Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin 5 yaşı tamam olmuşdur

 

Bu münasibətlə hazırlanmış nəşrlərin təqdimatı keçirilmişdir

 

Baş prokurorluğun Elm-Tədris Mərkəzində Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin fəaliyyətinin 5 illiyinə həsr olunmuş nəşrin və “Korrupsiya: anlayışı, əsas xüsusiyyətləri və istintaqı” kitabının təqdimat mərasimi keçirilmişdir.

 

Tədbirdə Milli Məclisin deputatları - Azərbaycan Respublikasının Korrupsiyaya Qarşı Mübarizə Komissiyasının üzvləri Bəxtiyar Əliyev, Əli Hüseynov, komissiyanın katibi İnam Kərimov, Mərkəzi Bankın yanında Maliyyə Monitorinqi Xidmətinin direktoru Adışirin Qasımov, Hesablama Palatasının, Ədliyyə, Daxili İşlər, Fövqəladə Hallar, Milli Təhlükəsizlik nazirliklərinin və digər hüquq-mühafizə orqanlarının aidiyyəti vəzifəli şəxsləri, korrupsiyaya qarşı mübarizə sahəsində qeyri-hökumət təşkilatlarının nümayəndələri, o, cümlədən “Şəffaflıq Azərbaycan” Korrupsiyaya Qarşı Mübarizə İctimai Birliyinin icraçı direktoru Rəna Səfərəliyeva, Korrupsiyaya Qarşı Mübarizə Fondunun prezidenti Namiq Axundov və qeyriləri, Litva Xüsusi İstintaq Xidmətinin əməkdaşları, Baş Prokurorluğun idarə və şöbə rəisləri iştirak etmişlər.

Baş prokurorun müavini Namiq Əsgərov tədbiri açaraq mütəşəkkil cinayətkarlığın ən təhlükəli təzahürlərindən olan korrupsiya cinayətlərinə qarşı barışmaz mübarizənin hələ keçmiş Sovet İttifaqı məkanında ilk olaraq məhz ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında Azərbaycanda başladığını diqqətə çatdırmış və ulu öndərin 1993-cü ildə xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdışından sonra bu istiqamətdə daha qətiyyətli tədbirlərin görüldüyü, o cümlədən “Cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsi tədbirləri haqqında” 1994-cü il 9 avqust tarixli fərmanla bu sahədə qarşıya konkret vəzifələrin qoyulduğu və kəsərli qabaqlayıcı tədbirlərin həyata keçirildiyi barədə ətraflı məlumat vermişdir.

Ölkəmizdə azad sahibkarlığın inkişafı yolunda maneələrin aradan qaldırılması, onların fəaliyyətinə hər hansı bir formada müdaxilənin qarşısının alınması məqsədi ilə ümummilli lider Heydər Əliyev tərəfindən müxtəlif vaxtlarda verilmiş fərman və sərəncamların icrası istiqamətində görülən tədbirlərin korrupsiyaya qarşı mübarizə işində çox mühüm rol oynadığını vurğulayan baş prokurorun müavini qeyd etmişdir ki, Azərbaycan Prezidentinin “Azərbaycan Respublikasında korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi haqqında” 2000-ci il 8 iyun tarixli fərmanı ilə Avropa məkanına sürətlə inteqrasiya olunan ölkəmizdə korrupsiyaya qarşı mübarizənin yeni mərhələsi başlamışdır.

Hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunu ardıcıllıqla davam etdirən Prezident İlham Əliyevin siyasi kursunun əsas istiqamətini təşkil edən korrupsiya ilə mübarizə sahəsində görülən kompleks tədbirlər, xüsusilə də Korrupsiyaya qarşı mübarizə üzrə dövlət proqramının qəbulu və müvəffəqiyyətlə icrası, prokurorluq orqanlarına dövlət səviyyəsində göstərilən etimadın təzahürü kimi Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin təşkili və fəaliyyətə başlaması, ölkəmizin Avropa Şurasının “Korrupsiya ilə əlaqədar cinayət məsuliyyəti haqqında”, “Korrupsiya ilə əlaqədar mülki-hüquqi məsuliyyət haqqında” və BMT-nin “Korrupsiya əleyhinə” konvensiyalarına qoşulması və milli qanunvericiliyə implementasiyası həyata keçirilmişdir.

