1918-1920-ci illərdə İrəvan quberniyası ərazisində azərbaycanlıların soyqırımı

 

(əvvəli ötən sayımızda)

 

Lalayan daha sonra yazır: “Ermənilər tərəfindən azərbaycanlıların qırılması çoxdan başlamış, dövlət siyasəti səviyyəsinə qaldırılmış və Azərbaycanın hüdudlarından kənara çıxmışdır. Onda təəccüblənməyə dəyərmi ki, ancaq Ermənistanda daşnak hökuməti ”özünün 30 aylıq hakimiyyəti dövründə (may 1918 - noyabr 1920) Azərbaycan əhalisinin 60 faizini qırmışdır." Q. Muradyan erməni hökumətinin Göyçə gölünün şimal sahilində olan azərbaycanlı kəndlərini dağıdan bandit dəstələrinin bədii təsvirini verərək yazmışdır: “...Bizim hökumətin gördüyü tədbirlər nəticəsində...bu kəndlərin (Toxluca, Ağbulaq, Ardanış və b.) əhalisi Ermənistanın sərhədlərini tərk etmişdir. Mən sahibsiz qalan kəndləri gördüm, orda bir neçə pişik, habelə sarsıdıcı sakitlikdən heyrətlənən itlərin qəribə hürüşməsini gördüm. Bu kəndlərin əhalisi çox böyük sahələrdə kartof, buğda və arpa əkini qoyub getmişlər. Hökumət bu kəndlərdən iki milyon pud buğda və yarım milyon pud kartof götürə biləcək.”

4 iyun 1919-cu ildə Azərbaycan xarici işlər nazirinin müavini A.Ziyadxanov Ermənistandakı diplomatik nümayəndəsinin M.Təkinskiyə göndərdiyi məktubda Fövqəladə Parlament Komissiyası yaratmaq üçün İrəvan quberniyasında ermənilərin törətdikləri qırğınlar barədə məlumat toplamağı tapşırır. İyunun 23-də Azərbaycan XİN əvəzi A.Ziyadxanov Ermənistan XİN-ə göndərdiyi teleqramda qaçqınlar probleminin həlli üçün və Ermənistan-Azərbaycan münasibətlərinin nizamlanması üçün hər iki respublikanın nümayəndələrindən ibarət qarışıq parlament-hökumət komissiyasının yaradılmasını təklif edir. 25 iyun 1919-cu ildə Ermənistan XİN Azərbaycan hökumətinə göndərdiyi cavab məktubunda bildirir ki, Ermənistanla Azərbaycan arasında mehriban qonşuluq münasibətləri qurulması üçün Azərbaycan hökumətinin təklifini qəbul edir və hökumətlərarası qarışıq parlament komissiyasının yaradılmasına razıdır. Hər iki tərəfdən 2 nəfər və müttəfiq dövlətlərin nümayəndəsinin iştirakı ilə yaradılacaq komissiya Azərbaycanda ermənilərin və Ermənistanda müsəlmanların vəziyyətini yoxlamaq məqsədilə təşkil edilir.

Lakin Ermənistan hökumətinin bu cavabı Azərbaycan hökumətinin başını diplomatik yazışmalarla qatmağa xidmət edirdi. Arxiv sənədləri sübut edir ki, ermənilər bircə gün də olsun işğalçılıq hərəkətlərindən qalmamışdılar. “Azərbaycan” (rusca) qəzetində 29 iyun-1 iyul 1919-cu il tarixlərində dərc edilmiş “Ermənistanda müsəlmanların vəziyyəti” məqaləsində deyilir: “Ermənistan Respublikasında müsəlmanların vəziyyəti faciəvidir. İrəvanda gözəl evlərin və bağların böyük əksəriyyəti müsəlmanlara məxsus idi... Türk qoşunları İrəvana yaxınlaşdığı zaman şəhərin müsəlman əhalisi nədənsə qorxaraq şəhəri tərk etmişdi. Onların malına , mülkünə Türkiyədən olan qaçqınlar sahib çıxmışdılar. Ermənistan hakimiyyətini qəbul edən müsəlmanlar şəhərə geri qayıdarkən yollarda erməni silahlıları tərəfindən tamamilə qarət edilmişdilər...Varlı bağlara, gözəl evlərə malik müsəlmanları erməni qaçqınları öz evlərinə buraxmadıqlarından qışdan bu yana məscidlərdə sığınacaq tapmışlar...Ermənistan hökuməti minlərlə qarət edilmiş, ac-yalavac, xəstə müsəlmanları açıq havada yaşamağa məcbur edir...

