Elm fədailəri

 

Zərif bir insandı gözdə nur kimi...

 

Nəcib keyfiyyətləri, saf mənəvi dəyərləri parlaq şəxsiyyətində cəmləyən böyük insanların nurlu çöhrəsi bəzən bütöv bir dövrün obrazı kimi göz önündə canlanır. Yaşadıqları dövrün real imkanlarını mənimsəyib zamanın fövqünə qalxmağı bacaran belə insanlar xalqın mənəvi-intellektual potensialını qoruyur, milli intibaha xidmət edən çətin və şərəfli yolda öz həyat ideallarını tapırlar. Fitri istedada malik novator ziyalı, pak və nəcib insan, yaşadığı mənalı ömür yolu hər bir Azərbaycan vətəndaşı üçün həyat və mənəviyyat nümunəsi, kamillik, müdriklik məktəbi olan Zərifə Əliyeva da məhz belə nəcib insanlardan biri kimi milyonların qəlbində dərin ehtiramla, rəğbətlə xatırlanır.

 

Akademik Zərifə Əliyeva nurlu şəxsiyyətində Uca Yaradanın yalnız sevdiklərinə bəxş edə biləcəyi gözəl, bənzərsiz keyfiyyətləri tamamlayırdı. Zahiri və daxili gözəllik, mehribanlıq, həssaslıq, ziyalılıq, bir sözlə, yüksək insaniyyətə xas bütün müsbət cəhətlər onun xarakterində cəmləşmişdi. İnsanpərvər, xeyirxah, mehriban insan olaraq hamının dərdini, problemini özününkü hesab etməyi bacarır, insanları sevirdi. Bütün bunlarla yanaşı, o, həm də oftalmologiya elmi sahəsində söz sahibi olan nüfuzlu alim idi. Zəngin elmi yaradıcılıq irsi ilə Azərbaycan oftalmologiya elmini bütün dünyada tanıdan, yüksək intellekt sahibi akademik Zərifə Əliyevanın elmdə açdığı yol ildən-ilə inkişaf edir. Görkəmli alimin yazıb-yaratdığı monumental əsərləri, elmi nailiyyətləri, pedaqoqluq səriştəsi, yüksək səviyyəli mədəni irsi daim araşdırılır, öyrənilir, neçə-neçə tədqiqat əsərinin mövzusuna çevrilir. Bir daha məlum olur ki, Zərifə Əliyeva uzun illər gərgin elmi-praktik çalışmaları ilə peşə təcrübəsini artırarkən belə bir sadə həqiqət formulunu həyatının devizinə çevirmişdir: həqiqi elm həyata, Vətənə, xalqa xidmət vasitəsidir.

Bu nəcib şəxsiyyətin cəmiyyət üçün layiqli insan kimi yetişməsində, erkən yaşlarından ülvi məqsədlər uğrunda mübarizə aparmasında böyüyüb boya-başa çatdığı ailə mühitinin təsiri böyük olmuş, halal zəhməti başı üstündə görən valideynləri onu daim düzgün yola yönəltmişlər. Görkəmli dövlət və elm xadimi, bütün bilik və bacarığını xalqa xidmətə sərf etmiş, tibb elmləri doktoru olan atası Əziz Əliyevin yolunu davam etdirən Zərifə xanım insanların gözünə nur vermək kimi müqəddəs bir yol seçmişdi. Oftalmologiya ixtisasına bağlılığı onun daxilindən, mənəvi dünyasından irəli gəlirdi. Elə peşəsində qazandığı uğurlar da məhz bu keyfiyyətləri ilə bağlı idi. Xəstələrini doğmalarından ayırmır, insanları zülmətdən qurtarmaq, onların gözlərini nura boyamaq üçün qəlbinin odunu əsirgəmirdi.

