Uydurma erməni soyqırımının anatomiyası

 

“Erməni məsələsi”ndən “erməni soyqırımı”na qət edilən yol

 

“Erməni məsələsi” Osmanlı imperiyasını bölüşdürmək məqsədilə Avropa dövlətləri tərəfindən gündəliyə gətirilən “Şərq məsələsi”nin tərkib hissəsi olaraq XIX əsrin ikinci yarısında Avropa dövlətləri tərəfindən ortaya atılmış, 3 mart 1878-ci il tarixli San-Stefano müqaviləsində və 13 iyun 1878-ci il tarixli Berlin Konqresində rəsmiləşdirilmişdir. Türkiyədə ermənilərin yaşadıqları vilayətlərdə islahatlar aparılmasını təsbit edən bu qərarlar, əslində maraqlı dövlətlərə Türkiyənin daxili işlərinə qarışmaq və erməniləri silahlı üsyanlara təhrik etmək üçün fürsət vermişdi. Bir-birinin ardınca erməni siyasi partiyaları yaranmış, silahlı dəstələr meydana çıxmışdı. XIX əsrin 90-cı illərindən etibarən ermənilərin kompakt yaşadıqları ərazilərdə aramsız silahlı üsyanlar baş qaldırmışdı.

 

XX əsrin əvvəllərində Yaxın Şərqdə öz nüfuz dairəsini genişləndirmək uğrunda böyük dövlətlər arasında mübarizə kəskinləşmişdi. Bu regionda İngiltərənin, Fransanın, Rusiyanın, ABŞ-ın, Almaniyanın xüsusi marağı var idi.

Birinci Dünya müharibəsi zamanı Almaniya ilə müttəfiq kimi çıxış edən Türkiyənin vəziyyəti ağırlaşmışdı. Rusiyanın boğazlara və Konstantinopola (İstanbula) yiyələnmək uğrunda mübarizəsi yenidən baş qaldırmışdı və “şərq məsələsini” öz xeyrinə həll etməyi qarşısına məqsəd qoymuşdu.

1913-cü ildə Rusiya “məzlum ermənilərin” müdafiəsi uğrunda açıq çıxış edərək Türkiyənin şərq vilayətlərində islahatlar keçirilməsi tələbini irəli sürmüşdü. Türkiyə hökuməti 1914-cü il yanvarın 26-da islahatlar haqqında saziş imzalamağa məcbur olmuşdu. Həmin sazişə görə, ermənilərə xarici dövlətlərin, birinci növbədə Rusiyanın nəzarəti altında idarəetmə, dil, hərbi mükəlləfiyyət və s. sahələrdə geniş muxtariyyət verilirdi. Rus-türk müharibəsindən faydalanaraq ermənilər Türkiyənin 6 vilayətində “Qərbi Ermənistan” dövləti yaratmaq istəyirdilər.

Müharibə başlamazdan xeyli əvvəl çar Rusiyası özünün Yaxın Şərq siyasətində azsaylı xalqlar faktorundan məharətlə istifadə etmişdi. Türkiyədə yaşayan ermənilər, aysorlar, yunanlar Rusiyanın simasında Osmanlı imperiyasını diz çökdürəcək bir qüvvəni görürdülər. “Birinci Dünya müharibəsi ərəfəsində bu xalqların nümayəndələri rus hökumətindən onları silahlandırmağı xahiş edir və vəd edirdilər ki, ilk çağırışda türklərə qarşı könüllü dəstələr təşkil edəcəklər

1914-cü ilin sonunda Qafqazda tərkibində 10 min silahlını birləşdirən dörd könüllü erməni drujinası yaradılmışdı və onların Şərqi Anadoluya hücumundan ruhlanan Türkiyə erməniləri “Qərbi Ermənistan”ı azad edib müstəqil dövlət qurmaq fürsətini əldən verməmək üçün hər yerdə silahlı basqınlar edərək türkləri qırıb məhv etməyə başlamışdılar.

