Suraxanı rayonunda birinci rübün yekunları müzakirə edilmişdir

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Nazirlər Kabinetinin 2010-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında dövlət başçısının nitqindən irəli gələn vəzifələr Suraxanı Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın toplantısında ətraflı müzakirə edilmişdir.

 

İclası giriş sözü ilə açan rayon icra hakimiyyətinin başçısı İlqar Abbasov ölkə iqtisadiyyatının sosial-iqtisadi inkişafından bəhs etmiş, bu tərəqqinin rayonun həyatında da özünü qabarıq büruzə verdiyindən danışmışdır. Natiq bildirmişdir ki, rayonun sənaye müəssisələri 2010-cu ilin 1-ci rübü ərzində 28,1 milyon manatlıq iş yerinə yetirmiş və xidmət göstərmiş, bir işçinin orta aylıq əmək haqqı 366 manata çatmış, müəssisələrdə və firmalarda 273 nəfər yeni iş yerləri ilə təmin olunmuşdur.

Ölkə Prezidenti İlham Əliyev tərəfindən ekoloji durumun yaxşılaşdırılması üçün Bakıda 3 milyon ağacın əkilməsi və 2010-cu ilin “Ekologiya ili” elan edilməsinə dair verilən tapşırığın icrası ilə əlaqədar rayon ərazisində ətraf mühitin mühafizəsi, çirklənmiş torpaqların bərpası, ekoloji vəziyyətin yaxşılaşdırılması, mövcud park və yaşıllıqların qorunub saxlanılması, yenilərinin salınması istiqamətində ardıcıl işlər görülmüş, rayonun bütün qəsəbələrində, o cümlədən Heydər Əliyev prospektinin sağ tərəfindəki ərazidən köçürülmüş “Binə” ticarət mərkəzinin yerində bu günə kimi 18 mindən artıq müxtəlif növ ağac əkilmiş, qəsəbələrdə ümumrayon iməcilikləri keçirilmiş, neftlə çirklənmiş torpaqlarda aparılmış rekultivasiya işləri nəticəsində 9 hektara yaxın sahə tam təmizlənmişdir.

“Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün Kompleks Tədbirlər Planı”na uyğun olaraq Bülbülə gölünün səviyyəsinin aşağı salınması üçün kanalizasiya şəbəkəsinin qurulması, “Dədə Qorqud” adlandırılan yeni yaşayış sahəsinin yanında “Hövsan”, Yeni Günəşli, “V” yaşayış sahəsinin yaxınlığında “Günəşli” su anbarı kompleksinin inşası və anbara su xətlərinin çəkilməsi, Heydər Əliyev Fondu tərəfindən Qaraçuxur qəsəbəsi, “D” yaşayış sahəsində “Qayğı” əlil uşaqların reabilitasiyası mərkəzinin tikintisi, Hövsan kanalının yenidən qurulması işləri davam etdirilmişdir.

Zığ dairəsi – Heydər Əliyev Beynəlxalq Hava Limanı avtomobil yolunun və Heydər Əliyev prospektinin Suraxanı rayonu ərazisindən keçən hissəsinin ətrafında dekorativ divarların tikilməsi, yeni parkların salınması, yolun kənarlarının yaşıllaşdırılması və abadlaşdırılması işləri davam etdirilmiş, “Atəşgah” məbədinin yenidən qurulmasına, küçə və yolların, məhəllədaxili ərazilərin asfaltlanmasına başlanılmışdır.

Qəsəbələrdə qəza vəziyyətində olan qaz, elektrik və su xətlərinin dəyişdirilməsi və yeni xətlərin çəkilməsi də diqqət mərkəzində saxlanılmışdır. Belə ki, I rübdə 38 480 metr qaz xətti çəkilmiş, 400 ədəd qaz sayğacı həyətdən kənara çıxarılmış, 272 ədəd elektrik dirəyi basdırılmışdır.

İcra hakimiyyətinin başçısı çıxışında ictimai-mədəni tədbirlərin təşkilinə xüsusi önəm verildiyini diqqətə çatdırmışdır. Göstərmişdir ki, Heydər Əliyev Mərkəzi qısa müddət ərzində rayonun ideoloji mərkəzinə çevrilmiş, bir çox tədbirlər məhz burada keçirilmişdir. Azərbaycan Qızıl Aypara Cəmiyyətinin yaranmasının 90 illik yubileyi, Diabet Cəmiyyətinin təşkilatçılığı ilə ölkəyə gətirilən tibbi avadanlığın təqdimatı ilə bağlı tədbirlər buna misal ola bilər. Mərkəzdə “Azərbaycanlıların soyqırımı günü” münasibəti ilə reallaşdırılan tədbir də yaddaqalan olmuşdur. Tədbirə dəvət edilən tarix elmləri üzrə fəlsəfə doktoru, Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun elmi işlər üzrə direktor müavini Cəbi Bəhramov geniş məruzə ilə çıxış edərək erməni quldurlarının xalqımızın başına gətirdiyi müsibətlər haqqında geniş məlumat vermişdir.