Filosoflar əsrlər boyu böyük insanların obrazının həyat qayəsini açmağa çalışmış, son nəticədə belə qənaətə gəlmişlər ki, başlıca tərbiyəvi amil şəxsiyyətin formalaşdığı mühitdir. Zərifə Əziz qızı Əliyeva 1923-cü il aprelin 28-də Azərbaycanın Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Şahtaxtı kəndində ziyalı ailəsində dünyaya göz açmış, 1942-ci ildə orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olmuşdur. 1947-ci ildə ali təhsilini bitirdikdən sonra Moskva şəhərində Mərkəzi Həkimləri Təkmilləşdirmə İnstitutunda oftalmologiya üzrə ixtisaslaşdırma kursu keçmişdir. Elmi tədqiqatlara olan sonsuz marağı Zərifə xanımı Azərbaycan Oftalmologiya Elmi-Tədqiqat İnstitutuna gətirib çıxarmış və o, orada həkim-ordinator kimi işə başlamışdır. 1950-ci ildə aspiranturaya daxil olmuş, aspiranturanı bitirdikdən sonra Oftalmologiya Elmi-Tədqiqat İnstitutunda elmi işçi olmuşdur.

Həmin illərdə Azərbaycanı traxoma göz xəstəliyi bürüsə də, buna qarşı təsirli müalicə üsulları yox idi. Xəstəliklə mübarizə təkcə oftalmologiya elmi üçün deyil, bütövlükdə respublika səhiyyəsi üçün mühüm əhəmiyyət daşıyırdı. Belə bir dövrdə Zərifə xanım traxoma xəstəliyinə qarşı aparılan müalicəvi və profilaktik tədbirlərin təşkilində və keçirilməsində fəal iştirak edirdi. Konkret müalicə təcrübəsindən başqa o, Azərbaycanda traxoma xəstəliyinin daha geniş yayıldığı rayonlara gedir, həkim-oftalmoloqlara məruzələr oxuyur, əhali arasında söhbətlər aparırdı.

Əslində, Zərifə xanımın ilk elmi araşdırmalarının mövzusunu da həyat özü müəyyənləşdirdi. Zərifə xanım tədqiqat işini traxomanın müalicəsi ilə bağlı məsələlərə, bir az da dəqiq desək, traxomanın müalicəsində və onun ağırlaşdığı hallarda daha təsirli vasitələrin öyrənilməsinə, o dövr üçün yeni olan antibiotikdən – sintomitsindən istifadə olunmasına həsr etdi. Çünki sintomitsin geniş antibakterial spektrlərlə yanaşı, antixlamedik fəallığa malik idi. Bu tədqiqatların nəticələri Zərifə Əliyevanın 1960-cı ildə uğurla müdafiə etdiyi “Traxomanın digər terapiya üsulları ilə birlikdə sintomitsinlə müalicəsi” mövzusunda namizədlik dissertasiyasının əsasını təşkil etdi. Gənc alim bu uğurlarına görə Oftalmologiya Elmi-Tədqiqat İnstitutunda böyük elmi işçi seçildi. Traxoma xəstəliyinin öyrənilməsi və müalicəsi üzrə elmi işləri yekunlaşdırdıqdan sonra isə alim oftalmologiya elmi üçün vacib olan digər istiqamətlərdə tədqiqatlar aparmağa başladı, qlaukoma xəstəliyinin öyrənilməsi ilə bağlı bir sıra tədqiqat işləri apardı. Həmin araşdırmaların nəticələrindən bəhs edən elmi işlərin mətbuatda dərc olunması klinik göz xəstəliyi sahəsində çalışan həkimlərin biliklərinin genişlənməsinə kömək etdi. 1960-cı ildən 1967-ci ilədək Zərifə xanım Oftalmologiya İnstitutunda böyük elmi işçi vəzifəsində çalışmış, 1963-cü ildə SSRİ Ali Attestasiya Komissiyası ona “Oftalmologiya” ixtisası üzrə böyük elmi işçi adı vermişdir.

