Orta Asiyada ziyalılarımız ölkəmizi ləyaqətlə təbliğ edir

 

Azərbaycanla Orta Asiya ölkələri arasında ictimai-mədəni əlaqələr genişləndikcə, xalqlar bir-birlərinin mədəniyyəti, ənənələri ilə daha yaxından tanış olurlar. Xaricdə fəaliyyət göstərən diaspor təşkilatlarımızın, eləcə də ziyalılarımızın bu işdə fəaliyyəti isə danılmazdır. Bu yaxınlarda Bakıya səfər etmiş Qazaxıstanda yaşayan soydaşımız, Ahısqka Mətbuat Mərkəzinin həmsədri, “Vətən”, “Türkel” qəzetlərinin, “Altun körpü” dərgisinin baş redaktoru Ramiz Məşədihəsənli və “Vətən” qəzetinin redaktoru, filologiya elmləri namizədi Hökümə Xəlilova da belə insanlardandır.

 

Bir qrup fəal tələbə ilə görüşən qonaqlar fəaliyyətləri barədə ətraflı məlumat verdilər. Bakı Dövlət Universitetinin filologiya fakültəsinin məzunu Seymur Həsənli qonaqlara türk dövlətlərinin gəncləri ilə qurduqları əlaqələr barədə məlumat verdi və gələcəkdə bu cür əlaqələri daha da inkişaf etdirəcəklərini vurğuladı.

Uzun müddət Azərbaycan jurnalistikasında fəaliyyət göstərmiş, ölkəmizin Dövlət Televiziyasının Almaniya təmsilçisi olmuş Ramiz Məşədihəsənli gənclərə Qazaxıstan və Qırğızıstandakı fəaliyyətlərindən söhbət açaraq bildirdi ki, rəhbərlik etdikləri mətbu nəşrlər özbək, qazax, Azərbaycan türkcələrində, eləcə də rus dilində işıq üzü görür. Vətəndən kənarda yaşasaq da, daima mətbu orqanlarda Azərbaycanın yürütdüyü siyasət, Ermənistan-Azərbaycan münaqişəsi, ölkəmizin mədəniyyəti və inkişafı barədə məlumat verir və Orta Asiya dövlətlərində ölkəmizlə bağlı obyektiv informasiyanın yayımına çalışırıq. Bizim “Türkel” qəzetinin bir sıra ölkələrdə təmsilçiləri var və qəzet Türkiyənin Prezidenti Abdulla Gül, eləcə də Baş naziri Rəcəb Tayyip Ərdoğan tərəfindən yüksək qiymətləndirilib. Bunun nəticəsi kimi qəzet redaksiyasının daha keyfiyyətlə çalışması üçün TİKA şirkəti tərəfindən bizə texniki avadanlıq verilib.”

Ortaq türk dili məsələsinə toxunan R. Məşədihəsənli yaxın gələcəkdə Qazaxıstanda açılış mərasimi gerçəkləşəcək türkdilli xalqların ortaq dil Akademiyasını nümunə gətirib. Onun fikrincə, Qazaxıstan Prezidenti N.Nazarbayevin təşəbbüsü ilə qurulmuş bu Akademiya türk xalqlarının ortaq dilinin formalaşmasında, xalqlar arasında ünsiyyətin daha da sürətlənməsində böyük rol oynaya bilər.

Hökümə Xəlilova R. Məşədihəsənli ilə birgə Qırğızıstanın Atatürk-Alatau Universitetində sonuncu kurs tələbələrinə Azərbaycan dili və ədəbiyyatı fənnini tədris edirlər. Qırğız tələbələr Azərbaycanın mədəniyyəti, ədəbiyyatı, eləcə də tarixi memarlıq abidələri ilə yaxından maraqlanırlar. Qonaqlar həmçinin bildirdilər ki, hazırda Qazaxıstan dövlət radiosunda Azərbaycan haqqında həftədə 40 dəqiqəlik veriliş yayımlanır. Bununla yanaşı, “Manas FM 102.9” radio dalğasında Azərbaycan dilində yayımlanan “Dostluq körpüsü” Qırğızıstan-Azərbaycan arasındakı mədəni əlaqələrə işıq salır. Hökümə Xəlilova Orta Asiyada yaşayan soydaşlarımız haqqında məlumatında bildirdi ki, repressiya illərində vətənlərindən Orta Asiyaya sürgün olunmuş Şıxlinskilər, Rəfibəylilər kimi tanınmış nəslin nümayəndələrinin davamçıları indi də orada yaşayırlar. Onların taleyi, keçdikləri acılı-şirinli ömür yolu isə xalq şairi Zəlimxan Yaqubun bu yaxınlarda işıq üzü görmüş “Sürgün” kitabında öz əksini tapıb. Vətəndən uzaqda yaşayan soydaşlarımızla daima əlaqələr yaratdıqlarını bildirən H.Xəlilova bu dəfə də qəzet və dərgilərində onların marağına səbəb olacaq materiallar hazırlayacaqlarını söylədilər. “Altun-köprü” dərgisində, eləcə də qəzetimizdə çalışırıq ki, Azərbaycanda, digər türk dövlətlərində baş verən ən mühüm ictimai-mədəni hadisələri işıqlandıraq. Dərgimizin növbəti sayında səfər təəssüratlarımız, eləcə də ölkəmizin müxtəlif səfalı yerlərindən reportajlar olacaq. Ümid edirik ki, bu yazılar və fotolar vətəndən uzaqda yaşayan soydaşlarımızın sevincinə səbəb olacaq.” Qonaqlar Orta Asiyada fəaliyyət göstərən diaspor təşkilatlarımızla, eləcə də Qazaxıstanda Ziyəddin İsmixanoğlunun rəhbərlik etdiyi Ahısqka türklərinin dərnəyi ilə əməkdaşlıq etdiklərini də bildirdilər.

Ziyalılarımızın uğurlu və məhsuldar fəaliyyəti Qazaxıstan və Qırğızıstanda da yüksək qiymətləndirilib. Onlara hər iki ölkənin xalqlarının assambleyalarının fəxri fərmanları təqdim edilib. “Türkel” qəzeti isə Qırğızıstanda xarici mətbuat nümunələri arasında birinci diploma layiq görülüb. Qazaxıstanda fəaliyyət göstərən Türk Dünyası Assosiasiyasının vitse-prezidenti, hüquqşünas Yəhya Əliyev də xaricdəki diaspor təşkilatlarımızın fəaliyyətindən söhbət açdı və qonaqlara bundan sonrakı fəaliyyətlərində uğurlar arzuladı. Qırğızıstandakı son olaylara toxunan qonaqlar baş verən hadisələrin tezliklə nizama düşəcəyininə ümid etdiklərini bildirdilər. Onların fikrincə, hansı proseslərin baş verməsindən asılı olmayaraq, Qırğızıstan-Azərbaycan arasında dostluq və qardaşlıq əlaqələrinin qədim kökləri var və yeni formalaşacaq hökümət də bu əlaqələrin inkişafında öz töhfələrini verəcək. Sonda qonaqlar gəncləri maraqlandıran suallara cavab verdilər.

 

 

Əfsanə BAYRAMQIZI

 

Xalq qəzeti.- 2010.- 18 aprel.- S. 7.