Musiqi ilə sözün əbədiyaşarlığı

 

O gün elə bil ulduzlar yerə köçmüşdü. Şamların alovları ulduz işığını andırırdı. Bu ulduz yağışı altında aydın fikirli, işıqlı düşüncə və dərrakəyə malik yüksək səviyyəli Azərbaycan ziyalıları bir məkana — Rəşid Behbudov adına Dövlət Mahnı Teatrına yığışmışdılar. Bu dəyərli insanları — elm və sənət adamlarını, millət vəkillərini və söz xiridarlarını bu məkana bir məqsəd toplamışdı: Ciddi sənət və sənətkar haqqında duyğularını zaman-zaman kağıza köçürən, onları hər kəsə yaxından tanıdan, UNİSEF və “Qızıl qələm” mükafatları laureatı Rafiq Salmanovun yenicə çapdan çıxmış “Mənim könlüm deyir ki...” kitabının təqdimatına və 60 illik zəhmətkeş ömür yolunun yubiley təntənəsinə şahidlik etmək.

 

Rafiq Salmanov imzası oxuculara yaxından tanışdır və bu imzanı görən kəs mütləq həmin ad altında ünlü, tanınan və unudulmaqda olan korifey sənət adamları haqqında, müasir və dünyadan köçmüş sənətkarlar haqqında şirin dillə yazılmış mükəmməl bioqrafiya ilə tanış olurlar. O uzun illərdən bəridir ki, “Xalq qəzeti”nin səhifələrində xalq musiqimizə, ifaçılıq sənətinə, həm də bir musiqiçi kimi dərindən bələd olaraq ayrı-ayrı sənət adamlarının yaradıcılıq simasını ən əlamətdar cizgiləri ilə canlandıraraq onların dolğun sənət portretini yaradır və böyük məhəbbətlə təqdim edir. Və bu gün təqdimatı keçirilən “Mənim könlüm deyir ki...” kitabında toplanan məqalələr müxtəlif vaxtlarda “Xalq qəzeti”ndə dərc edilmişdir. Otuz beş çap vərəqi həcmində cəmi 1000 nüsxə tirajla nəşr edilmiş bu sanballı, həm məna tutumu baxımından, həm də fiziki çəki anlamında “ölçülü-biçili” və ağır “çəkili” kitabın redaktoru İlham Abbasov deyir ki, xalq musiqimizə, onun əvəzsiz ifaçılarına həsr olunmuş bu yazılar müəllifin yaradıcılıq diapazonundan soraq verməklə yanaşı, həm də bu il şərəfli tarixinin 90 illiyini qeyd edən “Xalq qəzeti”nin milli-mənəvi dəyərlərimizə necə böyük sayğı ilə yanaşmasının, mədəni irsimizin qorunması naminə gördüyü işlərin göstəricisidir”. Kitabdakı bu yazılarda incəsənət həyatımızın on illəri əhatə edən mənzərəsi canlanır və bu yazıların hər birində zamanın silinməz möhürü var — həm yazıldığı günün, həm də sənətkarların ömrünü əhatə edən illərin. Bu yazılar qələmə alınanda Fatma Mehrəliyeva, İslam Rzayev, Sərvər İbrahimov, Əliağa Quliyev, Mais Salmanov kimi sənətkarlarımız hələ həyatda idilər və onların bir insan kimi bu gün və sabah yaşamalarında Rafiq müəllimin mükəmməl qələmindən çıxan yazıların müstəsna əhəmiyyəti var.

Kitabda toplanmış oçerk portret, müsahibə və müxbir qeydləri bütövlükdə professional musiqi ifaçılarımızın dünəni, bugünü və sabahı barədə əhatəli sənədli əsər təsiri bağışlayan bir topludur.

...Aprelin 20-də “Xalq qəzeti”nin əməkdaşları axşam düzənlənən təntənəyə hazırlaşarkən eşitdiyimiz xəbər hamımızı sarsıtdı. “Rafiq müəllim reanimasiyadadır”. Hamının əhvalı dəyişdi. 4 saylı şəhər klinik xəstəxanasına tələsən kim, əlini dəstəyə atıb gözəl ziyalı olan baş həkim Fikrət Zeynalovla əlaqə saxlayan kim... Böyük yaradan sevdiklərini zaman-zaman sınağa çəkir və Rafiq müəllimi növbəti sınaqdan böyük mərhəmətilə çıxardı və yaxşı ki, arzuedilən toplantı elə yubilyarın istədiyi şəkildə düzənləndi.

Romantik, duyğulu ab-havaya köklənmiş tədbirdə xalq artistlərimiz ustad xanəndə Əlibaba Məmmədovun, professor Arif Babayevin, Canəli Əkbərovun, Flora Kərimovanın, tarzən Ramiz Quliyevin çıxış və ifaları, təbrikləri Rafiq müəllimə minnətdarlıq notları ilə köklənmişdi. Bu dəyərli kitaba ön söz yazan Milli Konservatoriyanın rektoru, professor, xalq artisti Səyavuş Kəriminin təbriki isə professional musiqi xadiminin yubilyarın yaradıcılığına və bu yaradıcılığın üzdə olmasında əməyi olan “Xalq qəzeti”nə dəyərli qiyməti oldu.