1967-ci ildə Zərifə Əliyeva Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun göz xəstəlikləri kafedrasına dosent vəzifəsinə dəvət olunmuşdur. Bu institut ömrünün son illərində həmin kollektivə rəhbərlik etmiş mərhum professor, görkəmli dövlət xadimi Əziz Məmmədkərim oğlu Əliyevin - Zərifə xanımın atasının adını daşıyırdı. Həmin dövrdə Zərifə Əliyeva həkimlik fəaliyyəti ilə məşğul olur, cərrahiyyə əməliyyatları aparır, xəstələrə məsləhətlər verir, üstəlik onun fəaliyyəti yalnız öz klinikasını deyil, bütün oftalmologiya təşkilatlarını və şöbələrini əhatə edirdi. Bununla yanaşı, o, göz xəstəlikləri üzrə təkmilləşdirmə kurslarının dinləyici həkimləri ilə pedaqoji iş aparırdı. Tibbi təcrübə və kadr hazırlığı məsələləri ilə çox ciddi məşğul olmasına baxmayaraq, Zərifə Əliyeva elmi tədqiqat işlərinin davam etdirilməsinə də böyük əhəmiyyət verirdi. Onun diqqətini oftalmologiyanın elmi cəhətdən az araşdırılmış sahəsi – görmə orqanının patologiyası cəlb edirdi. Bu problemin aktuallığı yalnız kimya və elektronika sənayesinin geniş inkişafı ilə yox, həm də bir çox yeni kimyəvi birləşmələrin görmə orqanına təsirinin, demək olar ki, elmi şəkildə tədqiq olunmaması ilə əlaqədar idi.

1968-ci ildən başlayaraq Zərifə Əliyeva məqsədyönlü şəkildə görmə orqanının patologiyası ilə məşğul olmağa başladı. Bir sıra ciddi elmi məsələlərlə yanaşı, Zərifə xanım bütün ömrü boyu peşə ilə əlaqədar əmələ gələn göz xəstəliyi problemlərinə xüsusi maraq göstərmişdir. Eyni zamanda, o, bir sıra problemlərə, o cümlədən yod-sənaye müəssisələrində, neft-kimya sənayəsində çalışan şəxslərin görmə orqanlarına təsir edən amillərə əsas diqqət yetirmişdir. Zərifə xanım bu problem üzərində iş apararkən çox vaxt sənaye müəssisələrində olmuş, zərərli peşə sahələrində çalışan şəxsləri oftalmoloji müayinədən keçirmişdir. Bununla yanaşı, Bakının və Sumqayıtın bir sıra sənaye müəssisələrinin, o cümlədən Bakı şin zavodunun sexlərində laboratoriya şəraitində elmi təcrübələr aparmışdır. Geniş miqyaslı klinik və təcrübi tədqiqatlar nəticəsində alim zəhərli maddələrin görmə orqanına təsirinin əsas qanunauyğunluğunu aşkara çıxara bilmişdir.

Çoxillik müşahidələrin, klinik tədqiqatların və eksperimentlərin nəticələri isə Zərifə Əliyevanın doktorluq dissertasiyanın əsasını təşkil etmişdir. O, “Azərbaycanın bir sıra kimya müəssisələri işçilərinin görmə orqanının vəziyyəti” mövzusunda yazdığı dissertasiya işini dünyanın ən nüfuzlu oftalmologiya mərkəzlərindən birində – H.Helmqolts adına Moskva Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunda müdafiə etmişdir. Zərifə xanımın dissertasiya işi alim-oftalmoloqların yüksək qiymətini almış, oftalmologiyanın bu sahəsində ilk işlərdən biri olmuşdur. 1977-ci ildə Zərifə Əliyevaya tibb elmləri doktoru elmi dərəcəsi verilmişdir.

Doktorluq dissertasiyasını müdafiə etdikdən bir qədər sonra Zərifə xanım Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun oftalmologiya kafedrasının professoru seçilir, 1983-cü ildə isə həmin kafedranın müdiri olur. Elə ilk gündən görkəmli alim ətrafına istedadlı gənc həmkarlarını toplayaraq, elmi-tədqiqat işini, kadrların və elmi işçilərin hazırlanmasını müvəffəqiyyətlə təşkil edə bildi. Amma kafedranın mövcud bazası elmi tədqiqatların keçirilməsi tələblərinə cavab vermirdi. Təşəbbüs göstərmək lazım gəlirdi və Zərifə xanım bu problemin həlli yolunda bir sıra konkret addımlar atdı.

1981-ci ildə oftalmologiyanın inkişafına verdiyi böyük töhfəyə – görmə orqanının peşə patologiyası sahəsində apardığı elmi tədqiqatlara görə professor Zərifə Əliyeva oftalmologiya aləmində ən yüksək mükafata – SSRİ Tibb Elmləri Akademiyasının akademik M.İ.Averbax adına mükafatına layiq görülmüşdür. Beləliklə, Zərifə Əliyeva həmin mükafata layiq görülən ilk qadın olmuşdur.

