Ukraynada yaşayan Azərbaycanlı gənclərin 1-ci Forumu keçirilmişdir

 

Ukrayna Azərbaycanlıları Konqresinin Dnepropetrovsk vilayət təşkilatının təşəbbüsü ilə Dnepropetrovsk şəhərində Ukraynada yaşayan Azərbaycanlı gənclərin 1-ci Forumu keçirilib. Ukraynanın 27 vilayət və şəhərlərindən 700-dən çox gəncin qatıldığı foruma Azərbaycan və Ukraynanın dövlət himnlərinin sədaları altında start verilib. Forumda Ukrayna Azərbaycanlıları Konqresinin sədri Akif Gülməmmədov, Diasporla iş üzrə Dövlət Komitəsinin nümayəndəsi Ruslan Quliyev , Dnepropetrovsk şəhərinin meri İvan Kuliçenko, Dnepropetrovsk vilayət radasının deputatları və rəsmiləri çıxış edərək Ukraynada böyüyüb boya-başa çatan Azərbaycanlı gənclərin 1 ci Forumunun Dnepropetrovsk şəhərində keçirilməsini tarixi hadisə adlandırıblar. Azərbaycan və Ukraynanın milli mənəvi dəyərlərini özlərində birləşdirən gənclərə gələcək işlərində böyük uğurlar arzulayıblar.

 

Forumda təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş Dünya Azərbaycan Diasporunun inkişaf tarixindən söz açan UAK-ın Dnepropetrovsk vilayət təşkilatının sədri Qüdrət Hacıyev sədr müavinləri Nadir Zeynalzadə, Eldar Tağıyev, Qadınlar cəmiyyətinin sədri Şahnaz Əliyeva və digər natiqlər xalqımızın qədim adət ənənələrinin zəngin tarixinin və mədəniyyətinin Ukraynada təbliğ olunmasında o cümlədən Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında Ukraynada yaşayan gənclərin üzərinə düşən vəzifələrdən danışdılar və milli məfkurə altında bir araya gələn azərbaycanlı gənclərə sarsılmaz birlik və həmrəylik arzuladılar. Qeyd olundu ki, belə bir tarixi forumun keçirilməsi uzun illər Ukraynada doğulub boya- başa çatan azərbaycanlı gənclərin vahid amal ətrafında birləşmələrində onların Ukraynanın ictimai, mədəni, sosial-iqtisadi, elmi və siyasi həyatına o cümlədən dövlət və hakimiyyət orqanlarına inteqrasiya olunmalarında ən əsası isə Azərbaycanla Ukrayna arasındakı tarixi dostluq əlaqələrinin möhkəmləndirilməsində müstəsna rol oynayacaq.

Forumda Kiyev şəhərindəki Heydər Əliyev adına Sosial Elmlər və Beynəlxalq Əlaqələr İnstitutunun məzunu, Ukrayna MEA-nın aspirantı Anar Tahirov çıxış edərək dahi Heydər Əliyevin 50 milyonluq Azərbaycan dünyasına ərməğan qoyub getdiyi sarsılmaz və qüdrətli Azərbaycan dövlətinin daha da inkşaf etdirilməsində, onun ölməz ideyalarının həyata keçirilməsində hər bir azərbaycanlı gəncin üzərinə düşən tarixi misiyadan danışdı. Bu gün dahi Heydər Əliyevin siyasi kursunu layiqincə davam etdirərək Azərbaycanı beynəlxalq arenada qüdrətli nüfuz sahibinə çevirən möhtərəm Prezidentimiz İlham Əliyevin istər vətənimizin inkişafında istərsədə Dağlıq Qarabağ probleminin həlli istiqamətində yürütdüyü prinsipal mövqeyi xaricdə yaşayan biz azərbaycanlı gənclərin qürur və fəxarət mənbəyinə çevrilməlidir. Bu baxımdan Ukraynada yaşayan 10 minlərlə gənc öz üzərlərinə düşən tarixi missiyanın məsuliyyətini hiss etməli, tarixi vətənimizə olan övladlıq borcunu vermək üçün əlindən gələni əsirgəməməlidir. Biz Ukraynada özümüzü yüksək əxlaqi dəyərlərə malik azərbaycanlı kimi təsdiq etməli, qloballaşan dünyanın ümumbəşəri dəyərlərini dərindən mənimsəməli, bu istiqamətdə yüksək birlik və həmrəylik nümayiş etdirməklə Azərbaycanın beynəlxalq imicinə xələl gətirməyə çalışan mənfur erməni ideologiyasına qarşı mübarizədə bütün gücümüzü səfərbər etməliyik. Özümüzü hər zaman Azərbaycanın sıravi əsgərləri hiss etməklə ana vətənimizə olan övladlıq bocumuzu yerinə yetirməliyik. Ermənilərin ideoloji təxribatlarına cavab vermək üçün təklif edirəm ki, hər il 24 aprel tarixi Ukraynada yaşayan azərbaycanlı gənclərin həmrəylik günü elan olunsun.

Forumda Dnepropetrovsk şəhərindən Fazilə Zeynalzadə , Elza Bəkirova, Kiyev şəhərindən Cavid Hüseynzadə, Ayaz Salmanov, Krım Muxtar Respublikasından Firudin Orucov, Donetsk şəhərindən Razim Əhmədov, Pərviz Rzayev, Zaporoje vilayətindən Turxan Seyidov Nikoloyev vilayətindən Fatimə Ağayeva və başqaları çıxış edərək belə bir tarixi forumun təşkil olunmasına görə UAK-ın Dnepropetrovsk vilayət təşkilatının rəhbərliyinə minnətdarlıqlarını bildirdilər. Ukraynada yaşayan azərbaycanlı gənclərin vahid mərkəz ətrafında birləşməsi üçün gənclərin Əlaqələndirmə Şurasının yardılmasının vacib amil olduğunu bildirdilər.

Forumda Ukraynada yaşayan azərbaycanlı Gənclərin Əlaqələndirmə Şurası yaradıldı və Heydər Əliyev adına Sosial Elmlər və Beynəlxalq Əlaqələr İnstitutunun məzunu, Ukrayna MEA-nın aspirantı Anar Tahirov Ümumukrayna Azərbaycanlı Gənclərin Əlaqələndirmə Şurasının sədri seçildi. 24 aperlin Ukraynada yaşayan azərbaycanlı gənclərin həmrəylik günü kimi qeyd olunmasına dair qərar qəbul edildi.

Rəsmi hissənin sonunda forum iştirakçıları adından Azərbaycan və Ukrayna prezidentlərinə müraciət qəbul edildi. Tədbir rəngarəng konsert proqramı ilə başa çatdı.

 

 

İbrahim Ömərov,

 

Möhsün Qədiroğlu,

Kiyev

 

Xalq qəzeti.- 2010.- 27 aprel.- S. 6.