Şabran, tarixi adın mübarək!

 

Bir aya yaxındır ki, Azərbaycanın inzibati ərazi vahidlərindən olan Dəvəçi rayonunun adının dəyişdirilməsilə bağlı bu rayonda mərasimlər və bayram tədbirləri keçirilirdi. Azərbaycan Respublikası Prezidentinin 13 aprel 2010-cu il tarixli “Azərbaycan Respublikasının Dəvəçi rayonunun Şabran rayonu adlandırılması haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə sərəncamından dərhal sonra aprelin 14-də isə mədəniyyət və istirahət parkında geniş və təntənəli bayram şənliyi düzənləndi.

 

Rayon rəsmiləri və qonaqlar əvvəlcə ulu öndər Heydər Əliyevin qranit abidəsi önünə gül-çiçək dəstəsi qoyub, xatirəsini hörmətlə yad etdilər.

Təntənənin rəsmi hissəsini Şabran Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Mehdi Balabəyov açaraq bildirdi ki, çoxdan arzuladığımız və gözlədiyimiz gün gəlib çatdı. Tarixi adımızı, yaşımızı bizə qaytaran, bunun qürur və sevincini bizə yaşadan Prezidentimiz cənab İlham Əliyevə sonsuz minnətdarlığımızı bildiririk.

Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı oxunduqdan sonra tarixi yaddaşa nəzər salmaq, Şabranın ulu keçmişindən danışmaq üçün söz Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri, tarix elmləri doktoru, professor Arif Məmmədova verildi. Alim Şabranın yaşayış məskəni kimi əsasının bizim eradan da əvvəl I minilliyin ortalarında qoyulduğunu və buranın qədim türk tayfaları olan hunlara mənsub olduğunu tarixi aspektdən əsaslandırıb, konkret faktları nümunə gətirdi. Şabranın adının bərpa olunmasını dövlət başçısının soykökümüzə, keçmişimizə və maddi-mədəniyyət nümunələrimizə böyük qayğı və diqqətinin nəticəsi kimi qiymətləndirdi.

Rayonu Milli Məclisdə təmsil edən millət vəkili Tahir Süleymanov da şabranlıları rayonun tarixi adının bərpası münasibətilə təbrik edərək bildirdi ki, dövlət və onun Prezidenti möhtərəm İlham Əliyev öz qətiyyətli sözünü dedi və onu sərəncamla, qanunla təsdiqlədi. İndi növbə şabranlılarındır. Biz bundan sonra Şabranın ulu şöhrətini bərpa etmək və onu daha da inkişaf etmiş, tərəqqi tapmış sivil bir şəhərə çevirmək üçün öz səylərimizi əsirgəməməliyik. Şabran adının bərpası, şübhəsiz, bizi son dərəcə sevindirir, çünki illərlə bu adın qaytarılmasını arzulamışıq. Ancaq bu sevinc həm də üzərimizə şabranlılar kimi çox böyük məsuliyyət qoyur.

Sonra çıxış edən Şabran Rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzov dedi:

— Təqvimdə adi günləri tarixə çevirmək yalnız dahilərə nəsib olur. Azərbaycanın tarixində yeni şanlı, şərəfli səhifələr yazan ümummilli liderimiz Heydər Əliyev məhz belə dahi şəxsiyyətlərdəndir.

Fikri, düşüncəsi həmişə gələcəyə, xalqının daha işıqlı, nurlu sabahına yönələn ümummilli liderimiz həm də Vətənimiz Azərbaycanın ulu keçmişinə, qədim və şanlı tarixinə bağlı bir insan idi.

“Keçmiş gələcəyin peyğəmbəridir” düşüncəsi ilə Azərbaycanın tarixinə sonsuz hörmət və məhəbbətin, öz xalqının mənəvi və maddi dəyərlərinə böyük ehtiramın parlaq təzahürü idi ki, ulu öndərin şəxsi təşəbbüsü və səyi ilə zamanın yaddaşından az qala silinməkdə olan Şabran şəhərində 1979-cu ilin sonlarında arxeoloji tədqiqat və qazınıtı işlərinə başlanıldı. Bununla da ümummilli lider tarixin yaddaşından silinməkdə olan Şabrana yenidən həyat bəxş etdi.

Nəhəng bir dövlətin — keçmiş SSRİ-nin rəhbərlərindən biri Sov.İKP MK Siyasi Bürosunun üzvü, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini olan Heydər Əliyev 1983-cü ilin sentyabrında qədim Şabranda oldu. Burada aparılan arxeoloji qazıntı işləri ilə şəxsən özü maraqlandı. Bundan sonra “Şabran Azərbaycanda qədim şəhər mədəniyyətinin ən gözəl nümunəsidir” deyən ümummilli liderimizin Şabrana bu diqqət və qayğısı nəticəsində arxeoloji qazıntı, elmi tədqiqat işləri daha da genişləndirildi.

Şabranlılar böyük iftixar hissi ilə qeyd edirlər ki, möhtərəm Prezidenitmiz cənab İlham Əliyev bu tarixi səylərdə ulu öndərimizlə həmişə birgə olmuşdur.

Qədirbilən Şabran sakinlərinin istər indiki, istərsə də gələcək nəsilləri həmişə minnətdarlıqla xatırlayacaqlar ki, əbədiyaşar liderimiz “Çıraqqala” tarixi abidələr kompleksinin bərpası və qorunması haqqında 23 iyun 2003-cü ildə, şəhərsalma tariximizin nadir incilərindən olan “Şabran şəhəri” tarix və mədəniyyət abidəsinin qorunması haqqında 27 sentyabr 2003-cü ildə sərəncamlar imzalamışdır.

Millət var ki, olmayan saxta, yalançı hadisələrlə, faktlarla “tarix” uydurur. Şabran isə bizim daş yaddaşımız, şanlı tariximiz, həm də ulu öndərin bizlərə əmanətidir.

Azərbaycan Respublikası Milli Məclisinin Dəvəçi rayonunun Şabran rayonu adlandırılması haqqında Qanunun millət vəkilləri tərəfindən qəbul edilməsi, Şabran adının tarixi, coğrafi ərazi kimi xəritələrə düşməsi də ölkə rəhbərinin, cənab İlham Əliyevin öz xalqının tarixinə diqqət və qayğısının parlaq nümunəsidir.

Bu tarixi hadisəni məhz belə dəyərləndirən rayon sakinləri Şabranı öz yeni adı ilə daha da şöhrətləndirəcək və möhtərəm Prezidentimizin həyata keçirdiyi siyasət sayəsində bu rayonu müasir və yaraşıqlı bir diyara çevirəcəkdir.

Sonra təntənəli mərasim iştirakçılarının Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciəti oxundu və gurultulu alqışlarla qəbul edildi.

Rəsmi hissə başa çatdıqdan sonra respublikanın tanınmış incəsənət ustalarının iştirakı ilə böyük bayram konserti oldu.

 

 

İlqar RÜSTƏMOV

 

Xalq qəzeti.- 2010.- 17 aprel.- S. 3.