“Onu hər dəfə oxuyanda elə bil tilsimə düşürəm”

 

Bəxtiyar Vahabzadə Səməd Vurğunun tədqiqatçısı kimi

 

Bəxtiyar Vahabzadə ədəbi fəaliyyəti son dərəcə çoxşaxəli olan bir şairdir. O, altmış ildən çox bir dövrü əhatə edən yaradıcılığı ərzində ədəbi tənqid ilə də ciddi və ardıcıl məşğul olmuşdur. Şairin yaradıcılığının bu sahəsi onun həm bir sənətkar kimi görüşlərini öyrənmək baxımından, həm də özündən əvvəlki ədəbi prosesə münasibətini müəyyən etmək cəhətdən önəmlidir. B.Vahabzadə yaradıcılığını bu yönümdən səciyyələndirmək lazım gəlsə, biz, onun böyük şairimiz Səməd Vurğun haqqında tədqiqatlarını və məqalələrini xüsusi qeyd etməliyik.

 

Əvvələn ona görə ki, S.Vurğun B.Vahabzadəyə ən yaxın şairdir, öz poetik ruhu, düşüncə tərzi və təbiəti ilə B.Vahabzadə bu dahi şairə qırılmaz mənəvi yaradıcılıq telləri ilə bağlıdır; ikincisi, S.Vurğun XX əsr poeziyasında həm də yalnız Azərbaycan miqyasında deyil, keçmiş SSRİ və türk xalqları miqyasında elə böyük sənət hadisəsidir ki, heç bir şair, yazıçı və yaxud tənqidçi ona münasibətsiz keçinə bilməz. O da həqiqətdir ki, B.Vahabzadə bir şair kimi məhz S.Vurğun poeziyası ilə, onun poetik məktəbi ilə tərbiyələnmiş və formalaşmışdır.

B.Vahabzadə S.Vurğun poeziya məktəbinə daxil olan şairdir. Onun tənqidçi və tədqiqatçı kimi ilk növbədə, S.Vurğun poeziyasını öyrənməsi daha çox məhz bu yaradıcılıq amili ilə izah olunmalıdır. Görünür, buna görədir ki, B.Vahabzadə böyük müasirindən yalnız vaxtaşırı söz açmaqla kifayətlənməmiş, həm də onun yaradıcılığını tədqiq etmiş, böyük şair haqqında bir sıra monoqrafik tədqiqat əsərləri yazmışdır. S.Vurğun irsinin tədqiqini şair sonrakı illərdə də davam etdirmiş, 1965-ci ildə “S.Vurğunun həyatı və yaradıcılıq yolu” mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. Buraya bir sıra məqalələrini, müsahibələrini və tənqidi çıxışlarını da əlavə etsək, görərik ki, S.Vurğun mövzusu B.Vahabzadənin tədqiqatçılıq fəaliyyətində daimi və davamlı bir mövzudur. Bir yazısında bu poeziyadan bəhs edərkən onun belə deməsi də təsadüfi deyildi: “S.Vurğun şeiri elə bir tilsimdir ki, bu şeirin məzmunundanmı, formasındanmı, deyim tərzindənmi öyrənməmişik demək çətindir. Mən bu ustad şairi hər dəfə oxuyanda elə bir tilsimə düşürəm ki, bu tilsimin nə adını, nə ünvanını, nə ilkini, nə də sonunu tapa bilirəm. Öz qaynağını xalq yaradıcılığı çeşməsindən götürmüş bu sənət xalqın dühası kimi zəngin və zənginliyi qədər də sadədir. Bizi çaşdıran da bu sehrli sadəlikdir. Bu sənət bizi sadəliyi, büllurluğu və bu sadəliyin içindəki müdrikliyi ilə sehrləyir. Əsl və böyük sənətin də sirri izaha çətin gələn bu sadəlikdə və bu sadəlik içindəki qeyri-adilikdədir”.

Bəxtiyar Vahabzadə Səməd Vurğunun şeirlərini təhlil etməklə yanaşı, onun başqa xalqların dilindən etdiyi tərcümələrdən də yan keçməmişdir. Səməd Vurğunun gürcü şairi Şota Rustavelidən “Pələng dərisi geymiş pəhləvan” əsərinin bir hissəsini, Puşkinin “Yevgeni Onegin” poemasını, macar şairi A.Şidaşın “Sevgi poeması”nı dilimizə etdiyi tərcümələrdən söhbət açan Bəxtiyar Vahabzadə onun bu fəaliyyətini yüksək qiymətləndirərək yazır: “Səməd Vurğunun etdiyi tərcümələrə yalnız bir tərcüməçi işi kimi baxmaq olmaz, bunlar eyni zamanda şairin həmin xalqların mədəniyyət və ədəbiyyatına bəslədiyi məhəbbət və hörmətin ifadəsidir”.