Bu haqda çoxlu faktlar mövcuddur. Qərb tarixçisi Stenford C.Şou yazır: “ Erməni könüllülərinin köməyi ilə rus ordusu Van istiqamətində hücuma keçərək mayın 14-də oranı tutan kimi 2 gün ərzində yerli müsəlman əhalisini kütləvi surətdə qırmağa başladılar... Rusların himayəsi altında Vanda erməni hökuməti qurulmuşdu (halbuki müharibənin əvvəlində vilayətdə ermənilər 42,3 %, yəni 33789 nəfər təşkil etmişdir – yenə orada). İyulun ortalarında hər tərəfdən 250 min erməni Vanda toplanmışdı.”

Türkiyə hökuməti məcburiyyət qarşısında qalıb ermənilərin türk ordusuna arxadan zərbəsinin qarşısını almaq məqsədilə müharibə rayonundan erməniləri ölkənin içərilərinə köçürmək haqqında qərar qəbul etmişdi. Hər cür hazırlıqdan sonra, mühafizə dəstələrinin müşayiəti ilə mayın 28-də köçürmə işlərinə başlanmışdı. Köçürmə şərtləri ədalətli idi və hərb bölgəsindən kənarda yaşayan ermənilərə şamil edilməmişdi. Bu o demək idi ki, Osmanlı dövləti ermənilərə qarşı ədalətlə davranmışdı.

Ermənilər hər il aprelin 24-nü “soyqırım günü” kimi qeyd edərək iddia edirlər ki, guya həmin dövrdə türklər 1,5 milyon ermənini qırmışlar. Əslində isə həmin gün sadəcə olaraq İstanbulda və digər şəhərlərdə türklərə qarşı xəyanət edən erməni təşkilatlarının təcili olaraq bağlanması, onların rəhbərlərinin həbs edilməsi və sənədlərin ələ keçirilməsi haqqında daxili işlər naziri əmr vermişdi. Bundan sonra 2345 erməni xəyanətə görə həbs edilmişdi. Maraqlı orasıdır ki, bu əmrin veriləcəyindən əvvəlcə xəbər tutan Eçmiədzin katolikosu aprelin 22-də ABŞ prezidentinə teleqram vurmuşdu ki, erməniləri “türk fanatizminin özbaşınalığından xilas etsin.” Həmin teleqram aprelin 24-də, yəni əmr verilən günü artıq ABŞ prezidentinə çatmışdı.

Əslində, ermənilər aprelin 24-nü ona görə “soyqırım günü” kimi qeyd edirlər ki, yuxarıda qeyd etdiyimiz köç haqqında qərardan sonra onların “Qərbi Ermənistan” dövlətini yaratmaq istədikləri 6 vilayətdə (Ərzurum, Van, Bitlis, Xarput, Diyarbəkir, Sivas) onsuz da azlıq təşkil edən ermənilərin sayı minimuma endirilmişdi. Yəni onların “Böyük Ermənistan” dövləti yaratmaq iddiaları puça çıxmışdı.

Əgər 1915-ci ildə Şərqi Anadoluda ermənilərə qarşı soyqırım törədilmiş olsaydı, məntiqlə həmin ərazidə ermənilərin kökü kəsilmiş olmalıydı. Lakin istər Şəqi Anadolunun rus işğalı dövründə, istərsə də 1917-ci il inqilabından sonra rus qoşunlarının geri çəkilməsindən sonra ermənilər türklərə qarşı əsl soyqırım törətmışlər.

Sovet hökuməti 1917-ci il dekabrın 29-da “Türkiyə Ermənistanı” haqqında dekret qəbul etmişdi. Əgər ermənilər Türkiyədə “soqırıma” məruz qalmış olsaydılar və yaxud həmin ərazilərdən təmizlənmiş olsaydılr onda belə fərman verməyə heç ehtiyac belə qalmazdı. Bu dekretQərbi Ermənistan” dövləti yaratmaq üçün ermənilərin iştahını artırmışdı. Ermənilər 1918-20-ci illərdə fasilələrlə Ərzurumdan tutmuş Qars vilayətinədək böyük bir ərazidə türklərə qarşı soyqırım həyata keçirmişdilər. Məcburiyyət qarşısında qalan türk ordusu iki ildə iki dəfə həmin əraziləri erməni silahlı qüvvələrindən təmizləmişdi.

