Azərbaycan diplomatiyasının uğurları artdıqca Ermənistanın vəziyyəti daha da ağırlaşır, manevr imkanları tükənir

 

Minsk qrupu həmsədrlərinin son bəyanatı da bu sahədə irəliləyiş olduğunu göstərir

 

Azərbaycan ərazilərinin 20 faizini işğal etmiş təcavüzkar Ermənistan dövləti son iki-üç ildə iki istiqamətdən çox böyük təzyiqlərə məruz qalır. Birinci istiqamət Azərbaycanın gündən-günə daha qüdrətli iqtisadiyyata malik olması, hərbi potensialın durmadan artırılması, xalqımızın işğal altında olan torpaqları istənilən yolla azad etmək qətiyyəti nümayiş etdirməsi və Ali Baş Komandanın göstərdiyi siyasi iradədir. Rəsmi İrəvan bu amillər qarşısında əl açıb dilənməkdən başqa yol tapa bilmir. Digər tərəfdən isə beynəlxalq təşkilatlar və aparıcı dövlətlər Xəzər—Qara Dəniz hövzəsindəki sosial-iqtisadi inkişafın qarşısında əngəl olan Ermənistanı “daşı ətəyindən tökməyə” çağırırlar. Çünki Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll edilməmiş qalması artıq heç kəsə sərf etmir. Ən çox isə Ermənistanın özünə.

 

Azərbaycan rəsmilərinin, xüsusən, Prezident İlham Əliyevin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması barədə gedən bütün söhbətlərdə öz prinsipial mövqeyini dönə-dönə dilə gətirməsi işğalçı Ermənistanda qətiyyən sakitliklə qarşılana bilməzdi. Erməni siyasətçiləri İrəvan rəhbərliyinə dönə-dönə xatırladırdılar ki, Prezident İlham Əliyev “icra edəcəyik” — dediyi bütün layihələrin icrasına nail olmuş siyasətçidir. “O, münaqişənin həllində heç bir variant istisna deyildir — ifadəsini də təkcə Azərbaycan və Ermənistan siyasətçiləri üçün demir, bütün dünya siyasətçiləri üçün söyləyir. Dünya isə daha çox nefti və qazı olan ölkələri dəstəkləyir. Yəni İlham Əliyevin hərb yolu seçməsi beynəlxalq aləmdə əngəllənməyəcək”. Ayıq ermənilər belə düşünür və rəsmi İrəvanı ağıllı variantlar düşünməyə çağırırdılar. Bəs “ağıllı variantlar” dedikdə nələr nəzərdə tutulur? Əlbəttə, Türkiyə və Azərbaycanla münasibətlərin yaxşılaşdırılması. İqtisadi tənəzzül girdabından xilas olmaq üçün Türkiyə ilə diplomatik münasibətlərin normallaşdırılması və sərhədlərin açılması, beynəlxalq aləmin təzyiqlərindən yayınmaq üçün isə Azərbaycanla aparılan danışıqlarda müəyyən güzəştlərə hazır olmaq. Ermənistan rəhbərliyi iqtisadi tənəzzüldən və beynəlxalq təzyiqlərdən xilas olmağı istəsə də, bunun üçün lazım olan addımları atmağa cəsarət tapa bilmir. Əvəzində isə Serj Sarkisyan gündə bir cəfəng bəyanatla beynəlxalq ictimaiyyətin başını qatmağa çalışırdı. Ermənistan Prezidenti hətta, Azərbaycanı hərbi yolu birdəfəlik istisna edən saziş imzalamağa çağırmaqdan belə utanmadı. Rəsmi Bakının bu çağırışa informasiya kanalları ilə verdiyi cavab isə birmənalıdır: “Bəli, biz bütün hərbi müdaxilələri birdəfəlik istisna edən saziş imzalamağa hazırıq. Ancaq Azərbaycanın ərazi bütövlüyü bərpa ediləndən və qaçqın-köçkünlər öz doğma yurd-yuvalarına qayıtdıqdan sonra”.

Əlbəttə, beynəlxalq hüququn təməl prinsiplərinə, konfliktoloqların qələmə aldığı çoxillik təcrübələrə, region ölkələrinin maraqlarına, ən başlıcası isə Azərbaycan Respublikası Konstitusiyasının müddəalarına əsasən verilən həmin cavab dünya ictimaiyyəti tərəfindən anlayışla qarşılandı. Ermənilər isə bu şərtin ortaya qoyulacağını gözləmir, guya Azərbaycanın hansısa bir sazişə razılaşacağını düşünürdülər. İrəvanın dünya ictimaiyyətini aldatmaq istədiyi həmin məqamda rəsmi Bakı ermənilərin cavabını ən rəsmi səviyyədə verdi. Prezident İlham Əliyev martın 20-də Bakıda keçirilən Novruz şənliklərinin açılış mərasimində söylədiyi nitqdə Azərbaycanın hansı sazişi imzalamağa hazır olduğunu ermənilərə bir daha bəyan etdi:

