Bakıda Azərbaycan-İtaliya biznes forumu keçirilmişdir

 

Aprelin 26-da Bakıda, “Hyatt Regency-Naxçıvan” mehmanxanasında İqtisadi İnkişaf Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) və İtaliyanın Xarici Ticarət Əlaqələri üzrə Milli Təşkilatının (İCE ) birgə təşkilatçılığı ilə Azərbaycan-İtaliya biznes forumu keçirilmişdir.

 

İtaliya iqtisadi inkişaf nazirinin müavini Adolfo Urso, Azərbaycan iqtisadi inkişaf nazirinin müavini Niyazi Səfərov və tədbirin digər iştirakçıları əvvəlcə Fəxri Xiyabana gələrək xalqımızın ümummilli lideri, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, məzarı önünə əklil qoymuşlar.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunmuş, məzarı üstünə gül dəstələri düzülmüşdür.

Tədbir iştirakçıları Şəhidlər Xiyabanında Azərbaycanın azadlığı və suverenliyi uğrunda mübarizədə şəhid olmuş qəhrəman Vətən övladlarının məzarları üstünə tər çiçəklər düzmüş, “Əbədi məşəl” abidəsinin önünə əklil qoymuşlar.

Biznes forumda Azərbaycan və İtaliya tərəfdən dövlət rəsmiləri ilə yanaşı, kənd təsərrüfatı, qida sənayesi, enerji, xidmət, maliyyə, tikinti və digər sahələrdə fəaliyyət göstərən 100-ə yaxın şirkətin nümayəndələri iştirak etmişlər.

Biznes forumun açılış mərasimində çıxış edən Azərbaycanın iqtisadi inkişaf nazirinin müavini Niyazi Səfərov qonaqları salamlayaraq, Prezident İlham Əliyevin rəhbərliyi altında son illər ölkəmizin sosial-iqtisadi inkişafı, respublikamızın iqtisadiyyatına xarici sərmayələrin cəlb olunması istiqamətində atılmış uğurlu addımlar barədə ətraflı məlumat vermişdir.

1995-ci ildən indiyədək ölkəmizin iqtisadiyyatına 70 milyard ABŞ dolları məbləğində investisiya qoyulduğunu xatırladan N.Səfərov, bu sərmayələrin yarıdan çoxunun xarici şirkətlərin payına düşdüyünü söyləmişdir. Azərbaycanın mühüm beynəlxalq və regional layihələrin həyata keçirilməsində öncül mövqeyi barədə ətraflı məlumat verən nazir müavini bu sırada Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru, Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin, Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin mühüm rolunu vurğulamışdır.

N.Səfərov tədbir iştirakçılarının diqqətini Azərbaycanın sürətli iqtisadi inkişafına cəlb edərək bildirmişdir ki, ötən ilin yekunlarına görə ölkədə ümumu daxili məhsul 9,3 faiz, sənaye istehsalı 12,8 faiz, kənd təsərrüfatı 3,5 faiz artmışdır. İqtisadi inkişaf templəri cari ilin ilk rübündə də saxlanılmış, bu dövrdə ümumi daxili məhsul 5,4 faiz, pərakəndə əmtəə dövriyyəsi 8,3 faiz, əhalinin nominal gəlirləri 6,5 faiz yüksəlmişdir. İtaliya şirkətlərinin Azərbaycanda öz fəaliyyətlərini daha da genişləndirmək üçün münbit şəraitin olduğunu deyən nazir müavini biznes forumun işinə uğurlar arzulamışdır.

İtaliyanın ölkəmizdəki səfiri Mario Corco Stefano Baldi də Azərbaycanda xarici şirkətlərin fəaliyyəti üçün son dərəcə əlverişli şəraitin mövcud olduğunu diqqətə çatdırmışdır.

İtaliya iqtisadi inkişaf nazirinin müavini Adolfo Urso ölkələrimiz arasında mövcud iqtisadi əlaqələr və əməkdaşlığın daha da genişləndirilməsi üçün geniş imkanlar olduğunu bildirmişdir. Ölkələrimiz arasında illik ticarət dövriyyəsinin 4 milyard ABŞ dollarına çatdığını məmnuniyyətlə qeyd edən qonaq, İtaliyanın hazırda iqtisadi inkişaf sürətinə görə dünyanın lider dövlətləri sırasında olan Azərbaycan ilə iqtisadi əlaqələrin daha genişləndirilməsində maraqlı olduğunu, bu məqsədlə rəhbərlik etdiyi nümayəndə heyətinin tərkibində ölkəmizə 25 şirkəti təmsil edən 40-a yaxın iş adamının gəldiyini, bu şirkətlərin respublikamızın kənd təsərrüfatı, sənaye, inşaat, turizm sektorlarına daha çox maraq göstərdiklərini vurğulamışdır.

AZPROMO-nun prezidenti Adil Məmmədov ölkəmizin investisiya mühiti və ixrac imkanları barədə təqdimatla çıxış etmişdir.

İCE-nin direktoru Massimo Mammberti ölkələrimiz arasında iqtisadi əlaqələrin inkişafında biznes forumların, işgüzar görüşlərin əhəmiyyətini vurğulamışdır.

Azərbaycan İnvestisiya Şirkəti icraçı direktorunun müavini Zaur Məmmədov isə qurumun həyata keçirdiyi layihələr barədə məlumat vermişdir.

Sonra biznes forum Azərbaycan və İtaliya şirkətləri nümayəndələri arasında çoxtərəfli və ikitərəfli işgüzar görüşlərlə davam etmişdir.

Tədbirin sonunda tərəflər arasında iqtisadi inkişafın gələcək istiqamətlərinə dair sənəd imzalanmışdır. Sənədi İtaliya iqtisadi inkişaf nazirinin müavini Adolfo Urso və Azərbaycan iqtisadi inkişaf nazirinin müavini Niyazi Səfərov imzalamışlar.

Sənəddə ölkələrimiz arasında ticarətin daha da inkişafı, iqtisadiyyatın müxtəlif sahələri üzrə birgə müəssisələrin yaradılması, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu ilə İtaliyanın Xarici Ticarət Əlaqələri üzrə Milli Təşkilatı, eləcə də sahibkarlar arasında əlaqələrin genişləndirilməsi, qarşılıqlı investisiyaların cəlb edilməsi və s. sahələrdə əməkdaşlığın inkişafı nəzərdə tutulur.

 

 

Xalq qəzeti.- 2010.- 27 aprel.- S. 5.