1921-ci ildə Qars müqaviləsinin imzalanmasından sonra Türkiyə ilə Ermənistan arasında mehriban qonşuluq münasibətləri yaranmışdı. Həmin vaxtlarda rəsmi Ermənistan heç vaxt Türkiyəyə qarşı hər hansı iddia irəli sürməmişdi. “Erməni soyqırımı” iddiası erməni lobbisinin və Türkiyəyə qarşı təzyiq göstərmək, onu nədəsə güzəştə getməyə vadar etmək istəyən dövlətlər tərəfindən vaxtaşırı olaraq qabardılır.

 

Bəs Türkiyədə nə qədər erməni qırılmışdır?

 

1915-ci ildə Türkiyədə yaşayan ermənilərin kütləvi surətdə qırılması iddiasının əsl müəllifləri ermənilər deyil. Birinci Dünya müharibəsi dövründə Osmanlı imperiyasını parçalamaq istəyən xristian dövlətlərinin missionerləri ilk dəfə belə bir iddia ilə çıxış etmişlər. Bəs həmin dövrdə erməni tədqiqatçıları Türkiyədə nə qədər erməninin qırıldığını iddia etmişlər? Bu suala cavab vermək üçün öncə Birinci Dünya müharibəsi ərəfəsində Türkiyədə nə qədər erməninin yaşadığını müəyyən etmək lazımdır.

1914-cü ildə Tiflisdə dərc olunan “İmperator Rus Coğrafiya Cəmiyyətinin Qafqaz bölməsinin xəbərləri” seriyasının XXII cildinin 2-ci buraxılışı toplusunda A. Arakelyanın 22 may 1913-cü ildə adıçəkilən cəmiyyətin ümumi yığıncağında etdiyi məruzəsinin mətni çap olunub. Məruzə belə adlanır: “Kiçik Asiyanın erməni əhalisinin statistikası”. Saxta “erməni soyqırımı”nı təsdiq etmək üçün ermənilər yüzlərlə əsər dərc etmiş, həmin əsərlərin yazılmasında minlərlə “mənbələrə” istinad edilmişdir. Ancaq “erməni soyqırımı” ilə bağlı əsərlərin heç birində A. Arakelyanın yuxarıda adı çəkilən məqaləsinə istinad edilməmişdir. Səbəbi aydındır. Çünki A. Arakelyan 1913-cü ildə həmin məqaləni yazanda Birinci Dünya müharibəsi başlamamışdı və xristian missionerlərinin Türkiyədə ermənilərin “soyqırım”a məruz qoyulduqlarını iddia edəcəklərini ağlına belə gətirə bilməzdi.

1877-78-ci illər müharibəsindən sonra imzalanan Berlin traktatının 61-ci maddəsinə əsasən Osmanlı dövlətinin 6 vilayətində (Ərzurum, Van, Bitlis, Xarput yaxud Mamurətül-Əziz, Diyarbəkir və Sivas) ermənilərə muxtariyyət verilməsi üçün islahatlar keçirilməsi nəzərdə tutulurdu. İslahatların keçirilməsi tələbinə bəhanə isə Türkiyədəki erməni patriarxlığının yuxarıda adları çəkilən vilayətlərdə guya əhalinin böyük əksəriyyətinin ermənilərdən ibarət olması barədə Berlin konqresinə təqdim etdiyi sənəd olmuşdu. Statistik hesabat şəklində təqdim olunan həmin sənədlərdə göstərilmişdi ki, guya adı çəkilən 6 vilayətdə 1 milyon 639 min, digər vilayətlərdə 935 min, Türkiyənin Avropa hissəsində isə 195 min erməni yaşayır. Üst-üstə Osmanlı imperiyasında 2 milyon 760 min erməninin yaşadığı iddia edilirdi.

