İnsan mətanəti

 

Yazıçı-jurnalist Ziyəddin Sultanovun “Göylərdən gələn gəlin” povesti haqqında qeydlər

 

Vətən, millət yolunda canını fəda edən, abad şəhərlər, kəndlər salan, sənət abidələri ucaldan, namus, qeyrət mücəssəməsi olan, yüksək əqidəli, yüksək mənəviyyatlı, qətiyyətli, mətanətli insanlar ədəbiyyatın baş qəhrəmanı olur. Bəzən həyatın, gəncliyin şirinliyini hələ doyunca dadmayan, öz ailə qayğıları ilə yaşayan, gələcəyə böyük ümidlər bəsləyən nikbin təbiətli adi bir insan — bir gənc belə bədii əsərin qəhrəmanına çevrilir. İstedadlı yazıçı-jurnalist Ziyəddin Sultanovun “Göylərdən gələn gəlin” adlı povestinin qəhrəmanı 24 yaşlı Səma kimi. Səma və adını çəkdiyimiz əsərdə iştirak edən insanların heç biri nə xəyali qəhrəman, nə də prototipdirlər. Onlar erməni faşistlərinin vəhşiliklərinə məruz qalmış, ölümlə üz-üzə dayanan əməksevər, mərd və fədakar insanlardır.

 

Ziyəddin Sultanov Azərbaycanı, onun əsmər güşələrini qarış-qarış gəzmiş yazıçıdır. O, Qarabağın başıdumanlı, vüqarlı dağlarını sevir, onun təbiətinə vurğundur, çöllərində, çəmənlərində bitən otları, çiçəklər iyindən, ətrindən tanıyır. Ziyəddin Sultanov hadisələrin, əhvalatların, məqamların, mətləblərin arxasında duran zəhmətkeş, vətənpərvər insanların çoxu ilə ünsiyyətdə olub, onlarla dostluq edib. O, bu insanların başına gətirilən ağlasığmaz hadisələrə, axıdılan günahsız qanlara, xarabazara çevrilən abad şəhərlərimizə kənarda durub müşahidəçi kimi baxa, biganə qala bilməzdi. Sənətkar əsrinin övladıdır. Məhz bütün ədalətsizliklər xalqının vətənpərvər oğlu kimi onu qəzəbləndirir, rahatlığını pozur, fikir və hisslərini, düşüncələrini pərən-pərən edirdi.

Yazıçı Ziyəddin Sultanovun erməni vandallarına qəzəbi, nifrəti artdıqca qələmi daha da güclənir. O, qələmini süngüyə çevirir, sözün qüdrətilə erməni faşistlərinin cinayətlərini bəşəriyyətə, sülhsevər insanlara çatdırır. Yazıçının silahı sözdür, çünki sözdə kəsmək, yandırmaq keyfiyyəti var — qılınc kimi, atəş kimi... Ziyəddin Sultanovun Qarabağ mövzusunda əsərləri — “Qarabağın qara günləri”, “Xocalı faciəsi” “Ağdərədən gələn var” “Burdan bir atlı keçdi”, “Əsirlər, girovlar, itkilər” “Qarabağ müharibəsi: faktlar, hadisələr, düşüncələr” və s. kitabları mübaliğəsiz demək olar ki, tələbkar oxucuların stolüstü kitablarına çevrilmişdir. Qeyd etmək lazımdır ki, yazıçı Ziyəddin Sultanov yaradıcılığa müharibədən əvvəl başlasa da, onun qələminin gücü, bədii istedadı Qarabağ müharibəsi dövründə daha da parlamışdır. Bunu yuxarıda adlarını çəkdiyimiz kitablar da sübut edir.