Azərbaycan Pespublikasının Prezidenti İlham Əliyevin tövsiyəsinə uyğun olaraq rayon icra hakimiyyəti və Səhiyyə Nazirliyinin birgə təşkilatçılığı ilə rayon əhalisinin tibbi müayinəsi davam etdirilmiş, bu günə kim 73 min nəfər sakin tibbi müyinədən keçmiş və bu iş uğurla davam etdirilir.

Vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində də müəyyən işlər görülmüşdür. Məşğulluq Mərkəzi tərəfindən 75 vətəndaş işlə təmin olunmuş, 28 nəfərə işsizlik müavinəti təyin edilmişdir. Bu dövrdə Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən isə 1,5 milyon manat sosial yardım ödənilmiş, sosial-məişət xidməti sektorunda 291 nəfər tənha ahıl və əlil vətəndaşa evlərində sosial-məişət xidməti göstərilmişdir.

Rayon icra hakimiyyətinin başçısı rayonun hərtərəfli inkişafı, sakinləri narahat edən sosial-məişət problemlərinin vaxtında müəyyən edilməsi, onların optimal həlli yollarının tapılması istiqamətində bir sıra işlər görüldüyünü diqqətə çatdırmış, Mərkəzləşdirilmiş İnformasiya Təminatı Sistemi yaradıldığını vurğulamış və bu sistemin vasitəsi ilə 2006-2009-cu illərdə rayonda görülmüş işlər müqayisəli şəkildə təhlil edilmişdir. Eyni zamanda, RİH-də “Elektron icraçı” avtomatlaşdırılmış idarəetmə sistemi tədbiq edilmiş, bununla aparata daxil olan bütün sənədlərin, verilən tapşırıq və göstərişlərin icrasına nəzarət gücləndirilmişdir. Xatırladılmışdır ki, bu sistem hər bir icraçı üçün avtomatik tapşırıqlar formalaşdırır, təhlil və saxlanılması üçün vahid informasiya məkanı yaradır.

Natiq çıxışında vurğulamışdır ki, vətəndaşların qəbullarında, səyyar görüşlərdə səslənən təkliflər, “Qaynar xətt”, “Elektron poçt” və digər qaynaqlardan daxil olan əhalinin sosial sifarişləri rayon icra hakimiyyəti tərəfindən ümumiləşdirilərək yerli proqramlara daxil edilmiş və daxili imkanlardan istifadə etməklə “Nümunəvi abad məhəllələr”, “Mövcud parkların yenidən qurulması və yeni parkların salınması”, “Şəhid xatirə komplekslərinin tikintisi və əsaslı təmiri”, “Küçə və məhəllədaxili yolların əsaslı təmiri və asfaltlanması”, “Şəhid ailələrinə, müharibə əlillərinə və digər imtiyazlı vətəndaşlara sosial yardım”, “Veteranlara dəstək” kimi və digər proqramların həyata keçirilməsi təmin edilmişdir.

İcra hakimiyyətinin başçısı İ.Abbasov çıxışının sonunda sakinlər adından rayona göstərilən diqqətə görə bir daha Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə minnətdarlığını bildirdi və xüsusi vurğuladı ki, Heydər Əliyev siyasi kursunu yeni, müasir dünyanın tələblərinə uyğun davam etdirən dövlət başçımızın ölkəmizi tərəqqiyə aparan yolda tapşırıq və tövsiyələri vaxtında və yüksək keyfiyyətlə icra olunacaqdır.

Məruzə ətrafında çıxış edən digər natiqlər də cari ilin birinci rübündə ölkə üzrə əldə olunmuş uğurları, Prezident İlham Əliyevin Azərbaycanın sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsi məqsədi ilə həyata keçirdiyi tədbirləri yüksək qiymətləndirdilər.

 

 

Vaqif BAYRAMOV

 

Xalq qəzeti.- 2010.- 21 aprel.- S. 5.