Nizami rayonunda ilk rübün yekunları müzakirə olunmuşdur

 

Dünən Bakı Şəhəri Nizami Rayon İcra Hakimiyyətində 2010-cu ilin birinci rübündə rayonun sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirildi. Rayonun sənaye, təhsil, səhiyyə, mədəniyyət, xidmət sahələrinin, hüquq-mühafizə orqanlarının, eləcə də ictimaiyyət nümayəndələrinin iştirak etdikləri yığıncağı Nizami Rayon İcra Hakimiyyətinin başçısı Tahir Budaqov açdı. Natiq aprelin 14-də Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2010-cu ilin ilk rübünün sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlət başçısının proqram xarakterli nitqinin bəzi məqamlarına toxundu.

 

Nizami Rayon İcra Hakimiyyəti başçısının müavini İldırım Mehdiyev 2010-cu ilin yanvar-mart ayları ərzində rayonun sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş hesabat məruzəsi ilə çıxış etdi. Natiq ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş sosial-iqtisadi islahatların Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində cari ilin üç ayında ölkəmizdə ümumi inkişafın davam etdiyini diqqətə çatdırdı. Cari ilin ilk rübünün Azərbaycan Respublikası üçün kifayət qədər uğurlu və yüksək nailiyyətlərlə zəngin bir dövr olduğunu qeyd edən natiq dedi ki, aprel ayının 14-də Prezident Sarayında dövlət başçısı İlham Əliyevin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2010-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında son illər ərzində ölkə iqtisadiyyatında müşahidə olunan iqtisadi artımın hazırda da davam etməsi müsbət hal kimi qiymətləndirlimişdir.

Prezident İlham Əliyev statistik göstəricilər əsasında Azərbaycanda sosial vəziyyətin, sənaye istehsalının, özəl bölmənin, neft-qaz sektorunun, qeyri-neft bölməsinin, o cümlədən kənd təsərrüfatının və digər bütün sahələr üzrə istehsalın yüksəlməsini və inkişafını təhlil edərək dünyada davam edən maliyyə böhranına baxmayaraq, cari ilin birinci rübündə ölkədə ümumi daxili məhsulun 5,4 faiz artdığını, sənayedə 5,6 faiz, kənd təsərrüfatında isə 1,5 faizlik inkişafın baş verdiyini bildirmişdir.

Dövlət başçısı Azərbaycanın iqtisadi inkişafının ilbəil sürətlənməsi nəticəsində valyuta ehtiyatlarının 22,3 milyard dollar təşkil etdiyini vurğulayaraq göstərmişdir ki, ölkəmiz artıq öz maliyyə imkanları ilə dünyanın investisiya qoyan ölkəsinə çevrilməkdədir. Bundan əlavə, Prezident İlham Əliyev Azərbaycanda investisiya layihələrinin uğurla icra olunmasının ümumi inkişafa təkan verdiyini bildirmişdir.

Son illər ölkəmizin sosial-iqtisadi həyatında baş verən tərəqqi paytaxtın Nizami rayonunda da aydın hiss olunur. Bu barədə məlumat verən rayon icra hakimiyyəti başçısının müavini İ.Mehdiyev bildirdi ki, ölkə iqtisadiyyatında baş vermiş sürətli inkişaf Nizami rayonunun sosial-iqtisadi həyatını daha da canlandırmış, rayon sakinlərinin qarşılaşdığı sosial problemlərin həlli istiqamətində konkret addımlar atılmış, xidmət sahələrinin fəaliyyəti yüksəlmiş, çoxsaylı yeni iş yerləri açılmışdır.

Natiq bildirdi ki, 2010-cu ilin birinci rübündə Nizami rayonunda sənaye sahəsi üzrə istehsalın həcmi 71,9 milyon manat təşkil etmişdir ki, bunun da 21,3 faizi qeyri-dövlət sektorunun payına düşmüşdür. Məhsul istehsalında artım, əsasən, ət və ət məhsulları, saflaşdırılmış günəbaxan yağı, şərabçılıq məhsullarının istehsalı, elektrik enerjisi, qaz, buxar istehsalı və bölüşdürülməsi sahələrində qeydə alınmışdır. Həmin dövrdə istehsal olunmuş məhsulun 100 faizi istehlakçılara göndərilmişdir.

