Beynəlxalq ictimaiyyət Azərbaycan həqiqətlərini qəbul edir və yüksək qiymətləndirir

 

Yeni əsr dünyanın hər yerində ictimai-siyasi proseslərin tamamilə yeni müstəvidə çözülməsinə zəmin yaratmışdır. İndi artıq 30-40, hətta, 50 il həlli müşkül olan məsələlərin həlli yolları tapılır. Çünki elmi-texniki tərəqqi və müasir proqnozlaşdırma üsulları xəstə təxəyyüllü ermənilər istisna olmaqla dünyanın bütün insanlarının aydın düşünməsinə, ədalətli qərar qəbul etməsinə imkan yaradır. Biz bu prosesin əyani sübutunu dünya ictimaiyyətinin Azərbaycana münasibətinin dəyişməsində də görürük. İndi hamı Azərbaycanın haqq işini dəstəkləyir, ölkəmizin ərazi bütövlüyünün bərpasının vacibliyini vurğulayır. Belə nəticəyə nail olmaq üçün Azərbaycan dövləti ardıcıl olaraq, uzunmüddətli siyasi-diplomatik tədbirlər həyata keçirmiş, ictimai-siyasi və sosial-iqtisadi həyatdakı mövcud reallıqlarımızın ən incə məqamlarınadək dünya ictimaiyyətinə çatdırılmasına nail olmuşdur. Prezident İlham Əliyevin bu il aprelin 7-də Estoniya Xarici İşlər Nazirliyində mühazirə ilə çıxış etməsi də həmin istiqamətdə atılan uğurlu addımlardan biri idi.

Dövlət başçımızın adı çəkilən tədbirdəki mühazirəsini təhlil edən ekspertlərin fikrincə, orada ondan artıq istiqamət üzrə əhatəli fikirlər səsləndirilmiş, bugünkü reallıqlar qeyd edildikdən sonra gələcək barədə perspektiv planlar, proqnozlar dilə gətirilmişdir: Azərbaycan — Estoniya dostluq və əməkdaşlıq münasibətlərinin inkişaf etdirilməsi üçün reallaşdırılan layihələr, bugünkü Azərbaycanın sosial-iqtisadi və ictimai-siyasi həyatdakı uğurlarının beynəlxalq aləmdə yüksək qiymətləndirilməsi, ölkəmizin xarici siyasətinin əsas prioritetləri, rəsmi Bakının Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində oynadığı rolun gündən-günə artması, Ermənistan — Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün aparılan danışıqların son vəziyyəti, münaqişənin tarixi, Azərbaycanın indiyə qədər güzəştə getdiyi məqamlar, Azərbaycan xalqının öz ölkəsinin ərazi bütövlüyünü bərpa etmək üçün göstərdiyi qətiyyət və bir çox məqamlar mühazirədə geniş şəkildə öz əksini tapırdı.

Mühazirədən bəzi məqamlara diqqət yönəldək. Dövlət başçımız Azərbaycanın bugünkü reallıqları barədə fikirlərini inkişaf etdirərək söyləyir: “Son 6 ildə büdcə xərclərimiz 10 dəfədən çox artmışdır. Bu, sosial problemlərə və iqtisadiyyatın şaxələndirilməsinə daha çox vəsait sərf etməyə imkan verir. Siyasi və iqtisadi islahatlar siyasətini həyata keçiririk. Azərbaycanın gördüyü işlər beynəlxalq maliyyə təşkilatları tərəfindən qiymətləndirilir. 2008-ci ildə Dünya Bankı Azərbaycanı özünün ”Douinq Business" hesabatında ən islahatçı ölkə kimi tanımışdır. Ötən il Dünya İqtisadi Forumu iqtisadiyyatın rəqabətliliyi baxımından Azərbaycanı MDB ölkələri arasında birinci ölkə elan etdi".

Mühazirədəki daha maraqlı məqamlardan biri də odur ki, dövlət başçımız Azərbaycanın sosial-iqtisadi inkişafını özündə əks etdirən faktları və rəqəmləri əks etdirərkən auditoriyanın, yəni eston ziyalılarının gözləmədiyi incə məqama toxunmuşdur: “Keçmiş sovet respublikaları arasında bizi qabaqlayan yeganə ölkə Estoniyadır. Mən sizi bu nailiyyət münasibətilə təbrik etmək istəyirəm. Lakin 20 ildən az bir müddət əvvəl bazar iqtisadiyyatı sıfır səviyyəsində olan ölkə üçün dünya miqyasında iqtisadi rəqabətlilik üzrə siyahıda 51-ci yerdə olmaq artıq yaxşı nəticədir. Biz özümüzü təmin edən ölkəyik”.