“...Yazıları və kitabları Rafiq Salmanovu geniş oxucu kütləsinə daim axtarışda olan jurnalist, milli musiqimizin tarixinə, peşəkarlıq məsələlərinə, tanınmış simalarına yaxşı bələd olan musiqiçi, həm də incə, parlaq çalarları ilə seçilən fotoportret ustası kimi tanıdıb. Heydər Əliyev Fondunun himayəsi ilə keçirilən respublika muğam müsabiqəsinə verdiyi jurnalist dəstəyi, “Xalq qəzeti”ndə dərc etdirdiyi silsilə yazılar isə ona böyük nüfuz və ehtiram qazandırdı”.

Məhz bu nüfuzun və hörmət-izzətin işığına toplaşan dəyərli ziyalılar Rafiq müəllimin sənətkarlara verdiyi diqqət, dəyər və önəm qədər də yubileyi ilə bağlı çıxışlarında onun fəaliyyətinə önəm və dəyər verdilər. Bu münasibətləri yaradanlar arasında isə “Xalq qəzeti”nin baş redaktoru Həsən Həsənovu öncüllər sırasında gördüklərini söylədilər. İstər Milli Məclisin deputatları Miri Qənbərov və Vahid Əhmədov, istər akademik Vasim Məmmədəliyev və istərsə də digər çıxış edənlər Rafiq Salmanovun araya-ərsəyə gətirdiyi bu dəyərli kitabın işıq üzü görməsində “Xalq qəzeti”nin və onun baş redaktoru Həsən Həsənovun böyük əməyini qeyd etdilər. Kitabın nəşrinə maliyyə dəstəyi göstərmiş, Azərbaycan incəsənətinin yaxın dostu Tağı Əhmədova təşəkkür eşidiləndə çıxışlarda, Azərbaycan mədəniyyətinin, sənət və ədəbiyyatının gələcək nəsillərə çatdırılmasında, əbədiyaşarlıq qazanmasında təməl olan bu cür xeyirxah işlərin və xeyirxahların sıralarının daha çox artmasını arzuladılar.

Bakı Metropoliteninin rəisi Tağı Əhmədov, xalq şairi Zəlimxan Yaqub,“Xalq qəzeti”nin baş redaktoru Həsən Həsənov, xalq artisti Flora Kərimova, Nazpəri Dostəliyeva öz çıxışlarında Rafiq Salmanovun yeni kitabı haqqında dəyərli fikirlər söylədilər və onu mədəniyyət və incəsənətin yorulmaz təbliğatçısı adlandırdılar. Xalq artistləri Brilyant Dadaşova, Mələkxanım Əyyubova, Mətanət İsgəndərli, əməkdar artist Gülüstan Əliyeva, “Muğam—2005”in televiziya müsabiqəsinin qalibləri İlkin Əhmədov, Aytən Məhərrəmova, Sevda Nurəliyeva, skripkaçı Səlim, gitara ustası Rəhman, Əbilov adına mədəniyyət evinin bədii rəhbəri Mirəhməd Əsgərov,digər Rafiqsevər musiqiçilər yubilyarı bir şəxsiyyət kimi dəyərləndirərək, bu kitabı gərəkli mənbə adlandırdılar.

Tədbirdə 60 illik yubileyi münasibətilə Rafiq Salmanova Mədəniyyət və Turizm Nazirliyinin Fəxri Fərmanını nazirliyin bölmə müdiri Lətifə Məmmədova təqdim etdi.

“Xalq qəzeti”nin bir sıra əməkdaşları, ailə üzvləri, dostları və onu sevən musiqiçilərin iştirak etdiyi bu təntənəli gecəni Rafiq müəllimin 60 illik ömrünün sənətsevər oxuculara yaradıcılıq hesabatı da adlandırmaq olar. Bu kitab hamımızı inandırır ki, musiqi ilə sözün vəhdətindən yaranan əbədiyaşarlıq xalqımızın dilini, musiqisini yaşadır, ölməz edir.

Kitabın önəm veriləsi məziyyətlərindən biri də budur ki, müəllif yaşlı nəsli təmsil edən Qulu Əsgərov, Əhəd Əliyev (kor Əhəd) Mübubət Məmmədova və digərləri ilə birgə orta nəsil musiqiçilərinə — Ağadadaş Ağayev, Nisə Qasımova, Zaur Rzayev, Zamiq Əliyev, Razi Şükürov, Səfa Qəhrəmanov və başqalarına, bunlarla yanaşı isə gənc ifaçılara da geniş yer verib. Bu ifaçıları milli musiqimizin parlaq sabahına ümid yaradan gənclər kimi göstərib.

Milli mətbuatımızın fədakar və zəhmətkeş nümayəndələrindən olan, yazıları ilə özünü təsdiqləmiş Rafiq Salmanovun sayca 3-cü olan “Mənim könlüm deyir ki” kitabı onun könlündəkilərinin hələ hamısı deyil. Yazıb-yaratmaq arzusu böyük olan yubilyara yeni uğurlar arzulayırıq.

 

 

Zərifə BƏŞİRQIZI

 

Xalq qəzeti.- 2010.- 24 aprel.- S. 8.