Bəs bu rəqəm haradan götürülmüşdü? 1844-cü ildə keçirilən siyahıyaalma zamanı Osmanlı hökuməti 14 yaşdan yuxarı, 70 yaşdan aşağı 600 min erməninin yaşadığını müəyyən etmişdi. 1854-cü ildə Parisdə dərc etdirdiyi kitabında Ubicini xərac verən ermənilərin sayını mexaniki olaraq 4-ə vurmaqla, Türkiyədə 2,4 milyon ermənilərin yaşadığını iddia etmişdi. Bu rəqəmi erməni patriarxlığı əsas götürmüş, sadəcə olaraq, aradan keçən 25 ildə ermənilərin 360 min nəfər artmasını ehtimal edərək, Berlin konqresində 2,76 milyon erməninin yaşadığını iddia etmişdi.

Osmanlı hökuməti isə Berlin konqresinin tələbinə əsasən islahatlar keçirilməsi tələb olunan Şərqi Anadolunun 6 vilayətinin heç birində ermənilərin çoxluq təşkil etmədiyinə dair rəsmi statistik rəqəmləri ortaya qoymuşdu. A. Arakelyan yazır ki, o, həmin məqaləsində Türkiyə, Avropa və erməni mənbələri vasitəsilə dəqiq olmasa da, heç olmazsa təqribi olaraq Asiya Türkiyəsində, xüsusən də islahatlar keçirilməsi tələb olunan 6 vilayətdə ermənilərin sayını müəyyən etməyi qarşısına məqsəd qoymuşdur.

Müəllif əvvəlcə 1878-ci ildə erməni patriarxlığı tərəfindən Berlin konqresinə ermənilərin sayı barədə təqdim edilən və yuxarıda qeyd olunan statistik rəqəmləri sadalayır. Sonra o, 1892-94-cü illərdə Vital Cuinetin Parisdə dərc edilən dörd cildlik “Sarı kitab”ından ermənilərin sayı barədə statistik rəqəmləri təqdim edir. 12 il Türkiyədə ermənilərin yaşadıqları ərazilərdə ekspedisiya aparan V. Cuinet Şərqi Anadolunun 6 vilayətində 666435, digər ərazilərdə isə 448576 erməninin, yəni Kiçik Asiyada cəmi 1115011 erməninin yaşadığını təsbit etmişdi.

Məqalə müəllifi A. Arakelyan yazır ki, alman missioneri Iohann Lepsiusun 1913-cü ildə “Der Christliche Orient” jurnalında dərc etdirdiyi məqaləsində isə Asiya Türkiyəsində yaşayan ermənilərin sayı 1181066 nəfər göstərilmişdir. O cümlədən:

1) Ermiədzin ermənilər 995.479 nəfər

2) Katolik ermənilər 89.746 nəfər

3) Protestant ermənilər 95.841 nəfər

Nəhayət, A. Arakelyan yenidən erməni mənbələrinə müraciət edir. O göstərir ki, 1912-ci ildə Balkanlarda müharibənin başlanması yenidən erməni məsələsini gündəliyə gətirmişdir. Türkiyə tərəfi bir daha erməni əhalisinin sayının islahatlar aparmaq üçün yetərli olmadığını iddia etmişdir. Bundan sonra Türkiyədəki erməni patriarxı (xatırladırıq ki, ermənilər bir qayda olaraq həm də kilsələrdə siyahıya alınırdılar) ermənilərin sayı barədə daha dəqiq statistika təqdim edir. Həmin statistikaya görə, 6 vilayətdə ermənilərin ümumi sayı 1018000 nəfər olmuşdur. O cümlədən, Ərzurum vilayətində 215 min, Vanda 185 min, Bitlisdə 180 min, Xarputda 168 min, Diyarbəkirdə 105 min, Sivasda 165 min erməni yaşamışdır.

Məqalə müəllifi qeyd edir ki, 6 vilayətdə yaşayan ermənilərin sayının üzərinə Kilikiyada (yəni Adana və Hələb vilayətlərində), habelə, İstanbulda və digər yerlərdə yaşayan ermənilərin sayı gəlinərsə, onda Türkiyə imperiyasında ermənilərin sayı böyük ehtimalla 1,5 milyona çata bilər.