Yazıçının yaradıcılıq diapozonu genişdir. O, müxtəlif mövzularda yazılmış bir çox kitabların da müəllifidir. Onun “Məni də sevən var”, “Ömür keçdi, gün keçdi”, “Bir qonağam bu dünyada”, “Kəklik”, “Xatırla məni” və s.publisist kitabları ədəbi ictimaiyyət tərəfindən rəğbətlə qarşılanmışdır. Yazıçının bu günlərdə işıq üzü görmüş növbəti kitabı isə “Göylərdən gələn gəlin” adlanır.

Bax, yazıçının sevə-sevə təsvir etdiyi, qəlbinin odu ilə isitdiyi, rəssam kimi portretini cızdığı qəhrəmanı Səma Laçının bu ecazkar təbiətinin qoynunda dünyaya göz açmışdır.

Laçında ziyalı ailələr çox olmuşdu. Belə ailələrdən biri də Kərimovlar ailəsi idi. Kərimovlar ailəsinə 31 dekabr 1969-cu ildə xoşbəxtlik üz vermişdi, qızları Səma dünyaya gəlmişdi. Valideynlərin sevincinin həddi-hüdudu yox idi. Onlar bu zərif məxluqa — körpəyə Səma adı verdilər. Çünki doğulan körpənin üzü Səma kimi aydın və şəffaf idi. Gözaydınlığına gələn qohum-əqrəba, ailənin dost-tanışları körpəni əllərinə götürəndə bu qızın böyüyəndə gözəl bir qız olacağına şübhə etmirdilər. Doğrudan da, belə oldu. Qız həddi-buluğa çatanda hamının diqqətini özünə cəlb etdi. Səma ucaboylu, qədd-qamətli idi. İri və cazibəli qara gözləri, uzun kirpikləri vardı. Şəvə kimi qara saçları yaraşıqlı çiyinlərinə töküləndə daha da cazibədar görünürdü. O, gözəl olmaqla bərabər, həm də, ağıllı, fərasətli, qayğıkeş qız idi. Səma bacısı Səbinəni, qardaşları — Əlini və Anarı çox çevirdi.

Səma orta məktəbi əla qiymətlərlə bitirmişdi, böyüdükcə arzuları da böyüyürdü. O, ali təhsil almaq, maarif işçisi olmaq arzusundaydı. Buna çatdı da. Atası Aydın müəllimlə Bakıya gəlib Dövlət Pedaqoji İnstitutuna daxil oldu. Səma hələ instituta daxil olmamışdan əvvəl onun gözəlliyi, uzun kirpikləri bir çox cavanları əsir etmişdi. Nəhayət, Arif adlı bir gəncə - həmyerlisinə könül verdi. Arif Hümbətov ziyalı oğlan idi. Bakıda M.F.Axundov adına Rus dili və Ədəbiyyatı İnstitutunu biritib kəndə gəlmişdi. Beləliklə, xalqımızın adət-ənənəsi ilə, dayısı Yusif Əliyevin, valideynlərinin razılığı və xeyir-duası ilə Səmanın Ariflə qovuşmasına razılıq verildi. Toy büsatı quruldu...

Müəllifin təbirincə desək, Laçın isə özünün gözəl günlərini yaşayırdı... Ancaq çox təəssüf ki, Laçının da, laçınlıların da, o cümlədən dağlar gözəli Səmanın və onun ailəsinin, valideynlərinin də xoşbəxtliyinin ömrü qısa oldu. Laçına qatil əlləri uzandı. Belə bir təhlükəli dövrdə Laçını qorumaq, torpaqlarımızı müdafiə etmək əvəzinə, respublikanın keçmiş maymaq, satqın, xəyanətkar rəhbərləri stol, hakimiyyət davasına qalxmışdılar. Yazıçı-jurnalist Ziyəddin Sultanov yazır: “Hakimiyyətə nəyin bahasına olursa-olsun, sahib olmaq ehtirası baş alıb gedirdi. Vətəni qorumaq, müdafiə etmək istəyən minlərlə namuslu, qeyrətli adamlar bilmirdilər kimlərə qarşı mübarizə aparsınlar — öz vətəndaşlarınamı, yoxsa ermənilərəmi”.

