Uydurma “erməni soyqırımı” və tarixi həqiqətlər

 

Uydurma erməni soyqırımı iddiasının tarixi kökləri XIX əsrin sonlarında beynəlxalq münasibətlər sisteminə gətirilmiş “erməni məsələsi” ilə sıx bağlı olmuşdur. Məlumdur ki, sonuncu rus-osmanlı müharibəsi (1877-1878) Osmanlı dövlətinə çox ağır nəticələr qətirdi. Osmanlıların ağır sosial-siyasi kollaps yaşantılarından istifadə edən ermənilər, ilk növbədə onların ideoloqları – erməni-qriqoryan kilsəsi, hələ San-Stefanda sülh danışıqları gedərkən, Osmanlı imperiyasının təbəəsi olmaq istəmədiklərini bildirdilər.

 

Erməni millətçilərinin bu addımı Osmanlı dövlətinin hakim dairələrində onlara qarşı inamsızlıq yaratsa da, beynəlxalq münasibətlər sisteminə daxil olan “erməni məsələsi” Avropa diplomatiyasının istiqamətlərinə təsir edə bilir. Və tarixin belə bir dönəmində “erməni məsələsinin” ana xətti – “Böyük Ermənistan” ideyası formalaşmağa başlayır. 1V əsrdə öz dövlətçiliyini itirən ermənilər X1X əsrin son rübündə xarici missioner cəmiyyətlərin təsiri ilə müstəqil erməni dövlətinin yaranmasının mümkünlüyünə inanır. Bu fikrin əsasını Van şəhərində yaşayan, bank sahibinin oğlu Partuqamyan qoyur. 1878-ci ildə o, dərs dediyi məktəbin şagirdləri içərisində “Böyük Ermənistan” ideyasını irəli sürmüş, bu ifrat ideyaya uyaraq ekstremizmə yuvarlanmış və X1X əsrin 80-ci illərində “qan tökmədən azadlıq əldə edilmir” şüarını əsas götürmüşdür. Bu illərdə yaranmış erməni millətçi partiyaları – “Hnçak” və “Daşnaksütun” partiyaları “müstəqil erməni dövlətinin” yaranması ideyasını qəbul etmiş və “bütün osmanlı ermənilərinə azadlıq” verilməsini tələb etmişlər. Bu tələbin əsas mahiyyəti isə Şərqi Anadolunu Osmanlı imperiyasından qoparmaq idi. Bu xülyəvi arzularını reallaşdırmaq məqsədi ilə Qərb dövlətlərinin və ilk növbədə İngiltərənin dəstəyinə arxalanan erməni separatçıları 1894-cü ildən etibarən Şərqi Anadoluda iğtişaşlar və qiyamlar törədirlər. Bu dövrdə erməni millətçiləri özlərini dünya ictimaiyyətinə terrorçu kini tanıdırlar. Və hətta Van hadisələri zamanı bu iğtişaşlara ilham verən İngiltərənin nümayəndəsi – ingilis konsulu Villiams xoş təsadüf üzündən erməni terrorçularının caynağından qurtula bilir. X1X əsrin sonlarında böyük dövlətlərin və ilk növbədə İngiltərənin dəstəyinə arxalanaraq, Osmanlı dövlətində kütləvi iğtişaşlar və terror aktları törədən ermənilər Şərqi Anadoluda “Böyük Ermənistan” dövlətini yaratmaq planlarını reallaşdıra bilmirlər.

“Erməni məsələsinin” birinci fazasında erməni millətçiləri əməli nəticələr əldə etməsələr də “Böyük Ermənistan” ideyasından əl çəkmirlər.

Birinci Dünya müharibəsi illərində erməni millətçi hərəkatı yenidən alovlanaraq, xüsusi bir qəddarlıqla tarix səhnəsinə qatılır. Müharibənin ilk günlərindən etibarən, hələ Osmanlı imperiyası hərbə qoşulmamışdan əvvəl erməni millətçiləri təbəələri olduğu dövlətə xəyanət edərək, silahlı dəstələr təşkil edir və onlara ganiçən Andronik, Dro (O, I Dünya müharibəsi illərində erməni legioner batalyonunun təşkili ilə məşğul olmuş və “Dromedor” zonderkomandasını yaradaraq yəhudələrin fiziki məhvini garşıya məqsəd qoymuşdu-red.), Hamazasp və Keri başçılıq edirlər. Bu zaman erməni separatçı hərəkatının ideoloqları və ilk növbədə erməni-qriqoryan kilsəsinin katolikosu V Georq 1914-cü ilin avqustunda Rusiyadan dəstək gözlədiyini gizlətmir və imperiyanın xidmətində olduqlarını bildirir. Hərbi əməliyyatlar zamanı erməni amilindən istifadə etməyin mümkünlüyünü nəzərə alan II Nikolay da öz növbəsində 1914-cü il 17 sentyabr müraciətində erməniləri “mütləqiyyət ətrafında” birləşməyə çağırır. Eyni zamanda, Moskva Sülh cəmiyyəti 1914-cü il oktyabrın 21-də keçirilən ümumi iclasda qətnamə qəbul edərək bildirir ki, “erməni dövlətinin mövcud olmamasını nəzərə alıb, Rusiya hökuməti neytral dövlətlərin nümayəndələri vasitəsi ilə Osmanlı imperiyasında yaşayan ermənilərin hüquqlarını qorumaq üçün bütün mümkün imkanlardan istifadə edəcəyinə əmindir”. Bu qətnamə Bern Beynəlxalq Sülh Bürosuna göndərilir.