Əslində, rəsmi Türkiyə statistikası bu rəqəmin də xeyli dərəcədə erməni patriarxı tərəfindən şişirdilmiş olduğunu sübut etmişdir. Bununla belə, yekun qənaət belədir ki, Birinci Dünya müharibəsi ərəfəsində Osmanlı Türkiyəsində təqribən 1,3 milyon erməni yaşamışdır.

Erməni tarixçiləri göstərirlər ki, Birinci Dünya müharibəsi dövründə Türkiyəyə hücum edən rus ordusunun tərkibində 250 min erməni var idi. Üstəlik 10 min döyüşçüdən ibarət dörd erməni könüllü dəstəsi yaradılmışdı. Türkiyənin içərilərində yaşayan ermənilər gizli silahlı dəstələr təşkil edərək, arxadan türk ordusuna zərbələr endirir, təxribatlar törədirdilər. Ümumiyyətlə, müharibə zamanı Rusiya 12 milyon, Fransa 1 milyon, Böyük Britaniya 0,6 milyon, Almaniya 1,473 milyon əsgər itirmişdi. Təbii ki, ermənilərin yığcam yaşadıqları ərazilərdə gedən döyüşlər zamanı ermənilər də tələf olmuşlar. ABŞ mütəxəssisləri Castin və Karolin Makkartilərin qənaətlərinə görə, üst-üstə Birinci Dünya müharibəsi ərzində və milli mücadilə illərində Türkiyə ərazisində 2,5 milyon müsəlman və 600 min erməni qırılmışdır.

Ermənilərin itkilərinin sayını Türkiyə ərazisində müharibəyədək yaşayan 1,3 milyon erməninin sayından xarici ölkələrə mühacirət edən ermənilərin sayını çıxmaqla müəyyən etmək olar. Statistik məlumatlara görə, müharibə ərəfəsində və ondan sonra xarici ölkələrə mühacirət edən ermənilərin sayı aşağıdakı kimidir: Rusiyaya (o cümlədən Cənubi Qafqaza) 420 min, Fransaya 35 min, Kanadaya 1244, ABŞ-a 34136, Yunanıstana 42200, Bolqarıstana 15 min, Kiprə 2500, digər Avropa ölkələrinə təqribən 50 min erməni köçmüşdür. Erməni tədqiqatçısı Riçard Hovannisyana görə, müharibədən sonra Suriyada 100 min, Livanda 50 min, İordaniyada 10 min, Misirdə 40 min, İraqda 25 min, İranda 50 min erməni mühaciri qeydə alınmışdır. Bütün bu rəqəmləri üst-üstə gəldikdə 875 min nəfər edir. Bu rəqəmin üzərinə Türkiyədə qalan 123 min erməninin sayını əlavə etsək, cəmisi 998 min nəfər edir. Deməli, 1,3 milyon ermənidən təqribən 1 milyonu sağ qalmışdır.

Türk Tarix Qurumunun keçmiş başqanı Yusif Halacoğlu Osmanlı arxivlərinə istinadən belə nəticəyə gəlmişdir ki, ermənilərin köçürülməsi zamanı hücumlara məruz qalaraq öldürülən ermənilərin sayı təqribən 8,5 min nəfər olmuşdur. Qalan ermənilər döyüş cəbhələrində əllərində silah türklərə qarşı vuruşarkən öldürülmüşlər.

Deməli, 1,5 milyon erməninin Türkiyədə “soyqırımın”a məruz qoyulması iddiası cəfəngiyyatdan başqa bir şey deyil. Ümumiyyətlə, Birinci Dünya müharibəsi dövründə Türkiyədə ermənilərin “soyqırıma” məruz qoyulmaları barədə həmin dövr erməni müəllifləri hər hansı fikir söyləməmişlər.

 

“Erməni soyqırımı”nın ideya müəllifləri kimlərdir?

