Nəsimi rayonunda soyqırımı ilə bağlı dəyirmi masa

 

31 Mart Azərbaycanlıların Soyqırımı günü ilə əlaqədar Nəsimi rayonunda dəyirmi masa keçirilmişdir. Tədbiri rayon icra hakimiyyətinin başçısı Nəsib Məhəməliyev açaraq məruzə ilə çıxış etmişdir. Natiq demişdir ki, tarix boyu təcavüzkar siyasət yeridən və “dənizdən-dənizə böyük Ermənistan” yaratmaq xülyasından əl çəkməyən ermənilər xalqımızı zaman-zaman soyqırımına məruz qoymuş, havadarlarının dəstəyi ilə onu əzəli torpaqlarından çıxarmağı öz məqsədinə çevirmişdir.

 

1918-ci ilin mart qırğını zamanı ermənilər üç gün ərzində Bakıda 12 min soydaşımızın həyatına son qoymuşlar. Sonrakı günlərdə Quba, Şamaxı və digər yerlərdə minlərlə azərbaycanlı xüsusi qəddarlıqla qətlə yetirilmiş, yaşayış məntəqələri və mədəniyyət abidələri dağıdılmışdır. 1918-1920-ci illərdə Qarabağ bölgəsində 50 mindən çox soydaşımız qətlə yetirilib. 1988-ci ildə ermənilərin Qarabağı Azərbaycandan qoparmaq məqsədilə başladıqları müharibə nəticəsində isə torpaqlarımızın 20 faizi işğal edilmiş, 1 milyondan çox soydaşımız qaçqın və məcburi köçkünə çevrilmiş, minlərlə insan amansızlıqla öldürülmüşdür.

N.Məhəməliyev bildirmişdir ki, ermənilərin tarix boyu xalqımıza qarşı törətdikləri bu cinayətlər ulu öndər Heydər Əliyevin 26 mart 1998-ci ildə imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” fərmanda tam dolğunluğu ilə əksini tapmış və bu, soyqırımına siyasi və hüquqi qiymət vermək imkanı yaratmışdır.

Nəsimi rayon icra hakimiyyəti başçısının müavini Zahid Xəlilov çıxışında bildirdi ki, ümummilli liderimizin imzaladığı bu mühüm sənəd həm tariximizə düzgün və obyektiv qiymət vermək, həm də azərbaycanlıların soyqırımı məsələsini dünya ictimaiyyətinə çatdırmaq baxımından böyük əhəmiyyət kəsb edir. Bu, həm də ermənilərin uydurma “erməni soyqırımı” məsələsi ilə bağlı təbliğatına güclü zərbədir.

Sonra Nəsimi bələdiyyəsinin sədri Natiq Abbasov və rayon Gənclər və İdman İdarəsinin rəisi Elbrus Abdullayevin çıxışları dinlənildi.

N.Məhəməliyev dəyirmi masaya yekun vuraraq xalqımıza qarşı soyqırımı həyata keçirənlərin ifşasına və ərazi bütövlüyümüzün bərpasına nail olacağımıza əmin olduğunu dedi.

 

 

Ayaz HƏMİDOĞLU

 

Xalq qəzeti.- 2010.- 1 aprel.- S. 6.