Dövlətimizin başçısının 2007-ci il 28 iyul tarixli sərəncamı ilə təsdiq olunmuş “Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya” və onun icrası ilə bağlı Milli Fəaliyyət Planı korrupsiyaya şərait yaradan halların aradan qaldırılması məqsədi ilə qabaqlayıcı tədbirlərin həyata keçirilməsi üçün əlverişli hüquqi zəmin yaratmışdır.

N.Əsgərov bildirmişdir ki, korrupsiyanın qarşısının alınması sahəsində ixtisaslaşmış orqan funksiyasını həyata keçirən Azərbaycan Respublikasının Korrupsiyaya Qarşı Mübarizə Komissiyası tərəfindən bu sahədə dövlət orqanlarının və digər qurumların fəaliyyəti uğurla əlaqələndirilərək məhsuldar əməkdaşlığa nail olunmuşdur. Keçirilmiş monitorinqlər, müvafiq tövsiyələr beynəlxalq və yerli qeyri-hökumət təşkilatları və vətəndaş cəmiyyəti institutları ilə birlikdə aparılmış sorğular, təhlillər, maarifləndirmə mütəşəkkil cinayətkarlığın bu təhlükəli təzahürünə qarşı mübarizə işinə dövlət qurumları və ictimaiyyəti düzgün istiqamətləndirməklə uğurlu nəticələrə gətirib çıxarmışdır.

Bildirilmişdir ki, Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin fəaliyyətinin 5 illiyinə həsr olunmuş nəşr idarənin yarandığı vaxtdan əldə etdiyi nailiyyətlər və qarşıda duran vəzifələr barədə ictimaiyyətin məlumatlandırılması məqsədini daşıyır. Ənənələrinə sadiq qalaraq idarənin bu il nəşr etdirdiyi “Korrupsiya: anlayışı, əsas xüsusiyyətləri və istintaqı” kitabı isə mütəşəkkil cinayətkarlığın təhlükəli təzahürü olan korrupsiyaya qarşı mübarizə işində hüquq-mühafizə orqanlarının gənc əməkdaşları üçün faydalı bələdçi rolunu oynayacaqdır.

Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəisi Kamran Əliyev qeyd etmişdir ki, ölkəmizdə demokratik və hüquqi dövlətin təşəkkül tapması şəraitində korrupsiyaya qarşı səmərəli və uzlaşdırılmış əks-təsir siyasəti hazırlanmış və ardıcıl şəkildə yerinə yetirilməyə başlanılmışdır.

Diqqətə çatdırılmışdır ki, fəaliyyət göstərdiyi 5 il ərzində Korrupsiyaya Qarşı Mübarizə İdarəsi tərəfindən 480 nəfər barəsində 265 cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün məhkəməyə göndərilmişdir. Təkcə 2009-cu il və cari ilin ötən dövrü ərzində idarə tərəfindən 235 nəfər barəsində 133 cinayət işinin məhkəməyə göndərilməsi və 2008-ci illə müqayisədə 2009-cu ildə vətəndaşlar tərəfindən idarəyə ünvanlanmış müraciətlərin sayının əhəmiyyətli şəkildə artaraq 324-ə çatması dövlət orqanlarına əhalinin etimadının güclənməsi və möhkəmləndirilməsinin bariz nümunəsidir. Məhkəməyə göndərilmiş cinayət işləri rüşvət, vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, vəzifə səlahiyyətlərini aşma, vəzifə saxtakarlığı, səhlənkarlıq, özgə əmlakını talama, dələduzluq, cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma və hədə-qorxu ilə tələb etmə faktları ilə əlaqədar olmuşdur.

