İlin birinci rübü səbaillilər üçün uğurlu olmuşdur

 

Prezident İlham Əliyevin Nazirlər Kabinetinin 2010-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafın yekunlarına həsr olunmuş geniş iclasındakı nitqindən irəli gələn vəzifələr Səbail Rayon İcra Hakimiyyəti başçısı yanında şuranın rayon fəallarının iştirakı ilə keçirilən iclasında ətraflı müzakirə olunmuşdur.

 

İclası giriş sözü ilə açan Səbail Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov qeyd etmişdir ki, 2010-cu ilin ilk üç ayı ərzində rayonun müəssisələri istehlakçılara 57,4 milyon manatlıq sənaye məhsulu göndərmiş və xidmətlər göstərmişdir. Nəqliyyatçılar 107,1 milyon manatlıq və ya keçən ilin müvafiq dövrünə nisbətən 27,6 faiz çox, rabitəçilər 172,9 milyon manatlıq və ya 19,3 faiz çox xidmətlər göstərmişlər. Bütün maliyyə mənbələri hesabına 536,5 milyon manatlıq investisiyalardan istifadə edilmişdir ki, bu, keçən ilin müvafiq dövrünə nisbətən 50,6 faiz çoxdur. İlin əvvəlindən əhaliyə 126,1 milyon manatlıq istehlak malları satılmış və ya pullu xidmət göstərilmişdir, bu isə ötən illə müqayisədə 9,8 faiz çoxdur. Pərakəndə əmtəə dövriyyəsi 17,3 faiz artaraq 64,2 milyon manata, pullu xidmətlərin həcmi isə 9,1 faiz yüksələrək 61,9 milyon manata çatmışdır.

Rayonda çalışan işçilərin sayı 83300 nəfər, orta aylıq əmək haqqının məğləği isə 767,1 manat olmuşdur ki, bu da keçən illə müqayisədə 23,6 faiz çoxdur. 2010-cu ilin I rübü ərzində Səbail rayonu ərazisində 356 yeni iş yeri açılmışdır ki, bunların hamısı daimi iş yerləridir. Ümumilikdə, 2003-cü ilin oktyabr ayından 2010-cu ilin mart ayına kimi rayonda 31932 iş yeri açılmışdır ki, onların 31276-sı daimidir.

Başçı daha sonra bildirmişdir ki, ilin əvvəlindən rayonda yerləşən bir sıra müxtəlif təyinatlı obyektlərin inşası, təmir-yenidənqurulması işləri müvəffəqiyyətlə davam etdirilmişdir. Bu ilin birinci rübündə Prezident İlham Əliyevin iştirakı ilə Dənizkənarı Milli Bulvarda möhtəşəm Bakı Biznes Mərkəzinin və Neftçilər prospektində “Dalğa Plaza” İş Mərkəzinin açılış mərasimi olmuşdur. Əsaslı təmir-yenidənqurma işlərindən sonra Respublika Klinik Uroloji Xəstəxanasının binası istifadəyə verilmişdir.

Hazırda Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi üçün yeni binanın tikintisi və Dövlət Bayrağı Meydanındakı inşaat işləri davam etdirilir. Badamdar qəsəbəsində MTN-nin yeni hospitalı tikilir. “Yaxt-klub”da yenidənqurma, “Xaqani” bağında əsaslı təmir, “Fəvvarələr Meydanı”nda yenidənqurma və Nizami küçəsindəki tarixi binalarda təmir-bərpa işləri aparılır. Bibiheybət qəsəbəsindən şəhərin mərkəzinə uzanan yeni magistral yolun çəkilişi, Neftçilər prospektində “Four seasons” və “Hilton” mehmanxanalarının inşası davam etdirilir.

İçərişəhərdə yerləşən XI əsr abidəsi “Həzrət Məhəmməd” məscidinin bərpa və konservasiyası işləri aparılır. Şəhərimizin qocaman təhsil müəssisələrindən olan 132 saylı orta məktəbin və “İstedad” beynəlxalq təhsil kompleksinin binalarında əsaslı təmir və yenidənqurma işləri böyük sürətlə davam edir.

Rayon icra hakimiyyəti tərəfindən hazırlanmış “Abad həyət” layihəsi əsasında Badamdar qəsəbəsində daha bir həyətin təmir olunması üçün layihə-smeta sənədləri hazırlanmış və onun təmirinə başlanmışdır. Yanvar ayında Badamdar qəsəbəsində boş sahədə gözəl istirahət parkı salınmış, qəsəbə mədəniyyət evində aparılan əsaslı təmir işləri yekunlaşmaq üzrədir. Burada inşa olunan “Xeyir-şər” evində tamamlama işlərinə başlanmışdır. Heydər Əliyev parkında təmir-yenidənqurma aparılması üçün layihə sənədləri hazırlanmışdır. Parkda ümummilli liderin büstünün qoyulması planlaşdırılmışdır. Hazırda Səbail Rayon Polis İdarəsinin yeni binasında tamamlama işləri aparılır. Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının 3 mərtəbəli yeni binasında isə dam örtüyünün quraşdırılması və binadaxili işlər görülür.

Yanvar ayında Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyi Səbail rayon şöbəsinin Şəhidlər Xiyabanında yerləşən qərargahında əsaslı təmir işləri başa çatdırılmışdır. Bibiheybət qəsəbəsinin girişində II Dünya müharibəsində həlak olan döyüşçülərin xatirə abidəsində aparılan əsaslı təmir-yenidənqurma işləri başa çatdırılmış və qələbənin 65 illiyi ərəfəsində bu abidənin təntənəli açılışı nəzərdə tutulmuşdur. Qəsəbənin dənizkənarı hissəsində mini futbol meydançasının təmiri işləri aparılır.