1983-cü ildə Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun oftalmologiya kafedrasına müdir seçildikdən sonra onun fəaliyyəti daha da genişləndi. Professorun elmi maraqları yalnız görmə orqanının peşə patologiyası problemləri ilə məhdudlaşmırdı. Onun görmə orqanının virusla zədələnməsinə həsr olunmuş silsilə işləri də elmi ictimaiyyətə yaxşı məlumdur. Həmin işlərin tətbiqi bir sıra xəstəliklərin differensial diaqnostikasını yaxşılaşdırmış, onların müalicəvi əhəmiyyətini yüksəltmişdir. Həkim-oftalmoloqlar üçün nəzərdə tutulmuş dərs vəsaitləri, məsələn “Herpetik göz xəstəliyi”, “Ağır virus konyuktivitləri” və s. məhz bu məsələlərə həsr olunmuşdur.

Həmin dövrdə Zərifə xanım qlaukomanın etimologiyası, diaqnostikası və müalicəsi məsələlərinə həsr olunmuş bir sıra maraqlı tədqiqatlar aparmışdır. Gərgin və gərəkli tədqiqatlar nəticəsində o, ciddi elmi məqalələr və iki monoqrafiya – “Gözün hidrodinamik sistemin anatomo-fizioloji xarakteristikası” və “Yaşla bağlı gözün əsəb yollarının dəyişməsi” monoqrafiyalarını çap etdirmişdir.

Akademik Zərifə Əliyeva həm də gözün zədələnməsinin profilaktikası və müalicəsi imkanlarını öyrənmişdir. Bir sıra elmi işlərində o, görmə orqanı zədələndikdə mövcud olan cərrahiyə əməliyyatları üsullarını araşdırmış, həmin üsulların təkmilləşdirilməsi üçün faydalı tövsiyələr işləyib hazırlamışdır. Bu tövsiyələr cərrahiyyə əməliyyatına məruz qalan zədələnmiş görmə orqanının müalicəsini xeyli yüngülləşdirmişdir. Alimin bir sıra elmi işləri görmə orqanında bədxasiyyətli şişlərin diaqnostikasına və müalicəsinə həsr olunmuşdur. Professor Zərifə Əliyevanın “Göz sulanmasının fiziologiyası”, “Göz sulanmasının müasir cərrahiyə üsulları ilə müalicəsi” monoqrafiyaları təkcə oftalmoloqların deyil, həm də fizioloqların diqqətini özünə cəlb etmişdir.

Həkim etikası və tibbi deontologiya məsələləri də alimi həmişə düşündürmüşdür. Akademik gənc həkimlərin tərbiyəsinə, onların peşə fəaliyyəti ilə bağlı problemlərin öyrənilməsinə və həllinə xeyli zəhmət sərf etmişdir. Onun çoxsaylı məqalələri, çıxışları məhz bu məsələyə həsr olunmuş, “Yüksək etimad” kitabı isə cəmiyyətdə həkimin şəxsiyyət kimi formalaşması prosesinə dəyərli töhfə vermişdir. Onun bu mövzuya dair baxışları “Həkimin yüksək vəzifəsi” və “Oftalmologiyanın aktual problemləri” monoqrafiyalarında da ətraflı yer almışdır. Zərifə xanımın mənəvi zənginliyi, vəzifə borcuna, tibbi etika və deontologiyaya dair baxışları onun “Həkimin əxlaqi tərbiyəsi, deontologiya, tibbi etika və əxlaq məsələləri” əsərində daha ətraflı şəkildə əks olunmuşdur. Zərifə xanım dəfələrlə deyirdi ki, həkimlə xəstənin birbaşa əlaqəsi müalicənin əhəmiyyətini yüksəldir, xəstəyə ümid verir, orqanizmin xəstəliyə qarşı müqavimətini artırır və bəzən dava-dərmandan da güclü təsir göstərir. Zərifə xanım həkimlə xəstənin qarşılıqlı münasibətlərinin əsas qaydalarını tərtib etmiş, müalicə həkiminin diaqnostika və müalicə prosesində aparıcı rolunu göstərmiş, bütün tibb işçilərinin təkcə təhsilinin yox, həm də tərbiyəsinin vacibliyini ön plana çəkmişdir. Alim həkim-xəstə münasibətlərinə toxunaraq, insanlar arasında ən incə, yaxın və həssas münasibətlərin məhz həkimlə xəstə arasında olduğunu göstərmiş və “həkim xəstənin ən doğma adamıdır” demişdir.