Laçının igid oğulları vuruşurdular, qurbanlar verirdilər, qəhrəmanlıqlar göstərirdilər, ancaq onlara arxa duran yox idi. Atalar yaxşı deyib, tək əldən səs çıxmaz. Belə bir vaxtda yumruq kimi birlik lazım idi, dayaq lazım idi. Ancaq belə olmadı. Nəticədə, 18 may 1992-ci ildə Laçın bütövlükdə erməni işğalına məruz qaldı. Müəllifin sözü ilə desək, mərd, dağ qürurlu əhali pərən-pərən oldu. Kərimovlar — Səmagilin ailəsi və valideynləri didərgin düşdülər. Səmanın üzü gülmürdü, eyni açılmırdı, daima kədər içində idi. Ona doğma el-obasından ayrı düşmək, çox ağır gəlirdi. Sevda xanım, Səmanın anası onu ovundurmaq, əsəblərini sakitləşdirmək üçün qızını Hacıkəndə apardı. Çünki bura Laçın meşəliklərini, ormanlarını xatırladırdı. Ermənilər isə öz çirkin niyyətlərini davam etdirməkdə idi.

Yayılan rəsmi xəbərlər isə müəmmalı idi, çoxu həqiqətə uyğun deyildi. Əhali bu informasiyalardan çaş-baş qalırdı... Xəbər yayılmışdı ki, nisbi sakitlikdir. Bərdədə məskunlaşmış Laçının Şamkənd əhalisi xəbər tutdu ki, Laçın əhalisinin çoxu yenidən dağlara qayıdır... Ordumuz qabağa gedib, təhlükə sovuşub. Günlərin birində Səma Hacıkənddə olarkən həyat yoldaşı Arif ona baş çəkməyə gəlir və Laçın haqqında eşitdiklərini ona söyləyir. Onlar Laçına qayıtmaq qərarına gəlirlər. Sevda xanım nə qədər qızına yalvar-yaxar etsə də, gözyaşı axıtsa da Səmanı fikrindən döndərə bilmir. Anna ürəyi hiss elir ki, Səma Laçına qayıtsa, onun taleyi faciə ilə nəticələnə bilər...

Şamkəndə həyəcanlı xəbər çatdı ki, ermənilər Kəlbəcəri alıblar. Pərakəndə vəziyyətdə olan ordumuzun da mühasirəyə düşmək təhlükəsi gözlənilir. Kim tərəfindənsə, hansı yollasa Bakıdan xəbər gəlib ki, əgər sağ və salamat qurtarmaq istəyirsinizsə, tələsin, sizin cəmi altı saat vaxtınız var. Əsərin qəhrəmanlarından biri Yusif Əliyev də çaşmışdı, həyəcan içindəydi. Kənddə olanlara “hazırlaşın, çıxaq” əmrini vermişdi. Bu insan öz vətənpərvərliyi, insansevərliyi, xeyirxahlığı ilə başqalarından seçilirdi. Yusif Əliyev camaatı hazır vəziyyətdə olan yük maşınına və UAZ-lara doldurmaqla məşğul idi. İnsanlar maşınlara doldurulan zaman Səmanın 75 yaşlı Xanım nənəsi yaddan çıxıb evdə qalmışdı. Bunu eşidən Yusif Əliyev qarının dalınca getməyi qərara aldı. Hər tərəfdən səslər eşidilirdi: “Sən nə edirsən, bir qarıdan ötrü bu qədər insanları bada vermək fikrindəsən?”

Müharibə dəhşətli olsa da sınaq meydanıdır. İnsanları qəhrəmanlığa sövq edən xüsusiyyətlər belə zamanda özünü büruzə verir. Yusif Əliyev etirazlara baxmayaraq, vicdanının səsinə qulaq asdı, odun-alovun içindən keçib Xanım nənənin dalınca getdi və onu çətinliklə də olsa gətirib maşina mindirdi. Bu anlarda əsərin qəhrəmanı Səma həyəcanlı və sarsıntılı hisslər keçirirdi.

