Kimlər gəldi, kimlər getdi...

 

Ağsuda mərhum aktyor Səməndər Rzayevin xatirəsi yad edilmişdir

 

Onun sənəti əsl möcüzə idi. Xalq onu sevirdi. Tamaşalardakı, filmlərdəki rollarının sözləri dillər əzbəri olmuşdu. Səməndər Rzayev sözün əsl mənasında qibtə ediləsi sənətkar idi. Hansı rolu oynayırdısa ona sanki yeni həyat bəxş edirdi. Sənətinin vurğunu idi Səməndər müəllim. Klassik və müasir aktyor sənətinin nümunələrindən məharətlə bəhrələnən aktyor milli teatrımızın, kino sənətimizin inkişafına ləyaqətlə xidmət göstərmişdir.

 

Bu yaxınlarda böyük sənətkarın doğulduğu Ağsu şəhərində onun 65 illik yubileyi təntənə ilə qeyd olundu. Xatirə gecəsinin təşkilatçıları AMEA-nın N.Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Aran Regional şöbəsi və Ağsu Rayon İcra Hakimiyyəti idi.

 

Baharın gəlişinin xoş ovqatı iştirakçıların əhvalına da təsir göstərmişdi. Ağsulular öz həmyerlilərinin xatirəsini yad etmək üçün uzaq kəndlərdən belə tədbirə qoşulmuşdular. Tədbirin aparıcısı Milli Ədəbiyyat Muzeyinin Aran Regional şöbəsinin müdiri, filologiya elmlər namizədi Yaqut Bahadurqızı ilk sözü Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Ənvər Seyidəliyevə verdi. Sonra Milli Məclisin deputatı Ərəstun Cavadov danışaraq Səməndər Rzayev haqqında ürək sözlərini söylədi.

Milli Məclisin deputatı, AMEA-nın N.Gəncəvi adına Milli Ədəbiyyat Muzeyinin direktoru, AMEA-nın müxbir üzvü Rəfael Hüseynov aktyorun yaradıcılığının mühüm məqamlarından söhbət açdı. Qeyd etdi ki, Səməndər Rzayev Azərbaycan teatr və kino sənətinin inkişafında çox mühüm xidmətləri olan aktyorlardandır.

Tədbirdə aktyorun çəkildiyi filmlərdən, radiodakı çıxışlarından istifadə olunurdu. Respublikanın xalq artistləri Rasim Balayev, Fuad Poladov, Yaşar Nuri, Firəngiz Mütəllimova, Hacı İsmayılov, Telman Adıgözəlov, əməkdar artist Hicran Hüseynov, məşhur jurnalist İntiqam Mehdizadə öz çıxışlarında bu böyük sənətkarla birgə işlərindən, onun sənətkarlıq xüsusiyyətlərindən geniş bəhs etdilər.

Tədbirdə, xalq artisti, Teatr Xadimləri İttifaqının sədri Azərpaşa Nemətov Səməndər Rzayevin teatrımızın inkişafındakı xidmətlərindən geniş bəhs etdi, onun sənətinə dövlətimiz tərəfindən böyük qiymət verildiyini bildirdi. Ulu öndər Heydər Əliyevin ona əməkdar artist fəxri adının verməsini isə xüsusi olaraq vurğuladı. Qeyd etdi ki, Səməndər Rzayev həm də Dövlət mükafatı laureatı idi. 1967-ci ildən ömrünün sonuna kimi Azərbaycan Akademik Milli Dram Teatrında onlarla tamaşada rollar oynamışdır. Hamlet, Yağışdan sonra, Sən yanmasan, Qəribə oğlan, Dəli yığıncağı, Aydın, Xəyyam, Qılınc və qələm, Bağlardan gələn səs, Həyatın dibində və başqa tamaşalarda yaddaqalan obrazlarla teatr tariximizdə özünə şərəfli yer qazanmışdır.

Çıxış edənlər onun çəkildiyi filmlər və televiziya tamaşaları haqqında da danışdılar. Qeyd olundu ki, Səməndər Rzayevin Babamızın babasının babası, Babək, Nəsimi, Bəyin oğurlanması və başqa filmlərdə ifa etdiyi unudulmaz qəhrəmanlar bu gün də xalqımız tərəfindən sevilir.

Səməndər Rzayevin televiziya tamaşalarında yaratdığı rollar, radiodakı Bulaq verilişində ürək oxşayan səsi, eləcə də filmlərin dublyajındakı qeyri-adi ifası heç zaman unudulmayacaq.

Tədbirin maraqlı məqamlarından biri də Ağsuda mərhum sənətkarın adı verilmiş Yaradıcılıq Mərkəzindən uşaqların burada iştirakı oldu. Və bir də məlum oldu ki, yaxın vaxtlarda həmin Mərkəz inşasına başlanmış yeni binaya köçürüləcək.

Tədbirin gedişində əməkdar artist Zakir Əliyevin, xanəndələrdən Abgül Mirzəliyevin, Nigar Şabanovanın çıxışları iştirakçıların xüsusi marağına səbəb oldu.

Teatrdakı, kinofilmlərdəki rolların, eləcə də aktyorun ömrünün mühüm anlarını canlandıran fotoşəkillərin sərgisi də maraqla qarşılandı.

 

 

M.MÜKƏRRƏMOĞLU

 

Xalq qəzeti.- 2010.- 7 aprel.- S. 5.