İdarədə araşdırılmış cinayət xarakterli materialların və cinayət işlərinin mahiyyətində də mürəkkəbliyə doğru keyfiyyət dəyişiklikləri baş vermişdir. Belə ki, Azərbaycan Respublikası CM-in 193-1-ci maddəsində nəzərdə tutulan cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırması ilə əlaqədar idarədə istintaq olunan və baxılması üçün məhkəməyə göndərilmiş cinayət işi üzrə ölkəmizdə ilk məhkəmə hökmü çıxarılmışdır.

Baş Prokurorluq üzrə imzalanmış 2009-cu il 5 mart tarixli “Korrupsiyaya qarşı mübarizə sahəsində əməliyyat-axtarış tədbirlərinə prokuror nəzarətinin həyata keçirilməsi haqqında” əmrlə korrupsiya ilə bağlı cinayətlərin qarşısının alınması, aşkar edilməsi və açılması məqsədi ilə əməliyyat-axtarış fəaliyyətini həyata keçirən qurumlarda qanunların icrasına prokuror nəzarəti Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə həvalə edilmişdir. Antikorrupsiya siyasətinin icra olunmasında aparıcı rol oynayan idarə istər ölkədaxili qurumların əlaqələndirilməsi, istərsə də xarici tərəfdarlar və beynəlxalq təşkilatlarla əməkdaşlığa öz töhfəsini verir.

Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşları bir sıra ölkələrin beynəlxalq konvensiyalarla nəzərdə tutulmuş qaydada korrupsiya əməllərinin kriminallaşdırılması, dövlət qulluğunda şəffaflığın artırılması, bu sahədə tədbirlərin sistemləşdirilmiş strategiya çərçivəsində həyata keçirilməsinin monitorinqinin aparılması və dəyərləndirilməsində beynəlxalq ekspertlər qrupu tərkibində iştirak edirlər.

Avropa Şurasının qurumu olan Korrupsiya Əleyhinə Dövlətlər Qrupunun (GRECO) 2006-cı ildə verdiyi tövsiyələr sırasında nəzərdə tutulan hüquq mühafizə orqanları arasında əməkdaşlığın gücləndirilməsi, həmçinin korrupsiyaya qarşı mübarizədə treninq və hazırlıq potensialının gücləndirilməsi məqsədi ilə Korrupsiyaya qarşı Mübarizə İdarəsinin aparıcı iştirakı ilə Baş Prokurorluq, Daxili İşlər, Vergilər və Milli Təhlükəsizlik nazirliklərinin tədris qurumlarının nümayəndələrindən ibarət işçi qrupu təsis edilmişdir.

Azərbaycan Respublikasının üzv olduğu “Korrupsiya cinayətləri ilə əlaqədar cinayət məsuliyyəti haqqında” Konvensiyanın 21-ci maddəsinə müvafiq olaraq milli orqanlarla və onların arasında əməkdaşlığın gücləndirilməsi məqsədi ilə bir sıra mühüm tədbirlər həyata keçirilmişdir.

Korrupsiyaya qarşı mübarizə sahəsində əməkdaşlığın təkmilləşdirilməsi ilə əlaqədar olaraq Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin təşəbbüsü ilə Baş Prokurorluqla Daxili İşlər və Vergilər nazirlikləri arasında “Korrupsiya ilə mübarizə sahəsində qarşılıqlı əməkdaşlıq haqqında” birgə əmrlər imzalanmışdır.

Bundan əlavə, Azərbaycan Respublikası Baş Prokurorluğu ilə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi, Azərbaycan Respublikasının Hesablama Palatası və Azərbaycan Respublikası Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidməti arasında qarşılıqlı əməkdaşlıq barədə razılaşma memorandumları imzalanmışdır.