Osmanlı imperiyası Birinci Dünya müharibəsinə qatıldıqdan sonra osmanlı ordusunda xidmət edən erməni hərbçiləri fərarilik edərək, drujinalar təşkil edirlər.Və yadda qalan nümunələrdən biri Ərzurumdan millət vəkili olan Pasdermadyanın III Ordunun bütün erməni əcgər və zabitləri ilə birgə Antanta düşərgəsinə keçməsi idi. Artıq bu dövrdə “erməni məsələsinə” Qərb dövlətlərinin marağı artır. Belə ki, Fransada “erməniləri müdafiə hərəkatı” “Pro Armenia” jurnalı ətrafında mərkəzləşir. ABŞ-da erməni cəmiyyəti meydana gəlir. İngiltərədə yaranan erməni komitəsinə isə bir çox siyasi xadimlər daxil olur. Rusiya imperatoru II Nikolay 1914-cü ilin noyabrında V Georqla görüşərkən onu əmin edir ki, “erməni məsələsi’’ sülh danışıqları zamanı özünün müsbət həllini tapacaq.

1915-ci ilin əvvəllərində rus Qafqaz ordusu cəbhənin cənub istiqamətindən gözlənilməz zərbə endirir və Van gölü istiqamətində hücum əməliyyatı keçirdikdən sonra erməni yaraqlılar Şərqi Anadoluda qiyamlar qaldıraraq, türk müsəlman əhalisinə qarşı soyqırım siyasətini məqsədyönlü şəkildə həyata keçirirlər. 1915-ci ilin mayında Van şəhərini ələ keçirən erməni separatçıları “Daşnaksütun” partiyasının liderlərindən olan Aram və Varelounun rəhbərliyi ilə “Van Respublikasını” elan edir. Daşnakların Vanda törətdikləri cinayətlər haqda yazan J.de Malevil göstərir ki, erməni millətçiləri mayın əvvəllərində rus hərbi qüvvələrinə Van şəhərini təhvil verərkən, orada bir müsəlman belə qalmamışdı. Dövlətin daxilində baş verən bu erməni zorakılığının qarşısını almaq məqsədi ilə Tələt paşanın 1915-ci il 24 aprel təmimi məktubu əsasında İstanbul və digər iri şəhərlərdə erməni millətçilərinin ideoloji ilhamvericiləri-600 qatı daşnak həbs olunurlar. Beləliklə, 24 aprel 1915-ci il hadisəsi tarixin saxtalaşdırıcılarının iddia etdiyi kimi ermənilərin soyqırımı yox, sadəcə dövlətçiliyi və ilk növbədə Osmanlı dövlətinin ərazi büyövlüyünü qorumaq məqsədi ilə gənc türklər hökumətinin atdığı zəruri addım olmuşdu. Lakin Şərqi Anadoluda türk müsəlmanlara qarşı soyqırım siyasətini davam etdirən, “beşinci kolon” olaraq dövlət üçün böyük bir təhlükə kimi qalmaqda olan erməni amilini bölgədə mövcud sosial-siyasi proseslərdən çıxarmaq məqsədi ilə Osmanlı dövləti 1915-ci il 26 may fərmanına əsasən erməni əhalisini Şərqi Anadoludan şərq əyalətlərdə – Diyarbəkir, Fərat vadisi, Urfa və Süleymaniyyə ətrafında yerləşdirilməsinə qərar verir. Osmanlı dövlətinin bu addımının yaranmış vəziyyətdən real çıxış yolu olduğunu tarix təsdqiləyib. Belə ki, erməni milləçilərinin araşdırılan xronoloji çərçivədə türk müsəlmanlara qarşı apardığı soyqırımın miqyasını öyrənən Qərb tarixçiləri göstərirlər ki, erməni millətçiləırinin 1915-1916-cı illərdə törətdikləri vəhşiliklər nəticəsində 750.000-1-600.000-ə qədər türk müsəlman əhalisi Şərqi Anadoluda fiziki cəhətdən məhv edilmiş, 850.000-dən çox türk müsəlman isə Rusiya işğal bölgəsində erməni zorakılığından qurtulmaq üçün qaçqınlıq həyatı yaşamışdır. Ümumilikdə isə 1915-1918-ci illər ərzində Egey dənizi və Aralıq dənizindən, Qara dəniz və Qafqaza qədər olan geniş bir arealda 2,5 milyon türk müsəlman erməni zorakılığı nəticəsində qətlə yetirilmlşdi.