Müsəlmanların çəkdiyi işgəncələri təsvir etmək çətindir. Çoxları buna dözmür və dəli olurlar...Müsəlmanların evlərini zəbt edən ermənilər onlardan külli miqdarda vəsait aldıqdan sonra evlərini qaytarır və müsəlmanlar bundan sonra sığındıqları məscidlərdən evlərinə qayıda bilirlər.

Ermənistan hökuməti qəsdən və düşünülmüş surətdə erməni qaçqınlarını müsəlman məhəllələrində və evlərində məskunlaşdırır...

Əhalisinin əksəriyyətini müsəlmanlar təşkil edən Zəngibasar və Gərnibasar rayonlarının kəndləri Ermənistan hakimiyyətini qəbul etdikdən sonra belə, erməni qaçqınlarını qəbul etmək məcburiyyətində qalıblar. Onların ərzağı insafsızcasına müsadirə edilir, mal-qarası, müxtəlif bəhanələrlə pulları əllərindən alınır. Müsəlman əhli ucdantutma acından ölür və təxirə salınmadan kömək diləyir. Göyçə və Dərəçiçək rayonlarının əhalisinin vəziyyəti daha ağlamalıdır. Bu rayonların əhalisi Ermənistanın indiki hərbi naziri “general Silikovun hərbi dəstələrinin basqınlarına tab gətirməyərək öz ocaqlarını tərk etmişlər.

Azərbaycanın Gürcüstandakı nümayəndəsinin müavini 12 iyul 1919-cu ildə Britaniya qoşunlarının Cənubi Qafqazdakı Komandanına göndərdiyi məktubda bildirir ki, onun hökuməti İrəvan quberniyasında müsəlmanlara zülm edilməsi barədə hər gün məlumatlar alır. Ermənistan nizami ordusu müsəlman kəndlərinə hücumlar edir, qadınlar və uşaqlara belə rəhm etmir. Hər gün yüzlərlə qaçqın Tiflisdən keçərək Azərbaycanda sığınacaq axtarırlar. İrəvan quberniyasının müsəlmanları onların iradəsinin ziddinə olaraq, böyük dövlətlərin sayəsində müvəqqəti olaraq Ermənistan hökumətinin idarəçiliyinə verilmişlər. Bu aktın dərc edilməsindən sonra ingilis komandanlığı bir sıra ictimai təşkilatlardan məsələnin bu cür həllinə qarşı etiraz almışdır. Bu etirazlarda bildirilirdi ki, onlar Ermənistan hökumətinin düşmənçilik münasibətindən çox qorxurlar. Bu narahatçılığın əsaslı olduğu son hadisələrdə özünü göstərdi. Azərbaycan hökuməti adından Ermənistan hökumətinin dinc müsəlman əhalisinə qarşı zorakılıqlarına və repressiyasına son qoyulmasını tələb edir.

“Azərbaycan” qəzeti (rusca) etibarlı mənbələrə istinadən yazırdı ki, iyulun 4-də gecə erməni qoşunları Böyük Vedi, Çimənkənd, Daştıgoravan, Yengicğə və Vedi-Avşar kəndlərini ağır artilleriyadan atəşə tutmuşdur. Böyük Vedi, Çimənkənd və Goravan sakinləri ağır artilleriyanın və iki zirehli qatarın köməyi ilə məhv edilir. Döyüşlər davam edir. Əhali ingilis missiyasının vasitəsilə Ermənistan hökumətinə təsir göstərməyi xahiş edir. Daha sonra qəzet yazırdı: “Erməni quldur birləşmələri Böyük Vedi kəndinə yaxınlaşmışlar. Müsəlman ağsaqqalları ilə ”görüş" üçün rəsmi danışıqlar aparılmalı idi. Gözlənilmədən ermənilər tərəfindən atəşlər açılmışdır. Böyük Vedi kəndinin iki nümayəndəsi - Zeynalabdin Şıxəli oğlu və Nəsulla bəy Bəşirbəy oğlu öldürülmüşdür...

Silahsız azərbaycanlı kəndlilər dinc əhaliyə qarşı hətta artilleriyadan istifadə edən saqqallılara qarşı qəhrəmancasına müqavimət göstərmişlər. 1919-cu ilin yayı ərzində erməni quldur birləşmələri 300 Azərbaycan kəndini yağmalamış və yandırmışlar. On minlərlə adam - kişilər, qadınlar və uşaqlar həlak olmuşdur.

