Mingəçevir: sosial-iqtisadi inkişaf göz qabağındadır

 

Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısı yanında Şuranın “2010-cu ilin birinci rübündə Mingəçevir şəhərinin sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş geniş iclası keçirilmişdir.

 

İclası giriş sözü ilə açan şəhər icra hakimiyyətinin başçısı Mübariz Ağayev 2010-cu il aprelin 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Nazirlər Kabinetinin 2010-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında tövsiyə və tapşırıqları barədə danışdı. O bildirdi ki, Prezidentin iclasda qeyd etdiyi kimi, 2010-cu ilin I rübündə ölkəmizdə iqtisadiyyat 5,4 faiz, sənaye istehsalı 5,6 faiz, kənd təsərrüfatı 1,5 faiz artmışdır. İnfilyasiya cəmi 3,8 faiz təşkil etmişdir. Bütün iqtisadi göstəricilər bir daha sübut edir ki, Azərbaycan inkişafını gücləndirir və bu inkişaf davam edir.

Sonra yığıncağın gündəliyində duran digər məsələ – “2010-cu ilin birinci rübündə Mingəçevir şəhərinin sosial-iqtisadi inkişafının yekunları” barədə şəhər icra hakimiyyəti başçısının birinci müavini İlham İsmayılov məlumat verdi.

2010-cu ilin yanvar-mart aylarında Mingəçevir şəhərinin istehsal müəssisələrində 30,8 milyon manatlıq sənaye məhsulu istehsal olunmuş, əsas kapitala 8,2 milyon manat investisiya yönəldilmiş, tikinti-quraşdırma işlərinə 7,2 milyon manat vəsait xərclənmiş, nəqliyyat və rabitə sahəsində 379 min manatlıq xidmət göstərilmiş, istehlak bazarında 36,3 milyon manatlıq istehlak malları satılmış və xidmət göstərilmişdir.

5 mindən çox ailə yaşayan “Günəşli” və “Bağlar” yaşayış massivlərinə təbii qazın verilməsi ilə bağlı 8 kilometr uzunluğunda magistral xəttin və 63 kilometr uzunluğunda küçə xətlərinin çəkilişi nəzərdə tutulduğu kimi, bu ilin birinci yarısında başa çatdırılacaqdır. İlin ilk 3 ayında istehsal olunmuş sənaye məhsulunun 86 faizi elektrik enerjisi istehsal edən “Azərbaycan İES” MMC və “Mincəçevir SES Silsiləsi” MMC-nin payına düşmüşdür.

Hesabat dövründə “Mingəçevir İzolit”, “Maşınqayırma zavodu”, “Azyolneftmaş”, “Kür-çörək” ASC-lərdə, “Kür” elektron avadanlıqları və “İnterenerji” elektrik beton dayaqları istehsalı MMC-lərdə sabit iş ahəngi müşahidə olunmuş və istehsalın genişləndirilməsi istiqamətində görülən işlər davam etdirilmişdir. 2010-cu ilin I rübündə şəhər üzrə ünvanlı dövlət sosial yardımı alanların sayı 600 nəfər artaraq 3991 nəfər təşkil etmişdir. Bundan əlavə, 4550 nəfər sosial müavinət alan olmuşdur ki, onlardan 1157 nəfərini əlillər təşkil edir. Rüb ərzində kommunal xidmət sahələrində də bir sıra işlər yerinə yetirilmişdir.

Cari ilin birinci rübünün yekunları göstərir ki, Mingəçevir şəhərində aparılan abadlıq, quruculuq və təmir-tikinti işləri, sahibkarlığın genişləndirilməsi, turizmin inkişafına lazımi şəraitin yaradılması və digər sahələrdə aparılan işlər uğurla davam etdirilir.

Şura iclasında Maliyyə İdarəsinin rəisi Şahverdi İspəndiyarov, Əhalinin Sosial Müdafiə Mərkəzinin direktoru Samir Məmmədov, Əmək Müfəttişliyinin direktoru Məzahir Cəmşidov, Mingəçevir Bələdiyyəsinin sədri Cavanşir Yusubov çıxış edərək I rüb ərzində görülən işlər və qarşıda duran vəzifələrdən danışdılar.

Sonda şəhər icra hakimiyyətinin başçısı Mübariz Ağayev Şura iclasına yekun vurmuşdur.

 

 

İlqar HƏSƏNOV,

“Xalq qəzeti”nin bölgə müxbir

 

Xalq qəzeti.- 2010.- 22 aprel.- S. 6.