Rəşid Behbudov adına 2 saylı musiqi məktəbində əsaslı təmir, Bayıldan 20-ci sahə dairəsinə kimi — Qurban Abbasov, Əhəd Yaqubov və Bibiheybət yolu küçələri boyunca mövcud mağaza, ofis və ticarət obyektlərinin üzlənməsi işləri aparılır. Hazırda bu ərazidə 110 mağazada üzlənmə başa çatmış, digərlərində də hazırlıq işləri aparılır.

Müzakirələrdə qeyd olunmuşdur ki, Səbail Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi bir sıra binalara gedən istilik xətlərində, 5 binanın dam örtüyündə təmir işləri aparmış, su və kanalizasiya xətlərini dəyişdirmişdir. Mərkəzdəki bir sıra binaların fasadı təmir olunmuş, rəngləmə işləri görülmüşdür.

Elektrik Təchizatı və Satış İdarəsi tərəfindən 2010-cu ilin birinci rübü ərzində yeni inşa olunmuş 110/35/10 kv-luq “İçərişəhər” yarımstansiyası şəbəkəyə qoşulmuşdur. Dənizkənarı Milli Bulvarda yeni transformator məntəqəsi, Şıx çimərliyi ərazisində 10 kv-luq paylayıcı qurğu və Badamdarda 35 kv-luq yarımstansiya istismara verilmişdir. Yeni 6 kv-luq qapalı paylayıcı qurğu tikilmiş, burada 2 yeni transformator quraşdırılır. Badamdar yolunda 250 kva-lıq KTM quraşdırılmış, rayon ərazisində 8900 metr uzunluğunda kabel xətti çəkilmişdir. Hazırda 20-ci sahədə, Badamdar qəsəbəsinin qəbiristanlıq yolunda yeni “SİP” xətləri çəkilir, abonentlərə sayğaclar quraşdırılır. Şəhidlər Xiyabanının yaxınlığında 35/10 kv-luq yarımstansiya inşa olunur.

Qaz istismar sahəsi təchizatı yaxşılaşdırılması məqsədi ilə 5710 metr yeni qaz xətləri çəkmiş, 17 qaztənzimləyici şkaf və 2 siyirtmə quraşdırmışdır. Badamdar qəsəbəsinin, 3-cü yaşayış massivində və Tofiq Məmmədov küçəsində 1900 metr qaz kəmərinin çəkilib dairəvi birləşdirilməsi işləri aparılır. Həmin ərazidə 1000 metr yerüstü qaz xətti çəkilməsi nəzərdə tutulmuşdur.

RİH-in tədbirlər planına uyğun olaraq, iməciliklər zamanı Səbail rayonunda 25 minə yaxın ağac əkilmişdir. Uzun illərdən bəri neftlə çirklənmiş Bibiheybət yaşayış massivinin təmizlənməsi və yaşıllaşdırılması istiqamətində Azərbaycan Respublikası Dövlət Neft Şirkəti bir sıra tədbirlər həyata keçirmişdir. “Bibiheybətneft” NQÇİ-nin ərazisində 216 hektar ərazi rekultivasiya olunmuş, 60 minə yaxın ağac əkilmişdir. Yazın gəlişi ilə bağlı rayon ərazisində aparılan abadlıq və yaşıllaşdırma işlərinin həcmi daha da artmışdır. “Ekologiya ili” elan olunmuş 2010-cu il ərzində Səbail rayonu ərazisində 38000 ağac əkilməsi planlaşdırılmışdır.

Yeniyetmələrin sağlam böyüməsinin təmin olunması və respublikada futbolun kütləviliyinin artırılması məqsədilə ilk dəfə olaraq AFFA, Azərbaycan Respublikası Təhsil Nazirliyi, “Azərcell” və Səbail Rayon İcra Hakimiyyəti fevral ayında rayonun 16 orta məktəbinin 4-cü sinif şagirdləri arasında “Məktəbli kuboku” yarışları keçirmişdir.

Toplantıda bildirilmişdir ki, Prezident İlham Əliyevin Nazirlər Kabinetinin iclasındakı çıxışında əhaliyə keyfiyyətsiz malların satılmasına qadağa qoyulması və buna nəzarətin gücləndirilməsi üçün yerlərdə ciddi işlərin aparılmasına dair tapşırığının icrası ilə bağlı RİH başçısının müvafiq sərəncamı ilə rayonda istehlak mallarının qiymətinə və keyfiyytinə nəzarət üzrə ictimai komissiya yaradılmışdır. Komissiyanın tərkibinə müvafiq qurum və ictimaiyyətin nümayəndələri cəlb olunmuş və qurum artıq fəaliyyətə başlamışdır.

Şuranın yığıncağında yolların təmiri, ərazinin abadlaşdırılması işlərində bələdiyyələrin yaxından iştirakının vacibliyi də qeyd edilmiş və bu istiqamətdə müvafiq tapşırıqlar verilmişdir. İclasda əldə olunmuş nailiyyətlərlə yanaşı, həllini gözləyən problemlər, çatışmazlıqlar və onların aradan qaldırılması yolları, nəzərdə tutulan abadlıq işləri və vətəndaşların müraciətləri ilə bağlı görülən işlər də müzakirə olunmuşdur.

İclasda Milli Məclisin iqtisadi siyasət daimi komitəsinin sədri, akademik Ziyad Səmədzadə və millət vəkili Fuad Muradov iştirak etmişlər.

 

 

Tahir AYDINOĞLU

 

Xalq qəzeti.- 2010.- 18 aprel.- S. 4.