Azərbaycanın öz problemlərini özünün həll etmək iqtidarında olduğunu həm əcnəbi siyasətçilər, həm də öz ekspertlərimiz dönə-dönə vurğulayıblar. Ancaq Prezident İlham Əliyev Tallinndə eston diplomatları qarşısında həmin məsələni bilavasitə özünəməxsus incəliklərlə yada saldı:

“Enerji sektoru, neft və qaz hasilatı, sadəcə özümüzü rahat hiss etməyə, kiminsə yardımından asılı olmamağa, özünü təmin etməyə imkanlar yaradır. Siz özünüzü təmin edəndə və iqtisadi baxımdan müstəqil olanda, təbii ki, siyasi müstəqilliyiniz də daha güclü olacaqdır. Onilliklər, əsrlər boyu biz, əgər belə demək olarsa, digər ölkələrin tərkibində yaşamışıq. Azərbaycan digər ölkələrin hissəsi idi, müstəqil deyildi. Bu gün isə, bizim üçün, xalqımız və gələcək nəsillərimiz üçün bu, nadir şansdır. Bizdən öncəki nəsillər müstəqil olmaq məqsədi ilə yaşamışlar. Biz xoşbəxtik və bəxtimiz gətirib ki, bunun şahidiyik və nəinki şahidi, həmçinin müstəqilliyin gücləndirilməsinə, inkişaf etmiş müasir dövlətin qurulmasına töhfəmizi veririk. İqtisadi müstəqillik və özünütəminetmə hər bir ölkə üçün əhəmiyyətli olan iki elementdir”.

Təbii ki, Azərbaycanı Estoniya ilə, eləcə də bütövlükdə Avropa ilə bağlayan əsas tellərdən biri də enerji siyasətidir. Elə eston diplomatlarını da daha çox bu məsələ maraqlandırırdı. Həmin məqamı nəzərə alan Azərbaycan Prezidenti dövlətimizin enerji siyasətinin indiki vəziyyətini xarakterizə edərək söyləyir: “... Biz enerji siyasətimizdə olduqca çevikik. Enerji siyasətimiz hər zaman çox açıq və səmimi olmuşdur. Biz hər zaman çalışmalıyıq ki, enerji resurslarımızdan istifadə edərək digər ölkələrlə, qonşularla apardığımız əməkdaşlığı gücləndirək. Azərbaycan qonşu ölkələrin enerji təhlükəsizliyində artıq mühüm rol oynayır. Bu gün şaxələndirmənin inkişafı ilə bağlı irəli sürülmüş yeni təkliflər üzərində düşünürük”. Elə Estoniyanın iqtisadçılarını da məhz bu məsələ — Xəzərin Azərbaycan sektorunda hasil edilən karbohidrogen ehtiyatlarının dünya bazarına çıxarılması üçün müəyyən edilmiş ixrac kəmərləri şəbəkəsinin şaxələndirilməsi məsələsi daha çox maraqlandırırdı.

Biz müxtəlif yazılarda dönə-dönə qeyd etmişik ki, Azərbaycan dövləti Dağlıq Qarabağ münaqişəsi istisna olmaqla özünün bütün problemlərini təkbaşına həll etmək iqtidarındadır. Ancaq bəzi məqamlarda onu da əlavə edirik ki, yeri gələrsə xalqımız və dövlətimiz Dağlıq Qarabağ münaqişəsini də təkbaşına həll etmək barədə qərar qəbul etməyə hazırdır. Estoniya Xarici İşlər Nazirliyindəki mühazirə ilə dünya ictimaiyyətini növbəti dəfə məlumatlandıran Azərbaycan Prezidenti İlham Əliyev münaqişənin həlli üçün aparılan danışıqların indiki vəziyyəti və Azərbaycanın öz mövqeyində getdikcə daha qətiyyətlə dayandığı barədə fikirlər səsləndirmişdir: “Əfsuslar olsun ki, müharibə cinayətkarları hələ də məsuliyyətə cəlb olunmayıblar. Lakin ümidvaram ki, vaxt gələcək və onlar öz əməllərinə görə mühakimə olunacaqlar. Etnik təmizləmə siyasəti nəticəsində nəinki Dağlıq Qarabağda, o cümlədən ətraf rayonlarda yaşamış azərbaycanlılar, yəni ümumi hesabla 750 mindən artıq insan həmin ərazidən qovulmuş, onların evləri yerlə-yeksan olmuşdur... Hazırda Dağlıq Qarabağda yaşayanlar və birmənalı olaraq oraya qayıdacaq azərbaycanlılar təhlükəsizlik zəmanəti əsasında suveren Azərbaycan dövlətinin hüdudlarında dünyada mövcud olan yüksək muxtariyyət statusu ilə birgə yaşamalıdırlar. Bu mövqe beynəlxalq hüquq normalarına tam uyğundur. Eyni zamanda vasitəçilərin fəaliyyəti və əslində iki tərəfə irəli sürülən təkliflər bu mövqeni əks etdirir... Ümidvaram ki, vasitəçilərin fəaliyyətinin praktiki nəticələrini yaxın vaxtlarda görəcəyik. Çünki dünyanın aparıcı dövlətləri və Təhlükəsizlik Şurasının daimi üzvləri olan həmin həmsədr ölkələr üçün də artıq iyirmi il ərzində danışıqlar prosesini nəticəsiz aparmaq qeyri-məqbuldur”.

Bir sözlə, Azərbaycan Prezidentinin Estoniya Xarici İşlər Nazirliyində söylədiyi mühazirə-çıxış xalqımızın maraqlarının, dövlətimizin mənafeyinin dünya ictimaiyyətinə növbəti dəfə çatdırılması baxımından dəyərli sənəd kimi qiymətləndirilir. Bu mühazirə eyni zamanda Azərbaycanın istənilən məsələnin həllində qətiyyətinin təzahürü kimi də qəbul edilir.

 

 

İttifaq MİRZƏBƏYLİ

 

Xalq qəzeti.- 2010.- 13 aprel.- S. 1.