İdarənin fəaliyyətində müasir informasiya texnologiyalarının son nailiyyətlərindən istifadə edilmişdir. Belə ki, 2009-cu ilin yanvar ayında idarədə korrupsiya ilə əlaqədar cinayətlər barədə vahid informasiya bazası yaradılmış, proqram tərtibatı hazırlanmış, müasir avadanlıqlar quraşdırılmış, rabitə texnologiyaları vasitəsilə Baş Prokurorluğun və Respublika Hərbi Prokurorluğunun müvafiq idarələri mərkəzi serverə qoşulmuşdur. 2009-cu ilin əvvəlindən fəaliyyət göstərən vahid informasiya bazası 100-dən artıq meyarlar üzrə təhlillərin aparılmasına imkan yaradır.

İdarənin beynəlxalq əlaqələrindən və bu istiqamətdə həyata keçirilən layihələrdən danışan K.Əliyev qeyd etmişdir ki, “Dövlət və bələdiyyə əmlakının və vəsaitlərinin idarə olunması sahəsində korrupsiya ilə əlaqədar hüquqpozmalara qarşı mübarizənin gücləndirilməsi haqqında” Azərbaycan Prezidentinin 2009-cu il 22 iyun tarixli fərmanı ilə korrupsiyaya qarşı mübarizə sahəsində keyfiyyətcə yeni mərhələnin əsası qoyulmuşdur.

K.Əliyev qeyd etmişdir ki, Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin fəaliyyətinin 5 illiyinə həsr olunmuş və Azərbaycan, ingilis və rus dillərində buraxılmış nəşrdə ölkəmizdə korrupsiyaya qarşı mübarizə sahəsində görülmüş işlər və qarşıda duran vəzifələr barədə məlumatlar yerləşdirilmişdir. İdarə tərəfindən nəşr edilmiş və xidməti istifadə üçün nəzərdə tutulan “Korrupsiya: anlayışı, əsas xüsusiyyətləri və istintaqı” kitabı isə hüquqi maarifləndirmə baxımından atılmış növbəti uğurlu addımdır.

Milli Məclisin deputatları - Azərbaycan Respublikasının Korrupsiyaya Qarşı Mübarizə Komissiyasının üzvləri Bəxtiyar Əliyev və Əli Hüseynov çıxış edərək prokurorluq orqanlarında 2000-ci ildən başlayaraq həyata keçirilən islahatların uğurla nəticələndiyini, qurumda şəffaf və obyektiv meyarlar əsasında kadr potensialının formalaşdırıldığını, Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin nailiyyətlərinin ən yüksək nəticəsinin əhalinin dövlət orqanlarına etimadının möhkəmlənməsində təzahür etdiyini qeyd etmişlər.

Auditorlar Palatasının sədri Vahid Novruzov rəhbərlik etdiyi təşkilatın Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi ilə səmərəli və sıx əməkdaşlıq əlaqələri barədə öz fikirlərini bildirmişdir.

“Şəffaflıq Azərbaycan” Korrupsiyaya Qarşı Mübarizə İctimai Birliyinin icraçı direktoru Rəna Səfərəliyeva, Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqasının sədri və QHT-lərin Antikorrupsiya şəbəkəsinin üzvü Sahib Məmmədov, Konstitusiya Araşdırmaları Fondunun prezidenti Əliməmməd Nuriyev çıxışlarında Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin inzibati və əhalinin maarifləndirilməsi istiqamətində fəaliyyətini yüksək qiymətləndirərək, təqdim olunan nəşr və kitabı təqdirəlayiq addım kimi dəyərləndirmişlər.

Sonda tədbir iştirakçılarına Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin fəaliyyətinin 5 illiyinə həsr olunmuş nəşr və “Korrupsiya: anlayışı, əsas xüsusiyyətləri və istintaqı” kitabı paylanmışdır.

 

 

Xalq qəzeti.- 2010.- 17 aprel.- S. 4.