Türk xalqlarından olan xakasların mədəniyyəti

 

 Əli Kərimbəyli: "Altın-Arığ" dastanı Azərbaycan oxucusuna tanış motivlərlə doludur"

 

2-ci yazı

 

Türk xalqlarının tarixinin araşdırılması sahəsində irəliləyişlər olsa da, hələ çox işlər görülməlidir. Bu mənada araşdırmaçı Əli Kərimbəylinin xakasların qədim mədəniyyəti, düşüncə tərzi ilə bağlı araşdırmaları diqqəti cəlb edir. Araşdırmaçı bildirir ki, "Altın Arığ" qəhrəmanlıq eposu sovet dövründə iki görkəmli xayçı-nımaxçıdan yazıya alınıb. İlk dəfə bu dastanı 1955-ci ildə T.Q.Taçeeva o zamanın məşhur xayçı-nımaxçısı Semen Prokopeviç Kadışevdən (1885-1977) yazıya alıb. Yazıya alınmış bu variant onun özü tərəfindən əlavələrlə təkmilləşdirilib və 1958-ci ildə Abakanda (Ağbanda) "Altın Arığ. Alıptıx nımaxtar" adı altında xakasca çap olunub. Poemanın ikinci variantı V.Y.Maynoqaşeva tərəfindən digər görkəmli xayçı-nımaxçı Petr Vasileviç Kurbijekovdan (1910-1966) 1964-cü ildə yazıya alınıb. Kurbijekov variantı Kadışev variantı ilə müqayisədə həcmcə ikiqat çoxdur, 10341 misradan ibarətdir. Kurbijekov variantındakı misralar döyüş səhnələrinin, etnoqrafik səhnələrin, dağlar, çöllər, ormanlar, göllər və çayların mənzərəsinin, ayrı-ayrı mifoloji motivlərin, obrazların xarakterik xüsusiyyətlərinin geniş təsviri hesabına zənginləşib".