Yusif Əliyev bilirdi ki, kəndin hər bir bucağı təhlükə altındadır. Odur ki, maşınların az-az adamların bələd olduğu yollarla hərəkət etməsinə çalışırdı. Nəhayət, meşədən bir qədər səmtli olan yola çıxdılar. Çətinlik qabaqda idi. İçi arvad-uşaqla dolu yük maşını palçığa batmışdı. İnsanların əsəbləri tarıma çəkilmişdi. Hamı qarşıda maşınların keçməli olduğu tunelin ermənilər tərəfindən tutulacağından qorxurdu. Tunelin tutulması insanların məhv olması demək idi.

Yazıçı hadisələrin belə gərgin vəziyyət aldığı anda təbiəti insanlar kimi kədərli, onların əhvali-ruhiyyəsinə uyğun təsvir edir: “Elə bir Allah da bu adamlardan üz döndərmişdi. Buludlu göylərdə nə qədər yağış ehtiyatı vardı – hamısı tökülürdü torpağa. Dərələri, yolları su basmışdı. Güclü yağışlar nəticəsində yollarda yaranmış palçığın qatılığı qat-qat artmışdı...” Maşınlar palçıqdan çox çətinliklə çıxıb tunelə yaxınlaşanda kimsə “Tunelə girməyin, tuneli ermənilər tutub, deyə həyəcanla qışqırdı. Qayıdın geri, qamışlı yol ilə gedin”. Bu xeyirxah adamın məsləhətindən sonra adamlarla dolu maşınlar Yusif Əliyevin idarə etdiyi köçdən ayrılır, qamışlı yolla hərəkət etməyə başlayır. Yusif Əliyev isə səs-küyə əhəmiyyət vermir və sakit-sakit: “Biz mülki adamlarıq. Ermənilərin bizimlə nə işi var” — deyib yoluna davam edir.

Müəllif əsərinin “Tuneldə tarixi faciə” hissəsini çox təsirli və inandırıcı təsvir edir. Maşın tunelə girən andan ermənilər atəş açmağa başlayır. Onlar hiylə işlədib atəşi bir qədər səngidirlər. Maşınlar tuneldən çıxar-çıxmaz snayperlər, avtomatlar işə düşür. Yusif Əliyev və onun qohumları, həyat yoldaşı və Səma qızı Nurlanə ilə maşında idi. Səma ayağından yaralanır. Yusif Əliyevin, arvadı Qənirə xanımın və qardaşı Arifin bədənini güllələr deşik-deşik edir.

İntensiv avtomat atəşlərindən sonra Yusif Əliyev bərk yaralanır, onu qan aparır. Əsərin qəhrəmanı Səmaya isə bu gördükləri yuxu kimi gəlirdi. Onu qan aparmışdı, gözləri qaralırdı. Burada gördüklərini, sanki, dərk edə bilmirdi. Erməni yaraqlıları yaşyarımlıq qızı Nurlanənin avtomatın qundağı ilə başına elə zərbə endirmişdilər ki, uşağın gözləri tutulmuşdu. İnsan qanı sel kimi axırdı... Yaralıları tuneldən bir az aralıda dayanmış maşınına mindirdilər. Beləliklə, ermənilər təkcə bir köçdən — Yusif Əliyevin köçündən otuza yaxın azərbaycanlı girov götürdülər. Səma qızı ilə birgə Vəngə, oradan isə Beynəlxalq Qırmızı Xaç Komitəsi əməkdaşlarının təkidi ilə Xankəndinə aparıldı. Ayağında əməliyyat aparıldıqdan sonra onu qadın girovları üçün ayrılmış kameraya saldılar. Səma ilə girov götürülən müxtəlif taleli qadınlar da dərd, kədər içindəydilər. Onların gözləri önündə əzizlərini güllələmişdilər. Səma nəm, qaranlıq kamerada keçmiş xoş günlərini, olub keçənləri xatırlayırdı. O, qohumlarını, valideynlərini, bacı və qardaşlarını gözü önünə gətirirdi. Onların qayğısına, nəvazişinə möhtac idi. Əziz dayılarının Yusifin, Asifin, bibisi Qənirənin gözü önündə işgəncə ilə öldürülməsi 24 yaşlı gözəl pərini sarsıtmışdı. Səma onu oda salan vandallar qarşısında yox, öz taleyi qarşısında sınmışdı. O, Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəsilə anasına göndərdiyi məktubda öz vəziyyəti haqqında ətraflı, təfərrüatı ilə məlumat verirdi. Xahişi bu idi ki, Qardaşı Əli, nəyin bahasına olur olsun, onu girovluqdan qurtarsın.

