Lerik: baxıb cəlalına sevinir dağlar

 

Şair dostlarımdan olan təbiət vurğunu İbrahim İlyaslı Lerikə ezamiyyətə gedəcəyimi eşidəndə dedi: “Bizdən dağlara salam apar. Orada on il əvvəl olmuşam, yəqin indi Lerik çox dəyişib, inkişaf edib”. “İnşallah, bir dəfə birlikdə gedərik, özün görərsən”-deyə cavab verdim və Lerikin son illərdə necə gözəlləşməsindən danışdım. Razılaşdıq ki, növbəti dəfə dağlara birlikdə gedərik.

 

Lerikdə isə eşitdim ki, başqa bir şair dostum, tələbə yoldaşım Həzi Həsənli ötən payız burada olub və qayıdanbaş “Lerik duyğularım- lirik duyğularım” adlı təəssüratlarını qəzetlərin birində çapa verib. O yazını mən də oxudum və Həzinin poetik müşahidələrindən xeyli duyğulandım.

 

Göynədər gözümdə şeh hərdən məni,

Çeşmələr çağırar, şəhərdən məni,

Görməsəm yandırar qəhərdən məni,

Yaylaq həsrətimin körük dağları,

Nə yaxşı görüşdük Lerik dağları.

 

Doğrudan da, yurdumuzun hər guşəsi ayrı bir aləmdir. Bunu tez-tez görənlər o qədər də fərqinə varmırlar. Amma “təzə” bir göz baxan kimi heyrətlənir, gözəllik aşiqi olan şairlərsə ilhamlanır bu gözəlliklərdən. İnanıram ki, Lerikin görüşünə can atan İbrahim İlyaslı da elə Həzi Həsənli kimi bu “dağlar gözəli”nə təzədən, özü də bu dəfə lap bir könüldən-min könülə vurulacaq.

İnkişafının yeni mərhələsini yaşayan Lerik Talış dağlarının qoynunda açıq təbiət muzeyinə bənzəyir. Ucqar bölgənin ilahi gözəllikləri insan əlinin qüdrətilə bir qədər də cilalanıb, bir qədər də artırılıb.

İcra hakimiyyətinin başçısı Rövşən Bağırov “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının ilk ilinin yekunlarına həsr edilmiş respublika konfransında verilmiş tapşırığa əsasən Xırdalan şəhərində keçirilən zona müşavirəsindən yenicə qayıtmışdı.

-Möhtərəm Prezidentimiz İlham Əliyevin martın 12-də yeni Bakı Biznes Mərkəzində ikinci Dövlət Proqramının icrasının ilk ilinin yekunlarına həsr edilmiş ənənəvi konfrancda nitqlərindən irəli gələn vəzifələri fəaliyyət proqramımıza çevirmişik,-deyə o bildirdi. -Zona müşavirəsində də qeyd edildiyi kimi, dövlət başçısının rəhbərliyi altında uğurla gerçəkləşən, daxili siyasətin prioriteti olan regional inkişaf proqramı iqtisadi siyasətin strateji istiqamətlərinin ardıcıl həyata keçirilməsinə şərait yaradır. Bölgələrimizin tarazlaşdırılmış və hərtərəfli düşünülmüş inkişafı, bu siyasətin sosial oriyentasiyası əhalinin güzəranının davamlı şəkildə yaxşılaşmasına müsbət təsir göstərmişdir. Ölkə iqtisadiyyatının bütün sahələrində tərəqqi meylləri aşkar görünür. İlk ilin yekunları buna parlaq sübutdur. Ölkə rəhbəri konfransdakı nitqlərində həmin yekunlar üzərində ətraflı dayanmışdır. Möhtərəm Prezidentimiz tərəfindən qarşıya qoyulan vəzifələr və verilmiş tövsiyələr geniş şura iclasımızda ciddi müzakirə olunmuş, maraqlı təkliflər irəli sürülmüşdür. Qazanılan uğurlar inkişaf üçün yeni üfüqlər açır, lakin görüləsi işlərimiz də hələ çoxdur. Bu işləri icra etməkdə dövlətimiz bizə hər cür maddi və mənəvi ctimul verir, dövlətimizin başçısı regional layihələrin həyata keçirilməsini daimi nəzarətində saxlayır. Rayonu gəzin, adamlarla söhbət aparın, yaradıcı-qurucu ovqatı özünüz görəcəksiniz.