“— Biz danışıqlar prosesində öz prinsipial mövqeyimizdən bir addım geri atmamışıq. Bir neçə il bundan əvvəl nəyi demişiksə, bu gün də həmin mövqeyin üstündə dururuq. Azərbaycanın ərazi bütövlüyü heç vaxt danışıqlar mövzusu olmayıbdır və olmayacaqdır. Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır. İşğalçı qüvvələr işğal edilmiş bütün torpaqlardan çıxarılmalıdır, Azərbaycan vətəndaşları oraya qayıtmalıdırlar. Dağlıq Qarabağda yaşayan ermənilər və Dağlıq Qarabağa qayıdacaq azərbaycanlılar yüksək muxtariyyət statusunda yaşamalıdırlar... Yəni Dağlıq Qarabağa Azərbaycandan kənarda statusun verilməsi qətiyyən qəbuledilməzdir. Bu, bizim prinsipial mövqeyimizdir”. Göründüyü kimi, qondarma saziş ideyası ilə beynəlxalq ictimaiyyətin gözünə kül üfürməyə çalışan, gündə bir bəyanat verən Ermənistan rəhbərliyindən fərqli olaraq Azərbaycan Prezidenti dövlətimizin rəsmi mövqeyini hamıya açıq və konkret şəkildə bəyan edir.

Bütün bunlarla yanaşı Azərbaycan Prezidenti əmin olduğunu bildirir ki, vəziyyət Azərbaycanın xeyrinə əsaslı surətdə dəyişir: “Hesab edirəm ki, məsələnin həlli üçün bu gün yaxşı imkanlar vardır. Azərbaycan həm öz diplomatik səylərini gücləndirir, həm də danışıqlarda konstruktiv mövqe nümayiş etdirir. Bununla bərabər imkanlarını səfərbər edib özünü gücləndirir. Bu güclənmə iqtisadi sahədə, hərbi sahədə özünü büruzə verir. Biz bunu gizlətmirik. Biz müharibə şəraitində yaşayırıq. Təsadüfi deyil ki, bizim dövlət xərclərimizin əsas hissəsi müdafiə məqsədlərinə yönəldilibdir”.

Dünya ictimaiyyətinə yaxşı məlumdur ki, Azərbaycanın iqtisadi imkanları gündən-günə artır və həmin imkanların əsas hissəsi müdafiə məqsədlərinə yönəldilir. Bu isə o deməkdir ki, rəsmi Bakı ölkənin ərazi bütövlüyünün bərpası üçün bütün variantlara hazırlaşır. Ona görə də beynəlxalq təşkilatlar, xüsusən, ATƏT-də bilavasitə Ermənistan—Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün yaradılmış Minsk qrupunun həmsədrləri bu istiqamətdə olan fəaliyyətlərini getdikcə daha da iniensivləşdirirlər. Həmsədrlərin tez-tez müxtəlif şəhərlərdə görüşməsi, bölgəyə çoxsaylı səfərləri də həmin intensivləşmənin nəticəsidir. Martın 26-dan 29-dək İrəvan və Dağlıq Qarabağda səfərdə olmuş həmsədrlər həm qondarma qurumun rəhbərləri ilə, həm də Ermənistan prezidenti Serj Sarkisyan və xarici işlər naziri Edvard Nalbandyanla görüşmüşlər. Əsas məqsəd münaqişənin dinc yolla nizamlanması üçün yaradılmış baza prinsiplərinin müzakirə edilməsi idi. Həm Parisdə keçirilmiş, həm də dövri olaraq regionda keçirilən görüşlərin nəticəsi olaraq tərəflərin mövqeyini öyrənmək, daha doğrusu, tərəfləri bu prinsiplərlə razılaşdırmaq istəyən həmsədrlər Robert Bratke (ABŞ), Bernar Fasye (Fransa) və Yuri Merzlyakov martın 30-da birgə bəyanat yaymışlar. Bəyanatda bildirilir ki, tərəflər münaqişənin Madrid prinsipləri çərçivəsində — sülh yolu ilə nizamlanmasına hazır olduqlarını bildiriblər.

Qeyd edək ki, Madrid prinsipləri deyilən təkliflər paketini Azərbaycan qəbul etsə də, rəsmi İrəvan həmin sənədə qarşı da əsassız olaraq iradlar tutur, cığallıq edirdi. Artıq İrəvanın nazı ilə oynamaqdan yorulmuş dünya ictimaiyyəti isə hər kəsə öz yerini göstərməyin, hamını öz adı ilə çağırmağın vaxtı olduğunu anlayıb. Odur ki, ekspertlərin fikrincə, İrəvanın Madrid prinsiplərini qəbul etməyə razılıq verməsi Azərbaycanın siyasi-diplomatik gedişlərinin nəticəsi olmaqla yanaşı, beynəlxalq ictimaiyyətin təzyiqlərinin nəticəsi kimi də qiymətləndirilir.

 

 

İttifaq MİRZƏBƏYLİ

 

Xalq qəzeti.- 2010.- 1 aprel.- S. 1.