2010-cu ilin ilk üç ayında rayonun nəqliyyat və rabitə müəssisələrinin uğurlu fəaliyyətini qeyd edən natiq həmçinin iqtisadiyyatın və sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələri hesabına əsas kapitala 6,9 milyon manat həcmində investisiya yönəldildiyini, bunun da 5,6 milyon manatının dövlət, 1,3 milyon manatının isə qeyri-dövlət müəssisələrinin payına düşdüyünü diqqətə çatdırdı. Qeyd olundu ki, hesabat dövründə əsas kapitala yönəldilmiş investisiyanın 6,8 milyon manatı, yəni 98,6 faizi istehsal təyinatlı obyektlərin tikintisinin davam etdirilməsinə sərf olunmuşdur. Cari ilin ilk rübündə rayon üzrə pərakəndə əmtəə dövriyyəsi və pullu xidmətlərin həcmi 42,6 faiz artaraq 214,7 milyon manat olmuş, özəl müəssisələr tərəfindən əhaliyə 172,4 milyon manatlıq istehlak malları satılaraq pullu xidmətlər göstərilmişdir. Həmçinin bildirildi ki, 3 ayın yekununa görə, rayon üzrə işçilərin orta aylıq nominal əmək haqları ötən ilin müvafiq dövrünə nisbətən 6,1 faiz artaraq 300 manat olmuşdur.

2010-cu ilin yanvar-mart aylarında Nizami rayonunda 262 yeni iş yerinin açıldığını diqqətə çatdıran məruzəçi hazırda rayonda məşğulluq strategiyasının reallaşdırılması istiqamətində görülən işlərdən geniş bəhs etdi. Rayon əhalisinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində görülmüş işlər barədə ətraflı məlumat verən natiq onu da dedi ki, ölkə başçısı tərəfindən imzalanmış fərman və sərəncamların məhz əhalinin sosial rifahının yüksəldilməsinə yönəldilməsinin nəticəsidir ki, əvvəlki dövrlərlə müqayisədə vətəndaşların maddi rifah halı getdikcə yaxşılaşır.

Rayonun ayrı-ayrı xidmət sahələrinin fəaliyyətindən bəhs edən İ. Mehdiyev sakinlərin işıq, qaz, istilik və içməli su ilə təminatının yaxşılaşdırılması ilə bağlı görülən işləri diqqətə çatdırdı. Bununla yanaşı, məruzəçi qarşıda duran vəzifələrə, həlli vacib məsələlərə toxunaraq bildirdi ki, ilin qalan dövrü ərzində rayonun ekoloji vəziyyətinin yaxşılaşdırılması, yol-nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi, xidmət sahələrinin işinin günün tələbləri səviyyəsində qurulması, həmçinin rayon ərazisində bir sıra təmir-bərpa işləri görüləcəkdir.

Məruzə ətrafında çıxış edən digər natiqlər rəhbərlik etdikləri sahələrin cari ilin birinci rübü ərzindəki fəaliyyəti ilə bağlı hesabat verdilər, ölkənin sosial-iqştisadi inkişafı yolunda bundan sonra da səylə çalışacaqlarını bildirdilər.

Hesabat yığıncağına yekun vuran Nizami Rayon İcra Hakimiyyətinin başçısı Tahir Budaqov Nazirlər Kabinetinin 2010-cu ilin birinci rübünün yekunlarına həsr olunmuş iclasında Prezident İlham Əliyev proqram xarakterli yekun nitqindən irəli gələn vəzifələrin icrası ilə bağlı görüləcək işlərdən söhbət açdı, bununla bağlı müvafiq qurumların rəhbərlərinə konkret tapşırıqlar verdi.

Nazirlər Kabinetinin məlum iclasında Prezident İlham Əliyevin ölkə ərazisində istehlak mallarının keyfiyyətinə nəzarəti gücləndirməklə bağlı verdiyi tapşırığın Nizami rayonunda da yüksək səviyyədə yerinə yetirilməsi məqsədilə rayon icra hakimiyyətində istehlak mallarının keyfiyyətinə ictimai nəzarət komissiyasının yaradılması qərara alındı.

Yığıncağın sonunda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə rayon ictimaiyyəti adından müraciət qəbul olundu.

 

 

Mirbağır YAQUBZADƏ

 

Xalq qəzeti.- 2010.- 22 aprel.- S. 4.