“Azərbaycan” qəzeti (rusca) 9 iyul 1919-cu ildə “İrəvan və Qarabağ” məqaləsində yazırdı: “Daşnakların İrəvan quberniyasında müsəlman əhaliyə qarşı törətdiyi cinayətlər cəzasız qalıb və nə ictimaiyyətə, nə də mətbuata bəllidir. 1918-ci ilin martında ”Bütün müsəlmanlara ölüm" məqsədini elan edən daşnaklar tərəfindən İrəvan quberniyasının Sürməli qəzasının bütün müsəlman kəndləri məhv edilmiş və yandırılmışdır. Qəzanın sakinləri ucdantutma məhv edilmişdir. Quluna, Yaycı, Oba, Qazıqışlaq, Amarat kəndlərinin demək olar ki, bütün əhalisi doğranmışdır. Möcüzə nəticəsində qurtulan 6000 nəfər Dizə kəndinə toplaşırlar ki, Araz çayından keçib İrəvan quberniyasına gəlsinlər. Erməni qoşunları bu kəndi mühasirəyə alıb, əhalini qırırlar. Bədbəxt qurbanların qanını məscidin hovuzuna axıtmışlar...Sürməli qəzasında daş-daş üstə qalmayıb...

Digər qəzaların - Novo-Bəyazid, Eçmiədzin və İrəvan qəzalarının müsəlmanlarının vəziyyəti daha acınacaqlıdır. Bu qəzalarda qırğınlar daha dəhşətli həyata keçirilmişdir. Burada süngülərlə hücum və bombardman edilməklə əsl müharibə gedib. Qəhrəman oğulların sayəsində ermənilərin hücumlarının qarşısının “Qurd qapısı”nda alınması sayəsində yalnız Şərur və Naxçıvan salamat qalmışdır...İrəvanın və qəzaların kütləvi surətdə Qarsa köçən müsəlman əhalisinin vəziyyəti ermənilərin ora gəlməsindən sonra daha da ağırlaşıb. Onlar Anadolu dağlarında sığınacaq axtarmağa məcburdurlar. Görünür, azsaylı erməni xalqına İrəvan quberniyasında müsəlman əhaliyə törətdiyi dəhşətlərin miqyası kiçik gəlir. Xaricdən aldıqları köməklə daşnaklar İrəvan faciəsini Qarabağda da törətməyə çalışırlar.

Azərbaycandakı ermənilərin vəziyyəti ilə İrəvandakı müsəlmanların vəziyyətini müqayisə etmək maraqlı olardı. Ermənilər bizim respublikamızda tamhüquqlu vətəndaşdırlar. Onlar bütün vətəndaş azadlıqlarından istifadə ediblər, parlamentdə və hökumətdə təmsil olunublar, övladlarının təhsili üçün dövlət külli miqdarda vəsait xərcləyir, heç kim onlara toxunmur və digər quberniyalarda özlərinə sığınacaq axtarmırlar. İrəvan müsəlmanlarının isə bir hissəsi məhv edilmiş, bir hissəsi səpələnmişlər və özlərinə heç yerdə sığınacaq tapa bilmirlər." Bu məqalə Azərbaycanda yaşayan ermənilərlə İrəvan quberniyasında yaşayan ermənilərin fərqini əyani şəkildə ifadə edirdi.

Məqalədə adıçəkilən Vedibasarla Şərurun sərhədindəki “Qurd qapısı”nda Araz-Türk hökumətinin özünümüdafiə dəstələri ilə polkovnik Doluxanovun komandanlığında erməni hərbi hissələri qarşılaşmış və ermənilər böyük itki verərək məğlub olmuşdular. Bundan sonra erməni hissələri Dəvəli istiqamətindən Böyük Vedi üzərinə hücuma keçirlər. Döyüşlər Qaralar, Cadqıran, Şirazlı, Reyhanlı və Avşar kəndləri ətrafında gedir. Ermənilər yenə böyük itki verərək geri çəkilirlər. Bir müddət sakitlik olur. İyulun 4-də ermənilər polkovnik Aprosimovun komandanlığında üçüncü dəfə Böyük Vedi üzərinə hücuma keçirlər. Erməni komandanlığı vedililərlə danışıq aparmaq üçün nümayəndə göndərir. Danışıqlar gedən zaman ermənilər fürsətdən istifadə edib irəliləyirlər. Vedililər ermənilərdən geri çəkilməyi tələb edirlər. Lakin ermənilər Böyük Vediyə doğru irəlilədikdə vedililər əks-hücuma keçirlər. Ermənilər bir zabit və 42 süvari itki verərək meydandan qaçırlar. Vedililər 4 pulemyot, 400 tüfəng, xeyli miqdarda sursat ələ keçirirlər. Bundan sonra Ermənistan müdafiə nazirinin müavini Dronun komandanlığında nizami ordu 4-cü dəfə Vediyə hücum edir. Vedi qoşununun komandanı Abbasqulu bəy Şadlinski döyüşə əlverişli mövqeyə malik olan Vedinin özündə başlamağı qərara alır. Ermənilər elə güman edirlər ki, kənd boşalıb, sürətlə irəliləyirlər. Bu zaman vedililər ermənilərin özlərindən ələ keçirdikləri pulemyotlarla atəş açırlar. Bir saata yaxın əlbəyaxa döyüş davam edir. Ermənilər 1000 döyüşçüdən artıq (təqribən əsgərlərinin yarısını) itirərək Yuva kəndinə geri çəkilirlər. Bu zaman ingilis komandanlığı atəşkəs təklif edir və yenidən sakitlik başlayır.