Girovluqdan azad olan qadınlardan biri deyirdi ki, Səma dəfələrlə erməni nəzarətçilərinin üzünə tüpürmüşdü. Səmanın halı gündən-günə pisləşirdi, çoxlu qan itirmişdi. Buna baxmayaraq bədəninə qan köçürməyə icazə vermirdi. “Ölərəm, amma bədənimə erməni qanı köçürmərəm”. Bütün bunlar bu vətənpərvər qızın qətiyyətli, mətanətli olduğunu, onun düşmən qarşısında əyilməzliyini bir daha nümayiş etdirir.

Yazıçı qəhrəmanının ölüm ayağı duyğularını, keçirdiyi hissləri çox təbii verir. Ölümqabağı onun dərs dediyi məktəb, əziz şagirdləri, vüqarlı Laçın dağları, doğulub böyüdüyü Şamkənd, övladları, valideynləri və nələr, nələr bir kino lenti kimi gəlib gözü önündən keçir...

Hamı yatmışdı. Artıq gecikmək olmazdı. Ağzını açıb biləyinə yaxınlaşdırdı, dişlərinin arasına keçirib var gücü ilə sıxdı. Ancaq qan çıxmadı. Bir də... Bir də... Hirsindən, gücsüzlüyündən, acizliyindən ağlamaq istədi. Gecikmək isə... Girovlardan kimsə oyana bilərdi. Bir də ki, səhərə az qalırdı. Əlacı, səbri tükəndi. Qəfildən ağlına bir fikir gəldi. Əlini saçına apardı. İki sancaq çıxardı. Bu onun son ümidi, son silahı idi. Ağrı hiss etmirdi. Bütün fikri, diqqəti sol biləyində, şah damarının üstündə idi. Qan çıxan kimi sevindi... Bilirdi ki, 24 il yaşadığı bu həyatla vidalaşmağına çox az qalıb... Qan isə hey axırdı, axırdı...

... Səmanın qardaşı Əli isə erməni zabiti Ediklə bir təhər dil tapmışdı, bu qaniçən zabit Səmanı girovluqdan azad etmək üçün böyük məbləğdə pul tələb edirdi. Bu pulu Əli necə düzəltsin? Gecikmək də olmazdı. Odur ki, qohum-əqrəbanın, yaxud dostların, xeyirxah insanların köməyi ilə Əli həmin məbləği toplaya bildi və Ediklə telefonla əlaqəyə girdi. Edik onunla danışmaq istəmirdi. Onun kobud səsi telefonda eşidildi: “Daha səninlə danışmaq istəmirəm. Ötən gecə bacın intihar edib”.