1916-cı ilin əvvəllərində Ərzincanda Van hadisələrinin analoji halı baş vermiş,eyni zamanda Qars vilayətində də erməni separatçıları azğınlıqlar törətmiş, Qafqaz müsəlmanlarını və ilk növbədə azərbaycanlıları fiziki cəhətdən məhv etmişlər. Nəticədə inqilabaqədərki rus və sovet tarixşünaslığında sükutla qarşılanan müsəlman qaçqınlığı problemi meydana gəlmişdi. Cənub-Qərbi Qafqazda yaranmış vəziyyət Azərbaycanda demokrat-maarifpərvərlərin hiddətinə səbəb olmşdu. Belə ki, Ə.M.Topçubaşov və müsəlman icmasının digər görkəmli nümayandələri bu hadisələrlə bağlı Qafqaz cəbhəsinin komandanının müavini general Mışlayevskiyə müraciət etmiş və “müsəlmanları ermənilərdən qorumaq” haqda məsələni komandanlıq qarşısında qaldırmışdılar”.

Qeyd etmək lazımdır ki, Qars vilayətində azərbaycanlılara qarşı soyqırımı bütün dəhşətləri ilə 1915 və 1916- cı illərdə baş vermiş və Qars faciəsinin miqyasları haqda “Bakı müsəlman xeyriyyə cəmiyyətinin” sədri X.Sultanov və Yelizavetpol şəhər qlavası X.Xasməmmədov ictimaiyyətin nəzərinə çatdırmışdılar. Bölgədə yaranmış dəhşətli vəziyyəti nəzərə alan Rusiya hakim dairələri müsəlman icmasının narazılığını yatırmaq və müsəlman qaçqınlarının vəziyyətini yüngülləşdirmək məqsədi ilə tədbirlər görmək məcburiyyətində qalır. 1916-cı il fevralın 8-də “Qaçqınların yerləşdirilməsi üzrə xüsusi müşavirənin” Zemstvo şöbəsinin bölməsi keçirdiyi iclasda Bakı Müsəlman Xeyriyyə Cəmiyyətinə 300.000 rubl pul ayrılmasına qərar vermiş və bu haqda Qafqaz canişinliyinə məlumat vermişdi. Lakin adı çəkilən müşavirəyə Rusiya xəzinəsindən təkcə 1915-ci ildə 25.000.000 rubl pul ayrıldığını nəsərə alsaq, aydın olur ki, bu müsəlman qaçqınlığının faciəsi qarşısında cüzi bir vəsaitdir. Lakin nə yazıqlar ki, Qərb dünyası türk müsəlmanların “məzlum” ermənilər tərəfindən məruz qaldığı soyqırıma göz yumur, giyamçı ermənilərin müdafiəsinə qalxırlar. Belə ki, 1915-ci ilin payızında Londonda, İsveçrədə “məzlum” ermənilərin müdafiəsinə həsr olunan mitinqlər keçirilmiş, İsveçrədə 110 tanınmış alim ermənilərə yardım kampaniyasında iştirak etmişdi. Elə bu dövrdə ABŞ-da Armenias Atrocitee Commitee adlı amerikan komissiyası “Osmanlı imperiyasında qaçqın düşmüş ermənilərə” kömək məqsədi ilə yardım yığmağa başlamış və 1916 -cı ilin əvvəllərində İstanbulda ABŞ-n nümayəndəsi olan Morgentauya 100.000 dollar göndərmişdi. ABŞ maqnatları da bu kampaniyadan kənar qalmamış, təkcə Rokfeller 1916-cı ildə 200.000 dollar yardım olaraq erməni qaçqınlarına göndərmişdi. Bu dövrdə Roma papası XV Benedikt ermənilərin müdafiəsinə qalxmış və İstanbulda yerləşən erməni patriarxı papaya öz minnətdarlığını bildirmişdi. 1916-cı ilin əvvəllərində Fransada fəaliyyət göstərən “Fransa-Ermənistan” komitəsi erməni-qriqoryan kilsəsinin katolikosu V Georqa ermənilərə sədaqətli olduğunu bildirmiş və Tiflisdə yerləşən erməni xeyriyyə cəmiyyətinə 3.250 frank yardım göndərmişdi. Londonda 1915-ci ilin payızında “Erməni qaçqınlarının xeyrinə” fond təsis edilmişdi. Hətta Hindistanda fəaliyyət göstərən “ermənilərə yardım komitəsi” 1916-cı ilin əvvəllərində 6.400 f.st. yardım yığmışdı.

