 10 ilin xalılarıdır. Bu isə bizim xalçaların nə qədər keyfiyyətli olmasına gözəl bir nümunədir. Nəzərə alsaq ki, hər gün yüzlərlə insan bu məscidə ayaq basır, bunu bir daha təsdiq etmiş olarıq. Bir məqamı da vurğulayaq ki, turistlərə məscid haqqında məlumat verən tərcüməçi əvvəllər burada olan bir həmyerlimizin həmin xalçaların Azərbaycan xalıları olması barədə onlara məlumat verdiyini dedi. Bizim jurnalistlər də tarixi dəlillər əsasında Təbrizin elə tarixən Azərbaycan şəhəri olduğunu, burada əsrlərdir azərbaycanlıların yaşadığını onun diqqətinə çaddırdıq. Tərcüməçi bundan sonra burada turistlərə məlumat verərkən həmin xalçaların azərbaycanlılar tərəfindən toxunduğunu deyəcəyinə söz verdi.

Yuxarıda qeyd etdiyimiz kimi, türklərin Misir tarixində böyük rolu olsa da, indi Türkiyənin bu ölkədə bir dənə də olsun məktəbi, hətta hər hansı bir şirkəti yoxdur. Ticarət əlaqələri də yüksək deyil. Səfirimiz Faiq Bağırovun sözlərinə görə, hazırda Misirdə fəaliyyət göstərən üç nazirin anası türkdür. Azərbaycanla Misir arasındakı illik ticarət dövriyyəsi isə 50-60 milyon dollardır. Misir əhalisinin təxminən 30%-ə qədərinin türklərlə qarışığı var.

 

 

(Ardı var)

 

Mahir Həmzəoğlu,

Bakı-Qahirə-Bakı   

 

Xalq Cəbhəsi.- 2009.- 30 oktyabr.- S.11.