Görkəmli oftalmoloq həmkarlarına həmişə tövsiyə edirdi ki, insana tibbi yardım göstərmək, onun sağlamlığı uğrunda mübarizə aparmaq həm də onu özünə qaytaran əsl humanist xidmətdir. Bu, Zərifə xanımın təbabət fəlsəfəsinin başlıca qayəsi idi – insanı sağaltmaqla onu öz “mən”inə qaytarmaq. Bu baxımdan yüksək peşəkarlığı ilə həmkarları arasında seçilən Zərifə xanım xüsusilə gənclərə təlqin edirdi ki, əxlaqi-tibbi düşüncə “sənətini” dərk etmək üçün ilk növbədə sağlam mənəvi-intellektual mühit, bütün tibb ictimaiyyətinin mənəvi-əxlaqi meyarlara yiyələnməsi tələb olunur. Həkimin başlıca peşəsi müalicə kursunu müəyyənləşdirməklə yanaşı, xəstəyə insani dəyərlər prizmasından yanaşmaq, onun şəxsiyyətinə dərin ehtiram göstərməkdir. Həkim öz peşəsini həyata keçirərkən müalicədən əvvəl xəstənin xarakterini öyrənmək kimi mürəkkəb psixoloji prosesdə olur. Təbabət aləmində belə fəaliyyət elmi-tədqiqat işinə bərabər tutulur.

Zərifə xanımın elmi fəaliyyətinin digər sahələrindən biri klinik diaqnostik istiqamətdə apardığı tədqiqatlardır və onların da nəticələri həkimlər üçün yazılmış dərs vəsaiti və monoqrafiyalarda cəmləşmişdir. Bu əsərlər arasında “Keratitlər, gözün damarlı traktının, torlu qişanın, görmə sinirinin xəstəlikləri, kataraktalar”, “Qlaukoma və gözün hipertenziyası”, “Görmə orqanının zədələnməsi”, “Göz yaşı axmasının fiziologiya və histologiyası”, “Şəkərli diabetdə göz xəstəlikləri”, “Gözün mikrocərrahiyyəsi”, “Göz bəbəyi haşiyəsinin adaptasiya və müdafiə funksiyası” və b. oftalmoloji elmi-ictimaiyyət və praktik həkimlər tərəfindən böyük rəğbətlə qarşılanmışdır. Alim göz yaşı aparatının xəstəliklərinin öyrənilməsinə xüsusi diqqət yetirmiş, bu sahəyə həsr etdiyi “Yaşaparıcı yolların fiziologiyası”, “Yaşaparıcı yolların cərrahi müalicəsi”, “Göz yaşı yollarının qoruyucu cərrahiyyə üsulları” və digər əsərləri ilə Azərbaycan lakrimologiyasının əsasını qoymuşdur.

Bunlarla yanaşı, Zərifə Əliyeva nadir sahə olan iridodiaqnostika və iridoterapiya problemləri ilə ciddi məşğul olmuş, bu sahəyə dair iki monoqrafiya hazırlamışdır. Bu monoqrafiyalardan “İridodiaqnostikanın əsasları” rəngli illüstrasiyalarla “Azərnəşr” tərəfindən, digər monoqrafiya isə “İridodiaqnostika” adı ilə 1988-ci ildə Moskvada nəşr edilmişdir. Xüsusi qeyd etmək lazımdır ki, dünya miqyasında iridodiaqnostikaya aid kitabları ilk dəfə Zərifə xanım Əliyeva yazmışdır. Böyük xidmətlərinə, çoxillik elmi-tədqiqat işlərinə görə professor Zərifə Əliyeva 1983-cü ildə Azərbaycan Respublikası Elmlər Akademiyasının akademiki seçilmişdir. O, ömrü boyu fəal ictimai iş aparmış, keçmiş SSRİ-nin Sülhü Müdafiə Komitəsinin üzvü, Azərbaycan Sülhü Müdafiə Komitəsi sədrinin müavini, “Bilik” Cəmiyyəti İdarə Heyətinin üzvü və “Oftalmologiya xəbərləri” jurnalının redaksiya heyətinin üzvü olmuşdur.