Doğrudan da, bu gün Leriki gəzmək adama ayrı zövq verir. Həm gözəlliklər göz oxşayır, həm də adamların quruculuq əzmi heyranlıq doğurur. Qış aylarında sərt iqlim şəraiti üzündən abadlıq işləri bir qədər səngisə də, yazın gəlişi ilə Lerikdə fərəhli canlanma duyulur. Rayonun tanınmış ziyalısı Qəhrəman Əliyev də, yenicə tanış olduğum müəllim Paşa Feyziyev bu nikbinliyi ucqar bölgəyə dövlət qayğısı ilə əlaqələndirdilər. Çay süfrəsi ətrafında söhbətimizdə onlar dedilər ki, icra hakimiyyətinin başçısı Rövşən Bağırov ətrafına işgüzar, təəssübkeş, təşəbbüskar adamları toplayıb. Hamı əlbir olub Lerikin tərəqqisinə çalışır, problemlər ardıcıl həllini tapır. Hansı bir məsələ ilə bağlı təklif irəli sürsək, fikrimizə hörmətlə yanaşılır, sözümüz nəzərə alınır. Nikbinliyin bir səbəbi də budur.

Birinci Dövlət Proqramı üzrə Lerikdə çox iş görülüb. İkinci Dövlət Proqramı bu zəmində uğurla reallaşır. Ötən il icrası nəzərdə tutulmuş tədbirlərə uyğun olaraq 512 yeni iş yeri açılıb. Əsasən tikinti-abadlıq tədbirlərinə cəlb edilən vətəndaşlardan 176 nəfəri daimi işlə təmin edilib. Həm 2009-cu ildə, həm də indi bu işlər tədbirlər planına uyğun olaraq davam etdirilir. Rayon mədəniyyət evi, uşaq incəsənət məktəbi əsaslı təmirdən sonra istifadəyə verilib. Çayrud və Hovil kəndlərində yeni məktəblər tikilib. Dörd məktəb əsaslı təmir olunub, üç uşaq bağçası inşa edilib.

Lənkəran-Lerik yolu boyunca turizm-əyləncə mərkəzlərində yeni kotteclər, istirahət meydançaları inşa edilib. Hazırda yolun 36-cı kilometrindəki “Cənub”, Bilnə kəndi yaxınlığındakı “Səfa”, Qosmalian kəndi ərazisindəki “Relaks” turizm-istirahət mərkəzlərində tikinti işləri davam etdirilir. İaşə və ticarət mərkəzlərinin inşası vüsət alıb. Bağçılıq inkişaf etdirilir, yaşıllıqlar salınır, meşə zolaqları genişləndirilir. Bir ildə təkcə meşəçilər yüz min ağac əkiblər.Unudulmaz xalq şairimiz Məmməd Arazın sözü olmasın, Lerik... qayalarda bitən çiçəyə, çiçəklərin içində qayaya bənzəyir. Zümrüd örtüyü Lerik ucalığının təbii tacıdır.

Rayondaxili yolların bərpası ilə əlaqədar daxili imkanlar hesabına 12 kilometrlik Lerik-Nuravud səmtində əsaslı təmir işləri aparılıb. Piran kəndi və 50-ci kilometrdə işıqlandırma dirəkləri quraşdırılıb. İş adamları tərəfindən “Aqrotexservis” ASC-nin özəlləşdirilmiş binalarında, torpaq sahələrində yenidənqurma aparılır. Əhaliyə çeşidli xidmət göstərəcək bu tikintidə 25 nəfərdən çox adam müvəqqəti işlərə cəlb edilib.