B.Vahabzadə S.Vurğunun həyat və yaradıcılığının tədqiqinə ömrünün xeyli illərini həsr etmişdir. Belə ki, S.Vurğun haqqında ilk kitabı 1965-ci ildə, daha fundamental monoqrafiyası isə 1968-ci ildə çapdan çıxmışdır. B.Vahabzadənin “Xalq şairi S.Vurğun” adlı monoqrafiyası böyük Azərbaycan şairinə həsr edilmiş ilk fundamental tədqiqat əsərlərindən biridir. Məlumdur ki, 1954-cü ildə B.Vahabzadə “S.Vurğun poeziyası” mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. Monoqrafiya da müəllifin bu tədqiqatı əsasında hazırlanmışdır. Belə ki, burada böyük şairin yalnız poeziyası yox, dramaturgiyası da əhatə olunurdu. Beləliklə, bu əsəri müəyyən mənada S.Vurğunun yaradıcılığının monoqrafik tədqiqatı istiqamətində ədəbiyyatşünaslığın ilk təşəbbüslərindən hesab etmək lazımdır.

Mir Cəlal S.Vurğun yaradıcılığının 1924-1932-ci illər dövrünü axtarışlar, tərəddüdlər və ziddiyyətlər dövrü adlandıraraq haqlı olaraq onun 8-9 illik yaradıcılığını “mürəkkəb bir proses” adlandırır. Onun “Müəllimlik”, “Şəkil”, “Orda”, “Ondan da gözəldir”, “Hazır olunuz”, “Oktyabr”, “Sənət”, “İngilis”, “Bahar sərgisi” şeirlərindəki zəif şəkildə də olsa yeni həyat quruculuğunun, insan duyğularının, ictimai motivlərin təsvir və tərənnümü öz əksini tapdığını B.Vahabzadə doktorluq işində geniş şərh edir.

O, Səməd Vurğunun “Komsomol poeması” haqqında yazır: “Bu əsər, poema janrının ən gözəl nümunəsidir. Səməd Vurğunun bəzi poemalarında gördüyümüz sözçülük, təsvirçilik burada yoxdur, daha doğrusu, şair özü kənara çəkilmiş, insan xarakterləri yaratmış, nəticəni isə oxucunun ixtiyarına buraxmışdır. Poemanın sənətkarlıq cəhətlən ən üstün olan xüsusiyyəti də budur”.

Müəllif şairin yaradıcılığının ideya təkamülünü, poetik üslubunun əsas əlamətlərinin təşəkkülünü göstərərkən, eyni zamanda bir mühüm cəhətə – bu təkamülü şərtləndirən ədəbi-tarixi amillərə və ənənələrə xüsusi diqqət yetirən B.Vahabzadə şairin müharibə dövrü lirikasını, yaxud müharibədən sonrakı poemalarının (“Muğan”, “Köhnə dostlar”, “Aygün”) ən əsas mövzu və ideya xüsusiyyətlərini təhlil etməsi ilə şairin yaradıcılığının yeni, daha yetkin mərhələsini müəyyənləşdirirdi. Eyni sözü S.Vurğun dramaturgiyasına həsr edilən təhlillər barədə də demək mümkündür.

B.Vahabzadə monoqrafiyasının bir müsbət cəhətinin də S.Vurğun poeziyasının novatorluğunu təyin etməkdən ibarət olduğunu xüsusi göstərməliyik. Burada S.Vurğunun novatorluğu probleminin, ümumiyyətlə çox mürəkkəb bir yaradıcılıq və nəzəri problem olduğunu da qeyd etmək yerinə düşərdi. Çünki novatorluq S.Vurğun şeirində heç vaxt zahiri, formal səciyyə daşımamışdır. S.Vurğun novatorluğu, hər şeydən əvvəl onun poeziya, sənət fəlsəfəsi, yaradıcılıq konsepsiyası ilə şərtlənən bir məsələdir. Şairin lirik qəhrəmanı yeni insanın obrazı olaraq meydana çıxır. S.Vurğun poeziyasının novatorluğunu göstərərkən müəllif haqlı olaraq bu novatorluğu romantika ilə izah edir. Monoqrafiyada romantika problemi S.Vurğun poeziyasının fundamental nəzəri və metodoloji problemi səviyyəsində qoyulur və təhlil olunur.