Bu dəhşətli xəbər Əlini və ailəsini, bütün Səmanı tanıyanları sarsıtdı. İndi Əli Səmanın nəşini almaq üçün həmin məbləği zabitə çatdırmalı idi. Odur ki, Seyid Əhəd adlı bir şəxs işə qarışdı. O, Əliyə erməni zabiti ilə əlaqə yaratmaqda kömək etdi. Əli Edik vasitəsilə bacısının harada basdırıldığı yeri öyrəndi. O, bacısının qəbrini tapdı. Erməni əsgərlərinin müşayiəti ilə qazmağa başladı. Belə məqamda insana nə qədər dözüm, iradə lazımdı, İlahi... O, tabutu açdı. Səmanı görəndə elə bil varlığından yox oldu, hıçqırtı, qəhər onu boğdu... Əli bacısının tabutunu neytral zonaya, oradan isə təhlükəsiz mövqelərə apardı. Tabutu görən Sevda xanım özünü onun üstünə atdı. Naləsi dağları, dərələri titrətdi. Səma Əyricə kənd qəbiristanlığında torpağa tapşırıldı... Az vaxtdan sonra Nurlanə də girovluqdan azad edirdi...

... Əsərin epiloqunda yazıçı bizi yenidən Sevda xanımla Bərdə rayonunun Əyrincə kəndində — Səma Kərimovanın adını dayışan Laçın məktəbində görüşdürür. Sevda xanımla olub-keçənlərdən söhbət açır. “Hərdən öz-özümə düşünürəm ki, anadan olanda balama nə yaxşı ki, Səma adını qoymuşuq. Axı, Səma həmişə bizimlədir, başımızın üstündədir...” Müəllifin əsərinin adı bu mənada rəmzi xarakter daşıyır: “Göylərdən gələn gəlin”.

Müəllifin qələmə aldığı bu povest həm mahiyyəti və həm də ictimai-siyasi mənası, mövzu aktuallığı etibarilə çox əhəmiyyətlidir. Yazıçının xalqımızın əziz övladı, gənc, iyirmi dörd yaşlı Səmanı ədəbiyyata gətirməsi təqdirəlayiq hadisədi. Səmanın — bu zərif məxluqun göstərdiyi qəhrəmanlıq qeyri-adidir. İnsanı heyrətləndirir, düşündürür, gənclərdə düşmənə nifrət və qəzəb hissini daha da alovlandırır. Səma müasir gənclərə, gələcək nəsillərə nümunə olacaq, qeyri-adi vətənpərvər bir qəhrəman kimi xatırlanacaq. Zaman keçdikcə kağız üzərinə köçürülən yazılar saralıb köhnəlir, yazıçının qəhrəmanına ucaltdığı heykəl isə əbədi qalır...

Yazıçı-jurnalist Ziyəddin Sultanov istər yuxarıda adlarını çəkdiyimiz əsərləri, istərsə də haqqında danışdığımız povesti, zamanın tələblərindən irəli gələn ictimai-siyasi, qlobal problemlərə həsr etdiyi məqalələri, publisist yazıları ilə tanınmış və şöhrət qazanmış sənətkardır. Onun bir şəxsiyyət kimi insanlarla ünsiyyət dairəsi genişdir. Ədəbi-publisist yaradıcılığı ilə yanaşı, qızğın və çoxcəhətli ictimai fəaliyyətlə də məşğuldur. Onun xidmətləri xalqımız və ədəbi ictimaiyyət tərəfindən layiqincə qiymətləndirilmişdir. O, respublikanın əməkdar jurnalist kimi yüksək ada layiq görülmüşdür. Qarabağ müharibəsi veteranıdır.

Ziyəddin Sultanov “Qızıl qələm”, Zərdabi adına, “Dan ulduzu”, “Araz” ali ədəbi mükafatına layiq görülmüşdür.

Hazırda Ziyəddin Sultanov “Xalq qəzeti”nin bölgə müxbiridir, müşahidələrini, axtarışlarını səylə davam etdirir. Ona yaradıcılığında böyük uğurlar arzulayırıq. Qoy bundan sonra yazacağı əsərlər Qarabağ müharibəsinə yox, doğma yerlərin erməni işğalçılarından azad edilməsinə həsr edilsin. O, gün isə uzaqda deyil...

 

 

Zəkiyyə QİYASBƏYLİ,

filologiya elmləri doktoru,

professor.

 

Xalq qəzeti.- 2010.- 11 aprel.- S. 6.