 

Qərb dövlətləri və Rusiya Osmanlı İmperiyasını parçalamaq üçün 19-cu əsrin əvvəllərindən etibarən müxtəlif planlar cızır, həmin planları həyata keçirmək üçün yollar axtarırdılar. Osmanlı hökumətinin daxili işlərinə müdaxilə etmək üçün ən tutarlı vasitə kimi Türkiyədə yaşayan xristian azlıqların mənafeyinin “müdafiəsi” məsələsi qabardılırdı. İmperiya ərazisində aysorlar, yunanlar, xristian ərəblər yaşasalar da, erməni azlığı daha çox diqqəti çəkirdi. Bu, onların xarakterindən - satqınlığından, şəraitə uyğun olaraq din və məzhəblərini dəyişmək xislətindən irəli gəlirdi.

Anadoluya yeridilmiş xristian missionerləri ermənilərin bu xüsusiyyətlərindən istifadə edərək, onları himayə etmək adı altında Osmanlı hökumətinə qarşı silahlı mübarizəyə hazırlayırdılar. Qriqorian erməniləri fransızlar katolik, ruslar pravoslav, ingilislər isə protestant kilsəsinin himayəsinə girməyə çağırırdılar. Kim daha çox pul buraxırdısa, ermənilər də həmin istiqamətə meyllənirdilər. Amerikalı missionerlər hələ 19-cu əsrin əvvəllərindən etibarən erməniləri protestant xristiana çevirmək üçün daha çox vəsait buraxır, məktəblər açır, millətçilik ideyalarını daha geniş şəkildə təbliğ edirdilər. 19-cu əsrin sonlarından etibarən missionerlər protestantlığı qəbul etmiş erməni gənclərinin Amerikada təhsil almaları və ticarətlə məşğul olmaları üçün xüsusi şərait yaradırdılar. ABŞ-da antitürk kampaniyası ilə məşğul olan erməni koloniyası beləcə yaradılmışdı. Ermənilərin 1896-cı il üsyanlarından sonra isə alman və ingilis missiyaları da bölgədə yerləşərək erməniləri Türkiyə əleyhinə təşviq edirdilər.

1877-1878-ci illər Rusiya-Türkiyə müharibəsindən sonra “erməni məsələsi”nin gündəliyə gəlməsi və Şərqi Anadoluda ermənilərə muxtariyyət verilməsi barədə Berlin müqaviləsinin imzalanmasından sonra erməni silahlı dəstələrinin təşkil edilməsi, onların üsyana hazırlanması üçün Rusiya və Avropa dövlətləri gərgin səy göstərirdilər. “Daşnaksütyun” və “Hnçak” partiyaları da Anadoluda gizli silahlı dəstələr təşkil edirdilər.

XIX əsrin sonlarından etibarən Anadoluda bir-birinin ardınca baş qaldıran erməni üsyanları xarici ölkələr tərəfindən qızışdırılır, ermənilər silahla və pulla təchiz edilirdilər. Belə bir şəraitdə ermənilərin Anadoluda müstəqil dövlət yaratmaq niyyətləri ilə Türkiyəni parçalamaq istəyən böyük dövlətlərin məqsədləri üst-üstə düşürdü. Türkiyədə fəaliyyət göstərən diplomatik nümayəndəliklərin başçılarına göstəriş verilmişdi ki, türklərin “qaniçən”, “cəllad” obrazının yaradılması üçün bütün mümkün vasitələrdən istifadə etsinlər. Erməni üsyanlarını alovlandırmaq və türkləri əks tədbirlər görməyə vadar etmək məqsədilə kütləvi qırğınlar törədilməsi də həmin planın tərkib hissəsi idi. Birinci Dünya müharibəsinin başlanması və Türkiyənin bu müharibəyə təhrik edilməsi onu parçalamaq istəyən dövlətlərin əlinə gözəl fürsət vermişdi. Ermənilər həm Avropada, həm də Rusiyada türklərə qarşı vuruşmaq üçün səfərbər edilirdilər. Erməni mənbələrinin etiraf etdiyinə görə, təkcə Qafqaz cəbhəsində 150 mindən artıq erməni rus ordusunun tərkibində vuruşurdu. Qafqaz canişininin xeyir-duası ilə yaradılan və tərkibində təqribən 50 min könüllü ermənini birləşdirən 4 silahlı birləşmə isə İrəvan və Cənubi Azərbaycan istiqamətindən Türkiyənin üzərinə hücuma keçmişdi. Rus qoşunlarının irəliləməsindən istifadə edən ermənilər Şərqi Anadolunun hər yerində türklərə qarşı kütləvi qırğınlar törədirdilər. Xarici mətbuat isə hər yerdə “məzlum xristian ermənilərin” kütləvi surətdə məhv edilməsi barədə uydurma məqalələr dərc edirdi.