Romantika, romantizm S.Vurğun sənətinin dəyişməz xüsusiyyət və prinsiplərindən olmuşdur. Buna görə də şairin yaradıcılığının çox mühüm və siqlətli problemləri sırasında romantika probleminə ayrıca diqqət yetirilməsi təqdirəlayiqdir. B.Vahabzadə doğru yazırdı: “Romantika S.Vurğun poeziyasının üzvi bir məziyyətidir”. S.Vurğunda romantika başqa bir məsələ ilə—müsbət qəhrəman problemi ilə əlaqədar olmuşdur ki, B.Vahabzadənin də monoqrafiyada bu konsepsiyaya tərəfdar çıxdığını qeyd etmək vacibdir. B.Vahabzadə şairin romantik poeziyasını izah edərkən bu bədii-estetik amilə də diqqəti cəlb edir. Monoqrafiyada bu cəhətdən “Muğan” poemasının təhlili məzmunlu və əhatəlidir. B.Vahabzadə S.Vurğun poemalarına məxsus bu üsulu “canlı həyatın özünü göstərmək əvəzinə, həyat haqqında, onun canlı iştirakçıları haqqında mühakimə yürütmək” üsulu kimi müəyyənləşdirir. B.Vahabzadə yazır: “Biz S.Vurğunun üslubunu “Komsomol poeması”nda görürük. Onun əsl yolu bu yoldur. Bu, yalnız S.Vurğunun yolu deyil, həqiqi söz və sənət sahiblərinin yoludur”. S.Vurğun böyük lirik şair idi. Ancaq bu lirika epik əhatəliliyə, epik təfəkkürə meyl edirdi, – bunsuz onun poeziyasını qətiyyən təsəvvür etmək olmaz. B.Vahabzadə yazır: “1952-ci ildə “Aygün” poeması dərc olunan kimi əsər amansızcasına tənqid atəşinə tutuldu. Əslində bu ədəbi tənqiddən çox təhqir idi. Bütün bu hücumlardan kədərlənən şair ona böhtan atan, onu incidən adamların iç üzünü açan bir neçə şeir yazır, lakin çap etdirmir. Biz həmin şeirləri şairin arxivindən tapdıq, bir qismini dövri mətbuatda dərc etdirdik”. B.Vahabzadə doğru mühakimə yürüdür ki, epik plan, geniş həyati lövhələri əks etdirən “Aygün” öz xarakteri ilə “Komsomol poeması”nı xatırladır. Çünki burada obrazlar tərənnüm olunur, öz fərdi xüsusiyyətləri ilə göstərilir”.

B.Vahabzadə şairin dramaturgiyaya müraciətini onun bütövlükdə poeziyasının daxili bir keyfiyyəti ilə izah edir, poemalarına xas insanı konkret və epik planda göstərilməsi xüsusiyyətləri ilə bağlıdır. S.Vurğunun dramaturgiyası onun “epik növlü poemalarının üzərində yaranmışdır” – tədqiqatçının çıxardığı bu nəticə bizə doğru və düzgün görünür. Səciyyəvidir ki, bu fikir monoqrafiyada ancaq müşahidə səviyyəsində qalmır, ayrı-ayrı əsərlərin, məsələn, deyək ki, “Vaqif” dramının timsalında sübuta yetirilir, Vaqifin obrazına, taleyinə və dövrünə S.Vurğun poeziyasında müraciətin ədəbi və mənəvi əsasları göstərilir. B.Vahabzadənin “Səməd Vurğun” monoqrafiyası böyük şairin yaradıcılığına həsr olunmuş dəyərli və əhəmiyyətli bir tədqiqat hesab edilməlidir. Beləliklə, B.Vahabzadənin məqalələrində, elmi araşdırmalarında böyük S.Vurğun haqqında, onun şəxsiyyəti və sənəti, onun XX əsr ədəbiyyatında yeri haqqında fikirləri müəllifin bu poeziyanın mənəvi və sənət dəyərlərini dərk etmək istiqamətində uzun illik axtarışlarının nəticəsi və yekunu hesab edilə bilər. Tədqiqatçı şairin vaxtaşırı Vurğun irsinə müraciəti bununla izah oluna bilər. O da çox mühümdür ki, B.Vahabzadə hər dəfə S.Vurğundan söz açarkən, hər şeydən əvvəl ədəbiyyatın ötəri təzahürlərindən yox, gələcəyə ünvanlanan böyük bir hadisədən söz açır. B.Vahabzadə üçün S.Vurğun irsini tədqiq etmək böyük poeziya məktəbini, böyük sənət məktəbini tədqiq etmək deməkdir.

 

 

Mail DƏMİRLİ

 

Xalq qəzeti.- 2010.- 4 aprel.- S. 8.