İngilis qoşunlarının Qafqazdan çəkilməsindən bir müddət sonra erməni silahlı qüvvələri quldurbaşı Yaponun komandanlığında Naxçıvan və Şərur-Dərələyəz qəzalarında kütləvi qırğınlar törədirlər. İyulun sonu, avqustun əvvəlində erməni silahlı qüvvələri Dəvəli istiqamətindən yenidən hücuma keçərək əvvəlcə Şirazlını, sonra isə qonşu Şidli, Xalisa, Avşar, Cadqıran, Qaralar, Kiçik Vedi, Şıxlar kəndlərini və Əliməmməd kəndinin bir hissəsini ələ keçirərək artilleriya vasitəsilə evləri darmadağın edirlər. Öz qüvvələrini cəmləşdirdikdən sonra erməni ordusu Milli Dərəsi istiqamətindən hücuma keçərək Çimənkəndi ələ keçirmiş, oradan 5-ci dəfə Böyük Vedi üzərinə hərəkətə keçmişdi. Erməni ordusu 4000 döyüşçü itkisi verərək Araz çayı xətti boyunca mövqe tutmuşdu. Avqustun əvvəlindən etibarən İqdır və Eçmiədzin qəzaları müsəlman kəndlərinin qırğınları başlanmışdı. Həmin bölgələrdə ermənilər 60 kəndi darmadağın etmişdilər. Erməni silahlı qüvvələrinin Vedibasarda törətdiyi qırğınlara etiraz əlaməti olaraq 12 iyul 1919-cu ildə Azərbaycan XİN Ermənistanın Bakıdakı diplomatik nümayəndəsinə etiraz notası göndərmişdi. Notada Ermənistan qoşunlarının Böyük Vedi, Çimənkənd, Gelevan, Paşalı və digər müsəlmanların kəndlərini mühasirəyə alaraq artilleriyadan atəşə tutduğunu və bunun məsuliyyətinin Ermənistan hökumətinin üzərinə düşdüyünü bildirirdi.

Ermənistanın Azərbaycandakı diplomatik nümayəndəsi T.Bekzadyan Azərbaycanın XİN-ə cavab notasında bildirir ki, iyulun 12-də Azərbaycan hökumətinin Böyük Vedi rayonunda baş verən hadisələrlə bağlı etiraz məktubunu almışdır. O, Azərbaycan tərəfinin yanlış informasiyaya malik olduğunu və hadisənin Ermənistanın mübahisəsiz ərazisində baş verdiyini bildirir. T.Bekzadyan guya iyulun 1-də Böyük Vedi və Dəvəli kəndləri arasında 9 erməni əsgərinin və 12 erməni kəndlisinin yerli müsəlmanlar tərəfindən qətlə yetirildiyini qeyd etməklə, ermənilərin törətdiyi Vedibasar qətliamına haqq qazandırmağa çalışır.

Azərbaycanın Gürcüstandakı diplomatik missiyası avqustun 12-də Azərbaycan hökumətinin Böyük Vedi hadisələri ilə bağlı notasının surətini İtaliyanın hərbi missiyasına, Amerikanın Cənubi Qafqazdakı missiyasına, Fransanın hərbi missiyasına, Britaniya qoşunlarının Cənubi Qafqazdakı missiyasına göndərmişdi. Lakin ermənilər İrəvan quberniyasında törətdikləri qırğınlara son qoymamışdılar. Əksinə, qırğınlar Eçmiədzin qəzasında daha sistematik xarakter almışdı.