Araşdırmaçı tərəfindən Azərbaycan türkcəsinə xakascadan tərcümə edilmiş "Altın-Arığ"ın dərc edilməsilə Xakas-Azərbaycan mədəniyyət və elmi əlaqələrinin əsası qoyulub: "Belə ki, Kurbijekov variantı bu vaxta qədər ruscadan başqa heç bir dilə tərcümə olunmamışdı. Kadışev variantı (5181 misra) Türkiyə türkcəsinə, Kurbijekov variantı isə (10341 misra) Azərbaycan türkcəsinə çevrilib. "Hakas dastanlarının təşəkkül dövrü və dastanlardakı tarixi təbəqələr" məqaləsində Fatma Özkan dastanın təşəkkül dövrü ilə əlaqədar olaraq qeyd edir ki, "Hakas dastanları ilə əski runik hərfli Göy Türk və Yenisey yazıları, dil, üslub və ideal baxımından paralellik ərz etməkdədir. Bu səbəbdən Hakas qəhrəmanlıq dastanlarının təşəkkül tarixi Göy Türk çağın öncəsinə gedib çıxar." "Altın-Arığ" bahadırlıq eposu üç alp-bahadır nəslinin həyatı və mübarizəsindən, vətən sevgisindən, doğma suya və doğma torpağa bəslədikləri sonsuz məhəbbətindən, düşmənə, işğalçı yadellilərə sonsuz nifrətindən, hiss və həyəcanından danışır; Qadın bahadır Pis-Tumzux-Plö-Xarın-Xuu-İney və onun oğlu Xulatay; Altın-Arığ və onun daşdan doğulmayan bacısı; Qız Xan, Altın-Arığın oğlu gənc bahadır Taptaan-Molat. Dastanın mərkəzi, əsas süjeti baş qəhrəman olan alp-qız Altın-Arığın epik bioqrafiyasından ibarətdir. Eposun əsas qəhrəmanları qadınlardır. Altın-Arığın və onun atı Ağ Sabdarın Ağ Qayadan doğulması, onun öldürülməsi, yenidən Pis-Tumzux vasitəsilə həyata qayıtması, dirilməsi, Çibetey xanın məmləkətini ələ keçirmək istəyən xanlarla onun mübarizəsi, Xannıq-Xılısla dostluğu, dəfələrlə xalqını, qəbiləsini işğalçı xanlar və bəylərdən xilas etməsi və s. epizodlarda qəhrəmanın epik tərcümeyi-halının təsvirləri süjetin maraqlı, bədii məqamlarıdır. Bu qəhrəmanlığa bir cəngavərlik ruhu hakimdir. Bu gənc alp-qız bütün şüurlu həyatını, fəaliyyətini yalnız doğma vətənin keşiyini çəkməyə, onu əti, qanı, canı hesabına qorumağa həsr edir. Əslində o, bu vəzifə üçün qayadan-daşdan, Tanrı ruhundan doğulub. Gənc Altın-Arığ həm xalqını, həm xalqına məxsus malı-mülkü, dövlətini, mənəviyatını, özünün, oğlunun və bacısının şərəfini qoruyur. O, bunları edərkən heç kimdən qorxmur. Altın-Arığın güclü düşməni Tam-xanla vuruşması, şiddətli döyüşlərə girməsi, onu böyük çətinliklə məğlub etməsi, xalqını azad etməsi, xalqını vətənə gətirməsi dastanın əsas mövzusudur. "Altın-Arığ"ı başqa dastan qəhrəmanlarından fərqləndirən cəhət məhz budur ki, o, vətənin azadlığı uğrunda işğalçılarla şüurlu şəkildə döyüşür. Altın-Arığ yer insanına məxsus psixoloji xüsusiyyətləri getdikcə daha çox mənimsəyir, yəni göylərdən güc alıb böyüdükcə, şöhrətləndikcə, özündən razı hallar yaşayır. Tanrının yasaq etdiyi əmələ baş qoşan kimi Altın-Arığ həm maddi, həm mənəvi gücdən düşür. Düşmənin gücünü düzgün hesablamır, öz ağlında olmur, araçon-şərab içib sərxoş vəziyətə düşür, sadələşir-adiləşir, öz səmavi sirrini arxayınlıqla, sadəlövhcəsinə düşmənə açır, düşmən cadugər qadın Pora-Ninçi isə onun özünün və atının ruh, "kut"u gizlənən uzaq dağlardakı- Ağsın dağının zirvəsində gizli saxlanan Qızıl Qayada bitən qızıl yarpaqlı Əbədi Yaşıl Ağacdakı Qızıl Quşun yerini öyrənir, Qızıl quşu tapır və öldürür, sonra Altın-Arığ və onunla bərabər atı Ağ Sabdar da ölür. Ancaq dinləyici və ya oxucu Xeyir Ruhun qələbəsinə, mütləq xoşbəxtliyin gələcəyinə inanır. Altın-Arığın oğlu Taptaan-Molat onun dabanından doğulur, müvafiq olaraq, onun atı Ağ Boz At da Ağ Sabdar atın dırnağından doğulur. Bu ecazkar-möcüzəli hadisələr Qız Xanın gözü qarşısında göydən enən nura bükülmüş ağsaqqal bir Qoca tərəfindən icra olunur. Dastanda qocanın adı bilinmir, o, sadəcə, Ağsaqqal qocadır. Qoca İrlik-xanı və onun cinlərini lənətləyir və tanrıya yalvarır ki, bir də heç vaxt Altın Arığın oğlu Taptaan-Molat və onun atı, Qız Xan və onun ailəsi, qəbiləsi İrlikə və onun cinlərinə rast gəlməsin. Qoca bu sözləri deyərkən əllərini Göy xana, mavi səmaya uzadır. Altın-Arığ düşmənə qarşı dəmirdən son anlarda istifadə etmək qərarına gəlir. Ancaq nəzərə almaq lazımdır ki, bu dünyagörüşü sistemi islamdan ən azı 1000-1500 il öncədir. Bütün türk dastanları belə fəzavi nikbin enerji və aura ilə yükümlüdür, bəlkə də bunun başqa bir səmavi-irfani səbəbi var".

Habelə "Altın-Arığ" dastanı Azərbaycan oxucusuna tanış motivlərlə doludur: "Qədim türk adətlərindən biri olan oğlan uşağına ad vermək motivi "Kitabi-Dədə Qorqud"da, "Dirsə-xan..." boyundan bizə məlumdur; Dirsə xan öz oğluna ad vermək üçün mərasim qurur. Gənc adsız oğlu onun üçün seçilmiş buğanı tutmalı, yıxmalı və öldürməklə ad qazanmalıdır, bu şərti yerinə yetirsə, ad alacaq, igid-bahadır olduğunu sübut edəcək. Dəli, qızğın buğanı yendiyinə görə oğlana Buğac adı verilir, onu "Dirsə xan oğlu Buğac"-deyə çağırırlar. "Altın-Arığ" eposunda ad qoyma motivi var; Çiçil-xanın oğlu hələ üç yaşında ikən xan öz oğluna ad vermək istəyir. Bunun üçün o, xam bir dayçanı tutmalıdır. Əgər o, atasına məxsus ilxıdan onun üçün ayrılmış xam dayçanı seçıb tutsa, ona həm ad verəcəklər, həm də tutduğu at onun olacaq, sonrakı həyatda qazanacağı bütün uğurları o məhz tutacağı bu atla birgə əldə edəcək. Üç yaşlı oğlan atı tutur, ona məclisdə Tibet xan adı verilir. Məclisdəkilərin ad verməyə başı qarışanda at yoxa çıxır. Artıq Tibet-xan dəliqanlı bir igiddir, dünyanı "altı dəfə Ay altında yeddi dəfə Gün altında" gəzib dolaşır, öz atını axtarır. Burada at Tibet xanın səmadan, Göy-Tanrıdan ayrılmış taleyidir. Tibet xan öz taleyini illərlə axtarır və atı, əslində öz tale payını, bəxtini -"kut"unu epik at obrazında tapır. "Altın-Arığ" dastanında və digər bahadırlıq dastanlarda qəhrəman atsız, at isə qəhrəmansız təsvir edilmir. Türk epik ənənəsində atla qəhrəman düşmən qarşısında hər zaman bütövləşir, advermə mərasimində qəhrəman əməli həyatı ilə adını qazanır, sonra həyatı boyu adını doğrultmağa çalışır.