Bütün göstərilən faktlar Birinci Dünya müharibəsi illərində nəşr olunan mənbələrə əsaslanmışdır və belə bir reallıq sübut edir ki, erməni təbliğatının coğrafi məkanı bizim təsəvvür etdiyimizdən də geniş olmuş və erməniləri müdafiə edənlər sırasında iri dövlətlərin görkəmli dövlət xadimləri, siyasətçilər,din xadimləri olmuşlar. Onlardan İngiltərədə lord Kerzonu, Rusiyada qraf Benkendorfu, Fransada C.Klemansonu, V.Berarı, İrlandiya millətçi partiyasının lideri O.Konneri göstərmək olar.

Bu illərdə Qərb dövlətlərində erməni maraqlarına xidmət edən bir sıra orqanlar fəaliyyət göstərmişlər. Məsələn, Nyu-Yorkda “The new Armenia” adlı illüstrasiyalı jurnal, Turində lord C.Braysın, C.Klemansonun himayədarlığı ilə “Armenia” jurnalı çıxmış və jurnalın epiqrafında lord Qladstonun “Ermənistana xidmət etməyən sivilizasiyaya xidmət etmir (To serve Armenia is to serve the civilisation) kəlamı verilmidi, eləcə də Londonda “Ararat”, Fransada “Pro Armenia” jurnalları nəşr olunmuşdu. Bu sübutlar şərhsiz olaraq belə bir reallığı açıqlayır ki, öyrənilən xronoloji çərcivədə araşdırılan problemə Avropa və ABŞ dövlətləri ədalət məfhumuna öz prizmasından baxmış və təəssüf ki, bu mövqedə qalmaqda davam edərək, erməni millətçilərinin tarixi saxtalaşdırmalarına seyrçi kimi yox, onların müdafiəçiləri kimi çıxış etmişlər.

1965-ci ildən etibarən keçmiş SSRİ-də “Daşnaksütun” partiyasının bir nömrəli rezidenti olan A.Mikoyanın fitvası ilə “genosid” əfsanəsi gündəmə gətirilir və XX əsrin əvvəllərində olduğu kimi Qərb dünyası ədalət prinsipindən uzaq olur. Təəssüf ki, erməni millətçi ideoloqları tərəfindən uydurulan “genosid” əfsanəsini bir sıra beynəlxalq təşkilatlar – Dünya Kilsə Şurası, Avropa Parlamentinin” milli azlıqların müdafiəsi və ayrı-seçkiliyin qarşısını alma” alt komissiyası, Latın Amerikası ölkələrindən Uruqvay, Argentina, Venesuela,Avropa dövlətlərindən Fransa, İtaliya, Belçika, Niderland, Yunanıstan,Yunan Kipri, dünya sosializm sistemindən ötən əsrin 90-cı illərindən qurtulmuş Polşa və Slovakiya, xristian dünyasının iqamətgahı olan Vatikan bu uydurma “genosid” barədə qətnamə qəbul etmişlər. 2010-cu ilin martında İsveçrə parlamenti tarixin saxtalaşdırıcılarının sırasına qoşulmuşdur. Bu dövlətlər sırasında Fransa daha radikal mövqe tutmuş və 2006-cı ilin oktyabrın 12-də Fransa parlamenti erməni soyqırımını inkar edən hər bir vətəndaşı cinayət məsulliyyətinə cəlb etməyə imkan verən bir qanun layihəsi qəbul etmişdir. ABŞ da bu məsələdə V.Vilsonun siyasətindən uzaqlaşmaq istəmir və bu baxımdan ABŞ konqresinin hazırkı spikeri N.Pelosi erməniyönümlüyü ilə daha çox fərqlənir. Elə xanım spikerin bu günlərdə konqresdə irəli sürdüyü “biz hamımız bu gecə erməniyik” şüarı onun mövqeyini tam aydınlığı ilə göstərir.

 

 

Həcər VERDİYEVA,

tarix elmləri doktoru

 

Xalq qəzeti.- 2010.- 30 aprel.- S. 6.