“Erməni soyqırımı”nın həyata vəsiqə almasında o dövrdə Türkiyədə fəaliyyət göstərən diplomatların və xristian missionerlərinin müstəsna “xidmətləri” olmuşdur. “Erməni soyqırımı” (hərçənd ki, “soyqırım” (yaxud “genosid”) beynəlxalq hüquq termini kimi 1944-cü ildən işlənir. Hitler rejiminin yəhudilərə qarşı törətdiyi kütləvi qırğınlar soyqırım adlandırılmışdır) kimi bu gün bəşəriyyətə təqdim olunan “erməni qırğınları” ideyasının xaç atası 1913-1916-cı illərdə ABŞ-ın Türkiyədə səfiri olmuş Henri Morqentau (1856-1946) sayılır. Osmanlı İmperiyasının parçalanmasında maraqlı olan ABŞ-ın prezidenti Vudro Vilson H. Morqentaunu səfir təyin edərkən demişdi: “Tezliklə ondan əsər-əlamət qalmayacaq ki, onu Türkiyə adlandırmaq mümkün olsun”. İstanbula gələn kimi, H. Morqentau erməni liderləri və komitəçiləri ilə əlaqə qurur, onları silahlı mübarizə aparmağa şirnikləndirir. O, erməni komitəçilərindən Arşak Şmavonyanı özünün birinci köməkçisi və tərcüməçisi, Hakop Andonyanı isə katib təyin etmişdi. H. Morqentau ABŞ-ın Türkiyədəki konsulluqlarının, xristian missionerlərinin, erməni komitələrinin uydurduqları yalanları və dərc etdirdikləri böhtanların bir nüsxəsini Vaşinqtona göndərirdi. O, yalan məlumatları ilə ABŞ-ı müharibəyə cəlb etmək məqsədi güdürdü. ABŞ-a qayıtdıqdan sonra o, həmin uydurma sənədlər əsasında “Səfir Morqentaunun xatirələri” kitabını dərc etdirir. Həmin kitabda o, 600 mindən 1 milyonadək erməninin məhv edildiyini iddia etmişdir. Həmin dövrdə Türkiyə Teleqraf Agentliyinin müdirinin erməni olması nəzərə alınsa, ermənilərin və onların havadarlarının yalan məlumatlarla dünya ictimaiyyətini necə asanlıqla aldada bildiklərini təsəvvür etmək olar.

Məşhur ingilis tarixçisi Arnold Toynbi (1889-1975) də uydurma soyqırımın ideya müəlliflərindən hesab olunur. 1916-cı ilin fevralında A.Toynbi Lord Bricin razılığı ilə onun adından dünyanın müxtəlif ölkələrin və bütün erməni komitələrinə müraciət edir ki, ona antitürk məzmunlu məlumatlar təqdim etsinlər. Mənbələri göstərilmədən A. Toynbinin ünvanına həddindən artıq məlumatlar göndərilmişdi. 1916-cı ilin may ayında A. Toynbi məktubla Lord Bricə müraciət edərək “erməni sənədləri”nin çapına nəşriyyatdan icazə aldığını bildirir və ondan xahiş edir ki. Həmin sənədlərin onun lordun özü tərəfindən incələndiyini və şübhə doğurmadıqlarını nəşriyyata bildirsin.

 

 

(ardı var)

 

Nazim MUSTAFA,

AMEA-nın Tarix İnstitutunun elmi işçisi

 

Xalq qəzeti.- 2010.- 24 aprel.- S. 4.