Sevindirici haldır ki, çoxsaylı müraciətlərdən sonra rayonun Cəngəmiran kəndinə qaz xəttinin çəkilməsinə başlanıb və yaxın vaxtlarda digər kəndlər də qazlaşdırılacaq. Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün yeni,16 mənzilli yaşayış evinin tikintisində tamamlama işləri aparılır. Anbu kəndində müharibə əlili üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Hazirliyi tərəfindən fərdi ev tikilərək ona bağışlanıb.

Şəhərdə yeddi kommunal evin, bir sıra inzibati binaların, “Nur” şadlıq sarayının, rayon orta internat məktəbinin dam örtükləri dəyişdirilib. Küçə və meydanların işıqlandırma sistemləri bərpa edilib, beş küçədə istinad divarları milli ornamentlərə uyğun yenidən qurulub. N.Nərimanovun abidəsi ucaldılmış bağ da bərpa olunub, burada yerə üzlük daşlar döşənib, oturacaqlar qoyulub, ətraf işıqlandırılıb. H.Əliyev meydanında və N.Nərimanov küçəsində estetik baxımdan göz oxşayan 85 işıq dirəyi quraşdırılıb. Səkilər yenidən inşa edilir, baş meydanı İ.Yaqubov küçəsinə birləşdirən sahədə yeni pilləkən kompleksi tikilir, əhalinin daim istifadə etdiyi bulaq əsaslı təmir olunur. Meydanda dekorativ bəzək ağacları, gül kolları əkilib, fəvvarələr tikilib. Əhalinin istirahəti üçün park salınıb.

Dövlət Neft Şirkətinin vəsaiti hesabına rayon mərkəzi xəstəxanasında əsaslı təmir aparılıb. Səhiyyə ocağı bərk və yumşaq mebellə tam təmin edilib. Dövlət vəsaiti hesabına tikilən Blaband və Piran kəndlərindəki tibb məntəqələri əhalinin istifadəsinə verilib.

Lerik şəhərinin ayrı-ayrı iş adamları tərəfindən müasir üslubda iaşə obyektləri, mağazalar, xidmət sahələri inşa edilib. Heydər Əliyev meydanına yaxın obyektlərin divarları və qarşısındakı səkilər ağlay daşlarla yenidən işlənib. Azərbaycan Respublikasının 35 metr ucalıqda üçrəngli bayrağının dalğalandığı meydanda tikinti işləri başa çatdırılıb. RİH qarşısındakı bağda istirahət guşələri düzəldilib.

Heydər Əliyev Mərkəzi, “Uzunömürlülər” muzeyi tikilib. Rayon İcra Hakimiyyəti aparatı üçün inşa edilmiş 3 mərtəbəli, Baytarlıq idarəsi üçün tikilmiş 2 mərtəbəli yeni inzibati binalarda son tamamlama işləri aparılır. Bir sıra inzibati binalar əsaslı təmir edilib.

Lerikin içməli su problemi qalmaqdadır. Rayondaxili yolların tam bərpası, enerjidaşıyıcılarla etibarlı təminat, emal sənayesinin yaradılması, dağ turizminin və xalq sənətkarlığının inkişafı kimi məsələlər də həllini gözləyir. Burada hər il 150 tondan çox ekoloji təmiz bal istehsal edilməsinə baxmayaraq, satışını təşkil etmək mümkün olmayıb. Yeni Dövlət Proqramında Lerikə aid 13 sahə üzrə tədbirlərin həyata keşirilməsi nəzərdə tutulub. Bu tədbirlərin tam reallaşması nəticəsində dağlar diyarının daha da gözəgəlimli və cəlbedici olacagı şübhəsizdir.

 

 

Əli NƏCƏFXANLI

 

Xalq qəzeti.- 2010.- 20 aprel.- S. 6.