Türk düşüncəsində ad sözdür, çünki söz Göy xandan, Tanrıdan, səmavi enerjidən gəlir. Qeyd etmək lazımdır ki, ümumtürk milli-ictimai birlik şüuru konsepsiyasından yanaşdıqda "bizim-sizin" ayrıntısı, sırf şərti səciyyə ifadə edir. Əslində bütün Azərbaycan folkloru bütün Türk Dünyasının və bütün Türk Dünyası folkloru, o cümlədən Xakas xalqının şifahi ədəbiyyat nümunələri də Orxon-Yenisey abidələri kimi Azərbaycan folklor xəzinəsinin ortaq-müştərək mənəvi mirasıdır".

Araşdırmaçı bildirir ki, Xakas türklərinin bahadırlıq, qəhrəmanlıq dastanlarını alıptıx-nımaxı söyləyib-haylamaq bizim təsəvvürümüzcə bir aşığın məhəbbət mövzusunda oxuduğu qoşma kimi anlaşılmamalıdır: "Xakasların mifik-dini inancına görə, alıptıx-nımax mənəvi güc mənbəyidir. Toyda-düyündə, yas yerində, ov ayinləri və mərasimlərində, xüsusi məclislərdə xayçıları "Altın-Arığ"dastanından parçalar söyləməyi xahiş edirlər. Məsələn, yas yerində xakas türklərinin inancına görə ölən adamın "kut"u (ruhu) qırx gün kənd-kəsəyindəki insanların - qohum-əqrəbasının yanında gəzişir. Bu səbəblə ölən adamın evini-ailəsini şər ruhların pis təsirindən və irili-xırdalı fəlakətlərdən qorumaq üçün xayçı sabaha qədər yas düşən evdə alıptıx-nımax oxumalıdır. Belə olduqda cin və şeytanlar, iblis ruhlu şər qüvvələr nə cənazəyə, nə evə, nə ailəyə yaxınlaşmaz, nə də bir pislik edə bilməzlər. Çünki şər ruhlar dastanın bitib-bitməyəcəyini, davam edib-etməyəcəyini bilmirlər. O səbəbdən yaxınlaşa bilməzlər. Cinlər, şeytanlar, iblislər, şər ruhlar dastan qəhrəmanlarının güclü ruhu qarşısında aciz qalır, cəsarət etmirlər. Qədimdən bu adətin ölən adamın yas yerində icrası bir zərurət, ehtiyac idisə, bugünlərdə bu adətə az-az təsadüf edilir. Alıptıx-nımax oxunarkən xayçı ölünün yanında tək qalmalıdır. Digər insanlar da öz növbəsində ya mənzilin başqa otağında, ya da evin həyətində xayçını mütləq dinləməlidir. Yəni xayçı otağda zahirən təkdir. Əslində o, daxilən dastan qəhrəmanları ilə birlikdə olur. Xayçı sənətkar axşam düşəndən alıptıx-nımax söyləməyə başlayır, bütün gecə sabaha qədər söyləyir, oxuyur. Dinləyicilər bu zaman yata bilməzlər. Yatmaq yasaqdır. Yatsalar, yuxuya getsələr, yatan kimsənin ömrünün qısalacağına inanılmaqdadır. Xay söyləmək, xayçılıq sənətkarlığı bütün digər-Qızıl qəbiləsindən başqa etnik xakas boyları üçün də- istər Kaçin, Koybal olsun, istərsə də Saqay, Şor, Kamasin və s. boylar üçün mənəvi dəyərlər silsiləsində mühüm yer tutur, alıptıx-nımaxlar sevgiylə gözəl xayçıların ifasında dinlənilir, sevilir, yaşayır, qədim türkü kainat "Kut"u (ruhu) ilə qırılmaz əlaqəyə bu gün də cəlb edir, təsir edir, tərbiyə edir".

 

 

Elçin Qaliboğlu

 

 Xalq Cəbhəsi.- 2010.- 16 aprel.- S.14.