Ümummilli lider Heydər Əliyev kimi böyük şəxsiyyətin, dahi bir insanın ömür-gün yoldaşı olmağın özü də həyatda böyük bir məsuliyyət, cavabdehlik deməkdir. Zərifə xanım Əliyeva isə hər iki işi uğurla birləşdirməyi bacararaq, həm ailəsində, həm də peşəsində nümunə göstərirdi. Elmi, tibbi və pedaqoji fəaliyyəti, hər kəs üçün örnək sayılacaq şəxsi keyfiyyətləri, xeyirxah məqsədlərə köklənmiş nəcib xarakteri, ziyalılığı və sadəliyi ilə Zərifə xanım həm də ailəsinin sağlam təməl üzərində qurulmasına çalışmışdır. Məhz zəngin daxili dünyasının əzəməti ilə ailəsinin mənəvi və fiziki cəhətdən sağlamlığını, milli ruhda formalaşmasını təmin etmişdir. Zərifə Əliyeva məşhur alim, tanınmış həkim, istedadlı insan, sədaqətli ömür yoldaşı olmaqla yanaşı, qayğıkeş ana idi! Onun geniş dünyagörüşü, nəcibliyi, sadəliyi və qayğıkeşliyi, ulu öndər Heydər Əliyevin isə ailə rəhbəri kimi mənəvi bütövlüyü, kristal xarakteri, yüksək daxili “mən”i, mütərəqqi dəyərlərə bağlılığı, müdrik ata nəsihəti bu ocaqda böyüyüb boya-başa çatmış yeniyetmələrin də həyatında silinməz izlər buraxmışdır. Ulu öndər Heydər Əliyevin sonralar əbədiyyətə qovuşmuş ömür-gün yoldaşı Zərifə xanım haqqında söylədiyi xatirələr gənclərimiz üçün mənəvi paklıq nümunəsi kimi insanın qəlbini riqqətə gətirir: “Gənc yaşlarımdan mənim həyatım dövlət işi ilə bağlı olubdur. Mən bütün həyatımı buna sərf etmişəm və bu gün də bu yolda çalışıram. Bu yolda mənim həmişə səmərəli, müvəffəqiyyətlə çalışmağımda hesab edirəm ki, ailə vəziyyətimin çox böyük rolu olub. Zərifə xanım kimi həyat yoldaşım olduğuna və o, ailəmdə çox yüksək mənəvi mühit yaratdığına görə mən xoşbəxt olmuşam. Həyatımın bütün dövrlərində işlə məşğul olduğuma görə ailə məsələlərinə fikir verməyə vaxtım olmayıb. Bunların hamısı Zərifə xanımın üzərinə düşüb və o da bu vəzifəni şərəflə, sədaqətlə, çox böyük məharətlə yerinə yetirib”.

Bəli, pak qəlbi nurla dolu olan akademik Zərifə Əliyeva bütün ömrünü insanlara işıq bağışlamağa həsr etmiş, zülmət və qaranlıqla mübarizə aparmışdır. İşığını itirmiş gözlərə nur bəxş etmək istəyi onun parlaq obrazını qeyri-adi bir nəcibliyə qovuşdurmuşdur. Böyük insan cismən bizlərdən ayrılsa da, qoyub getdiyi nur çeşməsi aydınlığını bircə damla belə azaltmayıb. Əksinə, bu işıq onun yenidən Günəşi görmək imkanını qaytardığı adamlarda, bu xeyirxah və nəcib xanımla bağlı kövrək xatirələrdə əbədiləşmişdir.

 

 

İradə HÜSEYNOVA,

təhsil nazirinin müavini,

tarix elmləri doktoru, professor,

əməkdar müəllim

 

Xalq qəzeti.- 2010.- 15 aprel.- S. 5.