Azərbaycan hökumətinin Eçmiədzin qəzasında avqust-sentyabr aylarında baş vermiş hadisələrin istintaq edilməsi ilə bağlı tələbinə əsasən Ermənistan hökumətinin 16 oktyabr 1919-cu ildə Ali Komissar polkovnik Haskelə göndərdiyi məktubunda İrəvan quberniyasında erməni ordusunun törətdiyi qırğınlara dolayısı ilə haqq qazandırılırdı. Məktubda deyilirdi: “Avqustun əvvəllərində Naxçıvanda və Şərurda müsəlmanların əhalinin üsyanın baş qaldırmasından sonra Eçmiədzin qəzasında da Ermənistan hökuməti əleyhinə üsyanlara hazırlıq barədə məlumat daxil olub. Yerlərdən alınan məlumatlarda bildirilir ki, bölgəyə çoxlu sayda Türkiyə və Azərbaycan agentləri gəliblər və ayrı-ayrı türk zabitləri müsəlman kəndlərinə toplaşaraq əhaliyə Naxçıvan və Şərur üsyanlarına qoşulmaq üçün hədə-qorxu gəlirlər.” Daha sonra məktubda qeyd edilirdi ki, çobankərəlilər avqustun 19-da 4 erməni polisini öldürüblər. Avqustun 20-də üsyançı qarxınlılar körpünü yandırıblar. Avqustun 23-də üsyançıların Qamışlı kəndindən Qarxına axışdıqları, müsəlmanların Uluxanlıda toplaşdıqları, avqustun 26-da Kərimarx kəndinin tatarlarının da üsyançılara qoşulduğu qeyd edilirdi. Guya Qurduqlu (sonralar Hoktemberyan) rayonunda iğtişaşların baiskarı Canfida və İydəli kəndlərinin tatarları olublarmış. Canfida kəndinin müsəlmanlarını Ermənistan hökumətinə tabe olmağı tələb etdikdə atışma baş verdiyi, bir neçə erməni milisionerinin yaralandığı, 16 tatarın öldürüldüyü, Kərimax kəndinin əli silah tutan kişilərinin kəndi tərk edərək üsyançılara qoşulduqlarından 480 qadın, qoca və uşaq kənddən sürüldüyü (əslində girov götürüldüyü-N.M) həmin məktubda etiraf edilmişdi.

Himayəçilik Nazirliyinin Ermənistandakı müvəkkili Teymur bəy Makinskinin 11 noyabr 1919-cu ildə Himayəçilik Nazirliyinə məruzəsində Ermənistan hökumətinin əsl siması açılırdı: “1918-ci ilin fevralından davam edən qırğınlar nəticəsində 0,5 milyon əhali dilənçi vəziyyətinə düşüb. (Naxçıvan qəzasından, Şərur məntəqəsindən, Sürməli məntəqəsinin 2-3-cü polis sahələrindən və Zəngibasar rayonundan başqa). Həmin ərazilərdə müsəlman əhli hər şeyini itirib. Dağıntıya məruz qoyulan rayonlarda əhali 200 min nəfərdən artıqdır. Onlar xəstəlikdən və aclıqdan məhv olurlar, dəfələrlə talanlara və qırğınlara məruz qalıblar. Bu kateqoriyaya İrəvan şəhərinin müsəlmanları, Zəngibasarın Göykümbət, Arbat, Ağcaqışlaq və Çarbax kəndləri aiddir. Qəti demək olar ki, ölənlərin sayı 100-120 min nəfərdir. 50 min nəfər Azərbaycana qaçqın kimi gəlib. Təqribən bir o qədər İrəvanda, Zəngibasar rayonunda, Sürməli qəzasının 2 məntəqəsində və Eçmiədzində yaşayırlar. Qalan qaçqınlar Naxçıvan qəzasına, Şərur məntəqəsinə, Sürməli qəzasının 3-cü sahəsinə və Qars vilayətinin Qağızman dairəsinə sığınıblar. Bəziləri Maku xanlığına və Türkiyə ərazisinə köçüblər. İndiki məqamda 50 min nəfərə ərzaq yardımı (un, taxıl və çörək şəklində) göstərilməlidir.

İrəvan şəhərində aclıq keçirən əhalinin sayı 8 min nəfərdir.”

 

 

(ardı var)

 

Nazim MUSTAFA,

AMEA-nın A.Bakıxanov adına

Tarix İnstitutunun elmi işçisi

 

Xalq qəzeti.- 2010.- 1 aprel.- S. 4.